Fellininin filmi - Yeni hekayə

Şahin Səmədov

Şahin Səmədov

25 fevral 2023
# 10:40

Kulis.az Şahin Səmədovun yeni hekayəsini təqdim edir.

Bu hekayənin məni xilas edəcəyinə şübhə etmirəm. Mənim birinci xilasım kinoteatrın sökülərək yerində indi oturduğum bu böyük restoranın tikilməsi oldu.

Əlbəttə, filmlər ancaq ekrandan izlənmək üçün nəzərdə tutulub. Elə bu sadə səbəbə görə sizə baxdığım hansısa maraqlı kinonu danışmaq niyyətində deyiləm, həqiqətən başıma gəlmiş film kimi qısa bir əhvalat danışmaq fikrindəyəm. Hər kəsin həyatında unuda bilmədiyi nə isə var. Bunu yaşadığım ən qeyri-adi və həm də mənasız hadisə hesab edə bilərəm. Təsəvvür etmirdim ki, il üstünə il gələcək , ancaq bu qəribə hadisənin həyacanı azalmayacaq. Bu restorana ilk dəfədir ayaq basıram. Əvvəllər ağlımı itirə bilmək təhlükəsini nəzərə alıb bura gəlmirdim, baş verənləri unutmaq üçün xatırlamamağa cəhdlər edirdim. Qətiyyən heç nəyi şişirtmirəm, artıq dalana dirəndiyimi düşünürəm. Bu gün qorxumu birdəfəlik yenmək üçün mübarizəyə qərar verdim və onu xəyalın qüvvəsi vasitəsilə yenidən xatırlayaraq gözlərim önündə canlandıracağam. Onun kim olduğunu soruşsanız təəssüflə cavab verərəm ki, heç özüm də bilmirəm. Bəlkə də o, reallıqda heç vaxt mövcud ola bilməyəcək bir varlıqdır.

Bu hadisə məscidlərdən azan səsi eşidildikdən bir müddət sonra, yəni şəhər sakinlərinin namaz qıldıqları vaxt baş vermişdi. Mən isə küçədə dayanıb hara gedə biləcəyim haqda düşünürdüm. Hava soyuq deyildi, amma külək evlərin damını qoparmaq istəyirdi. Bütün gecəni və səhəri yuxusuz qalmışdım, işləyib taqətdən düşmüşdüm. Bəlkə də siz düşünürsünüz ki, mən tikintidə işləyən hansısa yorğun bir fəhləyəm, elədirsə tam olaraq yanılırsınız. Mən rəhbər vəzifədə çalışıram, daha doğrusu çalışırdım. Üç dəfə evli olmuşam və hər dəfə ailə qurduqdan bir neçə ay sonra ayrılmaq istəmişəm. Buna baxmayaraq özümü əxlaqlı, tərbiyəli adam hesab edirəm.

Həmin vaxt növbəti evlilik barəsində düşünmürdüm. Həyatımda hər şey öz axarında gedirdi və bundan məmnun idim. Ancaq belə gedişatın uzun sürməyəcəyini bilirdim. Yəni dediyim kimi, yorğunluqdan səndələyirdim. Kinoteatrın qarşısına gəldim. Məqsədim heç də film izləmək deyildi, səbəb başqa idi: kinoteatr yuxulamaq üçün əla yer ola bilərdi. Təxminən iki saat boş vaxtım qalmışdı. Çöl qapısını açıb içəri daxil oldum və irəli addımlamağa başladım.

- Ay yoldaş, ay yoldaş, -arxadan səs gəldi.
Geriyə döndüm. Girişdə orta yaşlı gombul qadın oturmuşdu, gözlərini bərəldərək baxırdı. Ona tərəf yaxınlaşdım.
- Hara gedirsiniz, nə lazımdır?, -təəccüblə soruşdu.
- Bilmək istəyirdim ki, növbəti seans nə vaxt başlayır? - yarıyuxulu bildirdim.
- On dəqiqədən sonra, -cavab verdi və təəccüblə baxmağa başladı. Sanki uzun müddətli fasilədən sonra ilk dəfə film izləmək üçün gəlmiş adam görürdü. Gördüyü qeyri-adi mənzərədən təəccüblənən adamın gözlərindəki parıltıya diqqətlə baxdım.
- Əvvəlcə bilet alın, -dedi.
- Əlbəttə, -razılıq əlaməti olaraq başımla təsdiq etdim və üzümə təbəssüm ifadəsi verdim. Dişlərim qaydasında olmadığından güləndə onları gizlətməyə çalışıram. Ciblərimi eşələdim, lazım olan məbləği ödədim.
- Buyurun,düz gedin sonra sola, -bileti verərək dedi.

Əlimdəki biletdə sıra on yeddi, yer iyirmi yeddi yazılmışdı. Zalın böyük qapısını tapdım. Ağır qapını özümə tərəf çəkmək istədim, açılmadığını görüb geriyə itələdim və içəri keçdim. Əvvəlcə məni zalın qəribə havası vurdu, bu nadir qoxu fərqli təəssüratlar oyatdı, keçmiş vaxtları xatırlatdı: biz əvvəllər tez-tez kinoya gedirdik, sadəcə həmin vaxtlar kinoteatr zalları tamaşaçılarla dolub daşırdı.

Zalın adamı heyrətləndirən genişliyinə nəzər saldım, içəridə heç kim yox idi. Öz yerimi axtarmağa başladım, qatlanmış oturacağı düzəldib oturdum: yorğun və yalqız. Bir də ətrafa nəzər saldım, özümü bu məkanın ağası hesab etdim. Sonra içəri zülmət qaranlıq çökdü. Qorxunc qaranlıqda özümü bir anlığa kosmosun sonsuz dərinliyinə düşmüş kimi yalnız hiss etdim. Böyük ekran işıqlandı. Yerimi rahatladım, tez-tez dəyişən anlaşılmaz, yorucu kadrlara baxmağa məcbur oldum. Çox keçmədi ki, film başladı və böyük ekranda kədərli insanın gülüşünü izlədim. Qəfil zalın qapısı cırıltı ilə açıldı, kiminsə gəldiyini eşitdim. Üzünü yaxşı görməsəm də gələnin cavan bir qız olduğunu yəqin etdim. Gözləri qaranlığa öyrəşməmişdi, aradabir oturacaqlara ilişə-ilişə hərəkət edirdi, ayağının altını görmədiyindən bir neçə dəfə büdrədi. Gözləri dayanmadan ətrafı dolaşırdı, elə bil nə isə axtarırdı. Gəlib mənə yaxın yerdə, düz qarşımdakı sırada oturdu və saçlarını toplamağa başladı. Nədənsə onu filmdə gördüyüm qıza oxşatdım. Mənə elə gəldi ki, o öz çəkildiyi filmi izləmək üçün gəlmiş adi bir aktrisadır. Hər şey aydın idi, ətrafıma baxdım.

“Ya mübarizə aparıb davam gətirməli, ya da təslim olaraq bu rəzil xüsusiyyətlərə sahib olmağa məcbursan”, -filmdə ucadan səslənən sözlərdən diksindim. Gözlərim hərdən ətrafı görmək qabiliyyətini itirirdi. Ekranda baş verən hadisələri dərk etmək iqtidarında deyildim, asılı bir varlığa çevrilmişdim. Qarşımdakı saçları toplanmış qız həqiqətən də filmdəki aktrisaya bənzəyirdi. Onlar arasındakı bənzərlik təsdiqini tapırdı, bəzən isə gözlənilmədən aradan götürülürdü.
Yorğunluq həzin ağrıya çevrilərək bütün ruhuma rahatlıq gətirirdi. Bir müddət ətrafda baş verənlərdən qismən xəbərsiz olurdum, gözlərim qaralırdı və beynimlə əlaqəsi kəsilirdi. Yatırdım və filmdə ucadan deyilən sözlər məni oyadırdı.
“Mən ruhunun sevgiyə ehtiyacı olan ürək oğrusuyam”, - ucadan deyilən sözlər məni yenidən oyatdı.
“Bütün olub keçənləri unutmaq, hər şeyi yenidən başlamaq üçün çıxıb getmək istəyirəm”, -kinodakı qız dedi, qırmızı burnunu çəkirdi, ağladığına görə burnundan gələn səslə danışırdı.

Filmin ruhu görüntünü arxa plana aparmışdı. Bədənim tamam boşalmışdı. Mənə elə gəldi ki, yatmışam və kinodakı qızı həm də yuxuda görürəm. Özünün baş rolda iştirak etdiyi filmi izləyən qız isə qarşımda oturmuşdu. O filmdə məzəli hərəkətlər ilə gülməli idi, həyatda isə ciddi və hərəkətsiz oturub heç tərpənmirdi. Həqiqətən də fantastik görüntüyə şahidlik edirdim. Gözlərim qapandı və yuxuya getdim. Gözlərim açılanda onu yenidən gördüm, heykəl kimi oturmuşdu. Aramızda bircə metr məsafə vardı, bəlkə də bir az çox olardı. Hansısa qüvvə məni ona tərəf itələyirdi. Saçlarına toxunmaq istədim, ancaq gerçəkliklə təmasa girmək əlimdə deyildi. Yanımda olmasına sevinirdim. Yəni ki, ən azından tək deyildim. Əslində isə onun varlığı kinoteatr zalını bütünlüklə doldurmuşdu.

Ağlım bəzi məqamlarda kütləşirdi, ya da tamamilə azalırdı. Əlbəttə, yuxulu vəziyyətlərdə ağıl davamlı olmur. Məni yenidən yuxu apardı. Yuxuda görürdüm ki, guya cənnətdə onun simasını əks etdirən hurilərin əhatəsindəyəm, onlar gözlərini mənə dikib mahnı oxuyurdular. Başımın üstündə isə mələklər uçurdular. Artıq onu film kimi yuxuda görürdüm. Həqiqətən də şüurumun dərinliyində dərkolunmaz, qeyri adi proseslər baş verirdi. Bir növ fikirlərim dolaşmışdı. Yuxu, film və gerçəklik sərhədlərini itirəcək qədər biri digərinə qarışmışdı. Baş verənlər məndən asılı deyildi. Həyəcan keçirirdim. Məndə heç tanımadığım, yad qadına qarşı meyl əmələ gəlməyə başlamışdı. Bu meylin nədən ibarət olduğunu bilmirəm. Bu qeyri adi hisslərin təsirindən çıxa bilmirdim. Hisslərin belə oyanmasını heç vaxt yaşamamışdım. Təsəvvür edin ki, bu qaranlıq kinoteatr zalında bizdən başqa heç kim yox idi, ikimiz tək oturub böyük ekran qarşısında film izləyirdik. Onunla xoşbəxt olmaq üçün kimsəsiz adaya ehtiyac yox idi. Həmin o iş haqda düşünmürdüm, o şəhvət predmeti deyildi. Bilirəm, bütün bu baş verənlər dünyanın qəribəliklərindən xəbərsiz olanlar üçün adi səslənə bilər, ancaq mən həqiqətən də həyəcanlı məqamlar yaşadım. Bu vaxtsız, səbəbsiz və mənasızcasına baş verdi, gördüyüm yuxu kimi keçici oldu.

Bir də onda ayıldım ki, möhkəm yatmışam. İşıqlar yandırılmışdı, ekranda filmin sonunu bildirən yazılar getməyə başladı. Bayaqdan heykəl kimi oturmuş, hisslərimi izhar etmədiyim qız filmin sonunu gözləmədən çıxıb getmişdi, ondan əsər əlamət qalmamışdı. Elə gəldi və beləcə yox oldu. Onun yoxluğu məni məyus etdi, ancaq nə etmək olardı. Tərpənib ayağa durmaq istədim, bütün bədənim keyimişdi. Bu qorxunc və qeyri-adi hisslərin təsirindən çıxa bilməmişdim. O fikirlərimdə yuxu kimi qalmışdı, heç cür yaddaşımdan silə bilmirdim.

Növbəti gün eyni vaxtda bilet alıb zala daxil oldum, öz yerimdə oturub gözlədim. Eyni qayda ilə işıqlar söndü və film başladı. Mində bir ehtimalı nəzərə alıb onun yenə də qapını açıb içəri girəcəyinə ümid etdim, onun gəlişi mənim üçün möcüzəyəbənzər bir şey olardı. Hər şeyin olduğu kimi təkrarlanacağına inanmırdım, sadəcə gözün heç qırpıldamadığı qədər qısa, yəni on saniyəlik də olsa yenidən eyni duyğuları yaşamaq istəyirdim. Əslinə qalsa ona aşiq olduğumu da düşünmürdüm. Iş orasındadır ki, filmdəki qız dünənki ilə müqayisədə dəyişilmişdi. Onun simasında və hərəkətlərində fərq hiss olunurdu. Buna baxmayaraq filmi sonadək izlədim. Ancaq onun qarşımdakı yeri bütün digər oturacaqlar kimi boş qaldı.

Bir gün sonra yenə həmişəki vaxtda kinoteatra getdim və eyni filmi təkrar izləməyə başladım. Yuxulamaq istəsəm də alınmırdı. Böyük ekran qarşısında oturub fasiləsiz olaraq film izləyirdim. Artıq dördüncü gün aktyorların deyəcəkləri bütün sözləri əzbər bilirdim. Kinoteatr mənim üçün ən qeyri-adi yerə çevrilmişdi. Təəssüf edirəm ki, yenidən həmin vəziyyətə, sehrli aləmə düşmək imkanım olmadı.

Sonuncu, yəni beşinci gün ehtimalları nəzərə alıb ardıcıl iki seansa bilet aldım. Səbrimi basıb sonadək oturmalı idim. Elə də oldu, ancaq bu beş gündə onu yenidən görmək üçün etdiyim bütün xaotik cəhdlərim faydasız olmuşdu. Axırda isə məni sarsıdacaq xəbəri eşitdim.

Ardıcıl iki seansı sonadək izləyib kinoteatrı tərk etmək istəyərkən kassadakı qadın mənə yaxınlaşdı.

- Deyim biləsiniz ki, sabahdan kinoteatr bağlanır. Sizin hər gün gəldiyinizə görə deyirəm. Yəni zəhmət çəkib sabah gəlməyin. Bu film ancaq sizə görə nümayiş olunurdu. Sizdən başqa bilet alan olmadı, - təbəssümlə dedi.

- Bəs o qız ?, - təəccüblə soruşdum.

- Hansı qız, nə danışırsınız? Biz biletsiz heç kimi buraxmırıq, -hövmlü bildirdi.

- Bəs o haradan gəlmişdi?

- Nə bu gün, nə də əvvəlki günlərdə zalda sizdən başqa heç kim olmayıb, -tərs-tərs baxaraq bildirdi. Onun dedikləri inandırıcı deyildi. Mən heç nə demədən çıxışa tərəf getdim.

- Sabahdan kinoteatr bağlanır, - arxadan səsləndi. Onun dediklərini qulaqardına vurdum.
Ancaq bir gün sonra mən yenə getdim və kinoteatrın qapılarının bağlı olduğunu gözlərimlə gördüm.

# 1953 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #