Heydər Anatollu: "Onların şəxsi həyatına dair çox şey bilirəm, amma heç vaxt..." - Müsahibə

Heydər Anatollu:  "Onların şəxsi həyatına dair çox şey bilirəm, amma heç vaxt..." - Müsahibə
20 iyun 2023
# 10:48

Kulis.az "Atamın xatirəsi" layihəsindən mərhum müğənni Anatollu Qəniyevin oğlu Xalq artisti Heydər Anatollu ilə müsahibəni təqdim edir.

- İşləriniz necə gedir?

- Şükür, hər şey qaydasınadır. İşləyirik, çalışırıq. Öz sənətimlə məşğulam. Hazırda Azərbaycan Dövlət Mahnı Teatrının və dövlət televiziyasının solistiyəm.

- Bu yaxınlarda altmış yaşınız tamam oldu.

- Bəli, mart ayının 12- də altmış yaşım tamam oldu. May ayında isə Mahnı Teatrında yubiley gecəm keçirildi. Özü də yüksək səviyyədə. Maraqlı bir gecə oldu.

- Deməli, qədrinizi bilirlər.

- Hə (gülümsəyir). Dövlətimizin ən yüksək fəxri adı olan Xalq artisti adına layiq görülmüşəm. Minnətdaram ki, səhnə fəaliyyətimə qiymət verirlər.

- Atanızdan fərqli olaraq...

- Onun ən yüksək fəxri adı xalqın sevimli olması idi. Artıq 40 ilə yaxındır ki, atam dünyasını dəyişib, o vaxtdan bu günə kimi yaddaşlardadır, xatırlanır. Mən həmişə Anatollu Qəniyev adı çəkiləndə ancaq xoş sözlər eşidirəm. Onun insanlığından, mənliyindən, sənətindən... Fəxr edirəm ki, belə bir insanın, belə bir sənətkarın övladıyam. Bacardığım qədər onun adını uca tuturam, yaşadıram, nə qədər varam, onun adını yaşadacam.

O özü də deyirdi ki, fəxri adım oldu-olmadı məni xalq istəyir. Küçədə gedəndə 10 nəfərdən 9-u yaxınlaşır, ürək sözlərini deyirdi. Bakının ən elit təbəqəsinin toy məclisləri o zamanlar atam idarə edirdi. Onun vaxtına görə toy tarixini təyin edirdilər. Mən həmişə deyirəm, səhnəyə çıxanda, ya hər hansı bir tədbirdə adım çəkiləndə onun da adı çəkilir. Heydər Anatollu. Bu fəxri adlar sadalananda da hesab edirəm ki, bunlar ona da aiddir.

- Deyirlər ki, Bakı toylarında qadın və kişilərin bir məclisdə oturması fikri Anatollu Qəniyevdən gəlir. Bu, həqiqətən belə olub?

- Bəli. O zamanlar barmaqla sayılacaq qədər şadlıq evi vardı. Adətən, insanlar toyu öz evində edirdi. Atam da görürdü ki, qadın-kişi ayrı oturub təklif edib ki, məclisdə birgə otursunlar. Beləcə dəb halını alıb.

- Sizin yaradıcılığınızda bir məqam diqqətimi çəkib. Əksər mahnılarınız Eldar Mansurovun bəstəsidir. Bunun nəsə xüsusi bir səbəbi varmı?

- 1986-cı il idi, səhv etmirəmsə. Əziz dostum, tələbə yoldaşım Brilyant Dadaşova o vaxt Azərbaycan televiziyasının estrada simfonik orkestrinin solisti idi. O mənə dedi ki, gedək səni böyük sənətkarımız Rafiq Babayevlə tanış edim. Getdik. Rafiq müəllimlə görüşəndə təsadüfdən Eldar Mansurov da studiyada idi. Eldar müəllimlə də məni Rafiq Babayev tanış elədi. Rafiq müəllim Eldara dedi ki, mənə bir mahnı göstərsin, biz onu orkestrlə yazaq. Elə həmin gün biz studiyadan çıxıb Eldargilə getdik. Eldar mənə bir mahnı göstərdi, həmin mahnını da bir-iki gündən sonra yazdıq. Onu da qeyd edim ki, Rafiq Babayevin orkestrə rəhbərlik etdiyi dövrdə axırıncı solisti mən olmuşam. Beləcə illərdir ki, Eldar Mansurovla bir-birimizi tanıyırıq. Sonradan dostluq münasibəti yarandı və bu günə kimi də dostluq davam edir. Dediyiniz kimi, əksər mahnılarımın da bəstəkarı odur.

- Repertuarınızda xüsusi fərqləndirdiyiniz bir mahnı varmı?

- Deməzdim ki, hansısa bir mahnı şöhrət gətirdi. Bir çox mahnıların ilk ifaçısı olmuşam. Məsələn, bizim böyük bəstəkarlarımız Vasif Adıgözəlov, Ramiz Mirişli hələ gənc yaşlarımda mənə mahnı təklif ediblər. Bu, mənim üçün böyük şərəfdir.

- Söhbət hansı mahnılardan gedir?

- Vasif Adıgözəlovun "Toğrul nəvəm" mahnısını oxumuşam (düşünür), bir də ki, "olan, oldu" belə bir mahnı ifa etmişəm. Musiqiçilər də bilirlər ki, bəzi mahnılar ilk dəfə mənim ifamda səslənib. Həm də ki, mən ancaq öz ürəyimə yatan mahnıları ifa eləmişəm. Heç vaxt fikirləşməmişəm ki, bu mahnını oxuyum, buna görə məni tanısınlar, yadda qalım. Son illərdə sənət adamlarından belə bir söz eşidirəm ki, mahnı qəşəngdir, amma bu mahnıda çörək yoxdur. Bu, son illərin tələbidir. Ancaq qabaqlar elə şey yox idi.

- Qabaqlar nə vardı bəs?

- Gözəl əsərlər. Müğənni mahnını nəyəsə görə oxumurdu. Elə mahnılar olur ki, deyirəm, qəşəngdir, amma nəsə özümü o mahnıda görmürəm.

- Məncə, siz daha çox klassika adamısınız.

- Bəli. Klassik estrada janrına ürəyim yaxındır. Ona görə də oxuduğum mahnıların əksəriyyəti klassik estrada janrındadır. Repertuarımda vətənpərvər mahnılar da var. Uzun illər Müdafiə Nazirliyinin orkestrində xidmət etmişəm, hərbçi olmuşam.

- Necə oldu hərbi orkestrdə oxumağa qərar verdiniz?

- Mən bu qərara gələndə doxsanıncı illərin əvvəlləri - hadisələr başlayan dövr idi. O vaxt gənc yaşlarımız idi, hamı necə vətəni sevib vətən yolunda nəsə etmək istəyirdisə, eyni sevgi məndə də vardı. Ona görə də orkestrdən təklif gələndə canla-başla razılıq verdim. Uzun illər xidmət etdim, hələ müharibə vaxtı cəbhə bölgələrində çox çıxışlarım olub. Arxiv görüntüləri də var ki, biz hansı vəziyyətdə, güllə altında konsert vermişik. Amma mən onları heç vaxt reklam etməmişəm.

- O dövrdən yadınızda qalan bir xatirənizi bölüşə bilərsinizmi?

- Bir dəfə avtobusla tədbirə gedirdik. Səhv etmirəmsə, Füzuli tərəf, Horadizə yaxın bir yer idi. Çatmağımıza az qalmışdı. Yolda avtobus xarab oldu. Biz dayanan yerdən ermənilərin postu görünürdü. Mən dərhal qışqırdım ki, düşün, hamımız maşını itələyək. Burdan bir az aralanaq. Əslində, böyük bir avtobusu itələmək beş-altı nəfərin işi deyildi, amma bizə elə bil, ilahidən güc gəldi. Ermənilər də həmin vaxt bizə güllə atmağa başladı. Hiss elədik ki, bizi vurmaq üçün yox, sanki lağlağı üçün atırlar. Çünki güllələri kənarlara atırdılar. Sonra çox şükürlər olsun ki, sağ-salamat aralandıq.

- Bu yaxınlarda sizin "Qocalmağa tələsmirəm" mahnınızın klipinə baxırdım. Orda xeyli gəncsiniz. O yaşda nə əcəb belə bir mahnı oxumaq tələbatı hiss etmisiniz?

- Hə, o mahnını ifa edəndə yaşım çox deyildi (gülümsəyir). O mahnı da Eldar Mansurovundur. Yubiley gecəmdə mahnının sözlərinin müəllifi dostumuz Asifə dedim ki, sözlərin müəllifi sənsən, orda əlbəttə ki, sənin adın çəkilməlidir, amma icazə versən, yubiley gecəsində "Asif dəyər min cavana" yox, "Mən dəyərəm min cavana" oxuyum.

- Altmış yaşı hiss edirsiniz?

- Yox, qətiyyən. Məncə, yaş rəqəmlər deyil, qəlbində hiss etdiyindir. Hərdən özümdən asılı olmayaraq nəsə hərəkət edirəm, sonra deyirəm ki, bu, lap cavan adam hərəkətidir. Amma neynim? Ürək onu tələb edir.

- Deməli, həyatda səhnədə gördüyümüz ciddi adamdan xeyli fərqlisiniz.

- Bəli. Səhnə mənim üçün müqəddəs bir yerdir. Səhnədə başqa, həyatda başqa.

- Heydər müəllim, toylara gedirsiniz?

- Artıq bir neçə ildir ki, getmirəm.

- Səbəb?

- Toylarımızın səviyyəsi dəyişib, bayağı mahnılar çox tələb olunur. O vaxtlar biz toya gedəndə demirdilər ki, filan mahnını oxu, oynayaq. Deyirdilər ki, filan mahnını oxu, dinləyək. Mahnıya oynamırdılar. Oynamaq üçün müəyyən rəqslər var idi. Toy sona çatanda deyirdik ki, nə tez keçdi. Məclis o qədər maraqlı olurdu ki, dayanmadan çalıb oxuyurduq. Son illər isə toya gedəndə düşünürdüm ki, tez yekunlaşardı, çıxıb gedərdik. Çünki toydan həzz almırsan, ancaq əsəbiləşirsən. Hərdən məni istəyən adamlardan kimsə dəvət edəndə gedib bir-iki mahnı ifa edirəm. Bilirəm ki, orda kimsə gəlib deməyəcək ki, saxla bunu, başqa mahnı oxu.

- Heydər bəy, Anatollu adı hardan gəlir?

- Bizim əslimiz Anadolu türklərindədir. Ötən əsrin əvvəllərində babamgil bura gəlib. Əslində, atamın adı Anadolu olub, tanınandan sonra məlum səbəblərə görə Anadolunu Anatollu eləyib.

- Bildiyim qədərilə həmin dövrdə təkcə ada yox, türk dilində mahnı oxumağa da məhdudiyyət vardı. Amma Anatollu müəllimin türk dilində xeyli mahnısı var. Elə ən məşhuru "Bana bana gel".

- O mahnının bəstəkarı Cahangir Cahangirov, sözlərinin müəllifi Zeynal Cabbarzadədir. Mahnı "Koroğlu" filmində Dəli Həsənin mahnısıdır. O obraz türkdür. Ona görə də mahnı türk dilində yazılıb. Ümumilikdə isə atamın türk dilində bir çox mahnıları vardı. Sırf türk bəstəkarlarının bəstələdiyi. O zamanlar bu mahnıları efirə qoymurdular. Həmin mahnıları vallara xəlvəti yazdırmışdılar. Bilmirəm, bəlkə də elə bu şeylərə görə ona müəyyən şeylər olmadı (fikrə gedir).

- Anatollu Qəniyevin səsi hansı filmlərdə var?

- "Möcüzələr adası", "Mehman", "Ulduzlar sönmür", "Alma almaya bənzər", "Qərib cinlər diyarında"...

- "Yenilməz batalyon" filmində Teymurun mahnısını da atanız oxuyub. Amma deyəsən, sonradan nəsə dəyişiklik olub.

- Deməli, "Yenilməz batalyon"da həmin ifanı birinci atam səsləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə də mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İslam Rzayev səsləndirdi.

- Heydər müəllim, övladlarınız arasında sizin yolunuzu davam etdirən varmı?

- İki oğul atasıyam. Böyük oğlum musiqiçidir, hazırda hörmətli Yusif Axundzanin rəhbərlik etdiyi orkestrdə xidmət edir. Kiçik oğlum televiziya işçisidir, həm də babasının adaşıdır. Beş nəvəm var. Düzü, şəxsi həyat haqqında danışmağı sevmirəm. Başqalarının da şəxsi həyatı ilə maraqlanmıram. Mənim nəyimə lazımdır kimin həyatında nə olub?

- Axı sənət adamları həmişə insanlara maraqlıdır.

- Mənim elə sevdiyim sənətkarlar var ki, onların şəxsi həyatına dair çox şey bilirəm, amma heç vaxt heç yerdə bir kəlmə də danışmaram. O, mənə sadəcə sənətkar kimi maraqlıdır, vəssalam.

- Sizə elə gəlmir ki, səsinizin haqqını vermədiniz? Bu səs daha məşhur ola bilərdi.

- Düzü, elə əvvəldən efirə çıxmağın həvəskarı olmamışam. Uzun müddət mən hərbidə xidmət etdim, o illəri sırf hərbiyə həsr etdim.

- Bəs ondan əvvəl, bəs ondan sonra?

- Ondan əvvəl deyəndə ki, əvvəl Azərbaycan televiziyasında çalışırdım, müğənni kimi fəaliyyət göstərirdim. Sonra da həmçinin. Bilirsiniz, əsas odur ki, nəyin necə olmasından asılı olmayaraq mən alnıaçıq, üzüağ yaşayıram.

"525-ci qəzet"

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #