Düzü-dünyanı sarmış füsunkar rəqsiyyat poeziyası...

Düzü-dünyanı sarmış füsunkar rəqsiyyat poeziyası...
26 dekabr 2023
# 12:20

Bu gün əfsanəvi rəqqasə Əminə Dilbazinin doğum günüdür.

Kulis.az Tahir Abbaslının "Əminə Dilbazi" yazısını təqdim edir.

şeiriyyət yurdundan çıxıb, düzü-dünyanı sarmış füsunkar rəqsiyyat poeziyası...

“Düzü-dünyanı sarmış” sözüm, onun düz doxsan birinədək (“ölənədək” deməyə dilim gəlmədi) yadırğamadığı ləhcəsilə desək, “yalan ha döyül”; “Tələbə və gənclərin 6-cı ümumdünya festivalı”nda (Moskva) qızıl medala layiq görülmüş bu qız (heç bu “qız” sözü də “sözgəlişi döy”; o, səhnəyə çox uşaqkən çıxıb, çox gənckən də düşüb) öz “internasional repertuar”ındakı rəqslərlə bu dünyanın yarıdan çoxunu “süzüb”...

Çox vədə şimşəkmisal ceyran-cüyür, sehrdilli turac-torağay, üçtelli-dördtellı durnalarsayağı süzüb, hərdən də süsən-sünbül kimi titrəyə-titrəyə, nanə yarpağıtək əsə-əsə...

Bu füsunkar zər-zərifliyə, incə-mincəliyə, dilsiz can-cüssə, bər-bədən, əza-naza hekayətlərinə - dövrün “zəhmətkeş xalq kütlələri” bir yana, - kimlər vurulmayıb?!.

İstədim, bu bənzərsiz rəqqasəmizin sənətinə sevgi kəlmələrimin gözünə fərdinə məhəbbət barədə də bir-iki söz “oynayım”, gördüm, bu rəhmətlik özü sağlığında bu sarıdan da hamıdan maraqlı-mənalı...

“Rəqs” edib:

“Bəstəkar Cövdət Hacıyevlə musiqi məktəbində bir oxumuşuq - A.Zeynallının dərsində ikən şəklimiz də var (T.Quliyev və başqa məşhur sənətkarlarımızla birgə). Taleyin qismətinə baxın ki, Cövdətlə Filarmoniyada da rastlaşdıq. O, Q.Qarayevlə birgə Filarmoniyaya bədii rəhbər təyin olunmuşdu. Müharibə vaxtı idi. Qarayev bizim rəqs ansamblı ilə çox yaxından maraqlanır, tündxasiyyət Cövdət isə heç məşqlərimizə belə gəlmirdi. Bir gün Qara müəllim onu son məşqə baxmağa məcbur edir (deyir, “orda qırmızı uzunboğaz çəkməli bir qız var, bilirsən necə oynayır!"). Cövdət gəldi, baxdı və hiss etdim ki, tək elə rəqsimi yox, özümü də möhkəm bəyənib! Di gəl, yaxınlaşıb öz sevgisini bəyan etməkdən çəkinirdi... Cövdətə (azəri qızı üçün “man” sayılan) “Mən yalnız səni sevirəm!” məzmunlu geniş bir məktub yazmaq cəsarətindən də qalmadım. Və... Gəncə səfərindən geri dönürkən Cövdət məni vağzaldan birbaşa ZAQS-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər...”

Sonralar “Rəqqasənin sənət ömrü 20-cə ildir - 16-36 yaş arası. Buraya gənc gəlib, gənc getməli olursan” deyəsi bu qızın nikah mərasiminə yalnız həmyerliləri şahidlik edib. Bəs, həm də “Mən isə 60 ildir rəqsdəyəm; düz üç rəqqasə ömrü yaşamışam” demiş bu “qarımaz” xanımın sənət mərasim-“mərəkə”lərinə?

Bütün xalq!..

Deyirəm, elə bu “fəsil”i də xatirəvari yazıb-tamaşalayaq. Nədən ki, o özü də xatirə danışmağı xoşlayırdı. Amma bu (kişilərin “mən o məcnunlardan deyiləm” ayağından), hər leyliyəbənzərlik kimi anlanmamalıdır. “Ölüm” adlı (“kəmfürsət”, “amansız” adlandırsaq da) Haqqın bələdçisi “zalım” qocalıq bu büsbütün səhnə yaradılışlı xanımın digər sənət “dizayn”ı elementlərinə əl gəzdirmiş olsa da, yaddaşına toxuna bilməmişdi. Və 26 dekabr 1919-cu ildə Qazax rayonunda doğulub, 30 aprel 2010-da Bakıda vəfat etmiş bu sənətkar + xanım bütün ötüb-keçənəklərini elə qaynar bir sənət və həyat coşğusuyla yaşamışdı ki, sözünün-söhbətinin heç bir ada-odasında “odu söndürüb, külüylə oynamaq” eyhamına yer qalmamışdı...

Deməli, bu hədsiz dərəcədə dəcəl, ağaclara dırmaşmaq fərasətilə utandırdığı oğlan tay-tuşlarını, üstəlik, dava-dalaşda əzişdirən, “üstünə şikayətə gələn fağırlarla özünü yekəxana aparanların “məhkəmə”sini qurub, haqsızın dərsini verən bu qızın ailəsi böyük qardaşı Cavanşirin sağalmaz xəstəliyə tutulması səbəbilə Bakıya köçür. Oğul itkisinin atasını bərk sarsıtdığını hiss edən bu balaca qız öz nazlı (lap oğlanlarsayağı) nadinclik və nəvazişləriylə bu dərdi ona unutdurmağa çalışır və nail olur. Bir gün: “A qızım, sən lap mənim Cavanşirimsən ki!” - deyən atası onu bərbərxanaya aparıb saçlarını oğlansayağı kəsdirir, çərkəzi paltar alıb geydirir və qaragül dərisindən papaq, gözəl bir xəncər də sifariş verir. Yeddi yaşında getdiyi məktəbdən ağır xəstəlik səbəbilə bir müddət ayrılmalı olur. Həkim, valideyn və müəllimləri onun dərsə davamiyyətini məsləhət görməsələr də, Əminə inadından dönməyib oxuyur. On üç yaşında isə daha bir tale zərbəsi; onu çox sevib-qiymətləndirən fədakar ata vəfat edir.

Atasının “oğlum” dediyi bu qız idmana həvəs göstərir və yüngül atletika növü üzrə yarışlarda daim birincilik qazanır. Lakin...

1935-ci ilin payızı. Məktəb direktoru onu çağırtdırır, kabinetində əyləşmiş bir kişiyə təqdim edir və sonda üstüqeydli bir kağız verib tapşırır ki, sabah mütləq bu ünvana getsin. Bu məşhur idmançı qızcığaz da ən yaraşıqlı “sportmal”lardan geyinir və gedib görür ki, “bay, bura rəqs meydançası imiş ki!”. Növbə ona çatır və soruşanda ki, hansı havaya oynayacaqsan, deyir, heç birinə! “Mən idmançıyam, məni bura səhvən göndəriblər”. Deyiblər, oynamalısan və musiqi səslənib. Xeyli utanıb-qızardıqdan sonra dillənib ki, bu havanı kəsin, “hopsa” çalın. Deyiblər, belə rəqs yoxdur axı, başlayıb öz ağzında çalmağa və oğlansayağı oynamağa. Bir də onda ayılıb ki, zalda gülüş səsindən qulaq tutulur, komissiya üzvləri isə uğunub gedir. Pərtlikdən ölüb-diriləndən sonra paltosunu götürüb, var gücüylə qaçmağa başlayıb. Yolboyu and içib ki, ömrü boyu heç toy-nişanda da rəqs etməyəcək! Məktəbə çatcaq direktora deyib “Bir də ora getmərəm!”, məsələdən hali direktor da, tir-tir titrəyən qızcığazın həyəcanını azaltmaqçün: “İndi ki istəmirsən, getmə”, - deyib.

Amma üç-dörd gün sonra onu yenidən direktorun otağına çağırıblar, orada ötəndəfəki kişini görcək qaçmaq istəsə də, tutub-saxlayıblar və həmin qonaqla belə bir söhbət olub: “- Sənin oynamağını çox bəyəniblər, qızım. - Mən idmançıyam, yoldaş komissiya. - Yox, artıq səni yenicə yaradılan Azərbaycan rəqs ansamblına qəbul ediblər. - Yox, yox, mən istəmirəm... - Üstəlik, sənə ayda 200 manat da təqaüd veriləcək”. “200 manat təqaüd?! - qızcığaz bu xitabı qarşısındakı komissiya üzvünə (sonralar tanıyıb-sevəcəyi rəqs ansamblının direktoru Əşrəf Səfərova) yox, üç uşağını dolandırmaqçün üç yerdə işləməli olan anasının xəyalına edirdi. İki saatdan sonra bunu üzbəsurət də deyib: “Ana, hər ay sənə 200 manat versəm, işinin birindən çıxarsan?" Bu sözdən dəli olmaq dərəcəsinə gələn ana “sən bu pulu hardan tapacaqsan, bəlkə kimsə səni ələ almaq istəyir?!” soruşduqda, hər şeyi olduğu kimi danışıb...

Üç aydan sonra təqaüdünün əlavə 100 manat da artırılmasına sərəncam verən (vaxtilə elə anası ilə birlikdə yanına getdiyi və çox xeyirxahlıqlar gördükləri) Üzeyir bəyin yeni qayğıkeşliklərindən də danışarmış. Bir gün də gəlib deyib ki, Üzeyir bəy bizim rəqs ansamblının əsasında Azərbaycanın ilk xalq rəqs ansamblının yaradılması üçün hökumət qarşısında məsələ qaldırıb...

Bu qız özü isə...

Azərbaycan Dövlət Filarmoniyası Dövlət Mahnı və Rəqs Ansamblının solisti (1936-1939), sonralar rəqs qrupunun rəhbəri, Xalq artisti adı aldığı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunda yaratdığı “Çinar” tələbə-rəqs kollektivinin, 1967-də qurduğu “Sevinc” qızlar ansamblının rəhbəri olub, 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. Hələ gənclik illərindən “Leyli və Məcnun” operasında, “Arşın mal alan”, “O olmasın, bu olsun” (hələ bu filmdəki ecazkar rəqsi!) filmlərində, daha neçə-neçə səhnə və ekran şedevrlərində, habelə Moskva və digər müttəfiq respublikaların səhnələrində rəqslərə quruluş verib.

Bu bənzərsiz incəsənət adamının oynadığı (əslində, yenidən yaradıb, can verdiyi!) “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Nazeləmə” rəqslərinin hər biri Azərbaycanın yaddaş zövqünə ayrıca obraz kimi daxil olub. Dizlik bağlamadan (təbiilik naminə) oynadığı “Turacı”nı ifa zamanı hər dəfə yıxılıb-zədələnən, bəzən günlərlə axsayan bu xanım bu Vətəni, bu dünyanı həmkarlarından dəfə-dəfə çox, dəfə-dəfə şux gəzib-dolaşdı...

# 672 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #