İsa İsmayılzadənin oğlu: "Xalq yazıçısının şeirlərini çap etmədi, dedi ki, kimə istəyirsiniz, şikayət edin" - Müsahibə

İsa İsmayılzadənin oğlu Araz İsmayılzadə

İsa İsmayılzadənin oğlu Araz İsmayılzadə

7 sentyabr 2026
# 10:00

Kulis.az "Atamın xatirəsi" layihəsindən Ülvi Bahadırın görkəmli şair İsa İsmayılzadənin oğlu Araz İsmayılzadə ilə müsahibəsini təqdim edir.

Layihənin əvvəlki materialı burada

– Araz bəy, atanız xatirinizdə necə qalıb?

– Atam təbiətcə sərt adam idi. Müəyyən məsələlərə baxışları qəti idi. Təhsilə və mütaliəyə ciddi yanaşırdı. Oxuyan insan onun üçün xüsusi dəyər daşıyırdı.

Bununla yanaşı, uşaqlarına qarşı səmimi, mehriban və son dərəcə həssas ata idi. Bizim xətrimizə dəymək istəməzdi. Tez-tez deyirdi ki, görəsən, dünyada uşağı sevindirməkdən yaxşı bir şey varmı? Uşağı kiçik də olsa, böyük də olsa, sevindirməyi çox sevərdi.

Qohum uşaqları ilə münasibəti də fərqli idi. Qardaşının, bacısının uşaqları, eləcə də Gürcüstandan gəlib burada təhsil alan qohumlarımız onun qayğısını görürdü. Onlarla zarafat edir, söhbətləşir, çox rahat ünsiyyət qururdu. Öz övladlarına münasibətdə isə tələbkar idi.

Məsələn, mən beş il universitetdə oxudum, atam bir dəfə də icazə vermədi ki, dostumun və ya tələbə yoldaşımın evində gecələyim. Qonaq gedə bilərdim, amma gecəni başqa yerdə keçirmək olmazdı. Cavan oğlan olmağıma baxmayaraq, bu məsələdə mövqeyi dəyişmirdi.

– Ananızla necə tanış olublar?

– Qonşu olublar, hətta divar qonşusu. Valideynlərin vasitəsilə tanışlıqları yaranıb.

Atam o dövrün rayon ənənələrinə görə gec evlənib, 33 yaşında ailə qurub. O vaxta qədər ətrafındakılar tez-tez bu barədə soruşurmuş. Özü isə zarafatla deyirdi ki, azadlığını yaşayır.

Valideynlər tərəfdən söhbət gedib, razılıq verilib və ailə qurublar.

Biz üç uşaq olmuşuq.

Anam 45 il Elmlər Akademiyasında çalışıb və oradan pensiyaya çıxıb.

İqtisadçı olsa da, atama yaradıcılıq işlərində yaxından kömək edirdi. O, yazılarını və fikirlərini anamla bölüşürdü. Atam Azərbaycan bölməsini, anam isə rus bölməsini bitirmişdi. Atam rus dilindən çoxlu tərcümələr edib. Həmin işlər zamanı da anamla fikir mübadiləsi aparırdı.

Anam özü də mütaliəni sevirdi. Qəzetlərə abunə olmuşduq. O dövrdə qəzetləri poçtla evə gətirirdilər, kitabların da abunəsi olurdu.

– Sizi hansı xüsusiyyətlərinizə görə ona bənzədirdilər?

– Mənə deyirdilər ki, atama çox oxşayıram. Əsasən zahiri görünüş baxımından. Onun uşaqlıqdan qalan bir şəkli var. Pionerlik dövründəndir. İlk dəfə görəndə elə bildim ki, şəkil mənim uşaqlığımdandır. Sonradan başa düşdüm ki, atamın şəklidir.

– O, vəfat edəndə neçə yaşınız var idi?

– 22.

– Bayaq dediniz ki, atanız ananızla məsləhətləşirdi. Bəs sizinlə münasibəti necə idi? Fikirlərini sizinlə də bölüşürdü?

– Bəli, mənimlə də bir çox məsələləri müzakirə edirdi. Zaman keçdikcə həyat dəyişirdi, mən də gənc olduğum üçün bəzi yeni məsələlərdə onunla fikir mübadiləsi edirdim.

Amma texnikaya və müasir qurğulara marağı yox idi. Bir dəfə ona elektron saat vermişdim. O vaxt elə saatlar yeni çıxmışdı. Bir neçə düyməsi vardı, vaxtı, tarixi, saniyəölçəni göstərirdi.

Bir müddət sonra saatı kənara qoydu. Soruşdum ki, niyə istifadə etmirsən? Dedi ki, bu saat dayanmır. Baxdıq ki, saniyəölçən işlək vəziyyətdə qalıb.

Müasir texnologiyalardansa, köhnə tipli cib saatına üstünlük verirdi. Düşüncə tərzi də daha çox buna uyğun idi, texnikadan çox, ədəbiyyata və daxili aləmə yönəlmişdi.

– Hobbiləri, özünə ayırdığı məşğuliyyətləri var idi?

– Bağımız onun əsas məşğuliyyəti idi. Torpaqla işləməyi sevirdi. Özünü şəhər adamı saymırdı, deyirdi, biz kənd adamıyıq.

Həftə sonları mütləq bağa gedirdi. Bitkilərlə məşğul olur, əkin-biçinlə maraqlanırdı. Torpaqla işləməkdən zövq alırdı.

– Daha çox nə vaxt yazırdı?

– Biz onu heç vaxt şeir yazarkən görməmişik. Nə ailəsinin yanında, nə də başqa insanların qarşısında yazırdı.

Bir dəfə soruşdum ki, nə vaxt yazırsan? Biz səni görmürük. Dedi ki, ya hamı yatanda, ya da tək qalanda.

İldə iki dəfə yaradıcılıq evlərinə gedirdi. SSRİ-nin müxtəlif yerlərində belə evlər vardı, Podmoskovyedə, Qaqrada, Pitsundada, Yaltada və başqa şəhərlərdə.

Orada təxminən bir ay qalırdılar. Atam xüsusilə televizoru olmayan ev seçirdi. Deyirdi ki, həmin müddətdə yalnız yazmağa köklənir və ən məhsuldar əsərlərini orada yaradır.

Bəzən bir kitab həcmində material ortaya çıxarırdı. Düşünürdü ki, yaradıcı insan məişət qayğılarından uzaq olmalıdır. Onun fikrincə, yazıçı kartofun, soğanın, gündəlik ehtiyacların dərdini çəkməməli, fikrini yaradıcılığa yönəltməlidir.

– Yaradıcılıq evlərinə gedirdi. Başqa şəhərlərdə, rayonlarda olurdu. Bəs ailəyə vaxt ayıra bilirdi?

– Ailəyə çox bağlı idi. Dostları deyirdilər ki, evlənməzdən əvvəl gəzməyi sevən adam idi, ailə qurandan sonra isə iş bitən kimi evə tələsirdi. Dostları harasa getməyi təklif edəndə deyirdi, uşaq yatmamış gedim, bir az onunla oynayım. Ailə onun həyatında əsas yer tuturdu.

Təhsilə münasibətində isə tələbkar idi. Mən böyük övlad olduğum üçün bunu daha çox hiss etmişəm. Tibb Universitetinə hazırlaşırdım. Həmin vaxt kimya-biologiya təmayüllü məktəbdə oxuyurdum və məktəbi medalla bitirmişdim.

Səkkizinci sinfi başa vuranda atam soruşdu ki, hələ də həkim olmaq istəyirsən? “Bəli” cavabını verəndə mənə Qara Qarayevdəki 5 nömrəli Kimya-Biologiya Təmayüllü Məktəbi məsləhət gördü.

Məni məcbur etmirdi. Sadəcə izah etdi ki, bu məktəb tibbə hazırlaşan şagird üçün daha uyğun mühitdir. Bir də dedi ki, indiyədək yalnız öz məktəbimdəki uşaqlarla oxumuşam, həmin məktəbdə isə respublikanın müxtəlif bölgələrindən gələn şagirdlərlə tanış olacağam. Onun fikrincə, bu, mənim üçün həm təhsil, həm də həyat təcrübəsi baxımından faydalı olacaq. Mən də onun məsləhətini qəbul etdim.

– Məktəbdə, universitetdə qiymət və ya başqa problemlə üzləşəndə özü müdaxilə edirdi?

– Məktəbdə belə problemim olmayıb. Universitetdə isə başqa məsələ idi.

Sessiya vaxtı evimizə çox adam gəlirdi. Qohum-əqrəba arasında burada təhsil alanların sayı çox idi. Müxtəlif imtahanlarla bağlı atamdan kömək istəyənlər olurdu. Onun universitetlərdə, institutlarda geniş çevrəsi vardı.

Mən Tibb Universitetinə daxil olanda dedi, bütün institutlarda tanışlarım var, amma Tibb Universitetində heç kimim yoxdur. Burada özün öz başının çarəsinə bax.

Doğrudan da belə oldu. Bəzi fənlərlə bağlı nadir hallarda kömək edirdi. Amma tibbə aid olan məsələlərdə qətiyyən qarışmırdı. Hətta elə olub ki, qrup yoldaşım öz imtahanı ilə bağlı atamdan kömək istəyib, atam ona yardım edib, mən isə həmin fəndən özüm keçmişəm. O, başqalarına kömək göstərən, amma öz uşaqlarına güzəşt etməyən insan idi.

– Sizlərdən kimdəsə poeziya, şeir yazmağa meyl var idi?

