Səməd Vurğunla yetimxanada görüşən xaçmazlı qoca: onu intihardan nə xilas etdi? – Reportaj

Səməd Vurğunla yetimxanada görüşən xaçmazlı qoca: onu intihardan nə xilas etdi? – Reportaj
15 yanvar 2020
# 09:00

Kulis.az “Həyatın içindən” layihəsində Ayxan Ayvazın Xaçmazdan yazdığı reportajı təqdim edir.

Sərkər baba Xaçmazın Çarxı kəndində tək-tənha yaşayır. İkimərtəbəli böyük ev və təklik. Yaxşı ki, biz gəldik: mən və Nərmin, babanı təklikdən xilas elədik.

Baba hər gün o qədər maraqlı əhvalatlar danışır ki...

80 yaşı var və möhtəşəm bir tale yaşayıb.

10 yaşından yetim... Şuşa yetimxanasındakı həyatı... Müəllimlik, dənizçilik, direktorluq və daha nələr.

Hərdən şeir də yazır, özü demiş, hekayə də quraşdırır. Dəftəri gətirib əlimə tutuşdurur:

“Baba yenə yazıb. Oxu gör”.

Oxuyuram və fikrimi deyirəm. Babanın naşıcasına yazdığı o mətnlərdə elə həyat detalları var ki... Heyrət edirəm. Özü də hiss edir bunu:

“Nə vaxtsa istifadə edərsən...” – gülümsünür.

Gallery

Çarxı kəndinə çəkilən yol haqda məşhur şeiri var:

Ay kəndçim, Çarxıya yol çəkirlər...

Hər gələn qonağa o şeiri oxuyur. Oxuyur da yox ha, diktafona yazdırıb şeiri, ordan dinlədir. Yəqin, kənd camaatı o şeiri himn kimi əzbərləyib. Elə mən də. Hərdən zarafatla Nərminə o şeiri oxuyuram:

Ay kəndçim...

Hər şeydən başı çıxır babanın. Əla yeməklər bişirir, ağaclara qulluq göstərir...

Evdə nəsə yerində olmayanda bir də gördün baba yoxa çıxır. Ay Nərmin, bax gör baba hardadır? Ora baxırıq yoxdu, bura baxırıq, yoxdu. Axırı, özü ortaya çıxır: işi həll edib gəlib!

Babanın bir bacarığı da var: ağacı kəsib yonur, düzəldir və budur, maraqlı fiqurlar sizin qarşınızdadır.

Bu işə necə başlayıb?

Yoldaşını təzəcə itiribmiş, axşam tərəfiymiş, ürəyi sıxılırmış. Allahdan gizli deyil, sizdən niyə gizləyək, baba 170 yaşlı, özündən böyük xartut ağacına (bu xartut ağacının özü də bir ayrı mövzudur – A.A) baxır, baxır və intihar eləmək haqqında düşünür. İpi bu ağaca bağlamağı, sonra ordan...

Gallery

Və bu an ağlına qəribə bir ideya gəlir. Daha doğrusu, tələbəliyi, gəncliyi yadına düşür.

Yarışlar...

Mükafat qazandığı günlər...

Onun hamıdan gözəl düzəltdiyi təyyarə uçub qırılmışdı. Amma yenə də ona ikinciliyi vermişdilər.

Tornaçı kimi böyük istedadı varmış. Əlinə keçən taxta parçasından təyyarələr, gəmilər, evlər düzəldirmiş.

Elə kənd camaatı da bəzən ona taxta verir, o da taxtalardan oxlov düzəldib gününü xoş keçirirmiş...

O gün baba özünü asmaq istədiyi ağacı yox (qoca xartut onun tək dostuydu axı), başqa bir ağacı kəsib doğrayır və müxtəlif fiqurlar düzəldir.

Mən o taxta fiqurlara baxdım.

Gəmilər, binalar, evlər...

Baba deyir, mən Xaçmazı bu cür görürəm, dəniz kənarında bu binalar, dənizin üstündə də o gəmilər. Binalar Dubaydakı binaların ekiz taylarıdır. Deyir, mənim xəyalımdakı Xaçmazda bu binalar tikilib. Hərdən öz düzəltdiyi taxta evlərin, gəmilərin kino lentini yuxusunda görür və elə xoşbəxt olur ki...

Sakinlərinin deyə-gülə gəzəcəyi bir sahil arzusundadır. Elə bir dənizkənarı olsun ki, sevgililər deyə-gülə gəzsinlər orda, uşaqlar rahatca hoppanıb-düşsünlər. Babanın xəyalını qurduğu o nağıl şəhərin maketinə baxıram və onun dolub-daşan həyat eşqinə qibtə edirəm.

Gallery

Düzəltdiyi bu taxta binalar, evlər bir şəhərin planıdır.

Taxta şəhərin.

Hərdən uşaqlar da gəlir onun yanına.

Baba onlara düzəltidiyi gəmilərdən verir.

Hərbi gəmilər, yük gəmiləri...

Uşaqlar başqa şeylər istəyirlər ondan:

“Baba, təyyarə var?”

Təyyarə düzəltməyib baba. Bəlkə, nə vaxtsa düzəldəcək.

Amma bir şeyi dəqiq bilir: düzəltdiyi taxta gəmilər, evlər, binalar onu ölümdən qurtarıb. İntiharın yanından keçib gedib.

Gallery

- Ölməmək üçün düzəldirəm də bunları – deyir gülümsəyərək.

- Baba, nə vaxtdan bu işlə məşğulsan?

- Bir il olar.

Taxta gəmilərdən birini əlimə götürürəm:

- Birini neçə dəqiqəyə hazırlayırsan?

- Baxır da, yarım saata, iyirmi dəqiqəyə.

Öz əl işlərinə tamaşa edir, kənardan onu sevinc işarəsinə bənzətmək olar. Uşaq kimi mutludur.

- Gəmilərimə bax... – mənə bir-bir göstərir.

Gəncliyini xatırlayır o gəmilərə baxanda. Özü dənizçi olub və uzaq-uzaq ölkələrə o gəmilərdə gedib. Bəlkə də öz gəncliyinin gəmilərini düzəldib burda. Bu gəmilərsə üzə bilmir, dəniz üzü görmür. Elə babanın özü kimi yaşlanıb və təklənib.

Gallery

Baba gəmilərini səliqəylə bir kənara qoyur və qoca xartut ağacının gövdəsinə toxunur:

- Məndən yaşlıdır. Atam uşaq olanda babam əkib.

Sonra gülümsünüb əlavə edir:

- İki qoca yola gedirik də...

Yoldaşının şəklini salondan asıb. Həmişə gül qoyur şəkildəki qadının yanına.

- Baba!

- Hay can!

- Hərdən yoxa çıxırsan. Bəlkə bir xanım var. – hərzamanki zarafatım.

Zarafatı göydə tutur:

- Onun qorxusundan eləyərəm heç? – şəkildəki qadını göstərir. – Bir dəfə toyda bir qadın məni rəqsə dəvət etmişdi, arvadım elə çimdik götürdü ki, böyrümdən...

Qəşş eləyir! Bu əhvalatı azından yüz dəfə danışıb bizə.

Gallery

Hər gün televizora baxır, ordan-burdan danışır. Hamını tanıyır. Yazarları, deputatları, müğənniləri, alimləri... Danışığı da monoloqdur, o danışdısa, vəssalam, oturub qulaq asmalısan, dialoqla arası yoxdur.

O gün pəncərədən baxırdım, babanın səsi qulağıma gəldi. Gedib gördüm, otaqda telefonu əlində tutub öz-özünə danışır:

- Mən 19... ildə doğulmuşam, Şuşada, “detdom”da olmuşam...

Nərmini çağırdım ki, bu unudulmaz səhnəyə o da baxsın. Baba hardasa 15 dəqiqəyə bütün həyatını telefona danışdı, sonra da çarpayısında uzanıb yuxuya getdi. Yəqin, yuxuda öz düzəltdiyi taxta gəmilərlə uzaq gəncliyinə səyahət edirdi.

- Baba, Lenini görmüsən? – yenə zarafat edirəm.

Gülümsünür.

Kimləri görməyib? Şuşada “detdom”da olarkən Səməd Vurğun yanlarına gəlib. Yetimləri sovet höküməti bərli-bəzəkli geyindirib çıxardıblarmış şairin qabağına. Səməd Vurğun onlara baxıb və duyğulanıb: “Siz bəy evindənsiniz.”

- Doğurdan da bəy evi idi ha... – baba o günü danışır. – Səməd Vurğun dedi ki, ona görə də sıxılmayın, siz yetimxanada yox, bəy evində yaşayırsınız...

Gallery

Uşaq vaxtından ata-anasını itirməyini, yetimxanaya düşməyini, ordakı həyatını qələmə alıb. Amma gəlib mənə deyir:

- Babanın həyatından roman yaz.

- Baba, siz özünüz yazıbsınız axı... – hər dəfə eyni cavabı verirəm.

- Əşşi, mənimki gopalogiyadır. Sən yaz, bəlkə, tarixdə qaldım.

Doğrudan da baba tarixdir. Evin içində yeriyən canlı tarix.

- Taxtaları düzəldə-düzəldə şeir də yazırdım. – bir dəfə şeir yaradıcılığından söz açdı. – Nəvəm Səxavət dedi ki, baba sən, şeir yazma.

- Niyə elə deyib?

- İlişir də mənə. Deyir, hecaları düz yazmırsan.

Bir sözlə, nəvə babaya deyib ki, şeirin daşını at, keç nəsrə. O gündən baba nəsr yazmağa başlayıb: öz həyatını bir roman kimi yüzvərəqli dəftərə köçürür.

O qədər zarafatcıl, kefkom kişidir ki... Yaxınlıqda mağaza var – onun nəvəsi işlədir, baba ilə “əzəli düşmən”dilər. Təbii ki, zarafatyana. Həmin “şeirdən nəsrə keç” deyən nəvəni deyirəm. O gün baba gəlib danışır ki, nəvə ona beləcə də deyib: “Sənin tay-tuşlarının 10-u qəbiristanlıqda səni gözləyir, bir nəfər çatmır ki, gedib futbol oynayasınız...”

Baba nəvənin zarafatlarından incimir, əksinə o qədər gülür ki...

Vatsap da işlədir, hələ deyəsən Facebooku da var. Görüntülü zəng edib nəvələri ilə, qızı və oğlu ilə danışır. Deyir ki, məktub göndərməklə başladım bu həyata, indi Vatsapla davam edirəm. Öz düzəltdiyi taxta evlərin, binaların, gəmilərin şəklini çəkib Vatsapla yaxınlarına göndərir. Hər gün mütləq nəvələri ilə danışır.

Gallery

Zarafat deyil e... Məktubdan Vatsapa gedən uzun yol. Babanın həyatında neçə-neçə hökümətlər devrilib, nə qədər hadisələr olub, kimlər ölüb, kimlər qalıb. Sərkər baba deyir, dostlarım da getdi, yoldaşım da. Yoldaşını itirəndən sonra təzədən yetim qalıb. İkinci yetimlik dövründə taxtadan düzəltdiyi gəmilər onu kədərli ovqatdan, gözəl günlərə daşıyıb.

- Mənim kommunist pasportum var e... – bir dəfə bunu deyib ayağa durdu və gedib kommunist biletini gətirdi.

Şəkillər də gətirmişdi özü ilə.

Gənclik şəkillərini.

İçi yazılmayan hekayələrlə doludur babanın.

O hekayələri yazacaq adamı axtarır.

Və deyəsən tapıb artıq.

Hər gün mənə nələrsə danışır.

Dolub-daşıram.

Gallery

O gün yeməkdən sonra şəkildəki yoldaşını mənə göstərib deyir:

- Bu da məni yetim qoydu. – kövrəlir. – Onu həmişə gül içində yaşatmışam. İndi də gül qoyuram yanına.

Və kədərlə əlavə edir:

- Artıq qəbrimi də qazdırmışam. Düz yanında. Torpağını da tökmüşəm.

- Ciddi? – təəccüblənirəm.

- Hə... – heç nə olmamış kimi deyir...

Ardınca yumoru işə düşür:

- Eləcə itələsəniz düşəcəm içinə...

Gözlərində donmuş göz yaşı görürəm.

- Qış da gəldi e... – deyir...

Görən, bu onun ömründəki neçənci qışdır?

# 10552 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #