Şuşaya rep yazan türk reper: “H.O.S.T və “Dəyirman”la ortaq iş görməyi çox istərdim” – Müsahibə

Şuşaya rep yazan türk reper: “H.O.S.T və “Dəyirman”la ortaq iş görməyi çox istərdim” – Müsahibə
13 yanvar 2021
# 08:59

Kulis.az tanınmış türkiyəli repçi Mehmet Borukçu ilə müsahibəni təqdim edir.

- Mehmet bəy, Azərbaycan izləyiciləri sizi Şuşaya, Qarabağa həsr etdiyiniz replər sayəsində kəşf etdi. Əvvəlcə oxucularımıza özünüz haqqında qısa məlumat verin. Kimdir Mehmet Borukçu?

- Mən 1976- cı ildə Almaniyanın Duisbutq şəhərində dünyaya gəlmişəm. Əslnə Aksaraylı olan rəhmətlik atam 1971-ci ildə Almaniyaya köçüb. Hazırda doğulub böyüdüyüm şəhərdə yaşamaqda davam edirəm. Evliyəm, beş uşaq atasıyam. Orta məktəbi bitirdikdən sonra Yüksək Ticarət Liseyini bitirdim. Sonra isə qatar maşinisti peşəsinə yiyələndim.

- Maraqlıdır, musiqi ilə bağlarınızı necə qurdunuz?

- Musiqiyə qarşı hər zaman güclü marağım var idi. Atam türkçü, Turançı, hətta ülkücü idi. Bizi də belə böyütdü. Mən sonralar bu həyat tərzimi musiqiyə yansıtdım. Övladlarıma da bunu öyrətməkdəyəm. Turan qurulana qədər bu silsilə davam edəcək.

- Avropa ölkəsində doğulub orda yaşamağınıza baxmayaraq türk ənənələrindən, öz kökünüzdən qopmamısınız. Açığı, az rast gəlinən vəziyyətdir.

- Türklük, Turan mənim var olma səbəbimdir. Mən Türkiyədəki ülkücü hərəkatın sənətçilərinin əhatəsində böyüdüm. Xüsusilə də Ozan Arifin. Ona çox şey borcluyam. Allah ona rəhmət eləsin. Təbii ki, türküləri dinləməklə yanaşı Qərb musiqilərindən pop və rep dinləyirdim. Sonralar Qərb soundlarını türk millətinin əzəli fikirlərinə qul etdim. Almaniyada yaşayarkən, bir şeyin fərqinə vardım ki, 90-cı illərdən sonra dünyaya gələn uşaqlarımız artıq o dəyərləri bilmirlər. Mən də onların dinləməsi üçün yeni nəslin, övladlarımızın tərzini seçdim.

- Səhv etmirəmsə, ülkücü hərəkatda bu tərz musiqi ilə məşğul olan yeganə insansınız.

- Hazırda bu istiqamətdə təkəm, amma çoxalacağımıza inanıram.

- Azərbaycan sevdası necə doldu içinizə?

- Gəlin, buna Azərbaycan sevdası deməyək. Bizim sevdamız və davamız tək bir ölkəyə sığacaq qədər kiçik deyil. 350 milyon türkün sevdasıdır bu. Şərqi Türküstan da birdir, Azərbaycan da, Təbriz də. Qısacası, türkün yaşadığı hər yerə olan sevdadır bu.

- Azərbaycanda olmusunuz?

- Bəli. İki dəfə gəldim Azərbaycana. Bakıda oldum. 2010-cu ildə “Azadlıq” meydanında idim. 91-ci illərin ruhunu canlandırdım. Şəhidlər Xiyabanında şəhidlərin ruhuna fatihələr oxudum. Uşaqlığımdan bəri həsrətini çəkdiyim Qarabağa da getməyi, Xarıbülbül ilə də qovuşmağı Allah nəsib etsin mənə.

- Keçən dəfə söhbətimiz zamanı Azərbaycanla bağlı yeni bir layihə üzərində işlədiyinizi bildirmişdiniz. Bir az o mövzuda danışa bilərikmi? Nədən bəhs olunacaq bu layihənizdə?

- 25 ildir musiqi ilə məşğulam. Təəssüf ki, Türkiyədə yazdıqlarımı, oxuduqlarımı işıqlandırmaq istəyən güclü bir media yoxdur. Ona görə də indi-indi layihələrimi “Yutub” vasitəsilə insanlara çatdırmağa çalışıram. Sonuncu layihələrimdəki şərhlərdə diqqətimi bir şey çəkdi; Azərbaycandakı soydaşlarımız, özbəöz türk olan qardaşlarımız “Biz azəri olaraq siz türk qardaşlarımza dəstəyinizə görə təşəkkür edirk” şərhləri yazırdılar. Türkiyəyə gələndə onlara “azəri” deyə xitab edilir. Bu vəziyyət məni çox narahat edir. Əsrlərdir türk düşmənləri bu tələni qururlar. Ona özbək, buna qazax, sənə azəri, mənə uyğur deyərək, bizi bölərək, özümüz olan türklükdən uzaq tuturlar. Mən də yeni işlərimin birində bu məsələyə diqqət çəkməyi hədəfə almışam. Qismət olarsa, yaxın günlərdə təqdim edəcəm.

- Azərbaycan musiqisi üzərindən rep yazmaq planlarınızda varmı? Məsələn, muğamla sintez...

- Bu mövzu mənim ürəyimdə bir yaradır. Ürəyimdən çox iş görmək keçir. Lakin könül bu dünyaya hakim deyil axı. Əlbəttə, belə bir iş görmək çox zövqlü olardı. “Vur hadi Azerbaycan” əsərimizin bir hissəsinə “Qarabağ şikəstəsi” əlavə edəcəkdik. Çox da istəyirdim, amma üzülərək bəyan etməliyəm ki, bunu bacarmadım. Türk uşaqları türk musiqisi, türk musiqi alətləri ilə böyüməlidir.

- Mehmet bəy, bildiyim qədəriylə musiqi ilə məşğul olsanız da bu işdən gəlir əldə etmirsiniz.

- Bəli, musiqidən pul qazanmıram. Əsərlərimi CD olaraq heç yerdə tapa bilməzsiniz. Yalnız bəlli musiqi platformalarına əlavə etmişəm ki, istəyən olsa, ordan dəstək versin. Amma musiqilərimin əksəriyyəti türk uşaqlarına hədiyyəmdir.

- Diqqət var, maraq var sizə, amma siz ən yaxşı bacardığınız işdən pul qazanmaqdan imtina edirsiniz. Səbəb?

- İnsan inandığı dəyərlərisatmamalıdır. Amma bu dediyim təkcə mənim özüm üçün keçərlidir. Mən türk uşaqlarına xidmət edərkən onların cibindəki xərcliyini ala bilmərəm. Hər şeyə müxalif bir tipim olduğu üçün anlaşa bildiyim çox idarəçi yoxdur. Şükür başqa yerdən qazancım da var.

- Azərbaycanda bir çox istedadlı reperlər var. Onların yaradıcılığı ilə tanışsınızmı və kimlərlə işləmək istərdiniz?

- Hamısını tanıyıram. Təəssüf ki, əməkdaşlıq etmək arzumun önünü hər zaman onların menecerlərinin mövzunu maddiyyata bağlaması kəsir. Açığı, bu, məni çox üzür. Amma heç kimi də qınamaq fikrim yoxdur. Bəlkə də imkanları sadəcə olaraq o qədərdir. İrəli zamanlarda güclü bir sponsor tapsam, mütləq muğamla repi sintez etməyi düşünürəm. Okaber, H.O.S.T və “Dəyirman” qrupunuun üzvləri ilə ortaq bir iş görməyi çox istəyirəm. Miri Yusifi çox bəyənirəm. Çox yaxşı işlər gördü.

- Rep dünyada musiqinin üsyankar qolu olaraq dəyərləndirilir. Repçi olmaq üçün insan mütləq müxalif olmalıdır?

- Repin çıxış nöqtəsi Amerikadır. Ağdərililərin qaradərililərə olan zülmünə etirazın ilk addımları olan şifrəli mesajlaşmanın son nöqtəsidir. Torpaq sahiblərinin anlaya bilməyəcəyi şəkildə qaradərililərin əllərini və ayaqlarını yerə vurub tarladan-tarlaya mesaj verməsidir. Bu, sonralar “Blues”a çevrilmişdi. Son nöqtəsi isə repdir. Yəni, çox doğru qeyd etdiniz ki, repin əsil çıxış nöqtəsi zülmə üsyandır. Repin söhbət tərzində olduğu kimi bir harmoniyası yoxdur. Daxilində bir əsəbilik gizlidir. Eşidilən sadəcə səsin hirsidir.

- Türk musiqisi ilə üsyan etmək olmazmı?

- Əlbəttə, türkülərlə də üsyan edə bilərik. Məsələn, Pir Sultan türküsü kimi. Amma məncə, repdə hirs daha gur çıxır ortaya.

- Repçi həm də şairdir. Sözləri özünüz yazırsınız. Bir repçinin sözlərlə münasibəti necə olmalıdır?

- Repin diqqət cəlb etməsinin əhəmiyyətli hissəsi sözlərə bağlıdır. Məsələn, Şəhriyarın sözlərinə rep oxuyanları dinləyin. Bu qədər xoş söhbət çıxa bilərmi ortaya? Mən başqasının yazdıqlarını oxuya bilmirəm. Həqiqi repçilər üçün keçərlidir bu qayda. Kitab oxumayandan söz yazmaq gözləmək olmaz. Türk ədəbiyyatını bilməyənlərdən türk iqbalına faydalı olmasını gözləmək boş işdir. Həyatını 300 kəlmə ilə idarə edən insanlar var, nə özlərinə, nə uşaqlarına faydası dəyir.

- Azərbaycanda meyxana janrı var. Bu janrla bağlı məlumatlısınız?

- Bilməzmiyəm! Az da olsa bizə - Qars tərəflərə sıçrayan bir janrdır. Söhbətin kralıdır (gülür).

- Sizcə meyxana ilə repin ortaq tərəfləri varmı?

- Ortaq tərəfləri məncə üslublarıdır. Amma ədəbi səviyyəsi əsla replə yan-yana gəlməz. Biri ruhun ən dərin qatlarına xitab edərkən, digərinin qulaqdan içəri girməsi belə çətin olan bir tərzdir.

- Bir repin populyarlıq ömrü nə qədərdir?

- Bir repçi nə qədər gözəl yazırsa yazsın, onun əsəri üç ay dinlənilməz, uzun müddət yaddaşda qalmaz. Amma ozanın bir dastanının bir əsr ömrü olur. Çox az rep var uzun illər dillər əzbəri olan. “Ya Qarabağ, ya ölüm” belə əsərlərdəndir. Amma misal üçün, Hüseyn Dəryadan “Bizim məhlə” xaric heç nə xatırlamıram. O da hər halda klipi maraqlı idi deyə yadımda qalıb. “Dəyirman”dan da yadda qalan “Ya Qarabağ, ya ölüm”dür. Halbuki, yüzlərlə rep yazıblar. Zamanla unudulur. Mənim yazdıqlarım da eləcə.

- Ən çox hansı repiniz populyardı?

- Türk əsgərinə yazdığım “Jandarma özəl hərəkat” ən çox dinlənən repim oldu. Bu arada Azərbaycandan məni izləyən dinləyicilərimə, “Yutub” kanalıma dəstək verən qardaşlarıma xüsusi təşəkkürmü bildirirəm.

- Şuşaya yazdığınız rep Azərbaycanda maraqla qarşılandı. Necə yarandı Şuşaya rep yazmaq fikri?

- Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocalı və digər torpaqlarımızın hər biri türk üçün ayrı bir əhəmiyyət kəsb edir. Mən o repi Azərbaycanı, Qarabağı daha çox Avropada və Türkiyədə yaşayan övladlarımız üçün yazdım. 92-ci ildən bəri Almaniyada yalnız Xocalı qətliamı haqqında danışılır. Sanki, yalnız bir kənd işğal edilib və yalnız 613 insanımız erməni vəhşiləri tərəfindən qətl edilib. Laçın, Şuşa, Xankəndi, Xocavənd, Kəlbəcər, Ağdam və digər şəhərlərdən bəhs edilmir. Mən istəyirəm ki, işğaldan azad olunan hər bölgəyə aid bir əsər yazım. Ümid edirəm, ilk fürsətdə yenidən Azərbaycana gələcəm və ordakı qardaşlarımızla doyunca söhbət edəcəm.

# 4565 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #