İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi
20 iyun 2025
# 16:10

Kulis.az Həmid Herisçinin Təbriz şəhəri və İran haqqında yazısını təqdim edir.

Təbriz İran tarixində paytaxt statusunu çoxdan itirsə də...

Ancaq bir müddət Qacar vəliəhdlərinin paytaxtı olub.

Vəliəhdləri girov saxlayıb, bir növ.

İndi unudarsız. Ancaq Səttarxan inqilabı, Məşrutə hərəkatının bir səbəbi də bax bu vəliəhdin - Məmmədəli şahın Tehrana qaçmasıydı.

Təbriz indi də İranın taleyini girov saxlayır.

Birincisi, İranda inqilab Təbrizsiz mümkün deyil.

Son 50 il bunu bir daha sübut etdi.

Yəni, Tel-Aviv, Vaşinqton özlərini, raketlərini nə qədər əhlət daşına, yəni Fordo, Ərək, Natanz nüvə obyektlərinə çırpsalar da, bu nöqtələri nöqtə atəşləriylə dağıtsalar da, sonunda arzuladıqlarına çatmayacaqlar.

Çünki Təbrizsiz İranda heç nə dəyişmir.

Nəticə əldə edilmir.

O vaxt Qacarlar dövründə vəliəhdləri girov saxlamaq, həəə, bildik, Təbrizin, bir növ, siyasi hakimiyyət manevriydi.

Sonralar bu manevrlərimizin sayını artırdıq - İranın inqilab məşəlini qoymadıq sönsün. Soyusun.

Zərdüştdən, Məzdəkdən, Babəkdən, Şah İsmayıldan gələn etirazçılığı, esxotoloji ssenariləri reallaşdırdıq.

İran permanent inqilabının cəbbəxanasına çevrildik.

1978-79-cu il hər iki bəhmən inqilabları məhz Təbrizin fəallığı, Təbriz fədailərinin iştirakı ilə mümkün olub.

Özü də, biz Təbriz fədailəri bu 1979-cu il Bəhmən inqilabını elə belə deyirsiz Türkmənçay müqaviləsinin 150-ci ildönümündə salmışıq?

Yox.

Mesajımız subliminal məzmunluydu.

Gizli şifrələri çoxdu.

Yaxşı, bəs indi, əlan bəs biz nələri girov saxlayırıq İranda?

Birincisi, ən vacibi İranın siyasi seçki sistemini.

Tehran yaxşı bilir, prezident seçkisi olsun, yaxud tale seçkisi, fərqi yoxdur, məhz Təbriz seçicilərinin mütəşəkkil səsi İranda siyasi seçkilərə nöqtə qoyur.

İbrahim Rəisi bu cür seçildi. Təbrizlilərin səsi o vaxt da həlledici oldu, indiki Pezeşkian fenomenində də.

İranın Almaniyadakı yeni səfiri Məcid Nili də Tehranda təyinatını aldıqdan sonra Təbrizə gəldi. Təbriz qubernatoru Bəhrəm Sərməstlə birlikdə mətbuata açıqlama verdi ki, bəs Təbriz Ticarət Sənaye Palatası artıq İrandakı daxili nüfuzu ilə kifayətlənmir.

Almaniya sənaye nəhənglərinin İrana açılan qapısına çevrilir.

Türkmənçay müqaviləsinin növbəti ildönümündə 19 Rusiya aparıcı şirkətinin, banklarının Təbrizə gəlişi də təsadüfü deyildi.

Yəni, Təbriz bu gün İran iqtisadiyyatını da müəyyən qədər girov saxlayır.

Son İran futbol birinciliyində bizim "Traktor" futbol takımımızın qələbəsi də göstərdi ki, İranın idmanı da artıq Təbrizin girovuna çevrilib.

Təbriz Ticarət və Sənaye Palatasının səhmləri də son zamanlar məhz bu səbəbdən yüksələn şkalayla inkişaf etməkdəydi.

Yəni, Təbriz bu gün artıq qanlı, yəni qırmızı inqilablar dövrünü ancaq "Traktor" fanatlarının qırmızı qurd kabusunda, rəngində yaşayır. Əməldə isə Təbriz çoxdan bütün İrana, dünyaya tam yeni inqilab modelini, ağ inqilab modelini sərgiləyir.

Düzdü, Təbriz Səttərxan, Xiyabani, Pişəvəri inqilablarını unutmur. Ancaq bilir ki, bu qanlı inqilablar məğlub inqilablardı.

Rəngləri çox qırmızıdı.

Nəticələri də özünə ziddi.

Bu acı taleyindən nəticə çıxaran Təbriz indi tam mədəni, tam yeni inqilab modelini - futbol inqilabı modelini İrana, ilk növbədə, farslara sərgiləyir.

Farsların femenistik, Ariana sevdalı, şahpərəst inqilab topunu mahir bir futbolçu kimi öz qapısından vurub uzaqlaşdırır.

Auta göndərir.

Təbriz bu gün də oxşar digər təsadüfi topları öz qapısından uzaqlaşdırmağa qadirdi.

İranın taleyi Təbrizdə həll olunacaq.

Artıq bir ildən çoxdu ki, Güneydə biz özünüməxsus müstəqil hərəkətlərə, uzunvədəli əməliyyatlara əl atırıq. Təbriz özünün bəzi muxtar layihələriylə ümumran siyasi proseslərində istisna mövqeyini, həlledici mövqeyini işarələyir.

Siyahıdakı "Traktor" qələbəsi, Pezeşkianın qələbəsi tək bircə nüsxədə görünməsin gözlərinizə.

Cəfər Pənahi kimi kinorejissorlarımız Kann qələbəsi bir daha sübut edir ki, uca Olimpdə biz öz triadamızı, yəni üç məşəllimizi tüstülətdik.

İdmanda, siyasətdə, sənətdə - üç qələbə qazandıq.

Triada, necə deyərlər, bizdədir.

Bizə ərəblərin qanlı inqilabları, ərəb baharları, naharları yaraşmaz.

Şərqi böyük xarabaya çevirən bu inqilab tələləri, modelləri Təbrizlik deyil.

Biz vaxtiylə Hindistandakı qansız qandizm hərəkatını xatırladan bir yeni inqilab səfərbərliyi, modelini bölgəmizə, İrana sərgilədik. Futbol inqilabı, öz ağ inqilab modelimizlə tarixin, inqilablarının yeni səhifəsini açdıq.

Bu ssenaridən, amandı, çıxmayaq.

Vaxtilə Ruminiya kommunistləri Təbrizdə "Traktorsazi" karxanasını tikməklə İranda həm də inqilab qərargahı tikmək, gələcək sol inqilabın kadrlarını məhz bu karxanada yetişdirmək istəyirdilər.

Aradan illər keçdi.

Ruminiyanın özündə indi solçular hakimiyyətdə deyil.

Ancaq uzaq 1970-də vurulan bu küncdən zərbə qapıya tuşlanan futbol topu bir-iki dəfə dirəkdən geri qayıtdı son 50 il ərzində.

Qəfil öz zərbə trayektoriyasını, əyri xəttini düzəltdi havada.

Zamanda.

Qapıçıdan yan ötüb qapı torunu qəfil silkələdi.

Qələbə topunu bu dəfə də tarixin qapısına sən vuracaqsan, doğma Təbrizim.

P. S. Nümunəni bir İspaniyanın "Barselona" futbol azarkeşlərindən götürsək də, həmin projeyə öz əlavələrimizi də etdik.

Kataloniya muxtariyyətçilərinin İspaniyadakı təcrübələrindən istifadə etdik lazımınca.

# 232 dəfə oxunub

Oxşar xəbərlər

Roma Papası süni intellektə qarşı

Roma Papası süni intellektə qarşı

18:30 20 iyun 2025
Meloni Makrona niyə göz süzdürdü? - Replika

Meloni Makrona niyə göz süzdürdü? - Replika

17:56 20 iyun 2025
“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

17:00 20 iyun 2025
Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

15:30 20 iyun 2025
Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

14:00 20 iyun 2025
Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not

Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not

13:58 20 iyun 2025
# # #