Təşəbbüs yaxşıdır, şərtlər yanlış – Yazıçılar AYB-nin koronavirusla bağlı müsabiqəsindən danışdılar - Sorğu

Təşəbbüs yaxşıdır, şərtlər yanlış – Yazıçılar AYB-nin koronavirusla bağlı müsabiqəsindən danışdılar - Sorğu
8 aprel 2020
# 18:30

Xəbər verdiyimiz kimi, AYB-ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olunub.

Kulis.az müsabiqəyə qatılıb-qatılmayacaqları ilə bağlı yazarlar arasında soğru keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

Yay vidalaşmaları - Səfər Alışarlı

- Müsabiqəyə qatılmayacam. Çünki o yazıları qiymətləndirəcək adamların ədəbi zövqünə şübhəm var. Mövzunun qoyuluşundan görünür ki, bu adamlar ciddi yaradıcılıq dəngələrindən çox uzaqdırlar. Pandemiya mövzusu hələlik özünü satirik qələmə daha çox tuşlayıb, yəni mənlik deyil.

Azad Qaradərəli

Azad Qaradərəli - Sevdiyim kitablar

- Mən pandemiya ilə əlaqəli üç hekayə yazmışam. Hər üçü saytlarda var. AYB-nin müsabiqəsində isə iştirak etmək fikrim yoxdur. Çünki Nuh əyyamından qalma bir qurumun ən yeni pandemiyadan bəhs edən mətnə qiymət verməyə gücü və mənəvi haqqı çatmaz. Oyunçu aparsın.

Narıngül Nadir

Narıngül: “İlk kitabımı yandırdım” - MÜSAHİBƏ

- Maraqlı müsabiqədir. Mövzunun aktual və hadisələrin diri olduğu bir zamanda, məncə, maraqlı hekayələr yaranacaq. Yəqin ki, bu müsabiqə bir qədər də “evdəqal” kampaniyasına dəstək olacaq. Açığı, bu mövzu hələ beynimdə formalaşmamış, “özümünküləşməmiş” bir mövzudur. Mənimçün əsas olan hadisəyə hansı aspektdən yanaşmaqdır. Əgər uğurlu yanaşmanı tapa bilsəm, cəhd edəcəm. Müsabiqəyə qatılmaq istəyərəm.

Cavid Zeynallı

Cavid Zeynallı. Üç Hekayə » Yarpaq.az

- Müsabiqənin elan etdiyi istiqamətlərdə yazmaq üçün hər hansı mövzu və ideyam yoxdur. Ona görə tərəddüd edirəm konkret nəsə deməyə. Hər halda maraqlı ideyadır, yaxşı təşəbbüsdür. Həvəsləndirici tərəfləri - mükafat fondu da yaxşıdır. Həmkarlarımızı qoşulmağa, müsabiqəyə dəstək verməyə çağırıram.

Mübariz Örən

Minotavrın ölümü... - Mübariz ÖRƏN - hekayə | Edebiyyatqazeti.az

- Srağagün bir yazıçı dostum paylaşmışdı, "Rossiya seqodnya" BİA-nın Baş direktoru Dmitri Kiselyov maraqlı bir layihə başlayıb. Koronavirusla ölüm-dirim savaşında yazıçıları, şairləri, publisistləri əhalinin yanında olmağa, onları ruhlandıracaq, güldürəcək, güclərinə güc qatacaq pandemiya mövzulu əsərlər yaratmağa səsləyib. İlk olaraq Viktor Yerofeyevin "Viruslar ailəsi" hekayəsi verilmişdi. Hekayəni oxudum, düzü güclü təsir bağışlamasa da, təşəbbüs xoşuma gəldi, fikirləşdim ki, bizdə də belə bir layihə olsa, əla olar. Hətta dostumun statusunun altında zarafatla yazdım ki, bəlkə, hərəyə birin yazaq? Bu gün isə belə bir xəbər oxudum. Yaxşı ideyadır. Niyə də yox? Bu günlər insanlıq özünün - və tarixin! - ən çətin etaplarından birini yaşayır. Hamı gözlənti, qorxu, qeyri-müəyyənlik içindədir. Yollar bağlanıb, küçələr boşalıb, qatarlar, təyyarələr dayanıb, məktəblər buraxılıb... Şəhərlərdə həyat əlamətləri yoxdur, dəhşətli kimsəsizlik, heçnəsizlik ab-havası hökm sürür. Bütün bunları ədəbiyyata gətirmək lazımdı, necə ki, bizdən qabaqkı böyük yazıçılar bunu ediblər. Belə müsabiqələr isə bu işdə əlavə stimul verir, təkan verir. (Hər halda, inanaq ki, belə olacaq). Sözün düzü, o elanda bir cümlə məni açmadı: "Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti... əhatə etməlidir". Yaradıcı adam üçün bundan ağır şərt yoxdu. Mövzu var və bu bəs edir. Qoyulan başqa şərtlərin dalınca qaçsan, bədii əsər yox, inşa alınacaq. O ki qaldı mənə... Mən onsuz da gec və çətin yazıram. Təki olsun. Olsa, məmnuniyyətlə iştirak edərəm. Hər kəsə uğurlar!

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu - Vikipediya

- Müsabiqənin şərtlərində bir bölmə vardı. Həmin şərt beləydi: "Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir." Mənə elə gəlir ki, bu şərtlərə cavab verən yaxşı hekayə yazmaq olmaz. Belə şərtlərlə pafoslu, boğazdanyuxarı əsər alınar. Onun da bədii dəyəri inanmıram olsun. Digər tərəfdən biz hələ pandemiyanın dəhşətini bütünlükdə anlamıışıq ki, tam qiymət verə bilək. Bütün bunlara baxmayaraq, düşünürəm ki, təqdirəlayiq addımdır. Əgər bu müsabiqə nəticəsində heç olmasa bir dənə gözəl bir hekayə ortaya çıxacaqsa, nəyi pisdir, əksinə əladır. Özümə gəldikdə isə heç nə deyə bilmərəm. Bilmək olmaz, bəlkə yazdım, bəlkə yox. O asılıdır mənim daxili istəyimdən.

Sevinc Elsevər

Yazıçılarımız gündəliklərində nələr yazıb? - SORĞU

- Mən ilham pərisi ilə oturub-duran adamam. Ancaq özümü kökləsəm, nəsə yaza bilərəm. Bu mövzu məncə, hamımızın yaradıcılığında izsiz ötüşməyəcək. Çünki demək olar ki, həyatımızın bütöv bir baharını bu mövzu məşğul etməkdədir. Həyatımızın, yaşayışımızın içinədək girib. Artıq koronavirus mövzusunda iki şeir yazmışam. Hər bir hissə, özümün və başqalarının hisslərinə diqqətlə yanaşan adamam. Şeirin birinin qəhrəmanı özüməm. Gecələr nəfəstutma oyunu adıyla uşaqların ciyərlərinin havasızlığa dayanıqlığını ölçürdüm. Keçirdiyim hisslər dəhşət idi. Həmin hissi itirməmək üçün əbədiləşdirdim. Başqa bir şeirin ideyası isə qardaşımla söhbətləşərkən meydana çıxdı. Qardaşım tikintidə işləyir. Söz arasında dedi ki, əlimi o qədər spirtləmişəm, dərim göynəyir, əlimdəki yaraları daha çox hiss edirəm. "Bacın qurban, ay qardaş!" - dedim tipik hər bacı kimi. Amma hiss! Hiss qiymətli idi, qaçırmadım həmişəki kimi. Pandemiya mövzusunda niyə yazmamalıyıq ki? O, bizim həyatımıza bu cür ciddi təsir edir. Ola bilər, hekayə də yazım. Ancaq bunu əvvəlcədən deyə bilmərəm. Ağlıma qəşəng bir ideya gəlsə, özümü qane eləsə, qoşularam müsabiqəyə. Ən azından müsabiqə yeni-yeni hekayələrin yaranmasına stimul verəcək. İçlərindən ələnib ən yaxşıları ədəbiyyat tarixinə keçəcək. Sadəcə müsabiqəyə göndəriləcək hekayələrin mövzusu ilə bağlı şərtlərin konkretliyi adamı bir qədər çəkindirir. Bəlkə mənim yazacağım hekayədə qəhrəman həkimlər olmayacaq? Yaxud xəstələr heç gözə görünməyəcək? Özümü şərtlər daxilində yazmağa zorlaya bilməyəcəm. Amma nəsə yaza bilsəm, qatılaram. Məncə, evdə boş-boş oturmaqdansa, pandemiya mövzusunda hekayələr yazmaq daha yaxşıdır.

Ömər Xəyyam

Ola bilər ki, günün birində homoseksual olum” – Ömər Xəyyam

- Əlbəttə, qatılacağam. Hekayə hazırdır. Bir dəfə də əl gəzdirib göndərəcəm. Martda yazmışam. Düşünürəm ki, müasir Azərbaycan ədəbiyyatında bu mövzuda ən yaxşı hekayədir.

Alpay Azər

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ ...

- Güman ki, qatılmayacam, çünki müsabiqənin şərtlərinə uyğun hekayəm yoxdur.

Ayxan Ayvaz

Baba, yaxın gəlmə!” - Kənddə karantin günləri - Ayxan Ayvaz yazır...

- Məncə, birincisi, yazıçıya mövzu məhdudiyyəti qoyulmaz. Tibb işçiləri olsun, nə bilim, onların çətinliklərindən bəhs etsin. İkincisi, koronavirusun yayıldığı zamanda yaşayırıq. Ona görə də hələ onunla bağlı əsər yazmaq sadəcə konyuktura olar. Üçüncüsü və ən vacibi: AYB-nin olduğu bir müsabiqədə şəffaflıqdan söhbət gedə bilməz. Onlar hətta şedevr belə yazsan, sənə mükafat verməzlər, əvəzində AYB-yə yaxın olan bir adamı qalib edərlər. Hətta mən bilirəm ki, indidən qaliblər bəlli olub və mükafatın məbləği öz aralarında bölüşdürülüb. İndidən qalibləri təbrik etmək olar.

Müşfiq Şükürlü

Onun ədəbiyyata dəxli yoxdur - Müşfiq Şükürlü gənc yazarları ...

- Pandemiyanın belə qızğın vaxtında hekayə müsabiqəsinin keçirliməyini etik saymıram. Özü də pandemiya ilə bağlı müsabiqədən söz gedir. Əvvəla, ədəbi işgüzarlıq anlamında əlverişli deyil. Adicə həkimlər, alimlər koronavirusun kökünü kəsmək üçün vaxta ehtiyac duyduqlarını deyirlər. Bu təbii, bioloji fəlakət hələ həllini tapmayıb. Bəs bir yazıçı əti sümüyündən ayrılmamış situasiyadan necə yaxşı hekayə çıxartsın? Tezdir, məncə. Bir də ki, axı, hər gün azı yüzlərlə insan həyatını itirir bu virus üzündən. Belə bir vaxtda faciəyə nəğmə qoşmaq, onu sənətə çevirmək nə qədər doğrudur? Bu cür humanizm canfəşanlığında şüuraltı ironiya da tapmaq olar.

Rəvan Cavid

Rəvan Cavid's Photos in @revan_cavid Social Media Account

- Hazırda baş verənlər haqqında köşə yazmışam, hansısa ədəbi nümunə üzərində işləmirəm. Mənə elə gəlir, pandemiya gələcəkdə daha çox mətnin mövzusu olacaq. Bəzən bu cür tarixi, rezonansı böyük hadisələr yaradıcı adamları həyatın bəsit reallıqları ilə məşğul olmağa məcbur edir, izində olduğu həqiqətlərdən yad salır. O ki qaldı müsabiqəyə, koronavirus haqqında yazmaq xətrinə nə isə yazmaq, əlbəttə, çürükçülükdü. Ancaq kiməsə bu virus ilham veribsə, müsabiqə yaxşı fürsətdir.

# 3793 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #