Ədəbi tənqidimizin boyu uzun Burla Xatunu

Ədəbi tənqidimizin boyu uzun Burla Xatunu
8 fevral 2025
# 11:34

Kulis.az Gülyaz Əliyevanın ötən günlərdə dünyasını dəyişən ədəbiyyatşünas, tənqidçi İradə Musayeva haqqında "Ədəbi tənqidimizin boyu uzun Burla Xatunu" yazısını təqdim edir.

Mən bu yazını 2018-ci ildə yazmışam. Onunla ilk tanışlığımızdan sonra, tanışlığımızın təəssüratıyla. İlk dəfə onun yazısını feysbukda oxuyanda üslubunu, fikirlərini bəyəndim, dedim, bax, bu kimdirsə, yazı müəllifinə əsl tənqidçi demək olar. Hər şeyi çox gözəl analiz edir, nəticə çıxarır. Düzü, ona qədər bu xanımla heç bir tanışlığım yox idi, kim olduğunu belə bilmirdim. Yazılarını tez-tez ədəbiyyat müəllimləri qruplarının birində paylaşdığı üçün əvvəl elə bildim ki, orta məktəbdə ədəbiyyat müəllimidir. Oxuduğum ilk yazısı tələbəlik xatirəsi idi. İnstitut illərindən bəhs edirdi və bu xatirələrdən ilhamlanıb mən də o tərzdə bir yazı yazdım, yazım çox bəyənildi. Məqaləni o xanıma yolladım və onun yazılarının təsiri ilə yazdığımı, oxuyub rəy bildirməsini xahiş etdim. Məqalədə diqqətsizlikdən buraxdığım səhvlər, cümlə xətaları var idi. O xanımın sərraf tənqidçi gözü həmin cümlələri həmin andaca tutmuşdu. Yazımın yaxşı olduğunu söylədi və mövzu ilə, oxuduğum kitablarla bağlı öz iradını və tövsiyələrini bildirdi. Yalnız bundan sonra onun kim olduğu ilə maraqlandıqda qarşımdakının bir ədəbiyyat müəllimi olmaqla yanaşı, həm də bir ədəbiyyat bilicisi, filologiya üzrə əsl mütəxəssis, bir tənqidçi olduğunu öyrəndim... O həm də ağdamlı idi, (mən yerlipərəst deyiləm ), amma bəlkə, qan çəkmişdi, torpaq, hava çəkmişdi, bəlkə, ruhumuzun, fikirlərimizin yaxınlığı çəkmişdi bizi... Bilmədim, ona qarşı çox doğmalıq və yaxınlıq hiss etdim, ilk gündən.

Sonralar bu yazıların sehrinə düşərək onların daimi izləyicisinə çevrildim.

Uşaq vaxtı bilmədiklərimi ədəbiyyat müəllimi olan atamdan soruşardım, o da çox hövsələ və səbrlə mənə hər şeyi izah edərdi. Elə suallarım da vardı ki, onları soruşanda mənə böyüyəndə başa salaram, demişdi. Təəssüf ki, mən böyüyəndə atam artıq həyatda yox idi... Odur ki, o suallarım cavabsız qaldı!

Bir dəfə atamdan -çı (-çi, -çu, -çü )şəkilçisi haqda soruşduqda bu şəkilçinin hansı sözə artırılarsa, əsasən onunla məşğul olan bir peşə sənət bildirdiyini yaşıma uyğun şəkildə izah etməyə başladı: "Pambıq yığana pambıqçı, üzüm yığana üzümçü, dəmirdən əşyalar düzəldənə dəmirçi deyirlər",–deyə izah etdi. Mən "Bəs, tənqidçi?", –deyə sual verdikdə atam "Tənqidçi tənqid eləməklə məşğul olana deyirlər", - dedi, amma bu tənqid, qərəzli tənqid deyil. Tənqidçi gərək ədəbiyyat tarixini, ədəbiyyat nəzəriyyəsini gözəl bilsin, yeni yazılmış əsərləri saf-çürük eləsin, yaxşı və pis cəhətlərini göstərsin ki, yazar da ondan faydalansın və ya oxucuya təsir etsin. Tənqidçi məqsədi, amalı hər şeydən uca tutandır.
Mən "Onda, yəqin, əsərləri tərifləyirlənlərə də tərifçi deyirlər?"- deyə soruşduqda isə atam "Böyüyəndə bunları daha aydın başa salaram", – deyə cavab verdi...

Bir müddət ədəbi tənqid sahəsində mən tənqiddən çox tərifə rast gəldim. Atamı elə bərk arzuladım ki, kaş sağ ola idi. Ürəyimdə ona çoxlu suallarım qalmışdı. Deyim ki, ata, bəs sən deyirdin, tənqidçi düz olmalıdır, sırf ədəbiyyata xidmət etməlidir. Nə yalandan tərifləməli, nə də yalandan tənqid etməlidir, obyektiv olmalı, ədəbiyyatın inkişafına şair və yazıçıdan daha çox fayda verməlidir. Ədəbiyyatda əsla qohumbazlıq, yaltaqlıq olmamalı, istedadın qarşısı kəsilməməli, istedadsızlara münbit şərait yaradılmamalı, onlar yuxarı başa keçirilməməlidir... Amma mənim bu suallarım cavabsız qaldı...

Deyirlər, Seyid Əzim Şirvaninin babası bütün Qafqazda çox məşhur olan bir ruhani olub. Seyid Əzim Şirvani özü də ali ruhani təhsili görmüş bir ruhani olub. Amma onun qədər ruhaniliyə yaxından bələd olan və onun qədər ruhaniliyi tənqid edən ikinci bir ədibə ədəbiyyatımızda rast gəlinmir... Deyirlər, o, ruhanilərə çox yaxından bələd olduğundan onların zəif cəhətin, mənfi xüsusiyyətlərini daha yaxşı bildiyindən ürəyi yanır və o üzdən tənqid edirdi.

Hal-hazırda İradə Musayeva qədər də alimləri, plagiatçılığı, AMEA-nı tənqid edən ikinci bir tənqidçiyə rast gəlinmir...Əcəba, görəsən, niyə?!

Mən nə böyük alim, nə də tənqidçiyəm, mən ədəbiyyatdan az-maz başı çıxan adi orta məktəb müəllimiyəm. Amma mən İradə xanımın ədəbi-tənqidi yazılarını, üslubunu çox təqdir edir, bəyənirəm. İstər bu adi feysbuk statusu olsun, istər V. Səmədoğludan, onun poeziyasının poetikasının araşdırılmasından bəhs edən, istər irlandiya yazıçısı C. Coyssun "Uiliss"romanından bəhs edən "Ceymc Coysun "Uiliss "romanı və ədəbiyyatda devrim", istər "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz ", "Tənqidin sözü –sözün tənqidi" kitabları olsun, istərsə də, xeyli sayda dərs vəsaiti, tədris-metodik tövsiyələr, tədris proqramlarının, ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş elmi məqalələri olsun....Nədir İradə xanımı mənə bu qədər sevdirən? Mən İradə xanımın cəsarətini bəyənmişəm, kəskin qələmini bəyənmişəm, yaltaqlıqdan uzaq olan xislətini bəyənmişəm, əsərlərə orijinal, həyati, təbii, real yanaşma və nəticəçıxarma qabliyyətini sevmişəm... Nədənsə, hər dəfə onun yazıların oxuyanda ağlıma "Kitabi -Dədə Qorqud " dastanının kişilirlə birlikdə at minib-çapan, qılınc vuran, qurşaq tutub güləşən, yağı basqını zamanı "yağının bir ucu sənin, bir ucu mənim", - deyən qadın qəhrəmanları gəlir ağlıma...

Nəhayət, bir gün yazılarına və gözəlliyinə heyranlıq duyduğum filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva ilə yaxından və şəxsən tanış olma fürsəti buldum və onunla BDU-da görüşdük. Bu ucaboy, şax qamətli qadını görəndə ağlımdan keçən ilk cümlə bu oldu: "Boyu uzun Burla xatun!"

Ədəbi tənqidimizin Boyu uzun Burla xatunu ‐ cəsarətli və obyektiv tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, İradə Musayeva!

Mənim yaddaşıma o, bu cür həkk olundu!

2018-ci ildə yazdığım bu yazı burada bitirdi, onda hələ İradə xanımın qəfil aramızdan belə tez gedəcəyini ağlıma gətirmirdim...

Bu gün feysbukda qarşıma çıxan, düz 7 il öncə İradə Musayeva haqqında yazdığım bu yazını yarımçıq hesab etdim və onu bu sözlərlə bitirmək istədim: "...və vaxtslz ölüm onu bizdən alsa da, İradə xanım, həmişə bizim yaddaşımızda bax beləcə qalacaq! Şux qamətli, gülər üzlü, cəsarətli, sözü yerində və maqamında deməkdən çəkinməyən, ana dilimiz, ədəbiyyatımız üçün daim narahat olan, bu yolda özünü şam kimi əridən, adının haqqını tam mənası ilə verən, öz ləyaqətini hər şeydən uca tutan əsl alim, alovlu vətənpərvər, cəsarətli tənqidçi, sözübütöv adam, humanist müəllim, alovlu natiq, gözəl xanım, qətiyyətli ana dili təəssübkeşi, "Ədəbiyyat qadın", iradəli İradə xanım kimi... "


İradə xanım tənqidi, çox məsuliyyətli ədəbi yaradıcılıq növü, analitik təfəkkür meyarı sanırdı və ona bu cür yanaşırdı.

Müsahibələrinin birində H.Cavid haqqında dediyi bu sözlər, nədənsə, 3 gündür ki, beynimdən çıxmır. Elə bilirəm ki, Cavid haqqında dediyi bu sözləri elə özü haqqında da deyib:


"Hüseyn Cavid... Ağırlıq, əfəndilik, dözüm, təmkin və ən əsası prinsipial və ədəbiyyata, qələmə, sözə sadiq bir şair... Evini, ailəsini, özünü tari-mar, viran etdilər, ürəyini dağladılar, dörd bir tərəfində görk olsun deyə insanlara və insanlığa işgəncə verdilər, Söz- insanlığın, mənəviyyatın və ruhun simvolu olan İlahi Söz Cavidin içində salamat qaldı, ölmədi... Bu barədə boğazdan yuxarı danışmaq mümkün deyil. Sənin doğmalarını məhv edələr, adını-sanını, şöhrətini qarğa-quzğunlar tökülüşüb əlindən ala, xəstə halinlə çovğunun, şaxtanın ortasına atalar və sən bəlasına düşdüyün İlahi sözün üzünə ağ olmayasan. Əksinə, onun ayaqlarına düşüb ondan aldığı ilhamla, eşqlə iblisləşmiş, şeytanlaşmış zavallı insanlara mərhəmət, ədalət, zəka diləyəsən. Cavid sözü diri, bakirə və alçaldılmamış vəziyyətdə saxlaya bildi...

Bu gün Sözü ilahi məqamından endirib ayaqlar altına atmış yazarlar, ədəbiyyatşünaslar, tənqidçilər bir qarın yeməyə də mövqeyini dəyişir, sözü hörmətdən salır. Unutmayaq ki, Söz də cəmiyyət kimi simasızlaşa, əxlaqsızlaşa bilir. İkibaşlı danışır, yalan danışır, işvə-naz satır, zinalıq edir, tez-tez oğurluq mal kimi tutulur və s.

Həqiqi ədəbi tənqid vicdan məsələsidir. Sözün tərəzisi tənqidçinin əlindədir".

İradə xanım da elə H. Cavid kimi ömrü boyu ağırlıq, əfəndilik, dözüm, təmkin və prinsipiallıq göstərdi, vicdan məsələsi sandığı tənqidə, ədəbiyyata, qələmə, sözə sadiq qaldı...

Allah ona rəhmət eləsin.

# 171 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni:  "Uşaqlara əxlaq dərsi keçirilməlidir"

Müğənni: "Uşaqlara əxlaq dərsi keçirilməlidir"

14:33 8 fevral 2025
Alim Qasımov:  "Dünyamı dəyişəndən sonra sevdiklərim ağlamasın"

Alim Qasımov: "Dünyamı dəyişəndən sonra sevdiklərim ağlamasın"

11:35 8 fevral 2025
Rəhim Əliyev:  "Oğluma inamım böyükdür" - Açıqlama

Rəhim Əliyev: "Oğluma inamım böyükdür" - Açıqlama

18:35 7 fevral 2025
Kreml:  "Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı qərar veriləcək"

Kreml: "Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı qərar veriləcək"

18:14 7 fevral 2025
Yazıçı Rəhim Əliyevin oğluna yüksək vəzifə verildi

Yazıçı Rəhim Əliyevin oğluna yüksək vəzifə verildi

17:04 7 fevral 2025
Yaşamaq, şübhəsiz ki, budur! - Ülvi Babasoy

Yaşamaq, şübhəsiz ki, budur! - Ülvi Babasoy

17:00 7 fevral 2025
#
#
# # #