Müharibə travmalarının yaratdığı düşüklük

Müharibə travmalarının yaratdığı düşüklük
10 noyabr 2022
# 09:00

Kulis.az Nihat Pirin "Müharibə travmalarının yaratdığı düşüklük" adlı yazısını təqdim edir.

Müharibədən sonra adamların normal həyata qayıtması, həmin travmanı unutması bir xeyli zaman alır. Bu zaman içində elə acınacaqlı şeylər baş verir və verə bilər ki, az qala, müharibənin şiddəti qədər dəhşətli olsun.

Məsələn, Vətən Müharibəsindən sonra toylarda bəylə gəlin zala gələndən sonra dövlət himnimizin səsləndirilməsi, ardından da şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi dəb halını almışdı – günü bu gün də davam etməkdədir. Bəli, bu, dəbdir, çünki bu, adət halını ala biləcək dərəcədə ciddi bir şey deyil. Bu, olsa-olsa dəb olacaq bir şeydir ki, gözəlim millət də bu dəbə anındaca ayaq uydurdu. Yekə-yekə kişilər kostyumda, qəşəng geyimli-kecimli qadınlarımız isə bər-bəzəkləri ilə paytaxt salatına, tərxun suyuna baxa-baxa şəhidlərin ruhunu yad eləməyə başladılar.

Bu ideyanı ortaya atan adam hər kimdirsə, mütləqdir ki, psixoloji problem yaşayan adam olub. Yoxsa ki, normal ağılda-kamalda olan biri belə bir sərsəm ideyaya imza atmazdı.

Yaxşı, bəs bu adamlara nə gəlib? Bir nəfər ağlı başında olan ağsaqqal niyə durub demir ki, ay yoldaşlar, ay qardaşlar, ay xanımlar və cənablar, bu, toydur. Toyda dövlət himninin səsləndirilməsi yolverilməzdir. Himn dövlət anlayışının 3 vacib atributundan biridir: gerb, bayraq və himn müqəddəsdir. Sən bunu tikə kababın fonunda, toyuq çığırtmasının gəl-gəl dediyini məkan və müstəvidə oxuya bilməzsən. Oxumamalısan. Necə ki qanun-qayda ilə dövlət bayrağı və dövlət gerbi harada gəldi asıla, nümayiş oluna bilməzsə (Ki buna da bəzən əməl olunmur – xüsusi günlər xaric harada gəldi bayraq asmaq yolverilməzdir), himn də harada gəldi, necə gəldi səsləndirilə bilməz.

Üstəlik, bunun üzərinə, şəhidləri ruhunun bir dəqiqəlik sükutla yad eləmək olası ən böyük sərsəmlikdir.

İndi də Bakıda hansısa bağçada ali təhsilli, diplomlu müəllimlərimiz körpələrin əlini-ayağını, üzünü-gözünü sarıyıb səhnəyə çıxarıb ki, bu, Vətən eşqidir. Bu, Vətən sevdasıdır. Biz Vətənini belə sevirik, körpələrə travmanı iliklərinə qədər hiss edəcək formada çatdırırıq.

Amma, əslində, bu, birbaşa məğlubiyyəti car çəkməkdir. Sən qalib ölkəsən, sən Zəfər ölkəsisən, sən Zəfəri iliklərinə qədər hiss etməli olacaq tərəfsən. Sən o körpələrə bizlərin bu yaşda belə həzm edə bilmədiyimiz ağrını-acını yaşada, hiss elətdirə bilməzsən. Etməməlisən! Çünki sən pedaqoqsan. Çünki sən pedaqoq ola-ola, həm də psixoloqsan. Çünki sən 5 yaşında uşağa tərbiyə verəcək məsuliyyətə sahib müəllimsən. Amma etdiyin nədir?

Rəzillik. Bisavadlılıq.

Ümumiyyətlə, sadaladıqlarımızı dərk eləmək üçün pedaqoq, yaxud psixoloq olmaq lazım deyil. Bunu dərk eləmək üçün azca insan olmaq lazımdır. İnsan anlayışını, insanlıq anlayışını dərk eləmək lazımdır.

Belə adamlar necə pedaqoq adlandırılır, necə bir otaqlıq uşaqların qənşərinə çıxarılır, onların gələcək taleyini həll edəcək səviyyədə tərbiyə verməyə izin alır, başa düşmək olmur. Yəni bu qədər müəllim, bu qədər təcrübə və bu qədər dünya görüşü birləşib həmin müəllimlərə və təşkilatçılara sual vermədimi ki, bu, nədir? Bu nə biabırçılıqdır? Bu nə düşüklükdür? 5 yaşında uşağın alnını bintlə sarıyıb, ayağına yalançı gips qoyub “Gəzəndə axsayarsan, sən minaya düşmüş əsgərsən” deyəcək qədər necə düşüncəsiz və rəzil olmaq olar? Bunun adı nədir?

Söhbət təkcə bu bağçadan getmir, əlbət. İstər Bakı olsun, istərsə də bölgələrimiz – belə bağça və məktəblər və bu cür düşüncədə olan müəllim və təşkilatçılarımızın rəhbər olduğu təhsil ocaqları onlarladır. Bu adamların Vətən anlayışı, qələbə anlayışı, lap belə müharibə anlayışı 5 yaşında uşağın əlinə çəlik vermək, qolunu yalançı gipsə salacaq qədərdirsə, onlar necə sinfi və məktəbi idarə edirlər? Onlar necə bir otaqlıq uşağa təhsil və tərbiyə verirlər? Və ən əsası, bu adamlara niyə nəzarət edilmir? Niyə bu adamların təhsili və pedaqoji bilikləri, uşaqlarla psixoloji davranışı sorğulanmır?

Birmənalı olaraq, bu adamların özlərinə pedaqoji və psixoloji tərbiyə verilməli, təzədən bu yöndə təhsilə cəlb edilməlidirlər. Bu adamların təhsil müəssisələrində fəaliyyəti, uşaqlara nəzarəti və təhsil, tərbiyə verməsi yolverilməzdir və gələcək nəsil üçün birbaşa təhlükədir.

Sülh və əminamanlıq, eyni zamanda, bu cür pedaqoqların bunu dərk eləməsi diləyi ilə yazımı müharibə haqqında deyilmiş maraqlı bir aforizm ilə bitirirəm.

Müharibədə olan şey sevgidə də var. Çünki görüş istəyən qalanın yarısı alınıb.



# 2308 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #