Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?
18 iyul 2026
# 10:00

Bu gün görkəmli ingilis yazıçı Ceyn Ostinin anım günüdür.

Kulis.az Rəna Nevzatın yazıçı haqqında materialını təqdim edir.

1775-ci il dekabrın 16-da Hempşir qraflığının Stiventon kəndində bir keşiş ailəsində dünyaya göz açan Ceyn ailənin səkkiz uşağından yeddincisi idi. Onun uşaqlığı kəndin sakit, səssiz, ancaq intellektual mühitində keçmişdi. Atası Corc Ostin geniş kitabxanaya sahib idi və uşaqlarının təhsilinə xüsusi diqqət yetirirdi. O dövrün sərt qadın təhsili standartlarından fərqli olaraq Ceyn və bacısı Kassandra sərbəst mütaliə etmək, evdə təşkil olunan teatr tamaşalarında iştirak etmək imkanına malik idilər.

Ceyn Ostinin portreti, Sİ tərəfindən yaradılıb

Ceyn Ostinin portreti

Ceynin ədəbiyyata marağı məhz bu evdə axşamlar ailə üzvlərinə öz yazdığı hekayələri ucadan oxuması ilə başladı. Gənc yaşlarından o, dövrün məşhur qotik və sentimental romanlarını parodiya edirdi. Bu kiçik zarafatlar sonradan dünya ədəbiyyatının ən böyük ironik mətnlərinə çevriləcəkdi.

Çoton kəndindəki ev-muzeyi, Sİ tərəfindən yaradılıb

Çoton kəndindəki ev-muzeyi

***

XIX əsrin əvvəllərində İngiltərədə qadının yazıçı olması birmənalı qarşılanmırdı. Qadının əsas vəzifəsi yaxşı ərə getmək, uşaq böyütmək və evi idarə etmək idi. Belə bir dövrdə Ceyn Ostin öz əsərlərini çap etdirmək qərarına gəlsə də, adını gizli saxlamalı oldu. Onun ilk nəşr olunan kitabı – "Ağıl və hiss" (Sense and Sensibility, 1811) sadəcə "Bir xanım tərəfindən" (By a Lady) imzası ilə işıq üzü gördü. Növbəti əsəri, bu gün dünya ədəbiyyatının şah əsərlərindən sayılan "Qürur və qərəz" (Pride and Prejudice, 1813) isə "Ağıl və hiss" romanının müəllifi tərəfindən" başlığı ilə yayımlandı.

Onun yazdığı əsərlər dar bir coğrafiyanı – kənd zadəganlarının həyatını, çay mərasimlərini, bal gecələrini və gəzintiləri əhatə edirdi. Ceyn Ostin heç vaxt bilmədiyi, görmədiyi şeylər haqqında yazmadı. O, müharibələrdən, böyük siyasi intriqalardan uzaq durdu. Özünün dediyi kimi, onun işi "iki düymlük fil sümüyü" üzərində incə fırça ilə işləmək idi. Amma o kiçik lövhədə cəmiyyətin bütün iqtisadi və mənəvi qüsurları güzgü kimi əks olunurdu.

Yazıçının orijinal əlyazması, Sİ tərəfindən yaradılıb

Yazıçının orijinal əlyazması

***

Ceyn Ostini yalnız "xoşbəxt sonluqla bitən sevgi romanlarının müəllifi" adlandırmaq onun yaradıcılığına edilmiş ən böyük haqsızlıqdır. Onun romanlarında sevgi mövzusu əslində, iqtisadi məcburiyyətlərin, sinfi bərabərsizliyin fonunda cərəyan edir. O dövrdə qadınların mülkə varis olmaq hüququ yox idi (əsərlərində tez-tez rast gəlinən məşhur mülk məhdudiyyəti – entailment qanunu). Bir qadının cəmiyyətdə sağ qala bilməsi, hörmət qazanması yalnız varlı bir adamla evlilikdən keçirdi.

Ostin qəhrəmanları (məsələn, Elizabet Bennet və ya Emma Vudhaus) bu iqtisadi uçuruma boyun əyməyən, öz ləyaqətlərini qorumağa çalışan güclü qadınlardır. Yazıçı cəmiyyətin qadını sürüklədiyi bu riyakar bazar iqtisadiyyatını o qədər zərif bir kinayə və dialoq ustalığı ilə tənqid edir ki, oxucu çox vaxt bu tənqidin sərtliyini yalnız ikinci oxunuşda hiss edir.

Çotondakı məşhur kiçik yazı masası, Sİ tərəfindən yaradılıb

Çotondakı məşhur kiçik yazı masası

***

Romanlarında qəhrəmanlarını fırtınalı sınaqlardan çıxararaq xoşbəxt evliliyə qovuşduran Ceyn öz həyatında tamam fərqli bir yol seçdi. Onun bioqrafiyasında ən təsirli məqamlardan biri irlandiyalı gənc hüquqşünas Tom Lefroy ilə yaşadığı qısamüddətli, lakin dərin iz buraxan eşq macərasıdır. Ancaq hər ikisinin kasıb olması bu evliliyi mümkünsüz etdi. Lefroy ailəsinin təzyiqi ilə oradan getdi və onlar bir daha görüşmədilər. Çoxları inanır ki, məşhur cənab Darsi obrazının yaradılmasında məhz Tom Lefroyun xatirəsi dayanır.

Daha sonralar Ceynə varlı bir gənc olan Harris Biq-Viter evlilik təklifi edir. Ailəsini yoxsulluqdan qurtarmaq, gələcəyini təminat altına almaq üçün Ceyn axşam bu təklifi qəbul edir. Lakin səhəri gün sevmədiyi bir adamla yaşamağın dözülməzliyini dərk edərək nişanı qaytarır. Bu qərar onun həyatında dönüş nöqtəsi idi. O, iqtisadi rahatlığı yox, müstəqilliyi və yazıçılığı seçdi. Qələmi və kiçik yazı masası onun yeganə sığınacağı oldu.

Qürur və Qərəz üçün çəkilmiş illüstrasiya, Sİ tərəfindən yaradılıb

"Qürur və Qərəz" üçün çəkilmiş illüstrasiya

***

Ömrünün son illərində Ceyn anası və bacısı ilə birlikdə Çoton kəndindəki kiçik bir evdə yaşayırdı. Ən böyük əsərlərini, o cümlədən "Emma" və "İnandırma" (Persuasion) romanlarını məhz bu evin qapısı cırıldayan kiçik yemək otağında yazıb. Qapının cırıltısını bilərəkdən təmir etdirmirdi ki, kimsə gələndə eşidib dərhal əlyazmalarını gizlədə bilsin. O qədər sadə, o qədər gizli yaşayırdı ki, onun böyük yazıçı olduğunu yalnız ən yaxın çevrəsi bilirdi.

1816-cı ildə səhhəti pisləşməyə başladı. Müasir tədqiqatçılar onun Addison xəstəliyindən, yaxud Hodkin limfomasından əziyyət çəkdiyini güman edirlər. Dərdinə əlac tapmaq üçün Vinçesterə gətirilsə də, artıq gec idi. 1817-ci il iyulun 18-də, cəmi 41 yaşında Ceyn Ostin həyata gözlərini yumdu.

Vinçester kilsəsindəki məzar daşı, Sİ tərəfindən yaradılıb

Vinçester kilsəsindəki məzar daşı

***

O, Vinçester kilsəsində dəfn edildi. Qəbir daşının üzərində onun xeyirxahlığından bəhs edilsə də, yazıçılığı haqqında bircə kəlmə belə yazılmamışdı. Çünki ölümündən sonra belə, cəmiyyət üçün o, ilk növbədə "yaxşı xristian" və "mehriban qız" idi, dahi qələm sahibi yox. Lakin illər keçdikcə onun gizli qalan kimliyi aşkara çıxdı.

Bu gün Ceyn Ostin qlobal bir fenomendir. Əsərləri yüzlərlə dilə tərcümə olunub, motivləri əsasında saysız-hesabsız ekran işləri çəkilib. Onun yaratdığı Darsi və Elizabet, Emma və Naytli kimi obrazlar dünya kinematoqrafiyasının və ədəbiyyatının qızıl fonduna daxil olub.

# 80 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

10:51 18 iyul 2026
İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

10:11 18 iyul 2026
Muğam Mərkəzinin quruluşçu rejissoru vəfat etdi

Muğam Mərkəzinin quruluşçu rejissoru vəfat etdi

09:49 18 iyul 2026
Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

21:25 17 iyul 2026
FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər