Fransada yaşayan şuşalı müğənni: “Ermənilər maşınımızı daşa basdı” – Müsahibə

Fransada yaşayan şuşalı müğənni: “Ermənilər maşınımızı daşa basdı” – Müsahibə
8 may 2020
# 12:03

Bu gün Şuşanın işğalından 28 il ötür. Kulis.az bu münasibətlə əslən Şuşadan olan və indi Fransada yaşayan azərbaycanlı müğənni Təranə Monbarbutla müsahibəni təqdim edir.

- Bilirəm ki, əslən qarabağlısınız. O illəri necə xatırlayırsınız?

- Qarabağda dünyaya göz açan bir çox həmyaşıdlarım kimi mən də bu mədəniyyət və incəsənət beşiyində böyümüşəm. Mən deyərdim ki, uşaqlıq illərimin ən xoş, ən saf, ən xoşbəxt xatirələri Şuşa ilə bağlıdır. Mən Laçında anadan olmuşam, Şuşada böyümüşəm. O illərlə bağlı xatırladığım ən xoş xatirələrimdən biri babamın hər dəfə işdən gələndə həyətin bir küncünə çəkilib yüksək səslə muğam oxuması idi. O qədər təsirlənirdim ki, hər dəfə qaçıb sakitcə bir kənarda dayanıb dinləyirdim. Ona görə, ağlım kəsəndən musiqi vurğunuyam. Musiqiyə olan həvəsimi ailəm də hiss edirdi. Anam məni Şuşada fəaliyyət göstərən uşaq xoruna yazdırdı. Eyni zamanda, musiqi məktəbində pianino üzrə təhsil alırdım. Həkim, müəllim ailəsində böyüməyimə baxmayaraq mahnı oxumaq, rəqs etmək mənim üçün nəfəs almaq kimi idi.

Gallery

- Siz də məcburi köçkünsünüz. Müharibə ilə bağlı ən çox nəyi xatırlayırsınız?

- Müharibə ilə bağlı xatirələrim 1988-ci ildən başlayır. Şuşadan Laçına gedərkən əsasən ermənilər yaşayan kəndlərdən keçəndə maşınımızı daşa basdı. İlk dəfə böyük sarsıntını onda keçirtdim. Sən demə, bu, sonra baş verəcək müsibətlərin başlanğıcı idi. Müharibənin qızışdığı illərdə valideynlərimiz bizi Şuşadan çıxarana qədər, demək olar ki, hər gecə bomba səsləri altında yaşamışıq. Biz Şuşada qədim məscidin, bazarın yaxınlığındakı beşmərtəbədə yaşayırdıq. Güclü atəşlər olan zaman zirzəmilərə düşürdük. Bu sığınacaqları görmək lazım idi. Necə dərin zirzəmilər vardı evlərin altında. Şuşa alınmaz bir qala idi. Şuşanın işğal olunmasını hələ də ağlıma sığışdıra bilmirəm.

- Qarabağdan Fransaya aparan yollar... Maraqlıdır...

- Uşaqlıqdan hər zaman dünyanı gəzmək, görmək arzusunda olmuşam. Atam cərrah, anam fransız dili müəlliməsidir. Elə bu mühitə, xarici dillərə olan sevgim də ailəmdən qaynaqlanıb. Böyüyəndə həmişə Sarbonna Universitetində oxumaq istəmişəm. Sonra həyat elə gətirdi ki, elan olunmamış Qarabağ müharibəsi başladı. Biz də bir milyon Qarabağlı kimi öz yurdumuzdan qaçqın düşdük. 1992-ci ildə Bakıda sığınacaq tapdıq. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tərcümə fakültəsinə qəbul oldum. Mən hər zaman arzuların böyük qüvvəyə malik olduğunu düşünmüşəm. Arzularım məni Fransaya, Sarbonna Universitetinə gətirib çıxartdı. Ali təhsilimi Fransada davam etdirməli oldum. Bu universitetin magistratura diplomunu fərqlənmə diplomu ilə bitirdim Özümü buna görə çox şanslı hesab edirəm.

Gallery

- Fransadan baxanda Azərbaycanın sənət aləmi necə görünür?

- Çox təəssüf ki, Fransadan baxanda Azərbaycanın sənət aləmi bir o qədər də görünmür. Fransada Azərbaycanın sənət aləmini demək olar ki, tanımırlar. Azərbaycanın zəngin mədəniyyətini, azərbaycanlıları, Qarabağı tanımırlar. Maraqlananlar “mediatekada” dünya musiqisi bölməsində bəlkə ola bilsin Alim Qasımovun lent yazılarını tapa bilsinlər. Fransada Azərbaycanı tanımırlar. Ən acınacaqlısı da odur ki, son zamanlar burda erməni mənşəli jurnalistlərin təşəbbüsü ilə azərbaycanlılara qarşı mənfi fikir formalaşıb. Həqiqətən də ürəkağrıdıcı bir məqamdır.

- Ali təhsilinizi tərcümə işi üzrə almısınız. Musiqi təhsili almaq imkanınız oldumu?

- Əlbəttə. Fransada ali təhsil almaqla yanaşı paralel olaraq konservatoriyada xorda oxumuşam. Daha sonra Parisdə, fransız musiqisi üzrə təhsil aldım. Necə deyərlər, get-gedə səhnə virusuna yoluxdum.

- 2015-ci ildə Fransa televiziyası üçün Avropa oyunlarının açılış mərasimini şərh etmək sizə həvalə olunmuşdu. Bu təklifi alanda hansı hissləri keçirdiniz?

- Doğrusu, çox böyük qürur hissi keçirtdim, yüksək emosiyalar yaşadım. Mənə tədbirdə Fransa xalqına Azərbaycanı tanıtmaq missiyası verildi. Bu tapşırığın məsuliyyətini verilişdən sonra daha çox hiss etdim. Fransa mənim ikinci evimdir, buranı çox sevirəm. Amma burda erməni lobbisi çox güclüdür. Onlar Fransız cəmiyyətində çox mühüm və strateji mövqelər tutublar. Siyasətdə, incəsənətdə, mediada həddindən artıq çox erməniyə rast gəlmək olur. Bu cür ölkədə Azərbaycanı təmsil etmək, Fransanın dövlət telekanalında Azərbaycan himni oxumaq, canlı yayım zamanı Qarabağdan danışmaq, Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal olunmasından, 1 milyon azərbaycanlının doğma el-obasından qaçqın düşməsindən danışmaq böyük məsuliyyət idi. Bütün bunları dünyaya çatdırmaq üçün sanki əlimə bir fürsət düşmüşdü və mən bu fürsətdən bacardığım qədər istifadə etməyə çalışdım.

- Təranə xanım, səhv etmirəmsə, bir neçə il əvvəl Fransada albom çıxardınız. Eyni zamanda, 2018-ci ildə “Azərbaycan ruhu” adlı konsert verdiniz. Bu konsert Fransa tamaşaçısı tərəfindən necə qarşılandı?

- Doğru qeyd edirsiniz. 2018-ci ildə “Azərbaycanın ruhu” adlanan konsert proqramı Parisin Pixel teatrında və Fransanın bir neçə şəhərində baş tutmuşdu. Mən o konsertdə “Şuşanın dağları”, “Ay Laçın”, “Sarı gəlin”, “Salam verək” və digər mahnıları ifa etdim. Fransızlar bizim bu mahnıları çox böyük heyranlıqla dinləyirdilər. Alqışlarla qarşıladılar. Mən bu konsertdə təbii ki, tək mahnı ifa etmədim. Konsertdə mahnılar arası Qarabağ xatirələrimi bölüşürdüm. Bu yolla fransız tamaşaçılarına Qarabağ haqqında məlumat verdim. Onlara bu gün hələ də işğal altında olan doğulduğum torpaqlara qayıda bilməməyimdən danışdım. Sənət çox güclü silahdır. Mən bu bu yolla Azərbaycanın həqiqətlərini fransızlara çatdırmağa çalışdım. Bir sənətçi kimi bu da mənim mübarizə yolumdur.

2017-ci ildə çıxan Fransa və Azərbaycan musiqisindən ibarət “Esquisse” albomum işıq üzü gördü. Onu da qeyd edim ki, fransızlar başqa xalqların mədəniyyətlərinə qarşı çox açıqdırlar. Ona görə də bu albomum fransızlar tərəfindən böyük maraqla qarşılanmışdı. Düşünürəm ki, bunlar tək mənim yox, həm də Azərbaycan musiqisinin uğurudur.

Gallery

- Fransada sənətçi olmağın nə kimi çətinlikləri var?

- Sənətçi olmaq ümumilikdə asan deyil, o ki qala Fransa kimi böyük bir ölkədə. Hələ bunun üstünə yuxarıda sadaladığım səbəbləri də gəlsək, vəziyyət lap mürəkkəbləşər. Ən böyük çətinlik anadan fransız doğulmamaqdır. Eyni zamanda, bu çətinliyi bir güc kimi inkişaf etdirmək lazımdır. Mən də bu yolda çalışıram. Onu da qeyd edim ki, fransız cəmiyyətində bu mümkündür. Sənətçi özünəməxsus olmalıdır. Təranə keçmişi, bu günü, səsinin rəngi, səmimiyyəti, hissləri ilə elə Təranə olmalıdır. Bu, Fransa cəmiyyəti tərəfindən sənətçi olaraq qəbul olunmaq üçün əsas amillərdən biridir.

- Bir az da şəxsi həyatınızdan danışaq. Həyat yoldaşınız Fransa vətəndaşıdır. İki fərqli mədəniyyət. Çətin olmur ki?

- Bəli həyat yoldaşım fransızdır, amma Azərbaycanı, tariximizi, mətbəximizi çox sevir. Hətta istirahət vaxtlarında muğama qulaq asır. Zövqlərimiz ortaq olduğu üçün heç bir çətinlik yaşamırıq. Dəfələrlə Azərbaycana səfər edib. Onun ən böyük arzularından biri nə vaxtsa övladlarımızla bir yerdə Qarabağa səyahət etməkdir. Hər dəfə uşaqlarla böyüdüyü şəhərdə gəzəndə deyir, gün o gün olsun, ananızın böyüdüyü şəhəri gəzək. Övladlarım Azərbaycan dilini sevirlər, öyrənirlər. Onların hər ikisinə Azərbaycan adı qoymuşam. Böyük qızımın adı Ulduzə, kiçik qızımın adı Leylidir. Onlar həm azərbaycanlı, həm fransız olduqlarını bilirlər və bununla fəxr edirlər.

Gallery

- Fotolarda ananızın adı diqqətimi çəkdi. Luiza. Zahiri görünüşünüz də bir qədər Avropa qadınlarını xatırladır.

- Anam da atam da təmiz azərbaycanlıdır. Sarışın olmağım sizi çaşdırmasın. Şuşada, Laçında mənim kimi sarışın yaşıl göz adamlar çox olub. Anamın adı bir az qeyri-adidir. Bu adın maraqlı bir tarixçəsi var. Nənəm anama hamilə olanda babam “Başsız atlı” əsərini oxuyurmuş. Deyib əgər qızım olsa adını Luiza qoyacam. Nənəm də etiraz etməyib. Mənim adımı da atam 80- ci illərin məşhur estrada müğənnisi Təranə Vəlizadənin eşqinə Təranə qoyub. Onun pərəstişkarı idi. Adların həyat yolumuza müəyyən təsiri olduğuna inanıram.

- Mütaliə edirsinizmi? Kimləri oxuyursunuz?

- Mən mütaliə etməyi çox sevirəm. Biz informasiya zənginliyi dövründə yaşayırıq. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Bir sözlə mürəkkəb dövrdür Bu zamanda baş çıxartmaq üçün oxumaq, öyrənmək lazımdır. Hər şey kitablarda yazılıb. Bir fransız yazıçısının oxucularla görüşündə olmuşdum. Onun bir cümləsini paylaşmaq istəyirəm. Deyirdi ki, inanmıram kitab dünyanı dəyişə, amma insanı dəyişə bilər. Mən rus məktəbində oxuduğum üçün əsasən rus ədəbiyyatı oxumuşam. Amma Nəsiminin fəlsəfəsi ilə çox maraqlanıram. Mirzə Ələkbər Sabirin satirası bu gün də aktualdır. Mikayıl Müşfiqin poeziyasını çox sevirəm. Onun həssaslığından, incəliyindən zövq alıram. İndi əsasən fransız dilində oxuyuram.

- Yazmaqla aranız necədir?

- Arada olur. Şeirlər yazıram. 2000-ci illərdə “Vətən”, “Müharibə” və “Şuşa” adlı şeirlər yazmışam. Təəssüf ki, rus dilində təhsil aldığım üçün şeirlərimi də rus dilində yazıram. Bəlkə, nə vaxtsa qismət oldu, o şeirlərdən bəzilərini Azərbaycan dilinə tərcümə etdim.

- Bu gün bütün dünyada koronavirus pandemiyası səbəbindən ciddi karantin rejimi hökm sürür. Fransada vəziyyət necədir?

- Fransada çox ciddi karantin rejimi tətbiq olundu. Fransızlar çox ictimai və fəal insanlar olduğu üçün bu evə qapanma məcburiyyəti onlara asan deyil. Bütün şirkətlərdə iş, məktəblərdə dərs evdən davam edir. Bu yeni həyat tərzi günün tamamilə başqa cür planlaşdırılmasını tələb edir. Fransızlar çox yaradıcı insanlardır. Necə ki, italyanlar eyvana çıxıb mahnı oxuyurlar, fransızlar da vəziyyətin stressindən çıxmaq üçün eyvanlara çıxıb mahnı oxuyurlar. Qonşular eyvanlardan oyunlar təşkil edirlər. Bir-birinə tapmaca deyənlər var. Hər gün axşam saatlarında eyvana çıxıb görünməyən qəhrəmanlarımızı - tibbi işçilərimizi alqışlayır, onlara minnətdarlığımızı bu yolla bildiririk. Hal-hazırda Fransada koronavirusdan dünyasını dəyişənlərin sayı 26 minə çatıb. Biz də bacardığımız qədər sosial izolyasiyaya əməl etməyə çalışırıq. Mən bu günlərdə yenidən sanki müharibə dövrlərini yaşadım. Bu çətin günlərdə bizi öldürməyən şeylər bizi daha da güclü etməlidir.

Gallery

# 16855 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #