Bu gün görkəmli ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin anım günüdür.
Kulis.az bu münasibətlə onun haqqında araşdırma yazısını təqdim edir.
1875-ci ildə Gəncədə anadan olmuş Həsən bəy Ağayev 1920-ci il 19 iyulunda Cümhuriyyətin digər liderləri kimi, Tiflisdə sui-qəsd nəticəsində öldürülüb. Akademik Rafael Hüseynovun doktor Həsən bəyin qızı Sevda xanımla söhbətləri əsasında yazdığı “Millətin zərrələri” kitabında onun ölümü ilə bağlı maraqlı məlumatlar qeyd edib:
“Mayın sonlarında Nəriman Nərimanova kağız göndərir ki, “siyasi fəaliyyətimi dayandırmışam. Həkimliyimi etmək istəyirəm, şərait yaradın, Bakıya qayıdım...”. Nəriman cavabı fövrən verir: “Nəinki Azərbaycana qayıtmağın, heç Tiflisdə qalmağın da məsləhət deyil”. Və onda Həsən bəy həqiqətin təsəvvür etdiyindən də qat-qat dəhşətli olduğunu dərk edir.
İyunun 19-da Tiflisdə Fətəli xan Xoyski güllə ilə kürəyindən vurulanda Həsən bəy çılpaqlığı ilə anlayır ki, Nərimanın məsləhəti doğrudur, bu həna o hənalardan deyil. Yeganə nicat mühacirətdir. Artıq bileti də cibindəymiş. İyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş...
İyulun 19-u axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, “yaxın dostlarından bir neçəsi burda bir evdə yığışıblar, səni görmək istəyirlər”. Həsən bəy qalxır kostyumunu geyinməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir? Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki, səni görmək istəyir, gəlsin bizə”.
Həsən bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”.
Mustafa Mərdanov da onları arxayın edir ki, “narahat olmayın, necə aparıram, elə də qaytarıb gətirəcəyəm...”.
2 saat keçir... Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır, qapının zənginin çalınmasıyla güllənin açılması bir olur. Yüyürürlər qapıya. Baxırlar nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə...
“Həyat yoldaşı Xədicə xanıma sonradan bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş... İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır ki, Həsən bəyi qətlə yetirən ermənilərdir”.
Həsən bəy Ağayevin ölüm səbəbində iki məşhurun adı çəkilir. Azərbaycanın ilk bolşeviklərindən olan Ə.Qarayev bütün tarix həvəskarlarına tanışdır. Xədicə xanımın dediyinə görə, sui-qəsdin əsas təşkilatçısı məhz Qarayev olub.
"Nicat" cəmiyyətinin təşkilaçılığı ilə çağırılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il. İkinci cərgədə, sağdan 5-ci Həsən bəy Ağayev
Hadisədə adı hallanan digər şəxs isə hamımıza “O olmasın bu olsun” kinokomdeiyasından yaxşı tanıdığımız və sərxoş olaraq Məşədi İbada sataşan Həsən bəy rolunun ifaçısı aktyor Mustafa Mərdanovdur. “Qanun naminə”, “Əhməd haradadır”, “Fətəli xan” və s. filmlərdə rol almış Mustafa Mərdanov Həsən bəyi birbaşa öldürməsə də, ona sui-qəsdin təşkilində iştirakçılardan olub.
Həsən bəy Ağayev əslində dövrünün yüksək zəkalı insanı kimi ictimai işlərə baş qoşmağa məcbur idi. Belə desək, o zaman milli ideologiyanın pik həddə çatıb dövlətçilik maraqlarının gücləndiyi bir vaxtda Həsən bəy Ağayevin yalnız həkimliklə məşğul olmağa ixtiyarı yox idi. İctimai mühit Həsən bəy Ağayev intellektini həmən öz ağuşuna alır. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Rusiyada həkimlik peşəsinə yiyələnən Ağayev sonradan Azərbaycan ictimai-siyasi arenasının öncüllərindən biri olur. Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli, Nəsib bəy Yusifbəyli ilə bərabər “Azərbaycan Ədəbi Mərkəziyyə” firqəsini yaradır.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın “İstiqlal Bəyannaməsi” qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olur.
Daha bir maraqlı faktı qeyd edək ki, Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi”ni ilk olaraq Həsən bəy Ağayev imzalayıb. Həsən bəy Ağayev Tiflisə məcburi şəkildə gedib, öldürülməzdən əvvəl faktiki parlamentin sədri funksiyasını yerinə yetirirdi. Çünki həmin vaxt diplomatik danışıqlar məqsədilə Avropaya gedən sədr Əlimərdan bəy Topçubaşovu o, əvəz edir və iclasları keçirirdi. Bu zaman Ağayevin cəmi 45 yaşı var idi. 45 yaşı təsadüfi olaraq vurğulamadıq. Çünki o, hələ gənc yaşında olarkən falabaxan bir qaraçı tələbə dostlarının yanında Həsən bəyə cəmi 45 il yaşayacağını və bu yaşa qədər yüksək vəzifələrə çatacağını demişdi.
Rafael Hüseynov bu barədə maraqlı qeydlər edib:
“...Moskva Universitetini bitirən tələbələr 1901-ci ildə Moskvada kiçik bir restoranda universiteti bitirmələrini qeyd edən zaman bir qaraçı onların yanına gəlir və fallarına baxır. Həsən bəyin də əlinə baxdıqdan sonra onun bəxtini söyləmək istəmir. Həsən bəy israr edir. Qaraçı deyir: “Bir halda ki məcbur edirsiniz... İncimə məndən. Sən çox xoşbəxt ailə quracaqsan, üç qızın olacaq. Özün də hökumət pilləkəni ilə yuxarılara qalxacaqsan. Lap zirvəyə. Qoy ardını deməyim...”.
- Niyə ki? Elə maraqlı olan davamıdır, söyləyin.
- 45 yaşına çatanda sən öləcəksən. Həm də öz əcəlinlə ölməyəcəksən. Öldürəcəklər səni.
Dostları bayaqkından da bərk gülüşürlər. Həsən də qoşulur onlara. Amma hər halda, bir az tutulur.
Həsən bəyin həyat yoldaşı Xədicə xanımın qızı Sevdaya dedikləri:
“O, fal söhbətinin üstünü vurmurdu, amma mən babanı danlayırdım ki, görmürsənmi, yuxarıdan axın gəlir? Görmürsən, Rusiyada nələr baş verir? Siz nə fikirləşirsiniz, o şimaldakı qasırğalar bura yetişsə, qıracaqlar hamımızı.
Baban günahkar kimi gülümsünərdi ki, “ay Xədicə, məni danlama, 5-6 ayım qalıb”.
Sonra deyirdi ki, Xədicə, “4 ayım qaldı...”.
“...Qaldı 3 ayım”.
“...Möhlətimə 2 ay da var”.
Dili qurumuş falçının dediyi düz çıxdı. 45 yaşı tamam olanda onu qətlə yetirdilər”.
Tarixçi Ədalət Tahirzadə də öz yazılarında qeyd edir ki, yazıçı-tarixçi Eldar İsmayılov da bu fikirdədir ki, Həsən bəy Ağayevi sovet çekistləri öldürüb. Onu erməni terrorçuları öldürmüş olsa belə, onlar yalnız icraçı olublar.
Həsən bəy Ağayev də Fətəli xan Xoyski kimi Tiflisdə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarı yanında dəfn edilib.
Elmin Nuri