Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Son günlər "Leyli və Məcnun" operasının yenidən səhnələşdirilməsində baş rollarda yenə də Mənsum İbrahimov (64 yaş) və Nəzakət Teymurova (52 yaş) kimi tanınmış sənətkarların çıxış etməsi sənət cameəsində və ictimaiyyət arasında haqlı suallar doğurur.
***
"Leyli və Məcnun" təkcə bir musiqi əsəri deyil, o, Azərbaycan musiqisinin simvoludur. Bu opera müsəlman Şərqində ilk opera əsəri kimi tarixə düşüb. Belə bir əsərin hər yeni səhnəyə qoyuluşunda mütləq məsuliyyətlə davranılmalıdır. Tamaşaçının gözü qarşısında canlandırılan obrazlar yalnız səs deyil, həm də zahiri görünüş, yaş uyğunluğunu və səhnə plastikasını əhatə edir. Bu baxımdan yeniyetmə Leyli və Məcnun obrazlarının 52 və 64 yaşlarında sənətkarlar tərəfindən ifası tamaşaçının təxəyyülünə deyil, gülüşünə səbəb olur.
Əsərdə Leyli və Məcnun yeniyetmə yaşlarındadır. Onların eşqi, ailələrin təzyiqi qarşısında çarəsiz qalmaları, Məcnunun səhralara düşməsi və divanə halı – bütün bunlar fiziki və psixoloji olaraq gənclik hissinin, təravətin ifadəsidir.
Ədəbiyyatda oxucu hadisələrin qeyri-real olsa belə, inandırıcı təqdiminə inanır. Amma teatrda, xüsusilə, operada bu təsəvvür fiziki varlıqla da dəstəklənməlidir. Tamaşaçı səhnədə divanə bir eşq yaşayan Məcnun deyil, saçları ağarmış, artıq çəkili bir bəy gördükdə onun sevgi ağrısına inana bilmir. Yaxud Leyli obrazının saflığını və incəliyini görmək istədiyi halda, ondan yaşca böyük bir qadının həmin sözləri söyləməsi ironiyaya çevrilir.
***
Bəli, Mənsum İbrahimov və Nəzakət Teymurova Azərbaycan muğam sənətində müəyyən yeri olan xanəndələrdir. Amma bu onlara hər səhnədə və hər yaşda aparıcı rol alma hüququ verdiyini göstərmir. Peşəkarlıq təkcə yaxşı oxumaq deyil, həm də öz yerini və zamanını tanımaq, roluna uyğun olub-olmadığını bilməklə müəyyən edilir.
Ustadlar səhnədən yox, başqa formatlarda – muğam dərslərində, gənclərlə duetlərdə, bədii məsləhətçi kimi çıxış etməklə sənətə xidmət edə bilərlər. Bu, həm onların nüfuzunu qoruyar, həm də gənclərə meydan açar.
***
Qeyd edək ki, Üzeyir Hacıbəyov xatirələrində qeyd edir ki, uşaqlıq dövründə, XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş "Məcnun Leylinin məzarı üzərində" tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur olan xanəndə Cabbar Qaryağdı canlandırır, on üç yaşlı Üzeyir isə xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edir. Əsas personajların partiyaları Füzuli poemasının müvafiq hissələrindən olan mətnlərlə oxunan muğam improvizasiyalarından ibarət idi, hadisələr isə qısa xor fraqmentləri (həmin muğamlardan təsniflər) vasitəsiylə şərh edilirdi. Hacıbəyov xatirələrində yazır ki, şuşalıların tamaşası onun ilk Azərbaycan operasını yaratmaq qərarını verməsində ciddi rol oynamışdır. O, qeyd edir:
" Təxminən, 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm; bu səhnə məni o qədər dərindən həyacanlandırdı ki, ... mən opera yazmağa qərar verdim".
***
"Leyli və Məcnun" operasının "Nicat" müsəlman maarif dərnəyi tərəfindən təşkil olunmuş ilk tamaşası 12 (25) yanvar 1908-ci ildə, H. Z. Tağıyevin Bakıda inşa etdirdiyi teatrda baş tutur. İlk səhnələşdirmənin rejissoru Hüseyn Ərəblinski, drijoru Əbdürrəhim bəy Haqverdiyev olur. Rolları Hüseynqulu Sarabski (Məcnun), Əbdürrəhman Fərəcov (Leyli), C. Dağıstani (İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə Muxtar (Əbülqeys, Məcnunun atası), İmran Qasıçov (Kəngərli) (iki rolu ifa edir: Leylinin atası – Fəttah və Zeyd) , C. Vəzirov (Leylinin anası), həmçinin yeddi ərəb rolunda Məmmədov, Səfərov, V. Vəzirov, İsmayılov, Əliyev və başqaları çıxış edirlər.
Tarda solo partiyalar Qurban Pirimov və Şirin Axundov tərəfindən ifa olunur. İlk tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru A. Rzayev, məsul idarəçi isə Bala bəy Aşurbəyov (Sara Aşurbəylinin atası) olur. Üzeyir Hacıbəyov özü isə orkestrda skripka partiyasını ifa edir.