“Həyat eşqi”ni yazıb intihar edən yazıçı

“Həyat eşqi”ni yazıb intihar edən yazıçı
12 yanvar 2024
# 11:10

Bu gün görkəmli yazıçı Cek Londonun doğum günüdür.

Kulis.az Kənan Hacının "“Həyat eşqi”ni yazıb intihar edən yazıçı" yazısını təqdim edir.

Yeniyetməlik çağı oxuduğum hekayələr içində yaddaşımda ən güclü təsir buraxan Cek Londonun “Həyat eşqi” hekayəsi olmuşdu. İki yolçudan biri o birini dumanda itirir, əslində “itən” öz yoldaşını atıb getmişdi. Uzun məsafə qət etdikdən sonra qəfildən insan izinə rast gəlir və irəliləyərək gəlib izin qurtardığı yerə çıxır. İzin qurtardığı yerdə gəmirilib sümürülmüş bir ovuc sümüklə rastlaşır. Canavar sürüsü onun yol yoldaşını parçalayıb sümüklərinəcən gəmirmişdi. Kənarda düşüb qalmış içi qızılla dolu dağarcığı görən yolçu o anda fikirləşir ki, yoldaşı onun yerində olsaydı, qızıllarını da götürəcəkdi və sümüklərini də yeyəcəkdi.

Cek Londonun dəhşətli təsvirləri məni möhkəm sarsıtmışdı. O vaxt hələ həyat mənə sarsıntılar yaşatmamışdı, bir çox məsələləri anlamırdım və bilmirdim ki, həyat eşqi insanı hansı məqamlarda xilas edir. Təbii, bu hekayəni yazan yazıçının ömrünü intiharla başa vurduğundan da xəbərsiz idim.

Cek London faciəvi həyat yaşayıb. Atası anasını hamilə vəziyyətdə qoyub biryolluq getmişdi. Professor Çani anası Floranı uşağı tələf etməyə təhrik edəndə yazıq qadın damarlarını doğramışdı. Həkimlərin səyi nəticəsində ana sağ qalmışdı və gələcəyin böyük yazıçısını dünyaya gətirmişdi. Atasız qalan Cek kiçik yaşlarından çörək qazanmaq məcburiyyətində qalıb, San-Fransiskonun küçələrində qəzet satıb, okean gəmilərinin göyərtəsini yuyub, limanda yük boşaldıb. Həyatın amansız zərbələri altında böyüyən gələcək yazıçı özündə güc tapıb ali təhsil almaq üçün çalışır, universitetə daxil olsa da bir il sonra təhsil haqqını ödəyə bilmədiyindən oranın daşını atmalı olur. Aclıq və cəhalətin hökm sürdüyü bir cəmiyyətdə həyat uğrunda əlbəyaxa döyüşə atılır. Bu, tək, kimsəsiz, köməksiz bir adam üçün asan məsələ deyildi. Səfalət bütün gücüylə onun üstünə gəlirdi.

Amma o, fasiləsiz olaraq yazırdı. Avtobioqrafik xarakter daşıyan məşhur “Martin İden” romanı Cek Londonun sayca iyirmi birinci romanıdır. Yazıçı bir romanda şəxsiyyətin mənəvi süqutunu sərgiləyir. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir. Oxuyanlar bilir, geniş izaha lüzum görmürəm. Martin İden Cek Londonun özüdür və ən dəhşətlisi də budur ki, yazıçı bu romanda öz intiharını dəqiqliklə təsvir edib.

Cek London ömrünün son illərində inqilaba, sosializmə inamını da itirmişdi. Bu yaxınlarda marksist yazar Məmməd Süleymanovun yazılarından birində Cek Londonun “Dəmir daban” romanıyla bağlı maraqlı qeydlərə rast gəldim və sovet dövründə dilimizə tərcümə olunmuş əsəri kitabxanamdan tapıb oxudum. Kapitalist Amerikasının pəncəsi altında əzilən proletariatın üsyanı qan içində boğulur və inqilab məğlubiyyətlə bitir. Kapitalizmin təşəkkülü nəticəsində ortaya çıxan oliqarxların hakimiyyətini yazıçı “Dəmir daban” adlandırır. İnqilabçı Ernest Everqardın qadını Evisin gündəlikləri formasında qələmə alınan roman konseptual bir əsərdir. Cek London burjua cəmiyyətini və kapitalizmin əzdiyi, səfalət içində çabalayan, öz hüquqlarını müdafiə edə bilməyən, kölə halında yaşayan insanları təsvir edir və bu təsvirlər mükəmməldir. Burjua ailəsindən çıxmış Evisin öz inqilabçı ərinə sədaqəti isə fövqəladə bir hadisədir. Yazıçı əsəri məhz sədaqətli Evisin dilindən yazır. Əməkçi kütləni müdafiə edən keşişin faciəvi sonluğu da oxucuda uzun müddət unudulmayacaq bir təəssürat yaradır.

Cek London vaxtsız öləcəyini bilirdi. Bunu onun əsərlərini oxuyan hissiyyatlı və diqqətli oxucular hiss edə bilərlər. 40 yaşında dünyasını dəyişən yazıçı qısa yaradıcı ömründə iyirmidən artıq roman yazıb. O, öz yaradıcılığı ilə Amerika ədəbiyyatının sərhədlərini genişləndirmək istəyirdi və həyatın aramsız zərbələri müqabilində durmadan yazırdı. Dünya ədəbiyyatında gedən prosesləri diqqətlə izləyən yazıçı anlayırdı ki, müasir dövrün öz qəhrəmanını yaratmaq lazımdır. Gəncliyindən sosializmin sehri altında olan yazıçının inqilabın gücünə olan inamı ədəbi qəhrəmanlarına da sirayət etmişdi. Qəhrəmanlarının içindəki ölüm-dirim savaşı elə yazıçının öz daxilində gedən mübarizənin bədii ifadəsiydi.

Onun əsərləri ölümün lap yaxın məsafədə olduğunu duymuş bir yazıçının yazdığı əsərlərdir. “Martin İden”in sonluğundakı cümlələr əslində onun öz yaşantıları idi:

“O, heç olmasa, bir az qorxsaydı, həyata qayıda bilərdi, lakin qorxmurdu və buna görə də getdikcə özünü daha da zülmətə atırdı. Daha onu həyatda heç nə, hətta bir zamanlar sevdiyi şeylər belə sevindirmirdi”.

Əsərdən onlarla bu tipli cümlələr misal çəkmək olar. Bu cümlələr onu ölümə aparan yolun nişanlarıdır. Yazıçı öz ruhi halını təsvir edirdi və bu cümlələrlə bəlkə də öz ölümünün vaxtını uzadırdı.

İki dəfə ailə həyatı quran yazıçını ailəsi də başa düşmürdü və bu da onun üçün böyük zərbə idi. İkinci evlilikdən olan qızı doğulandan üç gün sonra ölür və bu itki də yazıçını möhkəm sarsıdır. Uzun müddətli depressiyalar yaşayır. Tapındığı idealların puç olması onun mənəvi süqutunu daha da sürətləndirdi. Tez-tez dəli olmaqdan qorxduğunu deyən yazıçı yaxınlarından xahiş edibmiş ki, əgər ağlını itirərsə, onu xəstəxanaya qoymasınlar.

O, səyahəti, gəzintini çox sevirdi, təbiətin qoynunda dincəlməyi xoşlayırdı. Qısa müddət ruhi müvazinətini qoruyub saxlaya bilsə də sonradan içkiyə qurşanır və 1916-cı ilin noyabrında morfi qəbul edərək intihar edir.

Həyat Cek Londonu yormuşdu...

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #