Əməkdar artist Novruz Qartalın doğum günüdür

Əməkdar artist Novruz Qartalın doğum günüdür
8 yanvar 2024
# 13:00

Bu gün Əməkdar artist Novruz Qartalın anım günüdür.

Kulis.az-ın məlumatına görə, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə martın 20-də Qərbi Azərbaycanda anadan olub. O vaxt vəzifədə ermənilər olduğundan, onlar azərbaycanlıların milli bayram günlərində doğulan övladlarının ad günlərini həmin bayram günlərinə yox, başqa günlərə yazırmışlar. Novruzun da ad günü şəxsiyyət kağızında 20 mart yox, 1 mart yazılır.

***

1964-cü ildə ailə Bakıya köçür. Novruz 18 yaşından Qara Şəhərdə fəhlə işləməyə başlayır. Yaxşı yumor bacarığı olduğundan, müdirinin təkidi ilə 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Teatr İnstitutuna verir. Ondan Adil İsgəndərov, Rza Təhmasib, Müxlis Cənizadə və Fatma Qədri imtahan götürür. Adil İsgəndərov sonralar ona deyir: “Səndən yaxşı aktyor olacaq”.

1967-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında gözətçi kimi işə düzəlir. Bir dəfə isə teatrın qapısında oturanda yaraşıqlı bir kişi içəri daxil olur, ondan Şəmsi Bədəlbəylini soruşur. Novruz Qartal isə onu buraxmır, Şəmsi müəllimə xəbər verəndən sonra qonağı Şəmsi müəllimin yanına aparır. O, sonradan öyrənir ki, gələn qonaq o vaxtkı Mədəniyyət naziri Rauf Hacıyevdir. Novruz Qartalın canına qorxu düşür, düşünür ki, onu teatrdan qovacaqlar. Rauf Hacıyev gedərkən ondan harada oxuduğunu soruşur. Sonra isə Şəmsi müəllimə deyir: “Берегите парня”. Rus dilini bilməyən Novruz yüz faiz qovulduğunu anlayır, ancaq Nəsibə Zeynalova ona deyir ki, yox, bu səni qorumaq mənasında deyilib. Bu əhvalatın səhəri günü Şəmsi Bədəlbəyli aktyoru rejissor assisenti kimi işə götürür, maaşını isə on beş manat artırır.

***

Kiçik rollarla işə başlayan Novruz Qartalın ilk rolu “Toy kimindir” tamaşasındakı Qoşun rolu tərəf müqabili isə Cahangir Novruzov olur. Novruzdan əvvəl isə bu rolu Lütfəli Abdullayev oynamışdı. Tamaşadan sonra Lütfəli Abdullayev əlini başına çəkib deyir, "uğurlu olsun".

“Gülüş səninləsə yüz il yaşarsan” adlı proqram hazırlayaraq bütün bölgələri gəzir. Gürcüstanda olanda aktyor dostları onun haqqında deyirlər, bu Novruz lap qartal kimidir. Eyni vaxtda bir neçə iş görür. Bakıya qayıdandan sonra teatra gələn aktyor afişada öz adının qarşısında Qartal təxəllüsünün yazıldığını görür. Təəccüblənən aktyor direktor müavininin yanına gedib soruşur: “Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?”. Sonradan o, öyrənir ki, onun adını Hacıbaba Bağırov afişada elə yazdırıb. Aktyor bundan inciyib teatrdan gedir, bir həftə küsüb işə gəlmir. Hacıbaba Bağırov onun ardınca adam yollayır. Aktyor teatra gəlib afişanın dəyişdirilməsini istəyir. Hacıbaba Bağırov isə deyir, “ölsən də dəyişmərəm, Gürcüstanda demədilər ki, qartalsan? Elə bununla da gedəcəksən.”

***

Aktyor özü bu haqda deyir:

“Beləcə, Novruz Əliyev oldu, Novruz Qartal. Bunu hansı məqsədlə eləmişdilər, bilmirəm. Xeyriməmi, ziyanımamı? Amma Allaha qurban olum, Azərbaycan xalqı məni Novruz Qartal kimi də sevdi, Novruz Əliyev kimi də. Sonradan Qartalı dəyişmək istədilər. Mən də dəyişmədim. Şükür Allaha, onlar mənə pislik etmək istədilər, Allah yaxşılığa çevirdi. Bu günə qədər də tanınıram, sevilirəm.

Bu sənətdə məni çox incidiblər, çox əziblər. Nə qədər ediblər, amma qol-qanadımı sındıra bilməyiblər. Dözmüşəm”.

***

Aktyorun ən maraqlı obrazı isə “Hicran” tamaşasındakı Baləli olur. Novruz Qartalı sözlərinə görə bütün aktyorlar tamaşanı mprovizə ilə oynayır və heç bir məşq olmur. Tamaşanın rejissoru Şəmsi Bədəlbəyli əsəbiləşir, acıq edib gedir və deyir “mən belə tamaşa qurmamışam”. İşin ən maraqlı tərəfi isə “Hicran” tamaşasında o məşhur üçlük – Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan bir-biri ilə danışmır.

Novruz Qartal teatr fəaliyyəti dövründə "Durna", "Hicran", "Lənət şeytana", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Nənəmin şahlıq quşu", "Hərənin öz ulduzu", "Dəli dünya", "O olmasın, bu olsun", "Bankir adaxlı”, "Volqalı canan", "Şeytanın yubileyi" adlı tamaşlarda maraqlı obrazlar yaradıb.

***

55 illik teatr fəaliyyətinə baxmayaraq 2013-cü ildə Əməkdar artist adını alan Novruz Qartal Xalq artisti adını ala bilmir. Bu haqda ona sual verəndə isə yarızarafat, yarıciddi deyir: “Mənə xalq artisti adını o dünyada verəcəklər”.

***

Aktyor ötən ilin noyabr ayında səhhətində ciddi dəyişiklik hiss edir. Xəstəxanaya gedib müayinə olunandan sonra onu evə buraxmır, orda saxlayırlar. Əməliyyat olunan aktyora bağırsaq xərçəngi diaqnozu qoyulur. Ömrünün son günlərində kirayədə yaşayan aktyorun həyat yoldaşı açıqlamalarının birində bu haqda deyir:

“Həyat yoldaşımı xəstəxanadan çıxarıb kirayə yaşadığımız mənzilə deyil, qızımın evinə aparacam. Düzdür, qızım da kirayədə yaşayır, iki balaca otağı var. Biz yaşadığımız evin sahibi deyir ki, çalışın evimdə yas salmayın. Həm də ev soyuqdur”.

***

Aktyor ağır xəstə yatan vaxtlarda Xalq artisti Afaq Bəşirqızının onun haqqında səsləndirdiyi fikirlər böyük etiraza səbəb olur:

“Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?”

Ancaq xalq öz artistini tək buraxmır. Onun əməliyyatından pul alınmır. Novruz Qartala qan lazım olduğunu öyrənən insanlar ona qan vermək üçün yatdığı xəstəxananın qarşısında növbə gözləyir.

***

Aktyor filmlərə çox az çəkilib. Hətta bir neçə rola təsdiq olunsa da, sonradan bu rol ondan alınıb başqa aktyora verilir. O özü bu haqda müsahibəsində deyir:

“Filmlərə təkliflər olurdu o vaxtlar. Mən teatrı daha çox sevmişəm. Bir də haqsızlıqlar... Bəzən olurdu ki, mən bir rolu istəyirdim, ancaq həmin rolu başqasına verirdilər, onda da inciyib teatra getmirdim. Elə vaxt olub ki, bütün məşqlər bitib, bilmişəm ki, artıq sabah çəkiliş olacaq, çəkilişə getmişəm, mənə deyiblər ki, sən çəkilməyəcəksən. Demişəm ki, axı, məşq eləmişəm? Sonra öyrənmişəm ki, filankəs bir blok “Marlboro” verib deyə həmin adamı çəkiblər. Yəni bir blok “Marlboro”ya görə mənim rolumu başqasına veriblər”.

Uzun sürən xəstəlikdən sonra Novruz Qartal 2022-ci il yanvar ayının 8-də dünyasını dəyişir. O, Gəncədə yerləşən İmamzadə məzarlığında torpağa tapşırılır.

# 776 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #