Feministlərin bəyənməyəcəyi tamaşa

Feministlərin bəyənməyəcəyi tamaşa
18 may 2024
# 14:03

Kulis.az Mirmehdi Ağaoğlunun "Feministlərin bəyənməyəcəyi tamaşa – Parkda" yazısını təqdim edir.

Bilmirəm tamaşaları da cinslərə bölmək olarmı, ya yox, amma zənnimcə Saida Haqverdiyevanın səhnəyə qoyduğu “Parkda” tamaşası məhz qadın cinsindədir. Nədən ki, tamaşa ailə problemi ilə başlasa da qadının haqlı olduğunu deyir və aktrisa Zülfiyyə Qurbanovanın canlandırdığı Aynur obrazına haqq qazandırır. İlk baxışdan elə təəssürat yaranır ki, “Parkda” feminist mövqeyindən çıxış edir, lakin tamaşa irəlilədikcə tamam əksi baş verir. Hətta düşünürsən ki, feministlər bu tamaşaya baxsalar əməlli-başlı əsəb keçirərlər. Niyəsini bir az sonra anlatmağa çalışacam.

Hələlik isə ondan başlayaq ki, bu, Saida Haqverdiyevanın rejissor kimi izlədiyim dördüncü işidir. Bundan əvvəl onun iki filminə və bir tamaşasına baxmışam. Hər şeydən əvvəl onu qeyd etmək vacibdir ki, Saida xanımın bütün işlərində əyrisi ilə düzü ilə, çatışanı, çatışmayanı ilə ilk növbədə cəsarət tərəfi diqqətimi çəkib. İstər bundan əvvəl qoyduğu tamaşada, istərsə də digər iki filmində Saida Haqverdiyeva adlı-sanlı rejissorların ehtiyat elədiyi mövzulara gözünü qırpmadan mətanətlə müraciət edib. Bəlkə də burda debütantlığın da rolu var. Necə ki, “naviçok” oyunçu qumar masasına oturur və gözünü qırpmadan riskə gedərək illərin peşəkar oyunçularını udur, eynən o cür. Amma zənnimcə bu cəsarət yaradıcı axtarışlarla bərabər Saida xanımın xarakterindən irəli gəlir ki, bu da onun ortaya qoyduğu işlərə şəksiz sirayət edir.

"Parkda" tamaşasının premyerası oldu

Rejissor cəsarəti digər işlərində olduğu kimi “Parkda” tamaşasında da özünü göstərir. Bu cürətkarlığı Ülviyyə Əliyevanın yaratdığı özü də uğurla yaratdığı Sərgül adlı fahişə obrazı ilə yanaşı, tamaşanın dilində də görmək mümkündür. Obrazların danışığı, rəftarı hansısa ictimai-inzibati qaydalarla rəndələnmiş süni “parnik” dili deyil, gerçəkliyi özündə tam əks etdirən təbii dildir.

“Parkda” tamaşasında bizim teatrların repertuarlarında olmayan nə var? Zamana güzgü olmaq xüsusiyyəti. Bizim teatrların repertuarı yaşadığımız zamana güzgü olmaq baxımından xeyli axsayır. Bilet alıb gedirsən, ya hansısa tarixi dövrə düşürsən, ya da hansısa qeyri-Azərbaycan şəhərinə. Bəlkə insanları teatrdan iraq salan səbəblərdən biri də məhz budur. “Parkda” tamaşası isə çağdaşdır. Bu günümüzdən bəhs edir, səhnənin fonunda “Alov qüllə”ri görünən Bakıdasan. Boşanma statistikasının günü-gündən artdığı bir zamanda Saida Haqvediyeva qadın-kişi münasibətlərinə müraciət edib və boşanma ərəfəsində olan bir ailənin dramını göstərir. İkinci vacib xüsusiyyət tamaşanın bu günün probləmlərinə aksent etməsidir, səhnədə real həyatdan yaxşı tanıdığımız insanları, hadisələri görürük: tiktokerləri, layk qazanmaq üçün ajiotaj dalıyca qaçanları, dünyaya telefonun kamerasından baxanları, özünə cəlbedici görkəm verib “pullu kişi” ovuna çıxanları.

“Parkda”nın qəhrəmanları kimdir? Arvadının yanında da gözləri qaynayan şorgöz Murad (Türkay Cəfərli) – parkda arvadına əl qaldırmağa hazır tipik Azərbaycan kişisi. Yeri gəlmişkən, Türkay bəy də öz rolunun öhdəsindən məharətlə gəlir, öz oyunu ilə bütün diqqəti öz üzərində toplayır. Ümumiyyətlə tamaşanın əksər iştirakçıları öz rollarını yaxşı oynayırlar.

"Parkda" tamaşasının premyerası oldu

Növbəti “oyun”undan sonra həyat yoldaşı Muradın telefonunda mesaj tutur və ərinin əsib-coşmağına, təhdidlərinə baxmayaraq daha bezdiyini, boşanacağını elan edərək səhnədən çəkilir. Güman yaranır ki, tamaşa qadının çarpışmaları ilə davam edəcək. Çünki Zülfiyyə xanımın yaratdığı Aynur obrazı çətin problemlərlə, qəddar ərlə mübarizə içindədir. Lakin gözlənilənin əksinə tamaşa Muradın sərgüzəştləri ilə davam edir.
Əvvəl fahişə Sərgül, sonra varlı kişi ovuna çıxmış Dilarə adlı idmançı qadınla sınaq edilən Murad sonda süpürgəçi qadın Bibixanımın (Gülçöhrə Abdullayeva) nəsihətləri nəticəsində peşman olaraq ailəsinə qayıdır. Qəribədir ki, tamaşanın əvvəlində kükrəyib ərindən boşanacağını deyən Aynur da bir süpürgəçinin nəsihəti ilə xəyankar həyat yoldaşını bağışlayır. İlk baxışdan yaxşı sonluqdur. Pozitivdir. İşıqlıdır. İnsanı tamaşada belə olsa, boşanma hadisəsinə üzülür.

Bəs yaxşı, tamaşa kişi və qadının probleminə çözüm tapa bilirmi? Murad mənəvi katarsis yaşayaraq öz səhvini anlayır, yoxsa fahişə Sərgüldənsə, kişiləri tovlayıb onların pulunu sümürən Dilarədənsə, elə Aynur yaxşıdır deyib arvadına dönür? Məncə yox, Murad mənəvi katarsis yaşamır. Onun dəyişikliyi daxili təbəddülatlar hesabına deyil, xarici təsirlər formasında, nəsihətamiz gedişlər hesabına baş tutur. Sərgül qadının həyatda mətn addımlaması üçün atanın əhəmiyyətinə diqqət çəkir, Zümrüd xanımın çox təbii canlandırdığı Dilarə obrazı ailəsini atıb yad qadınların qoynunda təsəlli axtaran kişilərin əslində o qadınlar tərəfindən “yolunduğunu” dolayısı ilə söyləyir, axırda da “qayıt ailənə” deyir: yəni boşanmaq sənə yaxşı heç nə vəd etmir. Süpürgəçi qadın Bibixanımın Murada nəsihətləri isə xeyli mübahisəlidir: elə xəyanət elə ki, yoldaşın bilməsin. İlk baxışda yerində olan məsləhətdir, lakin kim zəmanət verə bilər ki, bir müddət sonra Murad yenidən “tutulmayacaq”. Bu baxımdan Bibixanım Murada nəsihət vermir, biclik öyrədir. Qəribəsi də budur ki, tamaşanın gülməli yerlərinə ən çox gülənlər və kədərli yerlərinə ən çox kədərlənən də elə salondakı qadınlar idi və belə başa düşdüm ki, Murada öyrədilən bu üsul onların da könlüncə idi. Görünür, bu, Saida xanımın öz qənaəti deyil, uzun müşahidələrinin yekununda bu nəticəyə gəlib.
Mən “Parkda”nı mediasiya tamaşa adlandırardım. Bilməyənlər üçün deyim ki, bizdə hazırda mediasiya institutu yaradılıb. Boşanmaq üçün məhkəməyə müraciət edənlər ilk növbədə medaitorlara yönləndirilir, onlarla söhbət aparılır, fikirlərindən döndükləri təqdirdə barışdırılırlar. Mən deyərdim boşanmaq üçün məhkəməyə müraciət edən ər-arvadlar Mediasiya Şurası yerinə “Parkda”ya baxsalar, yeridir. Tamaşanın didatik tərəfi onlara fikirlərindən dönməkdə kömək edər. Bibixanımın tamaşanın sonunda bitmək bilməyən, uzandıqca uzanan “heç ərə getməməkdənsə, tez-tez xəyanət edən ər yaxşıdır” üslubunda monoloqu isə inanmıram boşanmaqda olan hansısa qadını fikrindən daşındırmasın.

"Parkda" tamaşasının premyerası oldu

Didaktika məsələsinə gəlincə . Zənnimcə tamaşada didaktika həddindən artıq çox idi. Fahişədən başlayaraq süpürgəçiyə qədər hər kəs məsləhət verir, ağıl öyrədir. Heç də bütün fahişələr şərtlərin katostrafik pisliyindən bu yola düşmürlər. Arvadına xəyanətedən kişilərin heç də hamısının dərin travması yoxdur.

Guya Bibixanım sonda ərə getmədiyini deyib, “duyğu sömürüsü” etməsəydi, tamaşanın ideya və mesajında nəsə dəyişəcəkdimi? Yaxud, Murad yoldan ötən birinə atasının anasını döydüyünü deməsəydi, obrazdan nəsə itəcəkdimi, sanmıram.
Yazı sənətinin belə bir qızıl qaydası var: demə, göstər. Məncə, bu fikri müəyyən redaktə ilə səhnə əsərlərinə də aid etmək olar: nəsihətamiz söhbətlər etmə, göstər. Bizdə əksər hallarda aktyorlar mütləq üzlərini səhnəyə döndərib tamaşaçıya mütləq bir-iki ağıllı məsləhət verməyə çalışırlar. Özü də fikir vermişəm, aktyorlar bu hissəni oynayanda roldan çıxıb elə bil özləri olurlar və öyüd verdikləri həmən hissənin rolun digər hissələrdən qat-qat yaxşı oynayırlar.

Digər məqam isə tamaşadakı hər bir obrazın faciəvi hekayəsinin olmasıdır. Bütün əsas obrazların faciəvi hekayəti var. Muradın atası anasını boşayıb, sonra parkda onu döyüb, Sərgülü atası 15 yaşı olanda ərə verib, Dilarəni sevgilisi varlı qadına dəyişib, Murada nəsihət verən naməlum kişini də doğulanda atası qüsurlu olduğu üçün atıb. Süpürgəçi Bibixanım isə özünü oğul-uşaqlı, nəvə-nəticəli bəxtəvər qadın kimi aparsa da sən demə heç vaxt onun üçün “Vağzalı” çalınmayıbmış, yığdığı cer-cehizini isə illərdir toz basıb.

"Parkda" tamaşasının premyerası oldu

Əvvəldə dediyim kimi bu tamaşa feministlərin acığına niyə gələcək? Çünki qadın-kişi münasibətlərində boşanmanı uğurlu çıxış yolu kimi qəbul etmir. Boşanmaqdansa, səhvləri anlayıb (həmişə alınırmı?) barışmağı üstün tutur. Çünki qadının arxasında onu dəstəkləyən atasının vacibliyini vurğulayır. Çünki kişi tovlayan qadınların onlardan bir növ intiqam almaq üçün belə davrandıqlarını deyir. Çünki qadının yanında mütləq bir kişinin varlığının vacibliyinə işarə vurur.

Xülasə, “Parkda” qadın-kişi münasibətlərində ənənəvi münasibətləri, mühafizəkarlığı dəstəkləyir.
Belə gördüm zaldakı qadın izləyicilərin əksəriyyəti də Saida xanımla razıdırlar. Bircə feministlər tamaşaya baxmasınlar. Yoxsa aləmi bir-birinə qatarlar.

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #