Müəllimi şantaj edərək intihara sürükləyən şagirdlər

Müəllimi şantaj edərək intihara sürükləyən şagirdlər
28 aprel 2023
# 21:00

Kulis.az Ülvi Bahadırın “Əlbir olub bir ayı bir şir ilə” adlı yeni yazısını təqdim edir.

Azərbaycanda təhsilin olmadığı cümlə-aləmə bəllidir. Şəksiz ki, yaxşı müəllimlər var, amma oturuşmuş sistem olmadığına görə, ortada bir şey yoxdur.

Bir neçə gün əvvəl xəbər çıxmışdı ki, şagirdlər sinifdə qumar oynayıblar. İndi başqa bir xəbər çıxır ki, şagirdlər müəllimi şantaj eləyirlər.

Deyirəm, heç nədə yarımadıq da. Amerikada şagird sinifə girib vinçesterlə müəllimini güllələyir, nədi-nədi yetim çaşıb şagirdə “əfəl” deyib. Bizimkilər də qumar oynayır, nə bilim, şantaj eləyir. Ə, götür bir ov tüfəngini, biç də birdəfəlik. Sənin də canın qutarsın, müəllimin də, təhsilin də.

Zarafat eləyirəm, panikaya düşməyin.

Hə, bax, biri də yadıma düşdü. Bu yaxınlarda bir şagird də sinif yoldaşını döyüb videoya çəkmişdi.

Demirəm ki, bizim vaxtımızda belə şeylər yox idi. Ay nə bilim, Tiktok əxlaqımızı pozur. Bunlar təbii ki, debilizmdir. Sosial şəbəkələr güzgüdür. Necəyiksə, elə də görünürük.

Məsələ burasındadır ki, məktəblərdə bu hallarla mübarizə aparılmır. Çağırırlar valideyni, kasıbdırsa, itin sözünü deyirlər, bir az pulu varsa, baxım-görüm eləyir, vəssalam. Ona görə də, heç nə düzəlmir. O uşağın daha da ayağı yer alır. Hər şey eləyə biləcəyini düşünür.

Bir gün qumar oynayır, sabah çubuş gətirib içir, başqa gün sinif yoldaşını döyüb videoya çəkir. Axırda da müəllimlərini şantaj eləməyə başlayır. Müəllimlər düşünür ki, əşi, qoy şıllaq atsınlar, mənim uşaqlarım gələcək günortadan sonra, onlar üçün test hazırlayım, nə bilim, materiallara baxım.

Bəli, bizdə müəllimlərin bəziləri dərs keçmir. Məhz keçmir. Məsələn, bizdə müəllimlər var idi ki, girirdilər sinfə, deyirdilər ki, siz dərsə hazırlaşın, mən də iclasa gedirəm, gəlib soruşacam. İclas da nə olsa yaxşıdır, təbii ki, hazırlıq. Elə sinif otağı ilə bitişik laboratoriya otağında uşaqları yığıb dərs keçirdi. Bir də görürdün uşaqlar çıxışı qarışdırıb sinfə açılan qapını açırdılar. Müəllim də karıxıb tez qapını örtürdü.

Başa düşürəm ki, maaşlar azdır, dolanışıq-filan, amma hər şeyin bir həddi var. Bəziləri də çox azgözdür. İmkanları olsa, səhərdən-axşamacan uşaq hazırlaşdırarlar. Ona görə də heç vaxt fikirləri dərsdə olmur. Bir gözləri telefonda, o biri də pəncərədə, qulaqları da zəngdədir.

Həmin vaxtlarda özümü narahat hiss eləyirdim. Elə bilirdim ki, onlara mane oluram. Uşaqların imkanı olsaydı, deyərdi ki, ay müəllim, biz çıxaq, siz uşaqları bura yığıb rahat dərsinizi keçin.

Hazırlıqlıq da nəsə öyrənmək üçün yox, sırf imtahana hazırlaşmaq üçün idi. Humanitar fənlərin böyük hissəsi əzbərdir. Nə məktəbdə nəsə öyrənə bilirsən, nə də hazırlıqda. Gərək öz marağın olsun, oxuyasan, öyrənəsən. Yoxsa vay o müəllimlərin ümidinə qalanlara…

Öyrətmək istəyən azsaylı müəllim də həmişə təzyiq altında olurdu.

– Ay məllim, özünüzü nöş hayıf elyirsüz, valla bılar düzələn zibil döyüllər. Elə eşşəy gəliplər, eşşəy də gedceylər.

Budur Azərbaycanda şagirdə münasibət.

Amma hazırlaşdırmağa gələndə eşşək olmurlar:

¬– Qəti narahat olma. Hər şey əladır. Əminəm ki, maksimum nəticə olacaq.


Niyə? Pul alır axı. Dövlət müəllim şagirdi tərifləsə də maaşını verir, başına qapaz vursa da. Ancaq burda vəziyyət başqadır axı. Məndən yaxşı bilirsiniz.

Hə, onu deyirdim axı, müəllimlər şagirdləri o qədər heçə saydılar ki, şagirdlər də özlərini xatırlatmalı oldular. Demirəm ha, düz eləyiblər. Qətiyyən! Hələ ki, indiki dövrdə nəzarət çox çətindir. Ancaq bütün hallarda ailə və məktəb təməldir. Sənin az maaş almağın şagirlərin və onların ailələrinin problemi deyil.

Valideynlərdə də az yoxdur. Uşaqları il boyu “2” ilə oxusun, çoxu heç maraqlanmır da. Elə ki müəllim üstünə bir az bərk qışqırdı, sürüb gəlirlər məktəbə. Ora şikayət, bura şikayət.

Direktorun otağını təpiklə açmaqlar... Müəllimi boğazlamalar... Söyüşlər... Təhqirlər... Təhdidlər...

Sən nə vaxt bu uşağın dərsi ilə maraqlanmısan? Nə vaxt demisən ki, gətir, görüm dərsini hazırlamısan, ya yox? Ancaq məktəbdə nəsə haray-qışqırıq olmalıdır ki, bir çox valideynin yadına düşsün ki, sən demə, onların övladı məktəbə gedirmiş, dərslərini oxumurmuş, sinif yoldaşını döyüb videoya çəkirmiş, müəllimi şantaj eləyirmiş...

Təbii ki, müəllim heç bir şərt daxilində şagirdi söyə, döyə bilməz. Birmənalı! Di gəl ki, o uşaq sənin yadına ancaq belə vaxtlarda düşürsə, demək ki, səndə də problem var. Demək ki, sən də nəyisə səhv eləyirsən və düzəltməlisən.


Təkcə məktəblə iş bitirmi? İnternet əsrində uşaqları narkomaniyada, avara həyatdan qorumaq daha da çətinləşib. Müasir insan artıq həyatı sosial şəbəkələrdən öyrənir. Orda təzəcə çıxan mahnılara qulaq asır, çox izlənən səhifələrdəki videoların təsiri ilə özünü vorzakon hiss eləmək üçün təsbeh fırladır, makasin, qara gödəkcə geyinir, ona-buna söz atır və s.

İradəli gənclər bu dövrü adlaya, yeni həyata başlaya bilir, təsir altından çıxa bilməyənlər isə dağıntıların altında məhv olur.

Azərbaycanda yeniyetmə, gənc olmaq çox ağırdır, çünki ölkədə hər tərəfdə bayağılıq və dayazlıq qaynayır. Əlini hara atsan, manıslara, motivatorlarara, vorzakon təfəkkürlü qədeşlərə, insanlarla söyüşlə danışan psixoloqlara, arabesk şeirlər yazan qara sevdalı şairlərə dəyir. Alternativ yoxdur, daha doğrusu, o qədər kiçikdir ki, görünmür. Görünsə də, maliyyəsi yoxdur.

Həyatının çılğın dövrünü yaşayan yeniyetmə də bunlardan bini seçmək məcburiyyətində qalır.

Ona görə də gündə bir oxuyan, millətə ağıl, söhbət xırdalayan, peçat qafiyə tutan çıxır.

Belə bozluqda, mənasızlıqda kimlər yetişə bilər?

Bir ovuc sözü duyan şair, yazıçı var, onlar da ya qıraqda-bucaqda acından ölür, ya haqqın yolunu tapıb gündə bir bəytərifi yazır, ya da söhbəti fırladıb həmən bu bozluğun, mənasızlığın memarlarına haqq qazandırır.

Oxların hərlənib-fırlanıb bizə tuşlanmamağı üçün əvvəlcədən tədbirimizi görməli, valideynlərlə daima təmasda olmalıyıq. Cəmiyyətin buğda boyda da olsa, düzəlməsi üçün çalışmalıyıq. Bunun üçün də əvvəlcə özümüzdən, sonra da ətrafımızdan başlamalıyıq. Necə deyərlər:

Mən yanmasan, sən yanmasan – biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa?


# 5149 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #