Həyat yoldaşı filmlərə çəkilməyini qadağan etdi, oğlunun erməni aktyor haqqında çəkdiyi filmə görə qınanıldı – Ona eşq elan edən aktyor kim idi?

Həyat yoldaşı filmlərə çəkilməyini qadağan etdi, oğlunun erməni aktyor haqqında çəkdiyi filmə görə qınanıldı  – Ona eşq elan edən aktyor kim idi?
13 iyun 2023
# 12:36

Kulis.az Xalq artisti Elmira Şabanova haqqında maraqlı faktları təqdim edir.


Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda dünyaya göz açıb. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub.

***

Nənəsi fransız olub. Elmira Şabanova bu barədə belə deyir:

“Hə, ulu nənəm fransız idi. Babamın atası neft milyonçusu olub. Gedib Fransaya, arvadını ordan gətirib. Qadının adı Turye olub, babam onu dəyişdirib edib Dürrə. Müsəlmanlığı qəbul edib, çadra taxıb. O qadın babamın atasını çox sevib, ona görə, dinini də dəyişib, həyatını da.

Deyirlər, məndə fransız cizgiləri var. Bir hadisəni danışım. Yoldaşım rəhmətə gedəndən sonra bizdən yuxarı mərtəbəyə fransızlar köçmüşdü. Üç nəfər idilər, Bibiheybətdə işləyib, kirayə qalırdılar. O fransızlardan biri mənə vuruldu. Fransızcanı az-çox bilirəm. Görürdüm, tez-tez bizə gəlir, deyir, evdə darıxıram. Mən də heç nə başa düşmürdüm. Gəlinim “tyotya Elmira, o kişi səni sevir”, dedi. Qəribə hadisədir. 60 yaşlı subay kişi idi. Məlum oldu, onun cavanlıqda sevdiyi qız eynən mənə oxşayıbmış. Şəklini də göstərdi, gördüm, hə, oxşayır. Oğluma dedi, sizin ananızla evlənib Tuluzaya aparmaq istəyirəm. Əlbəttə, məhəbbət olsaydı, bəlkə də, gedərdim. Amma mən həmişə bir insanı sevmişəm, o da həyat yoldaşım Rüfət idi”.

***

Aktrisa müsahibələrinin birində sənətə məşhur Hollivud aktrisası Qreta Qarbonu görəndən sonra gəldiyini deyib.

Özündən 18 yaş böyük adamla ailə qurdu, Polad Bülbüloğlu onunla düşmən  oldu... » AZİNFORM.AZ - AZƏRBAYCANIN İNFORMASİYA MƏRKƏZİ

***

M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969)

***

Kinoda “Əsl dost” filmi ilə debüt eləyən aktrisa daha sonra 17 yaşında “Səhər” filminə çəkilir. Aktrisa debütü barədə danışarkən Ceyhun Mirzəyevin hələ uşaqlığından ona vurulduğunu deyib:

“SSRİ xalq artisti Məhərrəm Haşımov bizə dərs deyirdi. O, Rus Dram Teatrının direktoru idi. Tələbələrini teatra təcrübəyə aparırdı. Rüfət də teatra dostlarının yanına gəlib-gedirdi. Görürdüm, altdan-altdan mənə baxır, göz qoyur. Bir gün dedi, filmə çəkilmək istəyirsiniz? Mən də cavan qız, birinci kurs tələbəsi. Dedim, əlbəttə, istəyirəm, amma atam-anam qoymaz. Gedib danışdı, razı saldı, məni apardılar Nabrana. “Əsl dost” filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Məsələn, Eldar Quliyev yadıma düşür. Cavan assistent idi. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm səni özüm alacağam”.

Səhər (1960)

***

Atası sənətini davam etdirməsinə mane olub. Sonra institutun I kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib. Bu qadağadan sonra 1977-ci ilədək kinoda görünmür. Aktrisa bu haqda deyir:

“Əvvəl atam, sonra da həyat yoldaşım mənə qadağa qoydu. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdür. O, bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, sevgi filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən. Ona görə də mən qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər. Amma mən sizə açıq deyim ki, əsas xalq sevgisidir. Mən bu sevgini qazana bildim. Həyatımdakı qadağalara görə çox ağladım... Lap çox... Çünki sənəti, kinonu çox sevirdim. Ancaq görün mən necə xoşbəxt adamam ki, qırx yaşımdan sonra arzuma yetdim. Düzdür, istədiyim, arzusunda olduğum rollar artıq geridə qalmışdı. Amma yenə də siz deyən kimi, kinoda izim qaldı. Yəqin ki, istedad idi”.

Xalq artisti: "Çəkilişdə hamıya demişdi ki, bu qıza söz atmayın, onunla  evlənəcəyəm" - FOTO, son xeberler


***

1977-ci ildə “Bədbəxtliyin astanasında” adlı qısametrajlı filmlə kinoya qayıdan aktrisa 80-ci illərdə bir-birinin ardınca rəngarəng obrazlar canlandırıb.

***

Ceyhun Mirzəyev aktrisanı “Fəryad” filmində öz anası obrazına çəkir. Aktrisa həmin vaxtları belə xatırlayır:

“Ceyhun istedadlı insan idi. Onunla "Əsl dost" filminin çəkilişi zamanı tanış olmuşdum. Ceyhun o filmdə Fərmanın uşaqlığını oynayırdı. Rüfət Şabanov isə filmin ikinci rejissoru idi. Rüfət mənə həmin filmdə vurulmuşdu. Ceyhun da mənə vurğun idi. Həmişə mənə yaxınlaşıb deyirdi ki, o kişi qocadır, sən onunla ailə qurma, bir az böyüyüm, özüm səninlə evlənəcəm (gülür). Sonra Ceyhun İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul oldu. Mən ona universitetdə dərs demişəm. Həddindən artıq yaxşı və istedadlı insan idi. Bir gün zəng vurdu ki, Elmira xanım, sizi ana obrazına çəkmək istəyirəm. Rol o qədər də böyük deyil, amma mənim anamı ifa edəcəksiniz. Mən Ceyhuna heç vaxt rədd cavabı verə bilməzdim.
Həmin film çox ağır dövrdə, çətin şərtlər altında çəkilirdi. Birini tapanda, o birini tapmaq olmurdu. Ceyhun "Fəryad" filmini çəkərkən çox əsəb və həyəcan keçirtdi. Bəlkə də, elə ona görə çox erkən köçdü həyatdan... Mən sizə bir söz deyim, həmin filmdə mən olan kadrların çəkilişi zamanı Ceyhun məni “ana” deyib çağıranda, sanki mənimlə vidalaşırdı. Ya da mən özüm Ceyhunun çox yaşamayacağını, taleyinin yarıda kəsiləcəyini hiss etmişdim... O kadrlardakı baxışları indi də yadıma düşəndə tüklərim biz-biz olur. Heyf Ceyhundan. Çox tez ayrıldı həyatdan...”.

Elmira Şabanova 80 | Filmfond

***

Uzun müddətdir efirlərdən uzaqlaşan aktrisa müsahibələrinin birində bu qərarını belə açıqlayır:

“Çoxları mənə sual verir ki, niyə tədbirlərdə görünmürsünüz, gündəmdə yoxsunuz? Onlara deyə bilmirəm ki, utanıram, bəzi həmkarlarımın yerinə xəcalət çəkirəm. Yaşlı aktyorların şou yaratması, qalmaqal edib, gündəmə gəlməsi utanc gətirən işdir. Biz sənət adamları özümüzə, oturuşumuza, duruşumuza, hərəkətlərimizə fikir verməli, gənclərə nümunə olmalıyıq. Amma artıq müğənnilərin yaratdıqları şounu ciddi sənət aləminə də gətiriblər. Buna görə təəssüf hissi keçirirəm. Bəzən buna görə ortalığa çıxmağa da utanıram. Sənət qalıb bir kənarda, bir-biri ilə dava edirlər. Yaradıcılıqla məşğul olan yoxdur. Halbuki aktyor kinosuna çəkilməli, tamaşada oynamalıdır”.

***

Aktrisanın oğlu Fuad Şabanovun erməni aktyoru barədə çəkdiyi sənədli filmdə Azərbaycan musiqisi erməni musiqisi kimi qələmə verilib. Aktrisa isə oğlunun günahkar olmadığını deyib. O bildirib ki, filmdə Ələkbər Tağıyevin mahnısından fon musiqisi kimi istifadə olunub. Bəstəkarın "Sən gəlməz oldun" adlı mahnısı Şərq musiqisi adı altında erməni balabançısı Civan Qasparyanın ifasında sələndirilib. Həmin filmin sponsorunun erməni olduğunu deyən aktrisa bizim imkanlı şəxsləri günahlandırıb:

"İmkanlı şəxslərimiz pullarını boş-boş kliplərə, hansısa səsi, istedadı olmayan müğənninin "rastkrutka"sına xərcləyirlər. Onlar da ermənilər kimi sponsorluq etsinlər, Fuad Rəşid Behbudov, Şövkət Ələkbərova və digər korifeylərimiz haqqında film çəkib, ORT kanalında nümayiş etdirsin. Amma bunu edən yoxdur, elə boş-boş danışmaqla məşğuldurlar".

Özündən 18 yaş böyük adamla ailə qurdu, Polad Bülbüloğlu onunla düşmən  oldu... » AZİNFORM.AZ - AZƏRBAYCANIN İNFORMASİYA MƏRKƏZİ

***

Son vaxtlar sürətlə çoxalan parodiyalara münasibət bildirən aktrisa müğənnilərin bir-birini parodiya etməsinin düzgün olmadığını vurğulayıb:

“Son vaxtlar dəb düşüb, hər kəs parodiya edir. Amma düşünmürlər ki, parodiya aktyordan peşəkarlıq tələb edir. Parodiya zamanı qarşı tərəf təhqir olunmamalıdır. Təəssüf ki, son vaxtlar bu qayda gözlənilmir. Parodiyalarda təhqirlərə yol verilir. Təbii ki, bəyəndiyim parodiyaçılar da var. Məsələn, Tahir və Cabir İmanovun parodiyalarını çox bəyənirəm. Onların çıxışlarını dinləyəndə gülməkdən uğunub gedirəm. Çünki istedadlı və peşəkardırlar. Bəzən müğənnilər bir-birlərini parodiya edir, bu da şit alınır. Yaxşı olardı ki, hər kəs öz işi ilə məşğul olsun”.

***

Aktrisa “Təhminə” filmində Zaurun anası obrazını istəyib, ancaq Rasim Ocaqov bu rolunu oma verməyib:

“Onda hələ Zərnigar Ağakişiyeva söhbəti yox idi. Məni Aliyə roluna dəvət edəndə, dedim, Rasim müəllim, Zaurun anası rolunda kimi çəkəcəksiniz? Məni çəkin də. O da cavab verdi ki, Elmira, nə danışırsan, sənin üzündə o qədər nur var, Təhminəyə qayınanalıq edə bilməzsən”.

Elmira Şabanova: “Həyat yoldaşım dedi, mənə xəyanət edirsən” - MÜSAHİBƏ

***

2006-cı ildə Xalq artisti olan aktrisa fəxri adın bu qədər gec verilməyinə münasibət bildirib:

“Xalq artisti adını 2006-cı ildə almışam. Halbuki, neçə illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən”.

# 15659 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #