Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə

Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
23 yanvar 2021
# 09:00

Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burda

Altıncı cəhd

– Fuad müəllim, istəyirəm, yenə xronoloji ardıcıllığa qayıdasınız. Birinci söhbətimizdə “Məhv olmuş gündəliklər”ə qədər danışdınız. Sonra nə baş verdi?

– O baş verdi ki, birdən birə 20 yaşında cavan oğlanı, ikinci kurs tələbəsini Dövlət Akademik Dram Teatrına qəbul elədilər. Ondan sonra ancaq rollar, rollar, rollar oldu. Ətrafımda böyük sənətkarları görmək və çalışmaq oldu. O sənətkarların arasında öz yerimi tapmaq üçün çalışmaq lazım idi. Onların məni görməyini istəyirdim. Məqsədim bu idi. Yavaş-yavaş, pillə-pillə, roldan-rola özünütəsdiq başladı. Teatrda çox böyük qayğı ilə əhatə olunmuşdum. Xüsusilə də yaşlı nəslin nümayəndələri tərəfindən özümə qarşı həddindən artıq diqqət hiss eləyirdim.

– Bu diqqət təkcə sizə qarşı idi, yoxsa təzə gələnlərin hamısına belə münasibət bəsləyirdilər?

– Mən özümə qarşı olanı görürdüm. Görünür, səbəb vardı. Yəqin, o qayğını mənim işə münasibətim yaradırdı. İşimə ciddi yanaşdığımı, pillə-pillə irəlilədiyimi görürdülər. Hərəsinin öz diqqət göstərmək tərzi vardı. Məsələn, İsmayıl Osmanlı Avtandil rolundan sonra haqqımda məqalə yazmışdı: “Fuad Poladovun gələcəyinə inanıram”. Qocaman aktyor vardı – Hacıməmməd Qafqazlı. Epizodik rolların mahir ifaçısı idi. O da İsmayıl Osmanlının məqaləsini göy qovluğun içinə qoyub üstünə “oğlum, haqqında çıxan məqalələri səliqə ilə saxla, gələcəkdə lazım olacaq” yazmışdı, gətirib qrim otağımda masama qoymuşdu. Sonra… Hər dəfə premyera günü otağıma gələndə stolumun üstündə gül görürdüm. Kostyumerdən içəri kimin girdiyini soruşurdum, demirdi. Otağın açarlarından biri də onda olurdu. Amma bir dəfə ağzından qaçırtdı. Sən demə, Sofa xanım, Sofa Bəsirzadə gətirirmiş.

– O illərdə ən çox yadınızda qalan, sizin üçün unudulmaz olan rollar.

– “Məhv olmuş gündəliklər”dəki Savalandan sonra “Darıxma, ana” tamaşasındakı rolum. “Darıxma, ana” ümumittifaq miqyasda tanınan tamaşa olmuşdu. Nodar Dumbadze özü də gəlib baxmışdı. Barəsində xeyli yazıldı. O vaxt yaxşı bir ənənə vardı. İldə bir-iki dəfə Moskvadan ciddi teatrşünaslardan, sənətşünaslardan ibarət komissiya gəlirdi, tamaşalara baxırdılar, qiymət verirdilər. Mən o roluma görə Ümumittifaq Teatr Festivalında birinci diploma layiq görüldüm, həm də Respublika Lenin Komsomolu Mükafatını aldım. Nüfuzlu mükafat idi. Yadda qalan rollarımdan biri də Şillerin “Məkr və məhəbbət” pyesində Ferdinand obrazıdı – klassik pyesdə ilk rolum. Moskvada Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə də oynamışdıq. Hiss eləyirdim ki, yavaş-yavaş güc yığıram, püxtələşirəm. Sonra… Sonra əsgər getdim. Getdim deyəndə, əsgərliyimi burda çəkmişəm. Deməli, necə oldu. Həmin ərəfədə Heydər Əliyev teatra gəlmişdi. İsmayıl Dağıstanlı da partkom idi. Əliyevə dedi ki, Fuadı əsgər aparmaq istəyirlər, repertuarın da, az qala, yarısı onun çiyinlərindədi. Əliyev mədəniyyət şöbəsinin müdiri olan Azad Şərifova bircə kəlmə “Razberis!” (“Həll elə!”) dedi və məni Bakıda saxladılar. Gündüzlər hərbi hissədə olurdum, axşamlar gəlib tamaşalarımı oynayırdım. Amma bu da qısa çəkdi. Bir rus serjant vardı, onunla sözümüz çəp gəldi, dalaşdım. Ona qədər başımı da qırxmamışdılar. Hadisədən sonra başımı qırxdırıb Sumqayıta göndərdilər, daha tamaşalara da buraxmadılar. Ümumilikdə, əsgərliyim 7-8 ay çəkdi. Onda “Alma almaya bənzər” filminin çəkilişləri başlayırdı. Həsən Məmmədovun oynadığı rola mən təsdiq olunmuşdum. Əşrəf Mamayev – ikinci rejissor – demişdi ki, yuxarıdan tapşırıldığına görə, yəqin, çəkilişlərə də buraxarlar. O hadisə ilə üst-üstə düşdü, buraxmadılar, Həsən Məmmədov çəkildi. Yeri gəlmişkən, 3-4 ay da gec getmişdim əsgərliyə. Həmin vaxt Kubada İttifaq Respublikaları Gənclərinin Festivalı keçirilirdi. Mərkəzi komitə Azərbaycandan məni, Nazilə adlı bir qızı – qabaqcıl pambıqçı idi – və Uğur adlı gənc kimyaçı alimi göndərmişdi. 18 gün qaldıq Kubada. Həm də okeanın o tərəfinə ilk səfərim idi. Cənnət idi, cənnət! Nağıl kimi! Hə, 18 gün orda qaldıq. O da əsgərliyimin hesabından getdi. Bilirdim ki, gəlib əsgər gedəcəm. Ona görə qayıdanda on gün də Moskvada ləngidim.

– Fuad müəllim, Azdramadan getmək qərarına birdən-birə gəldiniz, yoxsa nəsə baş verdi?

– Həsənağa Turabov direktor seçildi. Daha doğrusu, onda mərkəzi komitə elə bir illüziya yaratmışdı ki, guya direktoru biz özümüz – kollektiv seçir. Mən də bir iclasda Turabovun namizədliyinə etiraz eləmişdim.


– Niyə etiraz eləyirdiniz?

– Çünki hər yaxşı musiqiçi yaxşı dirijor ola bilmədiyi kimi, hər yaxşı aktyor da yaxşı idarəçi ola bilməz. Həsənağa Turabov gözəl aktyor idi. Bunu danmaq qeyri-mümkündü. Uzun müddət teatrın aparıcı aktyoru olub. Amma orda işlədiyim dövrdə görürdüm ki, o, teatra çox ciddi yanaşmır. Hətta bir-iki dəfə söhbət zamanı “gəl, kinostudiyaya gedək. Orda tamam başqa ab-hava var” demişdi. Rol bölgüsündə aktyorlardan birini dublyor verdirirdi özünə… Bir-iki tamaşada – premyerada, rəhbərliyin gəldiyi tamaşalarda oynasın, sonra getsin, öz işləri ilə məşğul olsun deyə. Tamaşaları futbolun, hokkeyin vaxtına düşəndə tez-bazar oynayıb qurtarırdı. Belə işləri vardı. Mən onun teatrdan soyuduğunu görürdüm. Ona görə, etiraz eləmişdim. Hətta iclasdan bir gün əvvəl Mərahim Fərzəlibəyov gəlib mənə dedi ki, “Eldar deyir, Fuada deginən, məsələ artıq həll olunub, özünü yormasın”. Eldar – rejissor Eldar Quliyevdi. Onunla münasibətimiz soyuq idi. Mənə belə söz demək olar? Məsələnin həll olunduğunu onsuzda bilirdim. Direktorluğa iki namizəd vardı: Həsənağa Turabov və Məlik Dadaşov. Məlik Dadaşovun adını sərbəst seçki görüntüsü yaratmaq üçün yazmışdılar. Səhər iclasda hamı danışandan sonra başqa kimin sözü olduğunu soruşdular. Ayağa qalxdım. Həsənağa da arxamda oturmuşdu. Dedim ki: “Mən bu siyahıda olan adamların – nə Məlik Dadaşovun, nə də Həsənağa Turabovun teatra rəhbərlik eləyə biləcəyinə inanmıram. Ancaq əgər bizi seçim qarşısında qoyursunuzsa, mənim aləmimdə tərəziyə qoyanda Məlik Dadaşov bir az Turabovdan ağır gəlir. Yenə də deyirəm: heç biri layiq deyil. Ancaq bir halda ki seçmək lazımdı, mən Məlik Dadaşov deyirəm”. Sonra səsə qoyuldu. Etiraz eləyən təkcə mən oldum, hamı Turabovun lehinə səs verdi. Etirazımın nəticəsini yavaş-yavaş hiss eləməyə başladım. Əvvəlcə ümumi iclas çağırıldı və qayda qoyuldu ki, işin oldu-olmadı, teatra gəlib qol çəkməlisən. Bundan ötrü təzə ştat da ayrıldı. Bir nəfər qarderobda oturub gəlib-gedənə nəzarət eləyirdi. Yenə qalxdım ayağa. Dedim: “Bu qanunu hardan çıxartmısınız? Bura zavoddu, ya fabrikdi? Bura yaradıcılıq ocağıdı. Əgər mən axşam 11-də tamaşadan çıxmışamsa, səhər də məşqim yoxdusa, niyə bir imzaya görə tezdən qalxıb Əhmədlidən bura gəlməliyəm?”

Eşitdiyimə görə, nə vaxtsa teatrda belə qayda olub, amma məhdudiyyətsiz- istədiyin vaxt gəlib qol çəkə bilərdin. Amma indi deyirdilər ki, 11-ə qədər! Həsənağa səsinin tonunu qaldıranda mən də bərkdən danışmağa başladım. “Mənimlə bu tonda danışmağa icazə vermirəm! Mən müdir zad hərləmirəm! Birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan!” – dedim.

Bu hadisədən sonra maaş artımı üçün göndərilən siyahıdan adımı çıxartdılar. Maaşlar artırılmalı idi, mən də ali kateqoriyalı aktyoram, repertuarın yarısından çoxunda məşğulam, siyahıda mütləq adım olmalıdı, amma yoxdu! Bədii Şuranın üzvü idim. Turabov müdir olandan sonra Şuranın təzə tərkibi təsdiqləndi. Yenə mən yoxam. O Bədii Şura mənə heç dünəndən lazım deyildi. Nəyimə lazımdı?! Məsələ münasibətin dəyişməyində idi. Odur ki, təslim olmadım, getdim nazir Zakir Bağırovun yanına. “Məni niyə maaş siyahısından çıxardıblar? Özünüz də bilirsiniz ki, səbəb iclasdakı çıxışımdı”, – deyə soruşdum.

Zakir müəllim mənim üçün əlavə əmr göndərdi, adım siyahıya da salındı, Bədii Şuraya da təsdiq olundum. Son damla isə… Rejissor Bəhram Osmanov var aaa! Mən Bəhramın Azdramadakı diplom işində oynamışdım. Sonra onu əsgər apardılar. Əsgərlikdən məktublar yazırdı: “Fuad müəllim, allah qoysa, qayıdanda sizinlə belə işləyəcəm, elə işləyəcəm. Mənim arzum sizinlə “Afinalı Timon”u qoymaqdır”. Bəhram əsgərlikdən qayıdanda rəhbərlik artıq dəyişmişdi. Görürdüm ki, bu məndən qaçır. Bir gün də gəldim gördüm, “Timon”un əmri verilib, mənim adım yoxdu. Düzdü, sonra hazırlanmadı, amma həmin anda barmağımı dişlədim. Bildim ki, daha burda bir gün də qalmaq olmaz. Çünki mən işimlə yaşayırdım. Bir məsələ də vardı. Turabov direktor olan vaxt Hüseynağa Atakişiyev baş rejissor idi. Teatrda yaradıcılıqla bağlı bütün işlər onun səlahiyyətindəydi. Direktor ancaq inzibati məsələlərlə məşğul olur, baş rejissorun qərarlarına qarışa bilmirdi. Onlara isə hakimiyyəti tamamilə ələ keçirmək lazım idi. Ona görə də yazıq Hüseynağanı da çıxartdılar. Turabov həm bədii rəhbər oldu, həm direktor. Hüseynağanı da çıxardandan sonra artıq davam gətirə bilmədim, mən də getdim. Çox çətin idi. Həddindən artıq.

# 13180 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #