Küçədə qızlara söz atan "qaqaşlar"ı...

Küçədə qızlara söz atan "qaqaşlar"ı...
17 iyul 2025
# 15:01

Kulis.az Cəlil Cavanşirin yeni yazısını təqdim edir.

Gənclik bizim gələcəyimizdir. Küçədə gördüyümüz davranışlara əsəbləşmək yox, səbəbini axtarmaq vaxtıdır. Əgər oğlan övladımızı düzgün tərbiyə etməsək, cəmiyyətimizdə nə dəyişəcək? Oxuyun və düşünün…

Küçənin tərbiyə etdiyi oğlanlar: Valideynlər harada səhv edir?

Övlad tərbiyəsi bütün dövrlərdə valideynlər üçün aktual məsələdir. Valideynlər övladlarını tərbiyə edərkən əsasən öz təcrübələrinə, ənənələrə, özlərindən böyüklərin təcrübələrinə əsaslanırlar. Müasir dünyada daha çox pedaqoqlara, psixoloqlara etibar edənlər də nəzərəçarpacaq qədər çoxdur.

İstənilən halda cəmiyyətimizdə valideyn-övlad münasibətlərində ciddi problem var.

Müasir valideyn-övlad münasibətləri hansı şəkildə qurulmalıdır ki, övlad tərbiyəsində problemlər, gərginliklər yaşanmasın? Bu suala psixoloqlar, pedaqoqlar və bu sahədə "saç ağartmış" təcrübəli valideynlər daha dolğun cavab verə bilərlər.

Mən isə yanlış anlamasanız, ayrı-seçkilik kimi başa düşməsəniz, bu yazımda oğlan övladının tərbiyəsi barədə söhbət açmağa çalışacam. Çün cəmiyyətin yeniyetmə və gənclərə münasibəti birmənalı deyil. Hər gün avtobusda, metroda, iaşə obyektlərində, küçədə rastlaşdığımız gənclərin davranışları barədə daha çox narazılıq, giley eşidirik.

"Cavanlar çox pozulub" - bu deyimi, yəqin ki, siz də mənim kimi tez-tez avtobusda, metroda eşidirsiniz. Oğlan övladları necə tərbiyə edilməlidir? Onlara yanaşmamız hansı şəkildə olmalıdır?

Modern dünyanın şərtləri başqadır. İnternet-klublar, oyun salonları, çay evləri, qəlyanxanalar, idman zalları, PUB-lar, kinoteatrlar və s. övladların tərbiyəsinə birbaşa təsir edir. Hər gün küçədə rastlaşdığımız "qara kurtkalı", "çeçenkabaş", əlitəsbehli, damağı siqaretli, qulağı sırğalı, pirsinqli, emo üslublu gənclər bizim övladlarımızdır.

Çay evlərində qəlyan tüstüsü ilə "selfi" edən yeniyetmələr bizim evlərimizdə tərbiyə alırlar. Küçədə qızların arxasınca düşüb söz atan "qaqaşlar"ı biz yetişdiririk. Bir sözlə, gənclərimizin davranışlarından, dünyagörüşlərindən, təhsil və tərbiyəsindən biz sorumluyuq.

Övladlarımıza tərbiyə verərkən onların seçimlərinə, istəklərinə diqqət yetirməliyikmi? Onlara geniş şəkildə azadlıq və sərbəstlik vermək rastlaşdığımız fəsadlara yol açan amil ola bilərmi?

Bu yaxınlarda kifayət qədər modern, dünyanı gəzib əldən salmış, müxtəlif mədəniyyətləri yaxından tanıyan həmkarlarımdan biri ilə söhbət edirdim. Söhbət ali təhsil alan oğlundan düşəndə ustad jurnalistimizin fikirləri məni təəccübləndirdi. Məlum oldu ki, müasir düşüncəli ustad jurnalistimiz oğlan övladına "Dəli Kür"dəki Cahandar ağa təfəkkürü ilə yanaşır.

Sərt qadağalar, sərt şərtlər, zabitəli ailə başçısı obrazı, olmazlar və bütün bunlara baxmayaraq övlada sonsuz inam və etibar. Nəticədə dostumuzun oğlu ali təhsil alır, dünyagörüşünü artırır, kitab oxuyur, atasıyla dostluq etməkdən çəkinmir, avara həyat tərzi onu qətiyyən cəlb etmir...

Bir sözlə, kifayət qədər müasir düşüncəli dostumuz ailə münasibətlərində ənənələrin, klassik ailə tərbiyəsinin tərəfdarıdır. Çox heyrətlənsəm də, günlərlə bu barədə düşündüm. Haqqında danışdığım dostumuzun obrazı olduqca moderndir. Dünyagörüşü və təfəkkürü, bildiyi dillər, dinlədiyi musiqilər, oxuduğu kitablar, baxdığı filmlər müasir gənclərimizdən qətiyyən geri qalmadığını sübut edir. Amma övlad tərbiyəsində klassik, ənənəvi metodları tətbiq edir, üstəlik öz obrazı ilə nümunə olmağı bacarır. Təzadlı və maraqlı tərbiyə üsuludur.

Məlum məsələdir ki, oğlanlar daha çox atanı özlərinə nümunə götürürlər. İstər-istəməz, dünyagörüşlü və savadlı atanın oğlu özünü atasına bənzətməyə çalışacaq. Atasının kitab oxuduğunu görən oğul çayxanada qəlyanla şəkil çəkdirib paylaşarmı? İstisnalar mümkündür. Cəmiyyətimizdə də şairin, aktyorun, professorun oğlunun cinayətkar, avara olduğunu görmüşük.

Valideyn-övlad münasibətləri inam, etibar üzərində, səmimiyyət çərçivəsində qurulmalıdır.
Gənclərin küçəyə meyillənməsinin əsas səbəbi evdə, ailə ortamında xoşbəxt ola bilməmələridir.

Oğlunuzu küçədən çəkindirmək istəyirsinizsə, ona evdə hüzurlu, güvənli, xoşbəxt mühit yaradın. Onların seçimlərinə, düşüncələrinə hörmətlə yanaşın.

Hər insanın öz psixologiyası var. Övladımızı arzularımız çərçivəsində deyil, onun şəxsiyyət olduğunu dərk edərək yetişdirə bilərik.

Əgər evimizdəki oğlan övladımıza yaxşı nümunə olmasaq, küçədə, metroda, avtobusda rastlaşdığımız "ağzı qara gədə"lərdən hələ çox əziyyət çəkəcəyik...

# 2709 dəfə oxunub

Oxşar xəbərlər

Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

10:14 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər