Naibə Allahverdiyeva: “Anamı buna görə bağışlaya bilmədim” - Müsahibə

Naibə Allahverdiyeva:  “Anamı buna görə bağışlaya bilmədim” - Müsahibə
26 sentyabr 2023
# 21:00

Kulis.az Gənc Tamaşaçılar teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın Lent.az-a müsahibəsini təqdim edir.

- Naibə xanım, öncə uğurlu tamaşa münasibətilə təbrik edirəm. Ayaqlarınızdakı ağrılara rəğmən səhnədə çox çevik davranırdınız. Özünüzü necə hiss edirsiniz?

- Yenə də həkimlərdəyəm. Ağrıkəsici içib çıxıram səhnəyə. İnanın, hər gün 10 dənə dərman içirəm, artıq mədəm narahatlıq verir.

- Heç ağrı hiss etmədiniz?

- Hiss etdim. Orda bir yerdə mən yıxılıram, dayənin köməkçisi də mənim üstümə yıxılır. Ayağım pis ağrıdı orda, Anarın (tərəf müqabili) qulağına pıçıldadım ki, “adə yavaş ol, ayağım qırıldı”. (gülür) Amma səhnə möcüzədir də. Ora çıxdınsa, ağrı-acını unudursan. Həm son vaxtlar şəhid xəbərlərimiz gəldikcə, yayılan videoları gördükcə ağrıyıram deməyə utanıram. Yenə mən yaşadığımı yaşamışam, o cavanlar o dağlarda-daşlarda nə əziyyətlər çəkirlər.
Çox çətindir. Son 30 ildə xalqımızın başına o qədər müsibət gəlib ki, sanki gülməyi unutmuşuq.

- Müxtəlif ölkələrdə qastrollarda olmusunuz. Bizim tamaşaçılarımızın fərqi nədədir?

- Bizim tamaşaçılar reaksiyalarını üzə vermirlər, kompleksimiz var sanki, öz duyğularımızı üzə verməkdən qorxuruq. Gülə bilmirik.

- Yenidən Şekspirə müraciət etmək hansı tələbatdan yarandı? Maraqlıdır ki, tamaşada Romeo da Cülyetta da müasir geyimlərdə idilər. Bəziləri orta əsr libasında, bəziləri müasir dövrün görünüşündə...

- Sevginin zamanı yoxdur. Dünyanı məhəbbət xilas edəcək, bütün konfliktləri, qalmaqalları, müharibələri yalnız bununla aradan qaldırmaq olar. Biz bu mesajı verməyə çalışırıq. Bəşəri mövzudur. İnsanlıq sevgi ilə yaranıb, onsuz olmur. İnsanlar bir-birlərinə lazımdırlar, zəncirvari bağlılıq var. Küçədə yıxılırsan, qalxmaq üçün tanımadığın insanlara ehtiyac duyursan. Bu gün sosial şəbəkələrdə mesajlar ötürülür. “Özünlə tək qalmağı bacar, özünlə xoşbəxt ol, özünü sev”. Bunun əleyhinəyəm. Sevgini formata salmaq olmaz. Eqonu təbliğ edirlər. O olmadan yaşaya bilmərəm. Bu duyğu çərçivələrə, düsturlara sığmır. Hər yaşda sevgi var. Haqq dünyasına qədər insan sevir. İnsan yaşa dolduqca məhəbbətə, qulaq yoldaşına, həmdəmə çox ehtiyac duyur. Avropada 80 yaşında kimsə öləndə deyirlər nədən öldü? Bizdə 60 yaşında öləndə deyirlər ölən vaxtı idi. Türkiyəyə getmişdim müalicəyə. Gəmidə gəzməyə çıxdım, bir az eynim açılsın. Bürünüb oturmuşam. Avropadan 80 yaş qrupunda turist qadınlar gəlmişdilər. Suya tullanıb çimməyə başladılar. Mən də bunlara baxıb üşüyürəm. Elə bil bizi öyrədiblər ki, sən müəyyən yaşdan sonra müəyyən çərçivələr var, onları aşmamalısan. Bizə qadın olmağı yox, ana olmağı öyrədirlər. İşvəli nazlı qadına mütləq bir söz qoşurlar. Başıma gəlib. 3 il öncəyə qədər nazlı-duzlu xanım idim mən. İndi xəstəlik azaldıb enerjimi. Sosial şəbəkədə eşq haqqında şeirlər deyirdim, paylaşımlar edirdim. İnsanlara qəribə gəlirdi, deyirdilər bu yaşda nə xəbərdir? Axı mənim qəlbimdə eşq var. Bu ilahi vergidir, bütün insanlara, təbiətə, gözəlliyə olan sevgidir, mənə güc verən bir qüvvədir.Yaradıcı insanın qəlbində eşqin yerini kin tutursa, sənət bitər.

- Filmlərdə, seriallarda az görürük sizi.

- Mən teatrı, teatr da məni çox sevdi. Kino, sanki məni qəbul eləmədi.

- Uzun bir sənət yolu keçmisiniz. Asan olmayıb yəqin. Paxıllığınızı çəkənlər olub?

- O qədər olub ki. Gah qrim otağımdan ayaqqabılarımı oğurlayıblar, gah olmayan şaiəyələr yayıblar. Başıma çox oyunlar açıblar. Bir xalq artisti var idi, aktrisa, adını çəkməyəcəm. İndi rəhmətə gedib. Başqa jurnalistlərə pul verib haqqımda pis-pis yazılar yazdırırdı, Allah onun günahlarını bağışlasın. O məni elə hala saldı ki, mən nevroloji xəstəxanaya düşdüm. O gündən bu günə qədər hələ də sağalmamışam. Panik ataklar yaranmasına səbəb oldu. Özünə rəqib hiss edirdi, gözü götürmürdü. İndi insana şər atmağa nə var ki. Kimsə başqa ad altında girir sosial şəbəkədə başlayır sənin haqqında uydurma sözlər danışmağa. Bilməyənlər də inanır. Əvvəllər rəyləri oxuyurdum cavab verirdim, sonra yoldaşım qoymadı. Deyir niyə özünü əsəbiləşdirirsən. Tutaq ki, hansısa filmə çəkiləcəm, məni soruşanda deyirlər ki, o kaprizlidir, çox pul istəyir. Beləcə o açılan qapını bağlayır üzümə. Hər kəsin öz ruzisi var, niyə belə edirlər bilmirəm. İndi də var paxıllığımı çəkənlər. Hərdən gənc aktyorlara deyirəm ki, bala, siz nə görmüsünüz ki. Bizim başımıza bəzi yaşlı aktyorlar o qədər oyunlar açıblar ki. Bilirsənmi, özünə hörmət qazanmaq istəyən adam özü hörmət qoymalıdır, qorxu yox, hörmət qazanmalıdır. Mənəm-mənəmlik etmək insanlıqdan kənardır. Nə bilim, o vaxt belə idi.

- Nə əcəb küsüb getmədiniz?

- Gedə bilmədim. Sənətimi çox sevirdim, düşündüm ki, mübarizə aparmalıyam. Bu teatrı çox sevirdim. İlk gündən burda çalışıram. Qalmaqallar hər kollektivdə olur. Bizdə mənəm-mənəmlik yoxdur, mehriban kollektivdir.

- Bəs aktyorun özü-özünə diva, korifey adı verməsinə necə baxırsınız?

- Bəziləri özlərini camaata sırıyırlar. Amma əgər o sənətkardırsa, ona hörmət qoymurlarsa, ucuzlaşdırmağa çalışırlarsa o da dillənəcək də. Bəzən zorla ətrafındakı cılızlar səni dəyərsizləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. İstedad xəmir kimidir, yumruğunu nə qədər bərk sıxırsan, barmaqlarının arasından o qədər çox qaynayıb çıxır.

- Son ayda səhhətinizlə bağlı haqqınızda çox yazıldı, Mədəniyyət Nazirliyindən maraqlanan oldu sizinlə?

- Jurnalistlərə hörmətim var, bizi tanıdan sizlərsiniz, xəstələndim, yazdılar, zəng etdilər, dəyər verdilər. Bu məni yenidən yaşatdı. Nazirliyə müraciət etməmişəm. Baş qarışıqdır. Bəlkə ondandır. Yəqin nəsə deyərlər. Bəlkə ayaq üstə tamaşalarda görürlər elə bilirlər yaxşıyam. Düzü elə bir diaqnoz qoyublar ki, əməliyyat etdirsəm ayağım şikəst olmalıdır. Həm də çox bahalı əməliyyatdır. Buna hazır deyiləm. Bir yandan da beynimdə ocaqlar var, panik atak davam edir. 3-4 illik bu xəstəlikdən əziyyət çəkdim, davamlı müalicə aldım. Sinirdən, əsəbdən yarandı. Mən hər şeyi ürəyimə verirəm. Kiməsə demirəm, kəsdiyim çörəkdən utanıb məni incidən adama sərt cavab vermirəm.

- Kənardan əslində çox dilli-filli hətta, hökmran qadın kimi görünürsünüz. Bəs əslində necə insandır Naibə?
- Çox kövrək. Həddən artıq kövrək. Əkizlər bürcüyəm, yeri gələndə mübariz də oluram. Bir şeyi eləmək istəyəndə onu etməyincə əl çəkmirəm. İnadkaram. İstəmirəm inad edim, amma istədiyimi etməliyəm. Bir az da kinliyəm. Pislik eləmirəm ha. Sadəcə unutmuram, yadımdan çıxarmıram. Amma istəyirəm hamı ilə mehriban olum, sevim, məni sevsinlər. Həyatı sevirəm.

- Naibə xanım, bir dəfə demişdiniz ki, izləyicilərinizi başqa aktyorlara qısqanırsınız.

- Bəli.

- Ümumiyyətlə qısqanc qadınsınız? Məsələn, həyat yoldaşınızı çox qısqanırsınız?

- Yox, əsla qısqanmıram. Bəlkə nəsə eləsə qısqanaram.

- Xəyanəti bağışlayarsınız? Sizcə xəyanət ürəklə olur ya bədənlə?

- Qadınlar ürəklə xəyanət edirlər. Sevəndə pis sevirlər. Qadının vurulmağı təhlükəlidir. Kişilərin özlərinə haqq qazandırmaq üçün bir sözü var, "sərxoş oldum, bir saatlıq əyləncəydi", filan. Sərxoş idin, başını divara vuraydın da, xəyanət niyə edirdin? Biri xəyanət edirsə, deməli sevmir. Mən bağışlamaram. Necə ki, xəyanət etsəm kişi məni bağışlamaz, mən də onu bağışlamaram. Kişilərin bizdən nəyi artıqdır? Bir az gücü. Allah hamımızı eyni duyğularla yaradıb da. Niyə onun xəyanəti bağışlanmalıdır, qadınınkı yox? Xəyanət xəyanətdir.

- Bir gecəlik münasibət üçün yuva yıxmağa, boşanmağa dəyər?

- Mən bağışlaya bilmərəm. Ayrılardım.

- Ayrılsanız dost qala bilərsiniz?

- Niyə də yox? Keçmişi necə silək?

- İkinci dəfə ailə qurdunuz. Xoşbəxtsiniz? Sizcə qadın xoşbəxtliyi nədir?

- Qadın bir övladdan xoşbəxt olur, bir də həyat yoldaşından. O qədər həm kişi, həm qadın işi görmüşəm... Nə bilim vallah. Başqa şeydir qadın xoşbəxtliyi. Bizim qadınların 80 faizi xoşbəxt deyil. (Düşünür) İstəyirəm ərim həmişə yanımda olsun, uzağa getməsin, yanımda hiss edim. Otursun yanımda. Qulaq yoldaşı deyirlər e, mənimki odur. O olmayanda elə bilirəm dünya boşdur. Öyrəşmişəm, nədir bilmirəm. Mən sevgisiz böyümüşdüm. Anamla atam ayrılmışdı, bibim böyütmüşdü məni. Atam anamdan ayrıldı, anam ona olan sevgisindən xəstələndi, məni bibimə verməyə məcbur oldu. Anam düz 20 il atamı gözlədi, Leylinin eşqi yalan olardı onun yanında. Çox gözəl qadın idi, Leyla Bədəlbəyliyə bənzəyirdi, hətta onu bir neçə dəfə səhv də salmışdılar. Qisməti belə oldu. Qardaşları demişdiler, ver atası böyütsün. Çünki baxan yox idi. Bibim çox sərt qadın idi, konservativ. Güləyən qız idim, çox güləndə əsəbiləşirdi, üstümə qışqırırdı. İndi qızım güləndə mən sevinirəm. Bir az başqa cür böyütdüm onu. Düzdür, sonralar anam gəldi məni götürdü, lakin mən heç vaxt ona məni bibimə verib getməsini bağışlaya bilmirdim. Bu travma idi məndə. Ana-atasından ayrı böyüyən uşaqlar bunu bağışlaya bilmirlər. Eh danışsam, həyatım roman olar. Mənim o həqiqi sevgini, qayğını hiss etməyə ehtiyacım var idi. Yoldaşım indi işsizdir. Bir ara restoran biznesi var idi. Mənim panik ataklarıma görə, o yanımdan ayrıla bilmədi. Elə olanda çox pis hiss edirəm özümü, tək qala bilmirəm. O mənim qayğıma qaldı. Hiss edirəm ki, o qayğımı çəkir.

- Qızınız sizinlə qalır? Neçə yaşı var?

- 25 yaşı var. Subaydır çox çalışqan, yaxşı qızdır. Deyirəm, evlən, amma hələ evlənməkdən söz salmır. Mən də istəyirəm onun toyunu görüm, nənə olum. Görünür bu arzu bizim xalq olaraq genetik kodumuzda var.

- Boşanmaların sayı çoxalıb, cəmiyyətimiz də çox dəyişib, siz də bunu görürsünüz yəqin..

- Haqlısınız. Bizim qadınlar o qədər basdırılmış duyğularla yaşadı ki, azadlığa qəfəsdən çıxmış quş kimi çıxdılar, özlərini ora-bura vurdular. TikTokda çox qadının etdiyini heç aktrisalar səhnədə eləmir. Avropada bu yavaş-yavaş oldu, bizdə birdən-birə. Qadın azadlığını öz ayağı üstə durmaq kimi yox, cinsi inqilab kimi başa düşdü bəziləri. Məşhur bir deyim var. "Qadınlar çadralarını açanda sevincimdən papağımı göyə atdım, hələ də tapa bilmirəm". Papaqlar getdi. Mən belə şeylərə baxıb dəhşətə gəlirəm. Bizim qızıl ortamız yoxdur ya çox əndazədən çıxırıq ya çox bürələnirik, cahil qalırıq. Hansısa ziyalımız belə efirdə ailəsi barədə danışanda xanımı haqqında “üzr istəyirəm, uşaqların anası” deyir. Niyə "xanımım", "qadınım" demir? Ailə ayıbdır bəyəm?

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #