Demokratiya faşizmin başqa formasıdır – Aqşin Yenisey yazır…

Demokratiya faşizmin başqa formasıdır – Aqşin Yenisey yazır…
18 may 2023
# 15:55

Kulis.az Aqşin Yeniseyin "Siyasi metamorfoz: HEÇ-in varlığa çevrilməsi" adlı yazısını təqdim edir.

İdeologiyaların praktik gücünün sirri budur: özü-özülüyündə bir HEÇ olanı ideoloji ikonaya çevirmək, HEÇ-ə kimlik vermək və bu kimliyi rəmzləşdirmək. HEÇ-ə varlıq statusu qazandırmaq. Onu yoxdan var etmək. Daha sonra milyonlarla nüsxələrini yaratmaq.

Bu ilahi taktika bütün ideologiyaların strategiyası və dini mənşəyidir. O cümlədən demokratiyanın da. Demokratiya da mənşə etibarilə faşizmin, stalinizmin başqa bir formasıdır. O da öz HEÇ-inə kimlik və varlıq statusu qazandırır, onu ikonalaşdırır, sonra bu ikonaların nüsxələrini çoxaldır. İdeallaşdırılımış HEÇ ikonaya çevrilməklə varlığın fövqünə qalxır və beləliklə, ikonalaşdırılmış demokrat kimliyi ilə hamıya yuxarıdan aşağı baxan bir diktatora çevrilir.

Təsadüfi deyil ki, tarixin ən böyük humanitar fəlakətinin (İkinci Dünya müharibəsi) ləkəsi hələ ki, demokratik seçkinin yaxasındadır.

Bu yazımıza HEÇ-in ideoloji varlığa necə çevrildiyini stalinizm praktikası üzərindən şərh edəcəyəm, amma istərdim ki, demokrat uniforması geyinmiş insanlarımız faydalansınlar.

Rus tarixçisi Mixail Qefter bolşevizmi "hamımızın içinə girən Stalinizm” adlandırırdı. Bu ifadəni Hitler, Mussolini faşizminə də yaraşdırmaq olar. Necə olur ki, yüzlərlə humanizm ideyalarının təbliğ olunduğu bir dünyada stalinizm, fürerizm kimi fikir, düşüncə düşməni olan praktikalar insanları özünə heyran edə bilir?
Əlbəttə ki, ideologiyaları siyasi elitanın faydalılıq prinsipi ortaya çıxarır. Amma işin psixoloji tərəfi də var ki, çox az adam buna diqqət yetirir.

Psixoloji testlər heyranlıq duyğusunun güzgü effektindən yarandığını göstərir. "National Geographic”in intellektual proqramlarının biri psixoloji testə cəlb etdiyi oğlan və qızların şəkillərini çəkdi və oğlanların fotodakı üzünə qızların, qızların fotodakı sifətinə oğlanların üz orqanlarını əlavə etdi və xoşlarına gələni seçmək üçün həmin şəkilləri gənclərə göstərdi. Gənc oğlanlar və qızlar öz üz cizgilərini daşıyan şəxslərin şəkillərinə "vuruldular”. Bunun elmi-psixoloji izahı bu idi ki, hər kəs ilk baxışda qarşı cinsdə özünə bənzəyən zahiri cizgilərə aşiq olur. İş daxili gözəlliklərə keçəndə isə boşanırlar.

Yəni sufinin dediyi kimi, aşiq gördüyündə özünə vurulur. İnsan özü gözəldirsə, güzgüdəki gözələ, eybəcərdirsə, güzgüdəki eybəcərə heyran olur. Stalinizm Qefterin dediyinin əksinə, hamının içinə girməmişdi, hamının içindəki Stalinə güzgü tutmuşdu.

Aşiq və məşuqluq gözəllikdə olduğu kimi, eybəcərlikdə də insanın qarşısındakı özünə heyran olmasıdır. Qefterin dediyi "bolşevizm hamımızın içinə girən Stalinizmdir” dediyi şeyin şərhi budur ki, bolşevizm, Stalini görüncə, içimizdə olan stalinizmin ona vurulmasıdır. Eynisini Hitler haqqında da deyə bilərik; Birinci Dünya müharibəsindən sonra Almaniya öz içində gizlənmiş balaca gücsüz hitlerlərlə dolu idi, gerçək və güclü Hitleri görüncə, bütün gizli və gücsüz hitlerlər ona heyran oldu və "işığına” yığıldı.

Eşq, sevgi kimi bu cür yırtıcı, emosional ideyalar da dərhal şüuru aşıb şüuraltına keçirlər, yəni iradənin nəzarətindən çıxırlar. Leylinin Məcnunu olanlar, bu dəfə Stalinin, Hitlerin məcnunlarına, dəli-divanələrinə çevrilirlər. Beləliklə, bu kütləvi emosiyalar cəmiyətin, xalqın şüuraltı dünyasını yaradır.

Həyatımızın, şüuraltımızın əlində əsir-yesir olduğunu göstərən ən bilinən fakt tənəffüs sistemimizin şüurumuzdan (iradəmizdən) asılı olmadan öz-özünə "daimi mühərrik” effekti ilə işləməsidir. Şüuraltımız bizi yaşamaq uğrunda mübarizədə "olmazsa olmaz” olan bir çox mühüm qayğıdan azad etsə də, bu azadlığın əvəzini bizə başqa, bəzən acınacaqlı bir formada ödədir. Məsələn, anidən şüurun önünə keçib bizi arvadımızı döyməyə təhrik edir, halbuki bu "partlayış” alt şüurmuza yığılan uşaq vaxtı bizi əzişdirən anamıza olan qəzəb idi.

Xalq dili buna "cin atına minmək” deyir; "cin atına minmək” ifadəsi xəlqi düşüncənin şüuraltına verdiyi addır. Məsələn, şüurumuz həll edə bilmədiyi məsələni şüuraltının ixtiyarına verdikdə biz ya aşiq oluruq, ya qatil. "Cin atına minmədən”, yəni yüyənimizi şüuraltının ixtiyarına vermədən bunların heç biri ola bilmərik. Əslində, heç bir halda biz heç nəyə minmirik, tam əksinə, cin bizi öz atı kimi minir, yəni kontrolumuz tamamilə şüuraltının əlinə keçir ki, bu da çox vaxt həyatımızda gözlənilməz nəticələrə gətirib çıxarır.

İndi gələk mətləbə. Bu gün alt şüurumuzun ən gənc qatını təşkil edən bolşevizm praktikası (bolşevizmə ideologiya demək doğru olmazdı, bu, sadəcə, aqressiv tətbiq olunan kommunist eqoizm idi) sıradan insanları haqqın, ədalətin, bərabərliyin rəmzinə, simvoluna çevirməklə onları adi, gündəlik həyatdan uzaqlaşdırıb mifləşdirmişdi. Hər şeyləri ilə primitiv olan adamlar bir cümləlik əmrlərlə hərəsi bir şeyin rəmzi elan olunmuşdular; kəndlər, şəhərlər dolu idi təhsilin rəmzi olan pioner "əlaçı”lar, əməyin simvolu olan "Qırmızı bayraq ordenli” zəhmətkeşlər, demoqrafik partlayışın ikonası olan çoxuşaqlı "qəhrəman analarla”.

Eqoist kommunizmin belindən və beynindən gələn indiki cəmiyyətimizdə də var bu xəstəlik. İnsanlar rəmz kimi, simvol kimi, nəyisə ifadə edən, mənalandıran bir atribut kimi, əşya kimi yaşamaq istəyirlər. Bu istək onları cürbəcür idoloji praktikaların bütünə çevirir. Titulusuz hisslər, duyğular onlara əzab verir. Dəli paltarına rəngli əski-üskü, cıncıq-muncuq tikdiyi kimi, bu tip insanlar da adi, gündəlik hisslərinə, duyğularına cürbəcür psixoloji, ikonok ayın-oyun əlavə etməyi sevirlər. Ən pisi isə özünü rəmzləşdirmiş, praktik ideolojilərin bütünə, ikonasına çevirmiş insanlar yan-yörələrindən də özlərinə uyğun balaca qurbanlar tələb etməyə başlayırlar ki, bu da ictimai həyatı korlayır.

Yaxın tarixdən alt şüurumuza yığılan bu bolşevik praktikanın daşıyıcılarını psixoanalitik nekropsiyaya məruz qoymasaq, yeni cəmiyyət qurmaq bizə çətin olacaq. Çünki bolşevizmin bu psixi qalıntısını, məsələn, indi özünə "demokratik düşərgə” siyasiləşdirilimiş camaat mənisəyib. Hakimiyyətin siyasətindən bir balaca narazı olanlar, elə bilirlər ki, demokratik düşüncə daşıyıcısıdırlar. Hətta özü-özlüyündə bir HEÇ olanlar ağına-bozuna baxmadan hakimiyyətə döşəyirlər ki, hazır demokrat kimliyi qazansınlar.

İnsanları cürbəcür sosial, ictimai, hətta təşkilati bəsitliklərin rəmzinə, simvoluna çevirən bolşevizm praktikası onları reallıqları qiymətdləndirmə imkanından məhrum etmişdi. Sosrealizm deyilən məfhumun görmədiyi, qiymətləndirə bilmədiyi bircə şey var idisə, o da dövrünün sosial reallıqları idi. Eyni korluq bizim özünə demokrat deyənlərdə də var; özlərini görmək və dəyərləndimək bacarığından məhrumdurlar. Çünki ikonalaşdırıblar, ilahiləşdiriblər özlərini.
Tələb etdikləri isə demokratiya deyil, özlərinə kəsiləcək qurbanlardır. Hətta bəziləri dövlətin özünü də özünün müqəddəsləşdirilmiş HEÇ-liyinin qurbanı kimi görür.

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #