Kulis.az Əkrəm Əylislinin saytımızda yayımlanan yeni hekayəsi haqda yazıçıların fikirlərini təqdim edir.
Cavanşir Yusifli
- Əkrəm Əylislinin “Ölmüş arvadların qayıtmağı” hekayəsi haqqında - hüzn, qəhər, nostalgiya... bunlar bir yana dursun, hekayənin nüvəsində ciddi mətləblər durur. Hekayə strukturu, təhkiyəsi, ümumən poetikası baxımından maraqlıdır: iki personajın birindən digərinə keçid – biri darıxmaqdan, təklikdən az qala sümüyü sınıb, qulağına səslər gəlir, dünyadan, mühitdən təcrid olunma içini daraldır, belə deyək, sanki son nəfəsində dostunu çağırır, digəri ucadan danışan, dostuna qahmar çıxan... - hallüsinasiyanı gerçəkliyə və tərsinə çevirir. Professor və həkim fərqli insanlardır, müəllif bu şəxslərin dünyaduyumunu qəribə üsulla açır. Professorun qəhərlə danışdıqları həkimə yuxuda sirayət edir. Yuxu müxtəlif situasiyalarda açar rolunu oynayır, xatirələrdən yorulmuş, dumanlanmış şüurdan, “qanı axan” yaddaşdan keçən yuxular uşaqlıqda, kənddə keçən ömrə “yapışıb qalan” sözlərlə gerçəkliyin sirlərinə toxunur. Cin məsələsi. Qırmızıpapaq cin... və sair. Bir də 70 il söhbəti. Ölmüş səslərin, insanları, onların ümidlərini küncə sıxışdıran hadisələrin qayıda bilmək təhlükəsi... Hekayənin hördüyü yuxu iki mərtəbəlidir: insanın çox sevdiyi yerlərə, qadına, səsə... qayıtmaq həsrəti, bir də dəhşətlərin, arxada buraxılan hadisələrin dirilməsi... Bu artıq yuxu deyil.
Mehriban Vəzir
- Əkrəm Əylislidi də... Ustaddı... Yaxşı təsvir edir insan duyğularını, ağrılarını, həyəcanlarını... Oxuduqca dünyanın faniliyini düşündüm və çoxdan görmədiyim bu adamı görmək, danışmaq, kefini soruşmaq istədim. Demək, ürəyimdə yeri var. Bəlkə də xatırlamır, çoxdan həmsöhbətim olmuşdu, o söhbətdə gözlədiyim Əylislini görməmişdim, təəccüblənmiş, narazı qalmışdım. Yəqin yenə görüşsək, söhbətləşsək eyni nəticə olacaq. Həmfikrim deyil, düşüncələrini bölüşmürəm. Amma gözəl yazıçıdır, ürəyimdə yeri olan qələm sahibidir.
Aqşin Yenisey
- Bir yazıçı və dost kimi Əkrəm Əylislini incitmək istəmirəm. Xahiş edirəm, şöhrətinin dadına dalsın. Belə şeylər yazmasın. Bu hekayə kimin nəyinə lazımdır?
Mübariz Örən
- Bu hekayə göstərdi ki, Əkrəm Əylisli indiki yaşında da masterdir. Hekayədə hər şey gözəldi, - ab-hava, obrazların diriliyi, bütövlüyü, dialoqların sadə və təmizliyi, professorun həsrəti, "dəli doxturu" Cabbar həkimin mətləbdən mətləbə incəliklə keçərək o həsrətə məlhəm qoyması... Epiloq isə möhtəşəm idi; pandemiya dövründə yaddaş ağrısının özünün də keçici olması! Bir sözlə, Əkrəm Əylisli nəsrinin dadı-duzu bu gün də yerindədi, qırx il əvvəlki təravətindədi. Bu yaxınlarda Rüstəm Kamalın da "Gecə öyküsü" hekayəsini oxumuşdum, indi bu hekayəni oxuyandan sonra yadıma köhnə sovet filminin adı düşdü: "Döyüşə yalnız qocalar gedir". Ad demişkən, bu hekayədə yeganə məni açmayan bir şey varsa, o da hekayənin adıdır. Zənnimcə ad hekayənin ruhunu əks elətdirmir, əksinə oxucunu mətləbdən yayındırır. Yaddaşla bağlı bir şey olsaydı...
Şərif Ağayar
- Mən çox sevindim ki, Əkrəm Əylisli bu hekayəni ilk mənə atdı və bu, təkcə yayım üçün deyildi, məndən fikrimi də öyrənmək istədi. Oxuyub xeyli təsirləndim. Çünki Əkrəmin dünyanın ən böyük sevgilərindən olan Əylis sevgisinin və dünyanın ən böyük həsrətlərindən olan Əylis həsrətinin canlı şahidiyəm. Hekayə bu sevgini və bu həsrəti oxucuya sənətkarca ötürə bilir. Təbrik edirəm. Bu yaşda o sevgini, o həsrəti o cür yaşamaq, o cür yaşatmaq hər oğulun işi deyil. Oxucuya ötürə bilmək isə heç deyil!
Mirmehdi Ağaoğlu
- Hekayəni yaşı səksəni ötmüş bir adamın sızıltısı kimi oxudum. Maraqlıydı, görəsən, yaşlı adamlar, xüsusən bu karantin günlərində nə hiss keçirirlər, nələr düşünürlər, baş verənlər onlara necə təsir edir? Xüsusən, bu təcrübəni Əkrəm Əylisli kimi bir yazıçının bölüşməsi daha ikiqat maraqlı idi. Doğrudan da illər uzandıqca insan bütün kənar təsirlərdən uzaqlaşıb daha çox ömür kisəsinin dibini eşələməklə məşğul olur, ordan tapdığı uşaqlıq xatirələrinin qırıntılarını çıxarıb təmizləyir, kiməsə - oxucuya - nümayiş etdirir. Bu hekayədə də qoca qəhrəmanlar zaman və məkan baxımından uzaq düşdükləri uşaqlıqlarını xatırlayırlar. Uşaqlıqları Böyük Vətən müharibəsinə təsadüf etmiş, aclıq, yoxsulluq görmüş qəhrəmanlar ömürlərinin qürub çağında ikinci bir bəla ilə - koronavirusla qarşılaşır. Təcrid, qocaların çölə çıxmaq yasağı, pandemiya sıxıntısı istər-istəməz müharibə vaxtı yaşadıqlarını xatırladıb onları uşaqlıqlarına qaytarır, elədikləri günahlar, “pis işlər” kabus kimi onları təqib etməyə başlayır, Məmmədəlinin üzləşdiyi “səs eşitmə” xəstəliyinə axırda Cabbar da yoluxur.
“Ölmüş arvadların qayıtmağı” mənim üçün hüznlü bir hekayə idi, hələ də təsirindən çıxa bilməmişəm. Xüsusən sonluğunu çox bəyəndim. Çexovun “Sürgün” hekayəsinin sonluğunu xatırlatdı.
Ayxan Ayvaz
- Əkrəm Əylislinin hekayəsi nisgilli idi, kövrək notlar üzərində qurulmuşdu. Əkrəm müəllimlə bu hekayə çap olunmadan əvvəl şəxsi söhbətimiz olmuşdu. Mənə hekayənin iki adı olduğunu dedi, soruşdu ki, hansı yaxşı olar. Mən də zarafatla "arvad" sözünün bəlalı olduğunu, feministlərin Əkrəm müəllimin üstünə töküləcəyini dedim. O söhbətimizdə Əkrəm müəllim hekayəni danışanda mənə çox maraqlı gəldi. Müharibədən sonra kişisiz qalan qadınların səsini eşidən professor... Hekayəni oxuyanda isə təəssüfləndim ki, Əkrəm müəllim bu yeri "qazmaq"dan imtina edib və özünün kövrək duyğularını hekayəyə sızdırıb. Hər halda bu yaşda da Əkrəm Əylislinin belə hekayə yazması, necə deyərlər, təqdirəlayiqdir.
Müşfiq Şükürlü
- Deyəcəm hekayə alınmayıb, deyəcəklər paxıllığın tutur. Sondakı bir-iki abzası çıxsaq hekayə bədii möcüzədən məhrumdur. Sondakı iki abzas da bədii möcüzə deyil. İllərin yazıçısından qalan qırıntılardır. Əkrəm Əylislinin hekayəsini ona görə bəyənmədim ki, duyğusal təmas yoxdur. Təhkiyə qətiyyən toxunmadı mənə. Pandemiya ilə Əylis kəndini bir-birinə yamaq eləyib yazıçı. Dildən və sözdən yazmaq xatirinə istifadə edib, sanki. Aidiyyatsızlıq, əlaqəsizlik var hekayənin dərinliyində. Ona görə də alınmayıb. Əkrəm Əylisli bu hekayəsində nə başını işlədə bilib, nə əlini. Dil inandırıcı deyil, süjet və məzmun isə dünəndən uduzub. Dil və məzmun yardımlaşması yoxdur hekayədə.