Natəvan Dəmirçioğlu: "Mən mütləq Qarabağ düyününü açmalı idim" - Müsahibə

Natəvan Dəmirçioğlu:  "Mən mütləq Qarabağ düyününü açmalı idim" - Müsahibə
1 noyabr 2024
# 09:00

Bu gün yazıçı Natəvan Dəmirçioğlunun doğum günüdür.

Kulis.az Ülvi Bahadırın onun müəllifi olduğu "Açar" romanı ətrafında söhbətini təqdim edir.

- İstəyərdim, söhbətimizi lap başdan başlayaq. Sizi əsəri yazmağa nə sövq elədi?

- Mən heç vaxt nə yazacağımı əvvəlcədən planlaşdırmıram. Sadəcə, məni narahat eləyən məqamlar olur və yavaş-yavaş əsərin fikri, qayəsi məndə formalaşır.

Həyatımda elə anlar olurdu ki, onlar barədə yazmaq istəyirdim.

2013-cü il idi. Mənim Mahnı Teatrında əlli illik yubileyim keçirilirdi. Azərbaycan Yazıçılar Birliyinin də yubileylə bağlı təbriki var idi. Onu “Ədəbiyyat qəzeti”nə göndərdilər. Cavab gəldi ki, təbriklə bərabər bir əsər də göndərsin. Mən də romandan bir parça yazmışdım. Bir qızın anasının rəhmətə getməsi haqqında. Balaca, 2-3 səhifəlik bir yazı idi. Dedilər ki, çap olunmamış yazı olsun. Mənim də bütün yazdıqlarım çap olunmuşdu. Sonra həmin yazını göndərdim qəzetə. Ancaq ondan əvvəl də müəyyən şeylər düşünürdüm. Bu roman bir növ, mənim həyatıma köçdü. Mən oturub əsəri yazmağa başladım. Mənim yaradıcı xüsusiyyətlərimdən biri də budur ki, çap olunmuş əsərimə heç vaxt sonradan müdaxilə eləmirəm. Əsər öz taleyini yaşayır.

- Əsəri yazmağa 2013-cü ildə başlamısınız, 2023-cü ildə bitirmisiniz. Siz yaza-yaza artıq müharibə başladı və bitdi. Torpaqlarımız işğaldan azad olundu. Yaza-yaza hansı hissləri keçirirdiniz?

- Yaza-yaza bütün müharibəni həyatımda yaşayırdım. Fövqəl qüvvə mənə diqtə eləyirdi ki, qələbə qazanacağıq. Mən də o qələbənin variantını tapmağa çalışırdım. O qələbə mənim içimdə var idi. Hətta qələbə olmasa idi belə, mən əsəri qələbə ilə bitirəcəkdim. Yaxşı ki, qazandıq. Qazanmasa idik, mən də əsəri qələbə ilə bitirsə idim, cəmiyyət mənim üstümə elə gələrdi, dəli olardım. Mən mütləq Qarabağ düyününü açmalı idim.

Oğlum mayordu. Hər dəfə mənə deyir ki, sən bunları necə düşünə bilirsən? Orada elə detallar işləmisən ki, eynilə belədi. Mən bunları səndən öyrənirəm. Həmişə mənə deyirdi ki, sən mənim qəhrəmanımsan.

- Qələbə xəbərini eşidəndən sonra o vaxta qədər yazdıqlarınıza əl gəzdirdiniz, yoxsa necə var, elə də saxladınız?

- Heç nə dəyişməmişəm. Olduğu kimi saxlamışam. Bir nöqtə də pozmamışam. Mən Molla Pənah Vaqifin ruhuna minnətdaram. Ona ithafən iki yazı da yazdım. Mən Şuşaya getdim. Qəzəlxanımız Mahcamal Babayeva ilə bir otaqda qalırdıq. Mən bütün gecəni yatmadım. Yay idi. Eyvana çıxıb bütün Şuşanınn enerjisini aldım. Vaqifin ruhu mənə kömək elədi. Və mən orada möhtəşəm bir final yazdım. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir sonluq olacaq. Meh əsirdi. Elə bil ki, meh gətirirdi onları mənə. Çox mistik idi.

Mahcamal xanım mənə dedi ki, sən çox tez-tez ayılırdın. Utandım deməyə ki, mən heç yatmamışam.

- Bu on il müddətində nələrdən bəhrələndiniz?

- Əsərdə tarixi ardıcıllıq tam gözlənilib.

Orada erməni qərargah rəisi ilə Müdafiə naziri söhbət eləyir. Ay, gün adı çəkir. O da deyir ki, mənə ayın tarixini deməyə gəlmisən bura? Deyir, biz müharibəni başlamışıq, ancaq uduzuruq. Siz əmr verin, müharibəni dayandıraq. O da deyir ki, sən dəli olmusan?

Mən Azərbaycan radiosunun direktor müavini olmuşam. Sənətim mənə çox kömək eləyib.

O yüksəkliklərə, onların strateji mövqeyinə qədər əzbər bilirəm. Çünki mən onlarla bağlı siyasi şərh yazıram. Mənim işim siyasi işdir. 1995-ci ildən siyasi jurnalistika ilə məşğulam.

- Əsərdə Vəfa obrazı xüsusilə diqqətimi çəkdi. Həyat yoldaşı ilə söhbətləri...

- Bəli. Bir zabit evinə qayıdır. Xanımı da sevnir ki, nə yaxşı, Novruz bayramı ərəfəsində həyat yoldaşı evə gəldi. Hər işi görüb, bircə pərdələri dəyişə bilməyib. Fikirləşir ki, o gəlib pərdələri asmağa kömək edəcək. Ancaq yoldaşı deyir ki, onları qoy qırağa, müharibə qurtarsın, sonra asarıq. Vəfa da deyir ki, müharibəni gözləyə-gözləyə ömrümüz əldən getdi. Təsəvvür eləyin ki, müharibə başlayanda təzə evlənmiş adamın qurtaranda artıq 30 yaşında övladı var idi.

İnsanlar heç öz sevgisini də doya-doya yaşaya bilmədi. Bir zabit xanımını ürəyi istədiyi kimi qucaqlaya bilmədi. Mən o məqamı vermək istəmişəm orada. Hətta döyüşən qadınlarımız da olub.

Kiçik bir məişət epizodunda nələr var. O zabitə qəribə gəlir ki, qadın düşünür, mavi rəngli pərdəni açıb qızılı rənglisini taxım, payız rəngi olsun. Fikrinə bax ee qadının. Deyir, sən bilirsən cəbhədə nələr olacaq? O, bu söhbətləri qadınla heç vaxt danışmırdı. İndi niyə danışırdı? Çünki mən oradan zəfərin qapısını açırdım. Onun timsalında vermək istəyirdim ki, biz artıq açılırıq.

- Açar motivi haradan ağlınıza gəldi?

- Bir açar yoxdur orada. Açarlar çoxdur. Mən kitabın rəssamına təşəkkür eləyirəm. O, şəxsən işlədi əsərin üzərində. Ən axırıncı detal kimi açarları da əlavə elədi. Əsəri axıra qədər oxumamışdı. Oxuyandan sonra dedi ki, sən neyləmisən? Sonradan açarları əlavə elədi. Orada bir zabitin öz qapısını öz açarı ilə açmağı var. Zabitin xarakteridir, o, qapını arxadan bağlamır. Çıxır, gələndə öz açarı ilə açır. Öz qapsını öz açarı ilə açan zabit bir gün bizim tapdalanan namusumuzun da qapısını açacaqdı. Açarlar çoxdur orada. Əsər özü öz “açarlarını” yaratdı. Mən Şuşada düşündüm ki, hələ Dəmirqapı Dərbəndin açarları da var. Mən bilirdim ki, Xankəndini almadan bu iş tamamlanmayacaq.

Əsərdə bir konfrans səhnəsi var. Qaçqın qocanın nəvəsindən soruşurlar ki, sizcə, Azərbaycanın Qarabağ düyünü açılacaqmı? O da deyir ki, Azərbaycanın qara qızılı Qarabağın açarı ola bilər. Bu, heyrətamiz bir formuladır.

Axırda elə yazdığım kimi də oldu.

- Yazarkən ən çox təsirləndiyiniz, çətinlik çəkdiyiniz hissələr hansılar oldu?

- İmranın şəhadətə qovuşması mənə çox təsir elədi. O hissəni yaza-yaza ağlayırdım.

Orada İmran deyir ki, vida məktubu olmalıdır, komandir, mütləq olmalıdır. Bir qıza məktub yazır. Son anda komandirə deyir ki, mənim buşlatımın cibində məktub var, onu qıza çatdırarsan. O da deyir ki, axı demişəm ki, müharibəyə məğlubiyyət üçün yox, qələbə üçün girin.

Bir hissə də var. Məhəmmədin bir əsgəri şəhid olur. Özündən böyük komandiri deyir ki, döyüş yerinə qayıtma. Ölü əsgər üçün diri əsgəri qurban vermək olmaz. Komandiri onun vəziyyətini görür, “get” demir, ancaq “qal” da demir. Güllə kimi yağan yağışın altında yaralı əsgərini xilas eləmək üçün gələndə o deyir ki, mən bilirdim ki, gələcəksən. Hələ ondan əvvəl gedəndə komandir deyir ki, gördün, mən dedim ki, getməyinin mənası yoxdur. O da dedi ki, dəydi, komandir, dəydi. Sonuncu nəfəsində dedi ki, bilirdim ki, sən gələcəksən.

Məhəmmədin anasına və sevgilisinə yazdığı məktub. Ən tərəddüdlə yazdığım hissə idi. Fikirləşdim, bu elə bir məktub olmalıdır ki, oxucunun zəhmətinə dəysin. O məktub nə Məhəmməd üçün idi, nə də qız üçün. Etiraf eləyirəm ki, bu, oxucu üçün idi. Alındı da. Orada çox böyük sevgi, saflıq var.

Bir səhnə var. Mərmi partlayır və ayağı əsgərdən aralı düşür. O da tez gedib ayağını götürüb sinəsinə sıxır. Məhəmməd istəyir ki, onu alıb atsın qırağa. O da deyir ki, mən bu ayağımla haralardan keçmişəm... Tiksinlər, nə eləyirlər eləsinlər, ayağım yerində qalsın. Ayağım olmasa, yaşaya bilmərəm. O hissəni oxuyanda ağladım.

Yoldaşım mənim ilk oxucum olub həmişə. Yazanda xeyli səhv olur. Ona görə də həmişə oxuyub səhvlərimi düzəldir. Bu dəfə də oxudu, ancaq yarımçıq qoydu. Oğlum da hərb sahəsindədir. Səbəbini soruşdum, dedi ki, ürəyim dözmədi, qorxuram ki, infarkt olum. Başqa bir filoloq da demişdi mənə bunu. Dedi ki, oxuyanda qorxdum ki, ürəyim dayanar, sən necə bu əsəri yazıb ölməmisən?

Əsəri yaza-yaza bütün gücümü itirirdim. Sonra yenə bərpa olunurdu.

- Müharibənin bitməsindən artıq dörd il keçib. Sizcə, biz nə vaxtsa ermənilərlə birgə yaşaya bilərik?

- Dünyada elə hadisələr olur ki, ermənilərə şükür eləyirsən. Ermənilərin beyninə bu idealogiyanı yeridiblər, inandırıblar. Ancaq dünyanın elə bir yerindən elə bir adam çıxır ki, ermənidən betər olur. Biz bütün dünyadan təcrid oluna bilmərik.

- Bu mövzulu əsərlərin çoxu pafoslu, populist olur. Siz qaça bildiniz bundan?

- Bəli. Ancaq çox çətin oldu. Mən özümü erməni əsgərinin anasının yerində də hiss eləmişəm.

Orada bir hissə var. Kəşfiyyatçılarımız üç nəfərə rast gəlirlər. İkisini dərhal zərərsizləşdirirlər. Birini isə əsir götürürlər. Qayıdanda komandir soruşur ki, niyə qayıtmısınız? Onlar da deyirlər ki, bunu əsir götürmüşük. O da deyir ki, əsir həmişə qiymətlidir, ancaq siz əsir tutmaq üçün yox, tapşırıq üçün getmişdiniz. Dedilər ki, komandir, bu bizə çox dil tökdü, dedi ki, mən sizə məlumatları verərəm. Sonra da əlavə eləyirlər ki, bu, həm də Aprel döyüşlərində iştirak eləyib. Həmin vaxt anası infarkt keçirib. İndi bunun bir infarkt anası, bir qızı var. Deyir ki, mən axırıncı dəfə evdən çıxanda qızıma söz verdim ki, sənə ayı şokoladı və şar alacam. Nə olursa olsun, mən bunu eləmək istəyirəm. Deyir, anam bilsə, öləcək. Orada əsgərimiz deyir ki, mən o qızın xətrinə bu şərəfsizin buradan sağ getməyini istəyirəm.

Burada mən yazıçılıqdan vətəndaşlığa keçə bilmirəm. Demək olmaz ki, biz yaxşıyıq, düşmən pisdir. Düşmən də əmr yerinə yetirir.

Hələ bir yerdə Məhəmmədin yadına İmran düşür. Deyir, can, ay İmran. Mənim əlimdə əlac olsa, erməniləri öldürmərəm. Çünki onların da sevdiyi qızın şəkli döş ciblərindən çıxır. Onların da anasının gözü qapıdadır. Onların da üzündən öpüb bura gəldiyi körpəsi var.

Elə məqamlar var ki, mən orada yazıçıyam. Elə məqamlar da var ki, mən xalqımın vəziyyətini açıqlamağa məcburam.

- Yazıb, sonradan sildiyiniz hissələr var?

- Bəli, amma çox az. Orada qaçqın qoca ilə qadını var. Onlar ər-arvad futbola baxırlar. Onların bir qısqanclıq səhnəsi var idi. Qadın ərini qonşudakı yaşlı, ərə getməmiş qadına qısqanır. Niyəsə oranı çıxardım.

- Bəzi yazıçılar özünə, mətninə qarşı çox amansızdır. Sizdə necədir?

- Dəhşətli dərəcədə. Palaz-palaz cümlələr çıxartmışam. Amma bunlar hamısı yazı prosesində olur. Elə ki əsəri qurtardım, vəssalam! İndi o əsəri oxusam, altıda-birini kəsib-tökərəm.

- Sizə görə əsərin ən uğurlu hissəsi hansıdır?

- Qələbə ərəfəsində yazdığım səhnələr. Onlardan qan damır. Əlini vursan, qan bulaşar əlinə. Yazanda da burnuma qan iyi gəlirdi.

Müharibə, əməliyyat səhnələri çox yaxşı yazılıb, oxuyanda özüm də bəyəndim.

İllər əvvəl Saday Budaqlı ilə eyni yerdə işləyirdik. Bir dəfə mənə dedi ki, sənə ürəyim yanır. Səni görəndə kövrəlirəm. Təəccübləndim. Mənim ailəm, uşağım, işim... Yəni belə yazığı gəlinəcək adam deyiləm. Səbəbini soruşanda dedi ki, yazıçılıq hətta kişi üçün ağırdır, qadın üçün lap dəhşətli olar. Onda qəribə gəlmişdi. Ancaq bu romanı yazanda hiss elədim ki, doğrudan da bu yük qadın üçün çox ağırdır.

- İndi hansısa əsər üzərində işləyirsiniz?

- Yox. Əsər nədir? Nə danışırsınız? Əsərdən söhbət belə gedə bilməz. “Yetim”dən sonra özümə söz vermişdim ki, ta əsər yazmağacam. Mən oradan sağ çıxdığıma sevinirdim. Burada da eyni söhbət idi. Mən buradan sağ çıxdığıma görə qurban kəsdim. Bilmirəm, bəlkə də, bu, sonuncu oldu. Heç bir əsərim məndən asılı olaraq yazılmayıb.

Əsəri yazanda pulu, qonorarı düşünmürəm. Bacım deyir ki, on il ömür vermisən, bu sənə nə verib? Hə, onda istəyirəm ki, əsər mənə nəsə versin. Ən böyük arzum bu əsərin film olmasıdır. Ancaq bu mənim imkanım xaricindədir. Mən bu əsəri tamaşa kimi də işləyə bilərəm. Romanı heçnəsiz yazmışam, ssenarini də heçnəsiz yazmağa gücüm yoxdur.

# 3147 dəfə oxunub

Oxşar xəbərlər

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

17:14 21 noyabr 2024
“Solo gənclik”  layihəsinə başlanılır

“Solo gənclik” layihəsinə başlanılır

16:39 21 noyabr 2024
Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

15:59 21 noyabr 2024
Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

15:25 21 noyabr 2024
Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

15:00 21 noyabr 2024
# # #