Elşad Miri: "Deməli, cənnətdəki qadınlara da kişi veriləcək" - Müsahibə

Elşad Miri:  "Deməli, cənnətdəki qadınlara da kişi veriləcək" - Müsahibə
17 fevral 2025
# 09:28

Kulis.az ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir.

Həcc ziyarətinin əhəmiyyəti

- Bu yaxınlarda feysbuk səhifənizdə bir video rastıma çıxdı. Həcc ziyarətində Kəbədə insanlar bir-birinin üstünə çıxmışdı. Hamı həcərül-əsvədi (qara daş) öpməyə, toxunmağa çalışırdı. Bu daşın İslamda nə kimi yeri, əhəmiyyəti var?

- Birincisi, etiraf eləmək istəyirəm ki, mən də əvvəllər Həccə, Ümrəyə gedəndə çalışırdım ki, o daşı öpüm. Çünki bizə belə öyrədilmişdi. Deyirdilər, ikinci xəlifə daşa deyib, mən də bilirəm, sən adi daşsan, ancaq peyğəmbər səni öpüb deyə mən də öpürəm. Biz də buna inanırdıq. Bir dəfə öpmək istəyəndə gördüm ki, bir nəfər başını ora salıb, çıxaranda da dedi ki, Allahu Əkbər. Sanki bununla nəyəsə nail olub. Mən isə eləcə əlimi sürtdüm.

Sonradan məndə suallar yarandı. Bu daş, həqiqətənmi, bu qədər müqəddəsdir? Bir dəfə təvaf zamanı bir adam ayağımı elə basdaladı ki, az qala, ayağımdan qan fışqırsın. Din bu ola bilməz.

Sonra Məqami İbrahim... Onun arxasında iki rükət namaz qılmaqdan ötrü az qala insanlar bir-birini tapdalayırlar. Bu bizə nə vəd edir? Bizə faydası nədən ibarətdir?

- “Quran”da bu barədə yazılıb və ya işarə edilib?

- Xeyr. Üzərindən illər keçdi. Mən bu mövzunu hərtərəfli araşdırmağa başladım və gördüm ki, bu daşla bağlı “Quran”da heç nə yoxdur. İslamda bu daşın heç bir özəlliyi, xüsusiyyəti, müqəddəsliyi yoxdur. Sadəcə, sonradan insanlar bir az da dəyər qatmaqdan ötrü o yerləri fərqli təqdim eləyib. Qara daşın ərəbcəsi “həcərül əsvəd”dir. Halbuki o daşın əvvəlki adı "həcərül əsəd", yəni xoşbəxtlik daşı olub. Bu insanları bütpərəstliyə aparmırmı? Əlini ora sürtmək, öpməyə çalışmaq... İslamın mübarizə apardığı ənənəvi din anlayışına oxşar deyilmi bu? Sən bunu islamlaşdırıb təqdim eləyəndə bu, şirk olmurmu? Bundan ötrü insanların bir-birinə zülm etməsi ən böyük günahlardandır.

Deyirlər ki, guya bu daş günahkarlar ona əlini sürtüb deyə qaralıb. Mən də deyirəm ki, onda günahsız insanlar əl sürtəndə də ağarmalı idi. Sonra dedilər ki, guya cənnətdən düşüb. Nə bilim, guya İbrahim peyğəmbər ondan lift kimi istifadə eləyib. Yaxşı, bəs onda bu, niyə müqəddəsdir? Cənnətdən gələn daş anlayışı ola bilərmi? Təbii ki, bunlar hamısı absurddur, uydurmadır. Həcclə heç bir əlaqəsi yoxdur. Həcərül-əsvədin heç bir özəlliyi, müqəddəsliyi, dəyəri yoxdur.

Hətta vaxtilə bir hakimiyyət o daşı oradan oğurlayıb. Düz 22 il o daş orada olmayıb. Deməli, o daş olmadan da insanlar Həcc ziyarəti edirmiş. Sonradan parçalayıb bölüblər. Hətta bu gün Türkiyədə Sultan Süleyman Qanuninin məqbərəsinin üzərində həmin daşın qırıntısının olduğu deyilir. Sanki o qırıntı orada olanda onun günahlarının hamısı bağışlanır, birbaşa cənnətə gedir.

- Dəfələrlə Həcc xərcləri ilə bağlı çıxışlar etmisiniz. Bəziləri deyir ki, o pulu verib Həccə getməkdənsə, kasıb-kusuba paylamaq daha savabdır.

- Adam deyə bilər ki, mən kasıblara da əl tuturam, Həccə də gedirəm. Kim nə deyə bilər?

Ancaq məsələnin digər tərəfi də var. Həqiqətənmi, bu gün bizim həyata keçirdiyimiz Həcc Allahın istədiyi Həccdir? Mən bunun doğru olmadığını düşünürəm. İbrahim peyğəmbərin dövründə müəyyən şəxslərin (“ən nas”) Həccə dəvət edilməsi ilə bugünkü Həcc ziyarəti eyni deyil. Kəbənin ətrafında bir dəfə dövrə vurmağa şövt, yeddi dəfə dövrə vurmağa isə təvaf deyirlər. Mən yeddi dəfə dövrə vurdum. Nə oldu? Nə qazandım? Bu yürüş, qaçışdırsa, insanlar bunu hər yerdə eləyə bilər. Orada eləyəndə daha özəl olur? Sonra Məqami İbrahimdə iki rükət namaz qılıb zəmzəm suyu içirlər. Sonra Səfa və Mərvə təpələrinə gedirlər. Orda təpədən əsər qalmayıb artıq. Ancaq insanlar mərmər olan yerə gedirlər. “Yaşıl bölgə” deyilən yerin müəyyən bir hissəsində qaçırlar, sonra yürüşə davam edirlər. Sonra deyirlər ki, tikili heç nə geyinməməlisiniz. “Ehram” deyilən parçanı əyninizə keçirməlisiniz. Onun özü tikili deyilmi?

Minada çadırlarda bir müddət qaldıqdan sonra Ərəfat çölünə gedirlər. Orada dualar edirlər. Guya orada dualar birbaşa qəbul olur. Sonra Muzdəlfə deyilən yerə gedirlər. Daşları yığırlar. Camarat deyilən şeytan daşlama yeri var. Halbuki “Quran”da şeytan daşlamaq anlayışı yoxdur.

Bu şeylər heç biri İslamın mahiyyətinə uyğun deyil. Orada insanlar bir yerə toplaşıb hansı nəticəyə gəlirlər? Sadəcə, gedib həmin yerdə ibadət etmiş olursunuz. Hədislər uydurublar ki, guya orda qılınan namazın savabı başqa yerdə qılınanlardan yüz min dəfə daha çoxdur. Onda yığışaq, gedək orada yaşayaq. Namazlarımız da yüz min dəfə daha çox qəbul olunsun. Cənnətə də birbaşa getmək üçün viza əldə edək. Oradakı insanlar süddən çıxmış ağ qaşıqdır? Bu yanaşma İslam ola bilməz.

İslamda ehram anlayışı da yoxdur. “Quran”dakı “ehram” sözünü də fərqli şəkildə - "iki parçadan ibarət geyim" kimi tərcümə eləyiblər. Hərə bir boydadır. Orada boyuna uyğun olmayan geyim geyinəndə xoş olmayan görüntü yaranır. Qadınlar da bunu görür. Heç kim bu barədə danışmır ki, Həcclərinə xələl gəlməsin. Hətta deyirlər ki, Həccdən sonra bir də Nisa – qadın təvafı da etmək lazımdır. Guya bu təvafı etməsən, həyat yoldaşın sənə haram hesab olunar.

- Bəs, əslində, Həcc necə olmalıdır?

- “Bəqərə” surəsinin 197-ci ayəsində “aylar” sözü keçir. Ərəb dilində “aylar” sözü minimum üç ay deməkdir. İndi necədir? Milyonlarla insanı Zilhiccə ayında bir neçə gündə Məkkədə toplayırlar, sonra da Ümrə adı ilə bunu davam etdirirlər. Bu “Quran”dakı Həcc deyil.

Həcc, əslində, dünyada insanlığın, bəşəriyyətin başına gələn problemlərin aradan qaldırılması üçün yerinə yetirilməli olan bir missiyadır.

İndi isə müəyyən bir məbləğ ödəyib Həccə gedib gəlib adımızın qabağına “hacı”, “hacıxanım” sözlərini qoyuruq. Heç bir yerdə peyğəmbərimizin adının qabağında “Hacı” yazılmayıb.

Kərbəla Həccdən üstündür?

- Bəzi insanlar Kərbəla hadisəsini Həccdən üstün tuturlar. Sizin münasibətiniz necədir? Sizcə, Kərbəla faktı faciədir, yoxsa, sadəcə, tarixi hadisə?

- Burda bir məsələni dəqiqləşdirməliyik. İslam tarixi ilk insandan sonuncu peyğəmbərə qədər gələn prosesin, yolun adıdır. Bəziləri bu yoldan özlərini yeni cığırlar açıblar. Təriqət və məzhəblər yaradıblar. Bu onların işidir. Bu yolun özü isə hər kəsi sülhə, əmin-amanlığa dəvət eləyir.

“Quran”ın nazil olması ilə proses bitdi. Ondan sonrakı tarix İslam tarixi yox, müəlmanların tarixidir. Peyğəmbərin vəfatından sonra insanlar bir-birini qətlə yetiriblər. İkinci, üçüncü, dördüncü xəlifə öldürülüb. Sonra Müaviyənin özü ömürlük şikəst qaldı və Yezid hakimiyyətə gəldi. Onun dövründə də peyğəmbərin nəvəsi imam Hüseyn qətlə yetirildi.

Üstünlük müqayisəsi aparmaq düzgün deyil .

Bəli, Kərbəla tarixi hadisədir. Bunu törədənə heç zaman haqq qazandırmaq mümkün deyil. Orada insanları zülmə məruz qoyublar. Günah, əlbəttə ki, Yeziddədir.

Əlbəttə, bu hadisə müsəlman tarixində ən böyük faciələrdəndir. Ancaq sonradan bunu bəzi qruplar idealogiyaya çevirdilər, məzhəbləşdirdilər.

Hacı Şahinlə Elşad Miri düşmən idi?

- Siz debatlarınızda hər zaman sakitliyinizi qorumusunuz. Hacı Şahinlə, Aqşin Yeniseylə olan debatlarınız buna misaldır. Ancaq niyəsə, məsələn, Hacı Şahinlə sizi sanki düşmən kimi göstərməyə çalışıblar. Onunla münasibətləriniz necə idi?

- Çox gözəl. Biz müxtəlif debatlarda olmuşuq. Yaxşı münasibətimiz, yazışmalarımız da olub. Sadəcə, bunu ictimailəşdirməmişik. Hacı Şahin deyirdi ki, bəzi din adamlarına qulaq asmaqdansa, Elşad Miriyə qulaq asın.
Xəbəri eşidəndən sonra mənim ailə dostlarımdan biri onun yasına getdi. Dəfndə iştirak elədi, cənazəsinin altına da girdi. Sonra mən getmək istəyəndə dedilər ki, Elşad, getməyək, kütlə səhv başa düşər. Ancaq mən dözə bilmədim. Heç kimə demədən Hacı Şahinin üçündə iştirak elədim. Çox xoş qarşıladılar. Qardaşına başsağlığı dilədim.

Bu gün sələfi dostlarımız da fərqli təqdimatla məşğuldurlar. Təhqiramiz ifadələr işlədirlər, təhdid eləyirlər. Amma onlar da mənim qardaşlarım, bacılarımdır.

Biz bir-birimizlə yox, şeytanla mübarizə aparmalıyıq.

Hacı Şahin 48 yaşında dünyasını dəyişdi. Mənim nə qədər yaşayacağım bəlli deyil. İslamı anlamayanlar məni Hacı Şahinlə düşmən eləmək istəyirdi.

Biri video çəkib demişdi ki, onu yolda görsəm, salam vermərəm. Sonra mən onu aeroportda gördüm, salam verdim, o da özünü itirdi, salamlaşdı.

Merac uydurmadır?

- Çıxışlarınızda meracın uydurma olduğunu deyirsiniz. Bu qənaətə necə gəldiniz?

- Mənim mətbuatda dərc olunan ilk yazım Meracla bağlı olub. Çünki elə öyrənmişdim. Sonra sorğulamağa başladım.

Bir yerdə deyirlər ki, peyğəmbər Məkkəyə, başqa yerdə deyirlər ki, yox, Qüdsə gedib, Burak adlı atını bir yerə bağlayıb, namaz qılıb sonra meraca yüksəlib.

Deməli, iki ayrı versiya var.

Sonra deyir ki, qayıdanda yeri hələ də isti idi. Zamanın nisbiliyi anlayışını vurğulamaq istəyirlər.

Mən Məscidül-Əqsa adlandırılan yerdə olmuşam. Orada elə bir məscid yoxdur.

İsra surəsinin birinci ayəsində “məscidül haram” və “məscidül əqsa” ifadələri keçir. Burada “məscidül haram”ı Kəbə, “məscidül əqsa”nı da bu gün Qüds şəhərində yerləşən məscid olaraq qeyd eləyiblər. Amma orada iki məscid var: Qubbatus-Səxrə və Məscidül-Qiblə. Orda Məscidül-Əqsa deyə bir yer yoxdur. Peyğəmbərin yaşadığı vaxt ora zibillik olub. Xristiyanlar yəhudilərə nifrətini ifadə eləmək üçün Süleyman məbədi deyilən yeri zibilliyə çevirmişdilər.

- Bəs ora nə zaman tikilib?

- Peyğəmbərin vəfatından onillər sonra Əməvilər hakimiyyəti vaxtı Əbdülməlik bin Mərvanın dövründə tikilmiş yerdir. O vaxt Kəbə Abdullah bin Zübeyrin hakimiyyəti altında idi. Ora gedənlər də onun tərəfinə keçirdilər. Ona görə də alternativ olaraq oranı tikdirirlər. Sonra hədis uydururlar ki, ziyarət ediməli üç yer var: Məkkə, Peyğəmbərin məscidi və Məscidül-Əqsa. Belə bir yer yoxdur axı. Siz bunu necə meracla əlaqələndirə bilərsiniz?

İkincisi, meracla bağlı olan”İsra” surəsinin birinci ayəsi Məhəmməd peyğəmbərlə, ikinci surəsi Musa peyğəmbərlə bağlıdır. Burda nəsə qopma var axı. Guya meracda Musa peyğəmbər Məhəmməd peyğəmbərdən soruşur ki, Allah gündə neçə dəfə namaz qılmağı əmr elədi? O da deyir ki, gündə əlli dəfə. Yəhudi kitablarının heç birində gündə əlli dəfə namaz qılmaq söhbəti yoxdur. Guya sonra Allah yavaş-yavaş azaldıb beşə endirir.

Quranda “merac” sözü keçmir.

Hətta “İsra” surəsinin ortalarında yazılıb ki, müşriklər peyğəmbərə deyir ki, sən göy üzünə qalxmayınca biz sənə iman etməyəcəyik. Elə deyərdi ki, göyə çıxıb gəlmişəm də.

“Bəqərə” surəsinin axırıncı iki ayəsini misal gətirirlər, ancaq onlar Mədinədə gəlib.

"Quran"dakı riyazi məsələlər

- Tez-tez belə videolar yayılır, “Quran”ın hansısa surəsində hansısa elementin adı bu qədər keçir, bəs Mendeleyevin kimyəvi elementlərin dövrü sistemində də həmin elementin atom nömrəsi "Quran"dakı ilə eynidir. Bunları möcüzə kimi təqdim edirlər. Sizcə, belə riyazi məsələlər bizi “Quran”ın mənəvi tərəfindən uzaqlaşdırmır ki?

- Əlbəttə, uzaqlaşdırır. Belədə biz mahiyyətin yox, müəyyən rəqəmlərin üzərində iş aparmağa çalışırıq. Düzdü, araşdıranda görürük ki, orada “gün” sözü 365 dəfə keçir. Bu, kiminsə oturub yaza, fikirləşəcəyi məsələ deyil. “Mələk” və “şeytan” sözlərinin də hərəsi 88 dəfə keçir. “Quran"da “Hədid” surəsi var. Əsasən, bu surəni nümunə gətirirlər. O surənin 26-cı ayəsində dəmirin endirilməsi ilə bağlı “ən zəlnə” sözü işlədilir. Mendeleyin cədvəlinə baxanda da biz bu ardıcıllığı görə bilirik.

Amma başqa bir məsələ var. Bu ayələrin, surələrin adlandırılması, ayələrin yerləşdirilməsi əsrlər sonra, 1924-cü ildə Misirdə həyata keçirilib. O vaxta qədər filan ayə filan qədər surədən ibarətdir anlayışı olmayıb. Əgər, həqiqətən də, Mendeleyev cədvəli ilə bağlı bu məsələ varsa, elə onları Mendeleyevdən əvvəl müsəlman alimləri kəşf edərdilər də. Elə deyilsə, niyə elə təqdim edirsiniz? Bunlar hamısı natamamlıq kompleksi ilə bağlıdır.

- Sizcə, namaz qılmayanlar cəhənnəmə gedəcək?

- Allah “Quran”da namaz qılmayanın cəzasının olduğunu bildirmir. Bu fikir “Müdəssir” surəsindəki bir ayənin səhv tərcüməsi nəticəsində yaranıb. Orada cəhənnəmdə olanlardan soruşurlar ki, siz niyə buradasınız? Onlar da deyirlər ki, biz salat eləyənlərdən, yəni namaz qılanlardan deyildik. O surədə, əslində, namaz qılmayanlardan yox, dəstək verməyənlərdən bəhs olunur. Adamlar var ki, namaz qılır, amma əməlləri tamam fərqlidir. Bəs necə deyə bilərik ki, namaz qılanlar birbaşa cənnətə gedəcək. Namaz, oruc Allahla mənim aramda olandır. Cənnətə getmək üçün yaxşı insan olmaq kifayətdir. Din anlayışı sonradan formalaşıb.

- İnsanlar ürəyindəki bir ümiddən yapışıb pirlərə, ziyarətgahlara gedir. İslamın bu əmələ münasibəti necədir?

- Əlbəttə, şirkdir. Bu o deməkdir ki, biz Allahı düzgün anlamırıq. Sanki biz burada dua eləsək, eşitməyəcək, ancaq o pirə gedib dua eləsək, eşidəcək. Deyirlər ki, onlar seçilmişlərdir. Onların seçilmiş olduğunu biz haradan bilirik? Gərək biz də seçilmiş olaq ki, onların seçilmiş olduğunu bilək. Bu, sadəcə, reklam vasitəsidir.

Məsələn, Beyləqanda Cərcis piri var. Cərcis, əslində, xristiyan missioner olub. Adı da Ceorceus idi.

Allah bizə şahdamarımızdan yaxındır. Ona görə də biz hər şeyi təkcə ondan istəməliyik.

- İslamda dini kəbinin, siğənin hökmü nədir?

- Bəzi İslam ölkələrində din anlayışından siyasi məqsədlər üçün istifadə olunur. Onlar dini ideologiyaya çevirərək cəmiyyətə tətbiq eləyirlər.

Məsələ burasındadır ki, şəriət ölkələrində dini kəbinin hüquqi bazası olur, qeydiyyata alınır. Azərbaycanda isə bu yoxdur. Bu da sui-istifadələrə gətirib çıxarır. Azyaşlıları ərə verirlər. Məsələn, Türkiyədə bu məsələ gündəmə gətirildi və tətbiq olunmağa başlandı. Hər şəhərin öz müftisi olur. Dini kəbin kəsdirmək istəyənlər o müftiliyə gedir. Bütün bunlar da bir bazada toplanır.

Peyğəmbərimizin peyğəmbər olmazdan əvvəlki kəbinini kim kəsib? O zaman İslam var idi?

Axundov kafir idi?

- Tez-tez belə kitablar çıxır rastıma: dişin ağrıyanda bu duanı oxu, başın ağrıyanda bu duanı oxu. Belə “şəfa” kitablarına münasibətiniz necədir?

- Mənim kitablarımı qadağan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə “şəfa” kitablarına icazə verir.

Onda gərək tibbi ləğv edək. Bu kitabları yazan adamlar xəstələnən kimi xəstəxana-xəstəxana gəzirlər. Deməli, səmimi deyillər. Sadəcə, insanların zəif tərəflərindən istifadə eləyib pul qazanırlar. Müqayisə edək, bir azərbaycanlı yazıçının kitabları nə qədər satılır, bu kitablar nə qədər satılır... Təəssüflər olsun ki, maarifçilərimizin mübarizə etdiyi cahillik hələ də yaşayır.

- Maarifçilərə, məsələn, Axundova münasibətiniz necədir?

- Axundovun əsərlərini oxuyanda gördüm ki, o, ətrafındakı problemləri görüb və yazıb. Nə qədər axund ailəsində böyüsə də, gördüklərini qələmə almağa fokuslanıb. Ancaq “Quran”ı araşdırıb nələrisə üzə çıxara bilmədi, çünki ixtisası fərqli idi. Ondan sonrakı ən böyük “Quran” tərcüməçisi kimi tanıdığımız Mirməhəmməd Kərim Bakuviyə baxanda görürük ki, onun üç cildlik “Quran” təfsiri biabırçılıqdır. İndikilər ondan fərqlidir? Xeyr! Onlar daha da bərbaddır. Axundovu nə qədər təqdir etsəm də, onun qadınlarla bağlı fikrinə qatılmıram.

Ondan sonrakıların - Mirzə Cəlilin, Sabirin yazdıqlarına baxanda görürük ki, onlar bu gün yaşasa idilər, yazdıqlarının davamını yazardılar. Bu gün də vəziyyət eynidir. Onlar şəksiz ki, haqlı idilər. Elə buna görə də onları dəfələrlə öldürmək istəyiblər.

- Bayaq “şəfa” kitablarından danışdıq. Paralel olaraq, dini möcüzələr haqqında kitablar da çox yazılır və satılır. Belə kitablara münasibətiniz necədir? Məsələn, Məhəmməd peyğəmbərin qılıncla Ayı iki yerə bölməsinə inanırsınız?

- “Quran”da “möcüzə” sözü keçmir. “Quran”da möcüzələr yoxdur. Musanın dənizi iki yerə bölməsi, İsanın ölüləri diriltməsi...

“İsra” surəsinin 59-cu ayəsində özləri belə bir tərcümə veriblər ki, möcüzə göndərməkdən vaz keçməyimizə səbəb əvvəlkilərin onları təkzib etməsi oldu. Əvvəlcə möcüzə göndərilmədiyini deyirsən, sonra da peyğəmbərin 500 möcüzəsinin olduğunu iddia eləyirsən. Bu, təzad deyilmi? Peyğəmbər Ayı niyə yarsın? Ayı yarandan sonra ordakı insanlar müsəlmanmı oldular?

Ayın yarılması “Quran”da var, ancaq qiyamət səhnəsi kimi. Di gəl, Məhəmməd peyğəmbərin Ayı yarması ilə bağlı heç nə yoxdur.

Cənnət, cəhənnəm, hurilər, "sinəsi tumurcuqlanmış həmyaşıd qızlar"...

- “Quran” cənnət və cəhənnəmin təsvirləri daim müzakirə mövzusu olub. “Sinəsi tumurcuqlanmış həmyaşıd qızlar”, “içəndə ləzzət verən şərablar”, “dadı dəyişməyən südlər” və yaxud da cəhənnəmin təsviri: qaynar su içirdilib bağırsaqları parçalananlar”... Bu təsvirlərin nə qədəri doğrudur, nə qədəri yanlış?

- Çoxu doğru deyil. Əslində, o ayədə nə “qız” sözü var, nə də “sinə” sözü. Tamamilə kontekstdən çıxarılıb. Cənnətə gedən kişilərə hurilərin verilməsi anlayışı, əslində, bizim bildiyimiz anlayış deyil. Onda, deməli, qadınlara da kişi veriləcək.

“Sinələri təzə tumurcuqlanmış həmyaşıd qızlar” ifadəsi pedofillik, uşaqbazlıqdır. Öz fantaziyalarını “Quran”a köçürüblər.

Orada, əslində, dolu qədəhlərdən və meyvələrdən bəhs olunur. Heç bir əlaqəsi yoxdur.

Bütün bunların nəticəsində, patriarxal din formalaşıb.

- Çoxu deyir ki, Elşad Miri ərəbcə bilmir.

- 10 ildir deyirlər. Dil öyrənməyə neçə il lazımdır ki? Mən iki il ərəb dili və şəriət üzrə mədrəsə oxumuşam. İlahiyyat kollecini, İlahiyyat fakültəsini bitirmişəm. Hazırda da ilahiyyat üzrə doktoranturada oxuyuram. Mən heç kimə nəyisə sübut etməli deyiləm. Səhv kimi deyirlər ki, bəs altdan iki nöqtə qoymayıb. Heç "Quran"ın yazıldığı dövrdə belə şeylər olmayıb. Böhtan atmaq asandır.

Elşad Miri debatlara niyə çıxmır?

- Hansı din adamı ilə danışıram, deyir ki, Elşad Mirini debata çağırdım, gəlmədi.

- Bilirsiniz, artıq Elşad Miri brenddir. Təkəbbürlülük üçün demirəm.

Bir-iki nəfər mənə deyib, demişəm ki, mən heç səni tanımıram axı. Əlində nəsə varsa, video çək, baxım. Ya da video çəkir, baxıram ki, səhv danışır. “Quran”da “tanrı” sözünün olmadığını deyir. Halbuki bir neçə ayədə “tanrı” sözündən bəhs olunur.

Deyirəm ki, hərəniz neçə qrupa bölünmüsünüz. Rəhbəriniz, başbiləniniz kimdirsə, ona deyin, onunla debata çıxım. Mən ailəmə belə neçə saatsa vaxt ayıra bilirəm. Bu debat yox, xoruz döyüşdürməkdir.

- Mehdiliyə münasibətiniz necədir? Mehdi gələcək?

- Aliya İzzetbeqoviç deyir ki, Mehdilik bizim tənbəlliyimizin adıdır. “Quran”da belə bir şey yoxdur.

- “Mükəmməl olan Allahdır” deyirsiniz. Deməli, peyğəmbəri tənqid etmək mümkündür.

- Allah özü tənqid eləyir. Məsələn, Adəmin üsyan etməsindən bəhs olunur. Hətta Məhəmməd peyğəmbər özü “Məhəmməd” surəsində bağışlanmağını istəyir. İnsanlar bunu sorğulamasa, nəticə necə olar? Allah deyir ki, onlar sözə qulaq asarlar, ancaq ən gözəlinə tabe olarlar. Deməli, söz səhv də ola bilər. Səhv də ki, müzakirə olunmalıdır.

Dini dövlət mümkündür?

- Dindən ayrı dövlət, yoxsa dini dövlət?

- Heç biri. Dini dövlət teokratiyadır. Dövlətin dini olmaz. Dövlətin dini ədalətdir. Dövlətdə təmsil olunan adamın dini ola bilər, ancaq o adam dinini məzhəbləşdirib ortaya çıxara bilməz. O məzhəb həmin adamı mürtəceləşdirir.

Məsələn, o məzhəb sahibindən soruşaq, namaz qılmayanın sizin məzhəbdəki hökmü nədir? Deyəcək, öldürülməlidir. Onlara görə dindən dönəni də öldürmək lazımdır. İçki içənləri də, həmçinin. Ancaq “Quran”da bunların heç biri yoxdur. İnsan “Quran”a əsaslana bilər, ancaq məzhəblər bizi bölür, ayırır.

- Bəs “Quran” əsaslı dövlət mümkündür?

- “Quran” dövlət qurmaq üçün yox, insan yetişdirmək üçün göndərilib. Peyğəmbərin xəlifə olduğunu deyirlər, səhvdir. Sadəcə, onun missiyası var idi. O, Mədinəyə gələndə orada yaşayan yəhudilərlə, müşriklərlə birgə yaşamaqla bağlı müqavilə bağladı. O müqavilə də ilk konstitusiya hesab olunur. “Quran”da deyilir ki, işi ləyaqət əhlinə vermək lazımdır. Dini dövlət kimi bu gün qarşımıza “Taliban”, “İŞİD” çıxır.

Fanatizm niyə sürətlə yayılır?

- İslam Azərbaycanda doğru tədris olunur?

- Xeyr. Bu gün ilahiyyatla bağlı İlahiyyat İnstitutu var. Onlar özlərinə bir kanal açmışdılar. İki müəllim dərs deyirdi. Ölüyə “Quran” oxumağı müzakirə eləyirdilər və iksi də tərəfdarı idi. Mən də onların əleyhinə video hazırladım. Bunlar da gedib ölüyə “Quran” oxuyacaqlarsa, onda niyə təhsil alırlar? Bu missiyanı mollalar həyata keçirir də.

Məni bu gün televiziyaya buraxmırlar. Qadağan olunmuşların siyahısındayam. Ancaq indi sosial şəbəkələr var. Palazın altına süpürsəniz də, xeyri olmayacaq.

Məscid ziyarət eləməklə din siyasəti olmur.

- Dini fanatizmin artması da bunun nəticəsidir.

- Əlbəttə. “Meşə qardaşları” kimi təşkilatlar dini siyasətin düzgün aparılmamasının nəticəsində yaranır. İrana gedib oxuyub gələn bir söz deyəcək, Ərəbistana gedib oxuyub gələn başqa söz. Ona görə də parçalanırıq.

- Siz dəfələrlə təhdid olunmusunuz. Belə yaşamaq sizi narahat eləmir?

- Mən ailəmə də demişdim, fikirləşməyin ki, sizə görə nələrdəsə güzəştə gedəcəm. Xeyr! Mənim öz prinsiplərim var.

Elə olub ki, soruşmuşam özümdən, dəyərdimi? Sonra “Quran” ayələri rastıma çıxıb, hər şey aydınlaşıb.

İslamın qadına münasibəti

- Bu gün İslam ölkələrində qadınların hicaba görə təzyiqlərə məruz qalması Allahın hökmüdür, yoxsa dinin yanlış şərhi?

- Mən “Quran”da hicabın olmadığını düşünürəm. Hazırda bu mövzunu ciddi şəkildə araşdırıram. Məsələn, bu gün jurnalistlərimiz Allahşükür Paşazadə ilə görüşəndə başlarını örtürlər. Sanki o, Allahın Yer üzündəki nümayəndəsidir. Məscidə girəndə qadınların başını örtməsinə ehtiyac yoxdur. Sən dindəki hökmlərə görə insanları belə şeylərə məcbur eləyə biməzsən.

Adamlar ibtidai sinifdə oxuyan qızlarının başını örtüb məktəbə göndərirlər. Deyirəm ki, sənin məzhəbinə görə bu məcburidir? Deyir ki, yox. Bəs niyə məcbur eləyirsən? Deyir ki, öyrəşdirirəm. Xeyr. Sən başqalarının yanında özünü dindar göstərməyə çalışırsan. Uşağın hüquqlarını əlindən alırsan. Dövlət müdaxilə eləyəndə də deyirlər ki, dinimizi yaşamağa qoymurlar. Uşaqların psixologiyasını pozurlar. Sabah o qız böyüyəndə vəziyyət dəyişəcək. Hicabdan imtina eləyəcək.

- İslamın qadına münasibəti necədir?

- “Quran”a görə qadın kişidən üstündür. Deyirlər ki, qadın peyğəmbər olmayıb. Yalandır. Yəhudiliyin dini kitablarında qadın peyğəmbərlərdən bəhs olunur. Məryəmə vəhyin gəldiyindən yazılır. Əşarilikdə qadınlara peyğəmbərliyin gəldiyi qəbul olunur. Musanın, İsanın anasını da peyğəmbər kimi qəbul eləyirlər.


İslamın geylərə, eyncinsli münasibətlərə, LGBT-yə münasibəti

- “Quran”da Lut qövmünün lənətləndiyini oxuyuruq. Ümumiyyətlə, İslamın eynicinsli əlaqələrə münasibəti necədir?

- Məsələn, Putin də prezident seçiləndən sonra LGBT-ni rəsmi şəkildə qadağan elədi. Tramp da onlara müharibə elan elədi. Burda problem eynicinsli münasibətlərin ictimailəşdirilməsidir. Əgər iki insan bunu ictimailəşdirmədən öz həyatını yaşayırsa, heç kim onlara nəsə deyə bilməz. O qövm onlara gətirilən haqqa qarşı çıxdıqlarına görə lənətləniblər. Mən bu mövzunun mütəxəssisi ilə söhbət eləmişdim. O, Lut qövmünün gey yox, biseksual olduğunu demişdi.

“Quran” buna ona görə qarşı çıxır ki, bu, insanın yaradılışına ziddir. Allah ancaq qadın və kişini yaratdığını deyir.

Məhəmməd peyğəmbərdən nümunə götürməliyik?

- İslamın modernləşməyə ehtiyacı var?

- İslamın yox, müsəlmanların var. Müsəlmanlar İslamı radikallaşdırıblar. Məsələn, “Taliban” deyir ki, qadınlar evin hansı otaqlarından çox istifadə eləyirsə, o otaqların pəncərələri sökülməli, yerinə daş hörülməlidir. Bu nə deməkdir? Belə şey olar?

Bu gün Aəzrbaycanda dini dövlət qurmaq istəyənlər, buna səsləyənlər azdırmı? Əlbəttə ki, buna qarşı mübarizə aparmaq lazımdır. Allah dini dövlət qurulmasını istəmir.

- Musiqi haramdır?

- Xeyr. Bu, sələfi təfəkkürüdür. Elə özləri də deyir ki, yox, dəflə olar. O, musiqi olmur? Adam kameranı qoyub qabağına, deyir ki, şəkil çəkdirmək haramdır. İndi bu adam nə deyəsən?

- İndi hansı kitab üzərində işləyirsiniz?

- Elmi işimlə məşğulam. Bitirəndən sonra yeni kitaba başlayacam. İlk kitabımın adını indidən deyirəm: "”Quran”da yoxdur”.

- Məhəmməd peyğəmbərdən nümunə götürməliyik?

- Xeyr. Biz rəsuldan yox, rəsula göndəriləndən – “Quran”dan nümunə götürməliyik.

# 8749 dəfə oxunub

Oxşar xəbərlər

Siyavuş Kərimi:  "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

Siyavuş Kərimi: "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

21:50 20 fevral 2025
Aqşin Yenisey:  "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

Aqşin Yenisey: "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

17:46 20 fevral 2025
"Oskar"ın aparıcıları açıqlandı

"Oskar"ın aparıcıları açıqlandı

17:41 20 fevral 2025
“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

16:39 20 fevral 2025
Ceykob Benda 112 illik orqanla konsert verdi

Ceykob Benda 112 illik orqanla konsert verdi

16:13 20 fevral 2025
Elmi-praktiki seminar:  “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

Elmi-praktiki seminar: “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

15:52 20 fevral 2025
# # #