– Xeyr. Mən Tibb Universitetini bitirmişəm. Bacım da həkimdir. Qardaşım isə beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil alıb. Heç birimiz poeziya sahəsinə getməmişik.

Məclislərdə atamdan soruşurdular ki, uşaqlardan kimdəsə şairlik istedadı varmı? O da deyirdi ki, yazıq deyillərmi?

Biz ona “baba” deyirdik. Mən də soruşurdum ki, niyə belə cavab verirsən? Deyirdi ki, şairlik ağır və çətin peşədir. Görürdüm ki, özü də bu sahənin ağırlığını yaşayırdı. Ona görə övladlarını bu istiqamətə yönəltməyib.

Bu məsələdə çox sərbəst idi. Hər kəsin öz istədiyi sahəni seçməsini qəbul edirdi.

– Həkimlik və iqtisadiyyat seçimini siz özünüz etmişdiniz?

– Bəli, hamımız ixtisasımızı özümüz seçmişik. Mənim hansı sahəyə meyilli olduğumu da erkən yaşlardan görmüşdü.

– Əslən Gürcüstandan – Qarayazıdansınız. Doğma yurdla əlaqələriniz necədir, tez-tez gedib-gəlirsinizmi?

– Bəli, tez-tez gedib-gəlirik. Düzdür, mən Bakıda dünyaya gəlmişəm. Atamla anam gənc ailə kimi bura köçmüşdülər və burada heç kəsləri yox idi. Anam məni dünyaya gətirmək ərəfəsində hər iki tərəfdən qohumlar Gürcüstanda yığışıb şəhərdən rayona uşaq gətirmək üçün adam göndərmişdilər. Qırxım çıxan kimi Bakıya qayıtdıq. Bəlkə də, ilk dəfə həmin torpağa getdiyim üçün oraya bağlılığım daha güclüdür.

Qardaşım və bacım isə Bakıda dünyaya gəlib. Orada yaşamasaq da, bütün yay tətilini Qarayazıda keçirirdim. Atamın da Gürcüstana, Qarayazıya böyük bağlılığı vardı. Ən böyük arzusu doğulduğu torpaqda, öz məmləkətində dəfn olunmaq idi. Bu arzusu həyata keçdi.

Sonra da həmin yerlə əlaqəmiz kəsilmədi. Qohumlarımız, ziyarətgahımız, nəslimizin qəbiristanlığı oradadır. Ona görə də Qarayazıya bağlılığımız güclüdür.

– Biz adətən şair təbiətli insanları daha coşqun, emosional görməyə öyrəşmişik. İsa bəy xarakter etibarilə necə idi? Özünəqapalı, yoxsa əsib-coşan?

– Xeyr, atam sakit təbiətli insan idi. Emosional biri deyildi. Gürcüstanda belə bir şair tipi var. Məsələn, Zəlimxan Yaqub da oralıdır və coşqun xarakteri ilə tanınır. Atam isə ondan tamamilə fərqli idi.

Elə buna görə də onu çox qiymətləndirir, zarafatla “Aristokrat” deyirdilər. Sakit görünsə də, ətrafına həmişə çox adam toplaşırdı. Xüsusən rayona gedəndə, məclislərdə olanda daha fərqli görünürdü.

– Ədəbi mühitdə ən yaxın dostları kimlər idi?

– Ən yaxın dostlarından Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı, Əkrəm Əylisli, Abbas Abdulla, Tofiq Abdin və başqalarının adını çəkə bilərəm.

Ələkbər Salahzadə ilə isə çox maraqlı, paralel həyat yolları olub. Eyni ildə, hətta eyni gündə doğulmuşdular. Universitetdə eyni partada oturmuşdular. İlk şeirləri eyni qəzetdə, eyni gündə dərc olunmuşdu. İlk kitabları da eyni vaxtda çap edilmişdi. Atam vəfat etdikdən sonra Ələkbər müəllim də çox yaşamadı.

– Şair İsa İsmayılzadə ilə ata İsa İsmayılzadəni fərqləndirən cəhətlər nələr idi? İşdəki prinsipləri evdə də davam edirdi?

– İşdə necə idisə, evdə də elə idi. Atam uzun müddət “Azərbaycan” jurnalının baş redaktoru olub, əvvəlcə əvəzedici kimi çalışıb. İşinə çox həssas və obyektiv yanaşırdı.

Bəyənmədiyi materialı çapa verməzdi, bəyəndiyini isə müəllifindən asılı olmayaraq dərc edərdi. Gənclərə, yeni düşüncəli insanlara həmişə yer verirdi. Sözə və yazıya qarşı çox tələbkar idi. Dostları, tanışları yazılarının çap olunmasını xahiş edəndə, bəyənmirdisə, qətiyyətlə imtina edirdi.

Yadımdadır, Xalq yazıçısı Mirzə İbrahimov sonradan şeir yazmağa başlamışdı. Şeirlərini atama gətirmişdi. Atam Xalq yazıçısının şeirlərinin səviyyəsini uyğun hesab etmədiyinə görə çap etmədi. Demişdi ki, mən sizin prozanızı bəyənirəm, amma şeirlərinizi yox. Gedin, hara istəyirsiniz, şikayət edin.

Öz yazılarına da eyni prinsipdən yanaşırdı. Jurnalın rəhbəri olsa da, öz əsərlərini çap etdirib başqasının yerini tutmaq istəməzdi.

– İşdəki gərginliyi evdə necə hiss edirdiniz?

– Çöldəki gərginliyi evə çox gətirməzdi. Evə gələndə uşaqlarla oynayır, fikrini dağıdırdı. Həmişə deyirdi, siz məni dərddən-sərdən xilas edirsiniz.

Amma 1988-ci ildən başlayan Qarabağ hadisələri, köçkünlərin gəlməsi onu dərindən sarsıtdı. Həmin dövrdə gərginliyini açıq hiss edirdik.

Uzun illər siqaret çəkməmişdi. Gəncliyində çəkib, sonra təxminən 20 il çəkməmişdi. Qarabağ hadisələrindən sonra isə yenidən siqaretə başladı.

– Müharibə və torpaq itkiləri onun gündəlik həyatına, ovqatına necə təsir göstərirdi?

– İnsan ürəyində nə yaşadığını ən çox ailəsinin yanında göstərir. Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar və itkilər ona çox ağır təsir edirdi. Evdə onun vətənpərvərliyini və yaşadığı ağrını açıq şəkildə görürdük.

90-cı illərdə heç bir toya getmirdi. Televizorda konsert və ya əyləncəli veriliş olanda söndürürdü. Deyirdi, torpaqlarımız gedir, şəhidlərimiz var, biz belə şeylərə baxa bilmərik.

Şuşa, İsa bulağı kimi adların restoran və şadlıq saraylarına verilməsinə də çox əsəbiləşirdi.

Bir dəfə ona yeni kostyum tikdirmişdik. Anam geyinməsini xahiş edəndə dedi, mənim hansı günümdür, hansı bayramımdır ki, təzə kostyum geyinim? Nə paradda iştirak edirəm, nə toyda.

Anam buna çox məyus olmuşdu. Amma atam həmin kostyumu bir dəfə də olsun geyinmədi. Elə o cür, torpaq dərdi ilə də bu dünyadan köçdü.

– Bəs evdə bir ata kimi onun konkret qaydaları, “olmaz”ları var idi?

– Əlbəttə. Məsələn, gec gəlmək olmazdı. O, evə gələndə artıq hamımız evdə olmalı idik. İnstitutda tələbə olanda belə, heç yerdə qalmağa icazə vermirdi, ancaq evdə qalmalı idim. Sərt təbiətli insan idi.

– Bəs gec gələndə cəza tədbiri necə olurdu?

– Bir dəfə bununla bağlı çox fərqli, hətta gülməli bir səhnə yaşandı. Əvvəl universitetin yanında yaşayırdıq, sonra Naxçıvan küçəsinə köçdük. Orada bizə iki mənzil vermişdilər. Plan üzrə beşotaqlı ev düşsə də, həmin ölçüdə mənzil olmadığı üçün yan-yana iki mənzil ayırmışdılar.

Mən də həmin mənzillərdən birində qalırdım. Aradakı divardan keçid açmışdıq, birindən digərinə eyvandan gedib-gəlirdik. Hər mənzilin ayrıca girişi də vardı.

Yay idi, ikinci kursda oxuyurdum. O vaxt mobil telefon da yox idi. Axşam məhəllə uşaqları ilə həyətə çıxmışdıq. Evdəkilərə dedim ki, məni gözləməsinlər, yatsınlar, mən sonra eyvandan keçib sakitcə gələcəyəm.

Gəzdik, dolaşdıq, çayxanada oturduq. Bir də gördüm ki, hava işıqlanır. Dostuma dedim, tez evə getmək lazımdır.

Evə çatanda səhər təxminən yeddinin yarısı-yeddi idi. Öz tərəfimizdən girdim ki, məni görməsinlər, nə vaxt gəldiyimi bilməsinlər. Yerimə keçmək istəyirdim ki, eyvanı açıq gördüm. O biri tərəfdən atamla anamın səsi gəlirdi, söhbət edirdilər.

Başa düşdüm ki, yatmayıblar. Düşündüm, ya məni gözləyirlər, ya da tezdən durublar. Sakitcə yerimə girsəm, bəlkə, heç bilməyəcəklər ki, gəlmişəm. Özümü göstərsəm, xəbərsizdirlərsə, vəziyyəti daha da pisləşdirəcəyəm.

Birtəhər elə göstərdim ki, guya təzəcə yataqdan qalxmışam. Gözümü ovuşdura-ovuşdura içəri girb dedim ki, siz niyə yatmırsınız? Səsiniz qoymur adam yatsın.

Bunu deyəndə gördüm ki, kişinin sifəti heç dəyişmədi, əksinə, daha da tutuldu. Ayağa qalxanda vəziyyətin gərgin olduğunu başa düşdüm və qaçdım.

Sonradan bildim ki, bütün axşam məni axtarıblar, çox narahat olublar. Mən nəsə dedim, acıqlandı, mən də tez aradan çıxdım.

Sonra yerimə girəndə gördüm ki, bir kağız yazıb qoyub. O kağızda mənə elə sözlər yazmışdı ki, adamın yeddi qatından keçirdi. Amma sözlərini şairanə şəkildə ifadə etmişdi.

Məsələn, “Adamsan, adamın adamı olasan” kimi sözlər yazmışdı. Onu oxuyanda adam utanırdı, sanki yerə girmək istəyirdin. Belə cəzalandırırdı.

– Bəs bir həyat yoldaşı kimi qısqanc adam idi?

– Çox. Köhnə təbiətli insan idi.

– Bunu evdə də hiss etdirirdi?

– Hə. O məsələlərdə özünəməxsus idi. Müasir düşüncəli deyildi, öz dövrünün adamı idi.

– Belə bir misal var, biri od olanda, biri su olmalıdır. Belə görürəm, sizin evin “suyu” da ananız idi.

– Bəli. Atamın çılğınlığı da, əsəbiliyi də vardı. Anam onu başa düşən, sakitləşdirən tərəf idi.

– O dövrdə, ümumiyyətlə, yazıçıların həyat şəraiti necə idi?

– Bizim həyat və ev şəraitimiz uzun müddət kifayət qədər problemli olub. Elmlər Akademiyasının yanında ikiotaqlı evdə yaşayırdıq. Təxminən 15-16 il orada qaldıq. Üç uşaq da həmin evdə dünyaya gəlib. Beş nəfər ikiotaqlı “Xruşşovka” mənzildə yaşayırdıq.

Ev kiçik idi, müəyyən çətinliklərimiz vardı, amma xoşbəxt yaşayırdıq. Atam da həmin evi çox düşərli hesab edirdi.

Yadımdadır, köçəndə hər şeyi boşaldıb maşına yükləmişdik. Mən geri qayıdıb baxmaq istədim ki, evdə nəsə qalıb, ya yox. Gördüm ki, atam çıxmazdan əvvəl divarı öpür.

Dedi, bu ev çox yaxşı, düşərli ev olub. Mənim üç uşağım burada dünyaya gəlib, xoşbəxt ailə burada yaşayıb.

Dolanışıq baxımından isə o dövrün yaradıcı insanları kimi yaşayırdıq. Pis demək olmazdı, orta səviyyədə yaşayırdıq. Yazıçıların qonorarları vardı, kitabları çap olunanda yaxşı qonorar alırdılar.

Məsələn, atam 1980-ci ildə bağ aldı. Maşın sürməyi bacarmırdı, ümumiyyətlə, maşını sevmirdi. Bağa gedib-gəlmək çətinləşəndə dedi ki, maşın almaq lazımdır.

O vaxt maşın almaq üçün növbəyə yazıldılar. Atam balaca “Jiquli” istəyirdi. Əmimgil isə təkid etdilər ki, QAZ-24 alsın. Deyirdilər ki, sənin qələmində şans var, sənə heç kim bir söz deyə bilməz. QAZ-24 al.

O dövrdə mağaza müdirləri, ticarətçilər belə maşınları ala bilmirdilər, buna icazə verilmirdi. Şairlərin isə qonorar imkanları vardı. Həmin maşının qiyməti 15364 manat idi. O çeki də bu günə qədər xatırlayıram.

Sonda atam QAZ-24 aldı. Sırf bağa gedib-gəlmək üçün.

Ümumilikdə orta səviyyədə yaşayırdıq. Amma anam deyirdi ki, yaradıcı insan üçün bu, kifayət deyil. Onun fikrincə, yaradıcı insan ailəni saxlamaq, gündəlik qayğılar barədə düşünməməlidir. Hər şeylə təmin olunmalıdır ki, fikri yalnız yaradıcılığa yönəlsin.

– Ümumiyyətlə, atanızın geniş tanınması, populyarlığı ilə bağlı gözləntisi və ya narahatlığı var idi?

– Bununla bağlı onunla maraqlı söhbətim olmuşdu. Şeirlərini oxuyanda mənə də qəliz gəlirdi. Sadə dildə yazmırdı. Səməd Vurğun poeziyası kimi hamı üçün asan başa düşülən, standart şeirlər deyildi.

Üstəlik, sərbəst vəzndə yazırdı. Bizim poeziyada o dövrdə sərbəst vəzndə yazmağa başlayanlardan biri də atam idi.

Bir dəfə soruşdum ki, niyə qəliz, çətin yazırsan? Səni narahat etmir ki, çox yerdə tanınmayacaq, oxunmayacaqsan?

Dedi, qətiyyən yox. Mənim düşüncələrimi, fikirlərimi hamıya anlatmaq məcburiyyətim yoxdur. Ürəyimdən gələnləri yazıram. Onu başa düşən insanlar da mənim nə düşündüyümü anlayırlar.

Mən də dedim ki, elə düz edirsən. Bəlkə, indi çox anlaşılan və qəbul olunan deyilsən, amma vaxt gələcək, bu əsərlərə başqa cür qiymət veriləcək.

Həqiqətən də bunun nümunəsini yaşadıq.

Atam Qarabağ və Vətən həsrəti ilə yaşayan adam idi. Qarabağ hadisələri başlayandan sonra yazı-pozusu xeyli azaldı. Deyirdi ki, yazmağa həvəsi qalmayıb, çünki ürəyini açacaq heç nə yoxdur.

Vətənin yaxşı günü onun ürəyini açardı. Son əsərlərindən biri “Haran ağrıyır, Vətən” poeması idi. Sonrakı şeirləri də əsasən həmin ruhda yazılmışdı.

Təəssüf ki, o, dünyadan köçəndə Qarabağ məsələsində heç bir irəliləyiş yox idi.

Sonrakı hadisələr isə hamımızı yerdən-göyə qədər sevindirdi. Ölkəyə tamam başqa ruh gəldi, sanki günəş doğdu.

Biz ailə olaraq onun nə qədər vətənpərvər olduğunu bilirdik. Amma təəssüf ki, bunları görə bilmədi.

Bir-iki dəfə öz aramızda deyirdik ki, kaş ki, biləydi, eşidəydi, görəydi ki, Qarabağ alındı, hər şey geri qayıtdı.

– “Bayatı-Şiraz”ın sözlərinin bir hissəsi də İsa bəyə aiddir.

– Bəli. Şuşa alındıqdan sonra ilk Qarabağ festivalı keçirildi. Orada “Bayatı-Şiraz” səsləndi və hamı ona heyran qaldı. “Bayatı-Şiraz” qeyri-rəsmi olaraq qələbəmizin rəmzinə çevrildi.

“Bayatı-Şiraz”ın sözlərinin bir hissəsi atamındır. Əvvəli Abbas Səhhətdəndir, sonrakı hissəsi isə atamın 1978-ci ildə yazdığı “Vətən nəğməsi” şeirindən götürülüb:

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm...”

Bu sözlər qələbəmizin hər anında səsləndi.

Biz ilk dəfə qardaşımla onun vəfatının ildönümündə qəbrini ziyarət etdik. İldönümü iyunun 13-nə düşür.

Qəbrinin üstündəki büstün qarşısında dayanıb dedim ki, bax, gözün aydın. Özün görməsən də, eşitməsən də, sözlərin qələbəmizin rəmzinə çevrilmiş bir musiqini bəzəyir.

Bu mənim üçün çox böyük xoşbəxtlikdir.

Yeri gəlmişkən, “Qarabağ bülbülləri” filminin ssenarisi də atamındır. Film onun ssenarisi əsasında çəkilib. “Bayatı-Şiraz” da həmin filmdə səslənib və ilk dəfə onu Tacir Şahmalıoğlu oxuyub.

Atam həmin faktı danışırdı. Deyirdi ki, filmdə dörd uşaq var və onların fenomenal səsləri var.

“Bayatı-Şiraz” o vaxt da səslənmiş və tanınmışdı. Sadəcə, Qarabağ azad olunandan sonra onun ikinci dəfə dünyaya gəlməsini, başqa bir məna qazanmasını yaşadıq.

– Özü kimlərə daha çox qulaq asırdı?

– Aşıqlara çox qulaq asardı. Azərbaycan xalq havalarını sevirdi. Türk saz havalarını, türk aşıqlarının ifalarını da dinləyirdi.

– Bayaq dediniz ki, 90-cı illərdə baş verənlərdən sonra siqaret çəkməyə başladı. Bu, təbii ki, səhhətinə də təsir etmişdi...

– Xeyr, siqaret məsələsi burada əsas rol oynayan amil deyildi. Daha mürəkkəb məsələ idi. Heç gözlənilmədən beynində şiş əmələ gəlmişdi. Çox böyük həcmdə idi və qəflətən yaranmışdı.

– Necə öyrəndiniz ki, beynində şiş var?

– Narahatlıqlarından şübhələndik. Bir müddət “başım ağrıyır” deyirdi, güclü baş ağrılarından şikayətlənirdi. Sonra müayinə etdirdik və məlum oldu ki, şiş var.

Azərbaycanda baş neyrocərrahına müraciət etdik. Həkim dedi ki, şişin həcmi o qədər böyükdür ki, müdaxilə etmək mümkün deyil. Əməliyyatın da səmərə verməyəcəyini bildirdi.

Mən bununla kifayətlənmədim. Epikrizlərini, rentgenlərini götürüb Moskvaya apardım. Orada atamın həyatında mühüm rolu olmuş bir qohumumuz vardı. Vəziyyəti biləndə çox pis oldu. Sənədləri götürüb gəlməyimi istədi.

Burada Burdenko adına institutda onu müayinə etdirdik, sənədlərinə baxdılar. Orada da dedilər ki, artıq şans yoxdur.

Şiş çox böyük sürətlə böyüyürdü. Bunu bilməyimizdən onun həyatdan köçməsinə qədər cəmi 14-16 gün çəkdi. Qarşısının alınması mümkün olmayan, çox sürətlə böyüyən şiş idi.

Son günlərində onu Gürcüstana apardıq. Anam da bizimlə getdi. Səhər saat 8-də yola düşdük, axşam 12-yə qalmış çatdıq. Elə həmin gün də dünyasını dəyişdi.

– Həmin 10-15 gün ərzində xəstəxanada qalırdı, yoxsa evdə idi?

– Əsasən evdə oldu. Son üç gününü xəstəxanada keçirdi. Sonra qərara gəldik ki, rayona aparaq. Çünki xəstəxanada da artıq heç bir imkan qalmadığı aydın idi.

– Özündə idi, danışa bilirdi?

– Mən deyərdim ki, atam əslində, yuxuda dünyasını dəyişdi. Şiş böyüdükcə yuxu mərkəzinə təzyiq edir və onu yuxuya aparırdı. Çox vaxt yatırdı.

Yuxudaykən dünyasını dəyişdi. Məncə, baş verənləri tam təfərrüatı ilə anlamadı.

Hətta bəzən sevinirəm ki, belə oldu. Çünki bu qədər düşüncəli, dərin mütaliəsi olan bir insan öz ömrünün çox az qaldığını və heç bir çıxış yolu olmadığını hiss etsəydi, bunun ona nə qədər ağır təsir edəcəyini təsəvvür etmək olar.

Amma vəziyyəti onu daha çox yuxu və trans halında saxladı. Təxminən bir həftə belə yatdı və yuxuda da dünyasını dəyişdi.

– Bəs ayıq olduğu vaxtlarda son söhbətinizi, dialoqunuzu necə xatırlayırsınız?

– Elə xüsusi bir son söhbətimiz olmadı. Nəsə bölüşmək, hansısa mövzuda uzun-uzadı danışmaq imkanımız qalmadı. Çünki nə biz belə bir şeyi gözləyirdik, nə də özü bu barədə düşünürdü.

Xəstəxanada yoxlayanda çox sağlam adam idi. Sağlamlığına, canına fikir verirdi, idman edirdi.

Onu əməliyyata almaq istəyirdilər. Çek-ap etdilər, hərtərəfli müayinə olundu. Hətta dedilər ki, bu adamı kosmonavt kimi göyə buraxmaq olar. O qədər sağlam idi.

Özü də uzunömürlü bir nəsildən gəlirdi. Sonradan düşünürdüm ki, bəlkə də bu, böyük zehni əməyin nəticəsi idi. Çünki bütün həyatı boyu çox böyük zehni əmək içində olmuşdu.

– Bəs vəfatından sonra, əsasən ilk aylar necə keçdi?

– İnsan vaxtsız dünyadan köçən doğmalarının yoxluğu ilə barışa bilmir. Elə bilirsən ki, indi buradan gələcək, indi oradan çıxacaq. Hətta düşünürsən ki, bəlkə, biz səhv edirik, bəlkə, heç o deyil.

İnsan uzun müddət yoxluğuna alışa bilmir.

Bəlkə də aylarla xəstə yatsaydı, biz də xəstəliyi ilə uzun müddət mübarizə aparsaydıq, müəyyən qədər buna hazırlaşardıq. Amma xəstəliyin ortaya çıxması ilə dünyadan köçməsi arasında çox az vaxt oldu.

Uzun müddət yataq xəstəsi olmadı ki, onun əziyyətini günlərlə, aylarla çəkək. Ona görə də yoxluğu ilə barışmaq daha çətin oldu.

– Yuxunuza gəlir?

– Hə, görürdük. Ailəmizin digər üzvləri də onu yuxuda görürlər.

Maraqlıdır ki, əsasən köhnə evdə və ya bağımızda görürük. Deməli, ən yaxşı günləri orada keçib. Biz də belə düşünürük.

Bacım, qardaşım, anam və mən – hamımız onu yuxuda görmüşük.

– İstər-istəməz ata gedəndən sonra yük daha çox ananın üzərinə düşür.

– Təbii ki, anama və mənə düşdü. Mən də həmin dövrdə böyük əziyyət çəkdim. Onun müalicəsi ilə bağlı bütün işlərə mən gedirdim.

Diaqnozu ilə bağlı bütün məlumatları da ilk mən aldım. İndiyə qədər yadımdadır, həftənin altıncı günü idi. Ona MRT etdirdik. MRT zamanı mən yanında idim.

Sonra monitorların olduğu yerə keçdim. Ramiz müəllimlə getmişdik. O, bizim qonşumuzdur, həm cərrah, həm də şairdir. Atamla da çox yaxın münasibətləri vardı.

Mən monitorun arxasına keçəndə gördüm ki, Ramiz müəllim oturub, əllərini başına qoyub ağlayır.

Soruşdum, nə olub? Nə məsələdir?

O, cərrah idi və şişin həcmini, ölçülərini görəndə vəziyyətin nə yerdə olduğunu anlamışdı. Mən də bunu görəndə vəziyyətin çox pis olduğunu başa düşdüm.

Həmin gün həftənin altıncı günü idi. Həkimlərin yanına gedə bilmədim, çünki həftəsonu işləmirdilər. Bazar ertəsinə qədər gözləməli oldum.

O vaxta qədər evdə heç kimə heç nə demədim. Hamını sakitləşdirmək üçün “hər şey yaxşı olacaq” deyirdim. Amma özümü saxlaya bilməyəndə qaraja düşür, maşında otururdum. Orada boğulurdum, ağlamaq istəyirdim, amma ağlaya bilmirdim.

Həmin dövrdə qəribə bir vəziyyətdə idim. Heç cür ağlaya bilmirdim.

– Atanızın xəstəlik dövrü, yəqin ki, ailəniz üçün ən ağır sınaqlardan biri oldu.

– O günləri heç unutmuram. Bir gün xəstəxanada idik. Qohumlar, ali təhsilli insanlar da gəlmişdilər, amma vəziyyətin ciddiliyini tam anlamırdılar. Yanımda məndən beş-altı yaş böyük əmioğlum da var idi.

Baş-beyin cərrahının yanına girdik. Həkim üzümə baxıb soruşdu ki, siz xəstənin kimisiniz? Dedim, mən oğluyam, bu da qardaşı oğludur.

Həkim bir az tərəddüdlə dedi ki, başqa böyük adam yoxdurmu? Mən bu adamın vəziyyəti barədə sözümü ona deyim.

Mən cavab verdim ki, özüm tibb təhsili almışam, vəziyyətin nə yerdə olduğunu və nələrin baş verə biləcəyini təxmin edirəm. Yanımdakılar isə mövzudan uzaq adamlardır. Nə sözünüz varsa, mənə deyin.

Həkim mənə acıyaraq baxdı və dedi ki, atanızın vəziyyətinin çıxılmaz olduğunu sizə deməyə məcburam.

O zaman cəmi 22 yaşım var idi. Bu ağır yükü və daxili sarsıntıları həmin yaşda təkbaşına daşımalı oldum.

O hadisələrdən sonra birdən-birə qocaldım. Böyük bir ailənin məsuliyyəti üzərimə düşdü. Evin böyük oğlu kimi anama kömək etmək, ailəni dolandırmaq üçün özümü oda-közə atdım. Əlavə işlər görməyə, qazanc yolları axtarmağa başladım.

Şükürlər olsun ki, qardaşım yaxşı oxudu və təhsilini uğurla başa vurdu.

– Atanızın ən çox sevdiyiniz, sizə ən doğma olan şeiri hansıdır?

– Sözün açığı, onun “Vətən dərdim” şeirini əvvəldən çox sevmişəm. Bir də mənə həsr etdiyi bir şeir var. Adı dəqiq yadımdan çıxıb, amma belə başlayır: “Qatar gedir Araz boyu, sən o yana baxma...”

O şeiri də xüsusilə sevirəm. Ümumiyyətlə, onun şeirləri və yaradıcılığa yanaşması çox fərqli və maraqlıdır.

Onun ən gözəl şeirlərindən biri də “Termos şüşəsi” şeiridir:

“Mən bir termos şüşəsiyəm,
Sınmışam, qırılmışam, tökülmüşəm içimə.
Eh, kimin nə vecinə?!..”

Bilirsiniz ki, termosun çölü plastmas olsa da, içi şüşədir. Çöldən hər şey qaydasında görünür, amma içi qırılanda param-parça olur və bu, kənardan bilinmir.

Atam bunu insan obrazına bənzədirdi. Deyirdi ki, kənardan baxanda insanın içində nələrin baş verdiyini bilmirsən. İnsan termos kimi dözümlü görünə bilər, amma daxilən sökülüb, qırılıb, dağılıb.

# 174 dəfə oxunub

Oxşar xəbərlər

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:42 5 sentyabr 2026
80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

14:00 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər