Kulis.az filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın müsahibəsini təqdim edir.
- Övladının xarici dildə təhsil almasını istəyən valideynlərin sayı hər keçən gün artır. Bunun səbəbini nədə görürsünüz? Məsələn, özüm şahidiyəm ki, 2019-cu ildə 5 yaşlılar üçün rus bölməsi üzrə ayrılmış yerlər 3-4 dəqiqəyə doldu.
- Bu üstünlük bizdə yalnız son illərin göstəricisi sayıla bilməz. Məncə, Sovet dövründən bizdə rus dili mühitinə maraq daha güclü olub. Sonradan buna ingilis və digər dillər əlavə olundu. İnsanlarda belə bir düşüncə formalaşıb ki, sanki xarici sektorda təhsil alan uşaq daha dünyagörüşlü, yüksək nizam-intizama malik olur. Bir az da kompleks məsələsidir, deyə bilərik. Özlərini kübar, zadəgan tipində təqdim etmək şövqündən qaynaqlanır. Digər səbəblər də var, əlbəttə. Ali məktəbi bitirən məzunlar xarici dili bildikləri təqdirdə işlə daha rahat və asan təmin olunurlar. Valideyn də bunu bildiyindən elə kiçik yaş senzindən etibarən nəzərə almağa çalışaraq övladını məktəbə ayaq qoyduğu ilk vaxtlardan artıq xarici sektora yazdırır. Yaxud məktəbi bitirən kimi başqa ölkələrdə təhsilini davam etdirməsi üçün elə kiçik yaşdan dil bilikləri qazandırmağa çalışırlar uşaqlarına.
Amma sizə bir şey deyim. İstər sosial tərəqqidə, istərsə də milli şüur hadisəsi kimi üstündə "Ana dili" yazılan kitablar daha böyük iş görüb. XIX əsrin sonunda bir "Vətən dili" dərsliyi hasilə gətirmişdi milli aydınlarımız. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Görünür, bu gün də eyni vaxtda həm valideyn, həm də şagird üçün şərikli "Vətən dili" kitabını yazmağın və oxutmağın zamanı gəlib.
Uşaqlar kiçik yaşdan seçim imkanı tanımırlar. Onları yad atmosferə yönləndirən valideynləridir. Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir. Bəli, o uşaqlar hətta bir neçə xarici dilə sahiblənmiş olarlar. Amma milli təəssübkeşliyin, milli düşüncənin formalaşmasının düsturu birdir və onun yolu ilk təhsili ana dilində almaqdan keçir.
- "Hansı millətin dilində təhsil alırsansa, o millətə məxsussan" fikrinə münasibətiniz?
- Hardasa doğru hesab etmək olar. Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında çap olunan "Rişədən başlamalı" adlı bir məqaləsi var. Orda yazır ki, "Əgər rişəni baltalayıb ona zərər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq. Yoxsa nə qədər ki, rişə sağ-salamatdır, ağac hələ dayanıb duracaqdır". Yəni ilk təhsil çox önəmlidir. Xalqına, millətinə bağlı, tarixini və ədəbiyyatını bilən insanlar yetişdirmək istəyiriksə ilk təhsilin ana dilindən başlamasını nəzərə almalıyıq.
Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Dil bilikləri ayrı, ilk təhsilin xarici dildə əxz olunması ayrı məsələlərdir. Məsələn, Pakistanın mənəvi lideri və ideoloqu, eyni zamanda ən böyük milli şairi Məhəmməd İqbal Kembric Universitetini bitirib. Bizdə XX əsrin əvvəllərində də, ondan əvvəl də milli aydınlarımız bir neçə xarici dil biliblər. Təhsillərini mükəmməlləşdirmək üçün bir neçə xarici ölkənin universitetlərində oxuyublar. Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtinski Fransanın Sarbon Universitetini bitirib. Peterburq və İstanbul Universitetlərində təhsil alan Əli bəy Hüseynzadə 7 xarici dili mükəmməl səviyyədə bilib. O qədər mükəmməl ki, Türkiyədə nəşr olunan almanca-fransızca lüğəti redaktə edib.
Əsrin əvvəllərində bu proses ümumiyyətlə, çox intensiv, ardıcıl olub. Amma XX yüzilliyin əvvəllərində milli mədəniyyətin dünyaya açılması, ona məhz yeni mərhələyə keçid üçün, "böyük sintez işi üçün" lazım olub; Avropaya pərvaz etmək və yenidən Şərqə qayıtmaq üçün lazım olub. Bu təmasa mədəniyyətin özünün qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə ədəbiyyatın özünün pafosu ifrat, aludəçi, milli düşüncəyə xələl gətirə bilən hər hansı neqativ meyllərə qarşı yönəlmişdir. Yada salaq: Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesi və bu xüsusda dillə bağlı yazdığı publisistik məqalələri, felyetonları, Mirzə Ələkbər Sabirin eyni məramı aşılayan şeirləri, yaxud dünya ədəbiyyatını böyük əzm və inadla təbliğ edən Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini: "...türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, ...türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa "türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar" denilməsin!" Yəni bütün hallarda bir amal vardı: "Vətən, millət, dil". Manifest bu idi yəni.
Bilirsiniz, xüsusən, təhsilə ciddi nəzarət olunmalıdır. Nəzarət güclü olanda xarici dildə təhsil alan uşaqlar dünya ilə birbaşa dialoqa girə bilir. Amma nəzarət zəif olanda fəsadları olur. Xüsusən dini mənsubiyyət mənasında. Məsələn, "Millət şərqisi" adlı milli marşın müəllifi Tofiq Fikrətin oğlu Robert kollecini bitirib. Robert kollecində təhsil alarkən "İncil" oxuyub, təhsilini davam etdirmək üçün Avropaya gedib və sonda xristianlığı qəbul edib, nəinki dinini dəyişib, hətta Amerika kilsəsində keşiş olub. İlk təhsilin xarici dildə alınması, təbii ki, arzuolunan deyil. İbtidai təhsil fərdin bünövrəsini yaradır. Bünövrə milli şüurun təməlini qoymalıdır. Bu mənada, ibtidai təhsilin milli dildə olması son dərəcə vacibdir.
- Kiçik yaşlarından fərddə formalaşmış baza, hansı ki, orada nə Nizami, nə Füzuli, nə Sabir var... o fərdi kökündən ayrı salmırmı?
- Bu gün ən böyük bəlamız elə bu deyilmi? Hətta ədəbiyyatın özündə belə gənc nəslin klassikadan nə qədər aralı düşdüyünün şahidiyik. Səbəb Qərbə meyllilik, orda yaradılan ədəbiyyata aludəlikdir. Bu, ağrılı bir prosesdir. Yadıma Hüseyn Cavidin 1915-ci ildə yazdığı bir məqalə düşdü: "Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də fransızların az-çox ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və çürük əsərləri təqib olundu, tərcümə edildi və özlərindən xüsusi əsər yazanlar belə bir dürlü təqliddən yaxanı sıyıra bilmədilər. Həm də əskilik ilə yeniliyi, əcəmlik ilə fransızlığı qarışdıraraq iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar". Halbuki, milli baza öz ədəbiyyatımız olmalıdı. Bu mənada, möhtərəm Prezidentimiz ard-arda çox mühüm sərəncamlara imza atmaqla milli ədəbiyyata qayıtmaq üçün yaxşı fürsət qazandırır. Klassik ədəbiyyatın latın qrafikası ilə kütləvi nəşri, Nəsimi İli, Nizami İli, Cümhiriyyət İli, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və başqaları ilə bağlı verdiyi hər qərarla xalq öz milli kimliyinə boylanmağa nail olur.
Amma bir də var təməldən sən bu sənətkarları tanımadan böyüyürsən. Bu çox acınacaqlı vəziyyətdir. Əlbəttə, seçim imkanı hər valideynin özünə məxsusdur. Heç kəsin qarşısına keçib təzyiq göstərmək mümkün deyil. Bunu yalnız tədrisin özündə müəyyən ayıq-sayıq davranışlara, dürüst ideoloji taktikalara varmaqla nail ola bilərik. Məsələn, necə? Xarici dil sektorunda təhsil alan uşaqlar üçün eyni saat nisbətində Azərbaycan dili və ədəbiyyatı dərslərini də bərabərləşdirməklə. Qoy hər bir uşaq dilini bilsin, ona sevgi ruhunda böyüsün. Yaxud ədəbiyyat yaradan tarixi şəxsiyyətlərini tanısın, əsərlərini öz dilində mütaliə etsin. Belə olan halda milli varlıq gücünü itirməz, milli idrak kasadlıq yaşamaz, milli təəssübkeşlik hər yetişən nəslin canında, qanında özü ilə birlikdə rişələnər.
- Bu gün xarici dil bilmədən (Azərbaycanda rus dilində təhsil pulsuzdur, yəni hazırda ən əlçatan xarici dil bizim üçün rus dilidir) dünyaya çıxış imkanı olmur...
- Bəli, ona görə də məncə, bu gün xarici dil biliklərinə yiyələnmək üçün daha yaxşı imkanlar var. Fərdi çalışmalar, dil kursları. Bunu sonrakı zamanlarda da qazanmaq mümkündür. Daha ibtidai təhsili xarici dildə almaqla milli ruhu zədələməklə deyil. Yetər ki, daxili istək, təəssübkeşlik olsun. Öz dilini bil, tarixini, ədəbiyyatını tanı, sonra istədiyin xarici dili mənimsə. Bilirsiniz, dünyaya çıxanda da öz milli müəyyənliyinlə çıxmaq, ölkəni təmsil eləmək lazımdır. Sən Avropaya avropalı qafasında çıxırsansa kimə maraqlı olacaqsan? Onların kimliyini onlardan yaxşı bilməyəcəksən ki. Ona görə də öz ruhumuzu maraqlı etməliyik ki, dünya üçün də maraq kəsb edə bilək.
- Elnarə xanım, bəs ziyalılarımız daha çox hansı dildə mütaliə edirlər?
- Ziyalılarımız daha çox rus dilində mütaliə edirlər. Əsasən, yaşlı nəsil rus dilində, nisbətən yeni nəsil ingilis dilində mütaliə edir. Bizdə ingilis dilini bilən mütəxəssislərin azlığı bədii tərcümə prosesində problemlər yaradır. Tərcüməni əsasən ikinci dil kimi, rus dilindən etməli oluruq. Bir var ingilis yazıçını orijinaldan tərcümə edəsən, bir də var həmin yazıçının rus dilinə çevrilmiş mətnini milli dilə çevirəsən. Təbii ki, hər dəfəsində orijinal mətn nələrsə itirir.
- Dilimizə tərcümə olunan xarici ədəbiyyatlar bir oxucu kimi sizi qane edirmi? Son oxuduğunuz, tərcümə baxımından ürəyinizcə olan hansı nəşrlərin adlarını çəkmək istərdiniz?
- Qane edənlər də var, etməyənlər də. Aslan Quliyevin tərcüməsində Dino Bussatinin "Tatar çölü", Seyfəddin Hüseynlinin tərcüməsində "Aqibət duyğusu", İlqar Əlfioğlunun tərcüməsində Joza Saramaqonun "İsanın incili" romanı, Cavanşir Yusiflinin tərcüməsində Patrik Züskindin "Ətriyyatçı" və Alber Kamyunun "Yad" romanları, Kamran Nəzirlinin tərcüməsində Herman Melvilin "Mobi Dik", Vilayət Hacıyevin tərcüməsində Henrix Böllün "Kişisiz ev", Həmid Piriyevin tərcüməsində Marsel Şvobun "Uşaqların səlib yürüşü" əsərləri və s. Son oxuduqlarımdan uğurlu tərcümə kimi xatırladıqlarım bunlardır.
- Azərbaycandilli məktəblərdə təhsilin, tədrisin səviyyəsi barədə (çünki valideynlərin böyük əksəriyyəti tədris prosesinin ağırlığından şikayətlənirlər) nə deyə bilərsiniz? İradlarınız, təklifləriniz varmı?
- Bu, bir qədər ayrı, geniş cavab və təhlil tələb edən mövzudur. Bircə bunu deyə bilərəm ki, dərsliklərimizin özlərinin də dilində səlislik yaratmağa ehtiyac var. Mən bu barədə "Gəlin narahat olaq: dərsliklərdəki problemlər, ədəbiyyatdan uzaq salınan uşaqlar" adlı məqaləmdə fikir bildirmişəm. Sorğu və müzakirə saatlarında təkliflərimi səsləndirmişəm. Yaxşı tərəfləri ilə bərabər, irad kimi göstərdiyim cəhətlər də olub. Yeni dəyərlər sisteminə inteqrasiya edirik. Çətinlik və ağırlıqların olması təbiidir. Amma bütün hallarda bir məsələ tədrisimizin qayəsində dayanan prioritet məqam kimi nəzərə alınmalıdır. Etnomədəni sistemi qorumaq! Etnomədəni sistemi qoruyan amil, təbii ki, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş, məncə, ən əvvəl uşaq yaddaşının saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Onu qorumaq isə bünövrədə daha önəmlidir. Etnomədəni sistemi qorumaq qloballaşmanın xüsusən milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.
"İki sahil" qəzeti