Firəngiz Əlizadə: "Bu iddialara vaxt sərf etməyi mənasız sayıram..." - Müsahibə

Firəngiz Əlizadə:   "Bu iddialara vaxt sərf etməyi mənasız sayıram..." - Müsahibə
28 sentyabr 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının Azərbaycan Bəstəkarlar ittifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə müsahibəsini təqdim edir.

— Ötən əsrin ortalarının intellektual mühiti və xüsusi ab-havası ilə fərqlənən Bakısı yaddaşınızda necə qalıb? Uşaqlıq və gənclik illərinizdən danışmağınızı rica edirik.

— Dünyaya gəlişim olduqca maraqlı bir sevgi tarixçəsindən başlayır. Atam Əliağa Lənkəranda doğulub böyümüşdü. O dövrün tərəqqiyə meyilli, azadfikirli bəstəkarının yaratdığı məktəblilərdən ibarət ansamblda tar çalırdı, təhsilini bitirdikdən sonra isə Bakıya, oradan da Şəkiyə göndərilmişdi. Şəkinin və ətraf rayonların o dövrün son dəbi ilə geyinən, yaraşıqlı, hündürboy və mavigözlü bu gənci özündən yeddi yaş kiçik olan Nəzirə - Xədicəyə vurulur. Şəkidə anamı daha çox “Xədicə” çağırırdılar. Evləndikdən sonra atamın işi ilə əlaqədar gənc ailə Bakıya köçüb yaşamağa başladı. Müharibə başlanan kimi atam cəbhəyə yola düşdü, anam isə böyük bacımı götürüb Şəkiyə qayıtdı. Atam müharibədən qayıtdıqdan sonra ailəmiz yenidən Bakıya köçdü. İki otaqlı mənzilimizdə Lənkərandan, Şəkidən gələn qohumlarımız tez-tez qonaq qalsa da, o darısqallığı heç vaxt hiss etməzdik. Axşamlar ailə yığıncaqlarımız, atamın dəyərli məsləhətləri həyatımın silinməz xatirələridir. Xaraktercə olduqca qapalı və məqsədyönlü bir qız idim. Üzümdə hər zaman ciddi və düşüncəli ifadə olardı, boş vaxtlarımı isə daim kitabxanalarda keçirirdim.

- Musiqiyə həvəsiniz necə və nə zaman başlandı, sizi Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbinə kim yönləndirmişdi?

— Musiqiyə olan sonsuz sevgim hələ məktəbəqədər dövrlərdən başlanmışdı. Mətbəximizin divarından asılan köhnə radioda klassik musiqi, xüsusilə də Qara Qarayevin əsərləri səslənən kimi anam dərhal məni səsləyərdi: “Firəngiz, gəl, sənin musiqini verirlər!” Anlamaq üçün hələ çox erkən olsa da, lakin simfonik səslər eşidiləndə bütün varlığımla bu aləmə qapılır, musiqinin sehrini dərindən duymağa çalışırdım. Qonşumuz Taisa xanımın pianosu vardı, hərdən qapılarını döyüb orada ifa etməyə icazə istəyirdim, o da məmnuniyyətlə icazə verirdi.

Musiqiyə olan bu sevgimi görən valideynlərim məni konservatoriyanın nəzdindəki musiqi məktəbinə qoydular. Orada bizə dərs deyən, müxtəlif millətlərdən olan müəllimlər böyük bir ənənənin daşıyıcıları idilər və şagirdlərə qarşı həddindən artıq tələbkar davranırdılar. Məktəbimizdə fəaliyyət göstərən “Uşaq yaradıcılıq dərnəyi”nə bəstəkar Ədilə Hüseynzadə rəhbərlik edirdi. Hələ ikinci sinifdə – yeddi yaşım olarkən ilk mahnımı bəstələyib nota köçürdüm və onu müəllimimizə göstərməyə qərar verdim. Kopenhauz soyadlı müəllim not dəftərimə diqqətlə baxıb təəccüblə soruşdu: “Bunu özün yazmısan, yoxsa kömək eləyiblər?” Qürurla dedim ki, özüm yazmışam! O, mahnının notlarını lövhəyə köçürdü və bütün sinfə öz müşayiəti ilə oxutdurdu. Həmin an ilk dəfə özümü əsl müəllif hiss etdim – bu gözəl duyğunu heç nə ilə müqayisə etmək mümkün deyildi. Beş yaşında məktəbə gedən uşağın yeddi yaşında sadə bir mahnı yazmasında bəlkə də qeyri-adi heç nə yox idi, lakin mənim yaradıcılıq yolum məhz həmin tarixdən başladı. Oxuduğum onillik məktəbin buraxılış imtahanlarını qızıl medalla və “əla” qiymətlərlə başa vurmağım birbaşa Konservatoriyaya daxil olmaq demək idi. İmtahanda Baxın əsərini elə ifa etmişdim ki, ifa bitən kimi rektor Cövdət Hacıyev ayağa qalxaraq baş barmağını qaldırdı və ucadan “Əhsən!” – deyə səsləndi. O, imtahandan sonra o, evimizə zəng edərək atamla danışdı və mənim bəstəkarlıq fakültəsini seçməyimi tövsiyə etdi. Cövdət Hacıyev möhtəşəm insan və peşəkar rektor idi. Mən iki il Cövdət müəllimin sinfində oxuduqdan sonra, onun öz təşəbbüsü və məsləhəti ilə Qara Qarayevin sinfinə keçmişdim. Əvvəlcə həyəcanlanaraq elə bilmişdim Cövdət müəllim məndən narazı qalıb, səbəbini soruşanda Cövdət müəllim gülərək dedi: “Yox, Firəngiz, səndən narazılıq ola bilməz. Məndən öyrənəcəyini öyrəndin. Qara müəllim sənin əsərlərini dinləyib və istəyir ki, təhsilini onun sinfində davam etdirəsən”. Beləliklə, üçüncü kursdan etibarən dahi Qara müəllimin tələbəsi oldum.

— Qara Qarayev sadəcə bəstəkar deyil, həm də böyük bir estetik fəlsəfə, məktəb idi. Onun sinfini fərqlənmə ilə bitirmək və daha sonra assistenti olmaq sizə musiqi texnikasından əlavə həyatda başqa nələr qazandırıb? Ustadınızdan hansı həyat və sənət dərsini əxz etmisiniz?

— Qara Qarayev bizim həm mənəvi atamız, həm də əvəzolunmaz müəllimimiz idi. Hər hansı bir tələbəni dərindən anlamaq üçün dahi bəstəkarın sadəcə onun üzünə baxması kifayət edərdi; o, əsl psixoloq idi. 1965-ci ildə Konservatoriyaya daxil oldum və üçüncü kursda oxuyarkən böyük ustadın tələbəsi olmaq səadətinə nail oldum. Onun həyatı ilə pedaqoji prinsipləri hər zaman ayrılmaz vəhdət təşkil edirdi. O, təkcə dahi bəstəkar deyil, həm də müqəddəs missiya daşıyıcı böyük pedaqoq idi. Onun dediyi bir fikir ömürlük yaddaşıma həkk olunub: “Müəllim auditoriyada tələbələrinə bir söz deyib, kənarda tamamilə başqa cür hərəkət edərsə, cəmiyyətdə heç vaxt onun nüfuzu və hörməti olmaz”. Özünə qarşı sərt tələbkarlıq, insanlara ünvanlanan səmimiyyət və incəsənəti ləkəsiz təmizliklə ucaltmaq Qara Qarayevin həyat kredosu idi.

Qara Qarayevin iş yükü həddindən artıq ağır idi. Bəstəkarlar İttifaqının katibi kimi tez-tez Moskvaya səfər edər, ictimai vəzifələrin öhdəsindən gələrdi. Lakin Bakıda olduğu hər an tələbələri ilə ünsiyyətdə olmağa çalışardı. Onun mühazirələri də düşüncələri kimi təkrarolunmaz idi və söhbətlərindən heç vaxt doymazdıq. Bununla belə, o, tələbələrinə qarşı son dərəcə tələbkar və ciddi idi. Həftədə iki dəfə yeni musiqi əsəri bəstələyib gətirməli idik ki, bu da olduqca çətin vəzifə idi. Elə dövrlər olurdu ki, bu tapşırıqları asanlıqla yerinə yetirirdim, amma elə anlar da yaşanırdı ki, yaradıcılıq böhranı səbəbindən heç cür yeni melodiya yaranmırdı. Belə məqamların birində dərsi hazırlaya bilmədiyim üçün dəhşətli dərəcədə həyəcanlı idim. Dərsə əliboş gəlmişdim. Üzümün ifadəsindən məyusluğumu dərhal duyan müəllim həmin gün elə etdi ki, növbə mənə çatmadı. O, tələbəsini bu mənəvi əzabdan məharətlə xilas etdi. Şübhəsiz ki, bu addım məhz Qara Qarayev böyüklüyünə və nəcibliyinə xas idi.

Onun sinfində cəmi 15 tələbə oxusa da, bu dahi sənətkardan öyrənmək istəyənlərin sayı-hesabı yox idi. Tələbələrlə yanaşı, digər müəllimlər və tanınmış musiqişünaslar da mütəmadi olaraq onun dərslərində iştirak edərdilər, mühazirələrində oturardılar. O tələbələrinə 21 kitabdan ibarət siyahı verib tapşırmışdı ki, hamısını oxuyaq.

Konservatoriyanın fortepiano imtahanını uğurla başa vurduqda, ustad xüsusi olaraq assistenti Emin Sabitoğlunu məni dinləməyə göndərmişdi. Aspirantura illərində də onun dərslərindən ayrılmadım, çünki musiqidən savayı məni düşündürən ikinci bir varlıq yox idi.

Qara Qarayev təkcə mənəvi deyil, həm də maddi və praktiki müstəvidə tələbələrinə arxa durardı. Konservatoriyanın həm pianoçu, həm də bəstəkarlıq fakültələrini qırmızı diplomla bitirdikdən sonra məni uşaq musiqi kurslarına müəllim təyin etmişdilər. Moskvadan qayıdan Qara müəllim bundan xəbər tutanda narahat oldu, məni də yanına alaraq həmin dövrdə prorektor olan Bilqeyis Məmmədovanın yanına gəldi: “Elə bir fənn yoxdur ki, Firəngiz onu bilməsin. Bilqeyis xanım, onu layiq olduğu işlə təmin etmək lazımdır!” Ustadın bu qətiyyətli sözlərindən sonra həm konservatoriyanın, həm də mənim həyatımda böyük bir dönüş baş verdi. Akademiyada “Müasir musiqi kursu” və “Orkestrləşmə tarixi” fənləri təsis olundu və mən həmin fənlər üzrə dərs deməyə başladım. Sonrakı illərdə bu istiqamətdə yeni dərsliklər qələmə aldım və uğurla dissertasiya müdafiə etdim. Təvazökarlıqdan uzaq olmasın, onun mənə olan münasibəti qeyri-adi idi. Bir dəfə böyük zalda Qara Qarayevin tələbələrinin konserti keçirilirdi. Mən də bəstəkar kimi bu tədbirdə öz əsərimi ifa etdim. İfam başa çatan kimi Qara Qarayev gözlənilmədən səhnəyə çıxmış, məni qucaqlayaraq uca səslə: “Əsl müasir musiqi budur!” – deyə elan etmişdi. Qara Qarayevin xəzinəsindən onilliklər boyunca öyrənmək olar. Bu gün də müəllimimlə qürur duyuram.

—Muğamın kosmik improvizasiya strukturu ilə Qərb avanqardının dəqiqliyini bir araya gətirmək psixoloji olaraq çətin deyildi?

— Mənim yaradıcılığımda Şərq və Qərb mədəniyyətlərinin sintezi təbii şəkildə yaranır. Muğamın fəlsəfi dərinliyi ilə Qərb müasir musiqi texnikasını birləşdirmək mənim daxili dünyamın tələbi idi.

— Mersindən Berlindəki İncəsənət Akademiyasına, Parisdən Nyu-Yorka qədər uzanan coğrafiyada yaşamaq daha çox sınaq idi, yoxsa azadlıq?

— Dünyanın müxtəlif ölkələrində – Almaniyada, Fransada, ABŞ-da yaşamaq, əsərlərimin dünyanın ən nüfuzlu səhnələrində səslənməsi əlbəttə ki, böyük yaradıcılıq azadlığı və təcrübədir. Ancaq bu yolda çətinliklərimiz də az olmayıb, hər addımda özünü təsdiq etmək böyük iradə tələb edirdi. Elə öz ölkəmdə də bəzən maneələrlə qarşılaşmışam.

— "Composer in residence" - bəstəkar statusu ilə dünyanın müxtəlif ölkələrində yaşamaq, fəaliyyət göstərmək xarakterinizdə necə izlər buraxıb - kosmopolitləşdirib, yoxsa doğma torpağa bağlılığınızı daha da artırıb?

— Dünyanı gəzmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq insanı zənginləşdirir, lakin mənim köklərim Azərbaycandadır. Bütün bu beynəlxalq uğurlar və layihələr mənim Vətənimə, milli musiqimizə olan sevgimi və bağlılığımı daha da gücləndirib. İndiyədək 90-a yaxın ərsəyə gətirdiyim əsər siyahısı mövcuddur. Ancaq təəssüf ki, bunların cəmi 15 faizi doğma ölkəmizdə səsləndirilib.

— "Habilsayağı"ndan tutmuş "Nəsimi-Passion"a qədər əsərlərinizdə həm üsyan, həm də bir dinclik sezilir. Sizin xarakterinizə bunlardan hansı daha çox aiddir?

— Mənim yaradıcılığımda həm kəskin dramatik, isyankar məqamlar, həm də dərin ilahi sakitlik mövcuddur. İnsan həyatı özü ziddiyyətlidir – burda üsyan da var, mənəvi rahatlıq da. Mən bu duyğuların hamısını musiqimdə səmimi şəkildə əks etdirməyə çalışıram. Həyatda sakit insanam, yaradıcılığımda isə çılğınam, üsyankarlıq var.

— 1992-ci ildə Türkiyə dövlətinin xüsusi sifarişi ilə Mersin Opera və Balet Teatrının açılışına yazdığınız "Boş beşik" baleti yaradıcılıq yolunuzda hansı dönüş nöqtəsi oldu?

— "Boş beşik" baleti mənim beynəlxalq əməkdaşlığımda və xaricdə tanınmağımda mühüm mərhələlərdən biri oldu. Türkiyədə həyata keçirilən bu layihə musiqimin sərhədləri aşmasına şərait yaratdı.

— "İntizar" operanızı hansı hisslərlə yazmısınız və bu əsərin məntiqi davamını yazmağı düşünürsünüzmü?

— "İntizar" operası xalqımızın illərlə çəkdiyi həsrətin, yurd intizarının, Qarabağ ağrısının musiqili ifadəsidir. Bu əsəri yazarkən dərin həyəcan keçirmişəm. Zəfərdən sonra isə bu mövzu artıq öz məntiqi sonluğuna çatdı.

— 2007-ci ildən bəri Bəstəkarlar İttifaqına rəhbərlik edirsiniz. Sovet dövründən qalan bu strukturda bu illər ərzində nələr dəyişib?

— İttifaqa rəhbərlik etdiyim illər ərzində biz bir çox yeniliklər etdik, gənc bəstəkarların üzə çıxmasına, əsərlərinin səslənməsinə şərait yaratdıq. Düşünürəm ki, qadın intizamı və məsuliyyəti bu qurumun işini daha sistemli və effektiv etməyə kömək etdi. Biz müxtəlif qurultaylar, simfonik musiqi festivalları keçirdik, əsərlərimizi dünyaya tanıtdıq.

İdarəçilik fəaliyyətinin yaradıcılığıma kölgə salmasına heç vaxt imkan verməməyə çalışıram. Əslində, ittifaqda çalışmasaydım, bəstəkarlıq üçün daha geniş vaxtım olardı. Lakin rəhbər vəzifədə olmaq baxımından Üzeyir Hacıbəyli və Qara Qarayev kimi dahi şəxsiyyətlər bizim üçün ən mükəmməl nümunədir. Onlar ömürlərinin ən dəyərli illərini milli musiqi mədəniyyətimizin inkişafına həsr ediblər. Biz də bu yolla irəliləməliyik.

— İttifaqa üzvlük üçün muraciətlər olurmu?

—İttifaqa üzv olmaq üçün müraciətlər kifayət qədər çoxdur. Bizim nizamnaməmizi şəxsən Üzeyir Hacıbəyli tərtib edib və biz də bu təmələ əsaslanırıq. Zamanla bəzi dəyişikliklər edilsə də, əsas prinsiplər toxunulmaz qalıb. Üzv olmaq üçün mütləq bəstəkarlıq və ya musiqişünaslıq diplomu tələb olunur; diplomsuz mümkün deyil. İkinci əsas şərt isə konservatoriyanı bitirdikdən sonra orkestr üçün müstəqil şəkildə bir neçə simfonik əsər yazmalıdır. Məhz bu sərt meyarlara görə bu gün təxminən iki yüzə yaxın peşəkar üzvümüz var.

— Cəmiyyətin ümumi musiqi zövqünün aşağı düşdüyü bir dövrdə Bəstəkarlar İttifaqı estetik zövqü qorumaq üçün nə edir?

— Təəssüf ki, bu gün cəmiyyətdə musiqi zövqünün bayağılaşması müşahidə olunur. Bəstəkarlar İttifaqı olaraq biz çalışırıq ki, əsl klassik və yüksək sənət nümunələrini təbliğ edək, intellektual zövqü qoruyaq. Cəmiyyətin ciddi və akademik musiqiyə həqiqətən ehtiyacı var.

— Sizin “yaradıcılıq mətbəxiniz” necədir? Hazırda hansısa yeni əsər üzərində işləyirsiniz?

— Bəzən küçədə getdiyim yerdə hansısa musiqini eşidirəm, elə bilirəm haradasa səslənir, sağa-sola boylanıram, görürəm ki, yox, ancaq mənim qulağıma gəlir. İmpuls gələndə küçədə də, evdə də musiqi üzərində işləyirəm. Dünyanın müxtəlif məşhur orkestrlərindən sifarişlər alıram, yeni simfonik əsərləri yazmağa davam edirəm.

— Sənət tarixində qadın bəstəkarların sayı həmişə az olub. Əsasən kişilərin hökmranlıq etdiyi bu sahədə özünüzü təsdiqləmək çətin olmayıb?

— Qadın bəstəkar olmaq, xüsusilə keçmiş dövrlərdə daha çətin idi. Kişilərin üstünlük təşkil etdiyi bu sahədə öz sözünü demək, istedadını qəbul etdirmək üçün ikiqat zəhmət çəkmək lazım gəlirdi. Çox vaxt ətrafımda yalnız kişilər olurdu, amma zəhmətim və inadkarlığım sayəsində hər zaman öz yerimi qazanmağa çalışmışam. Zaman-zaman məni tənqid atəşinə tutanlar, ünvanıma danışanlar da olub, hətta tanınmış bəstəkarlar da məni ittiham ediblər. Lakin mən bütün enerjimi yalnız musiqiyə və gördüyüm işlərə yönəltmişəm. Bu iddialara vaxt sərf etməyi mənasız sayıram. Xaricdə mənim konsertlərim keçirilərkən afişalara sadəcə bəstəkar Firəngiz Əlizadə yazırlar – bu, mənə bəsdir…

— Son günlərdə, xüsusilə də Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçiləndən sonra sosial şəbəkələrdə yaradıcı ittifaqların rəhbəri olan yaşlı şəxslərin vəzifədən getməsi, öz yerlərini cavanlara verməsi ilə bağlı tələblər səslənir. Buna münasibətiniz necədir?

— Şəfiqə xanım gözəl və çox dəyərli aktrisadır, İttifaqda da həmişə var - gücü ilə çalışıb. Mən heç sosial şəbəkələrlə maraqlanmıram, ona görə xırdalıqlardan xəbərim yoxdur. Təkcə onu deyə bilərəm ki, yaşlı və ziyalı insanlara hörmət etmək lazımdır!

— Sonda nə demək istərdiniz?

— Dinlədiyimiz musiqi yüksək səviyyəli olmalıdır, çünki musiqi insanı tərbiyə edir, ruhumuzu ucaldır. Gənclərimizə məsləhətim odur ki, əsl sənətə üstünlük versinlər, dəyərlərimizi qorusunlar.

# 110 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyanın kalipso kralı"  vəfat etdi

"Dünyanın kalipso kralı" vəfat etdi

10:40 28 sentyabr 2026
Türkiyənin məşhur qrupu beynəlxalq musiqi səhnəsində

Türkiyənin məşhur qrupu beynəlxalq musiqi səhnəsində

10:25 28 sentyabr 2026
"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər