Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşı: “Onu Şuşada görəndə gözlərimə inanmadım” – Müsahibə

Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşı: “Onu Şuşada görəndə gözlərimə inanmadım” – Müsahibə
26 may 2021
# 09:00

Kulis.az əslən Xankəndidən olan Sima Həsənova ilə müsahibəni təqdim edir. Xatırladaq ki, Sima xanım qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Araik Arutyunyanla bir sinifdə oxuyub.

- Gəlin, söhbətə tanışlıqdan başlayaq...

- Xankəndində anadan olmuşam. Əslimiz Xocalıdandır. Valideynlərim o vaxt Xankəndiyə köçüblər. Sovet dönəmində atama ordan dörd otaqlı ev verilmişdi. Mən də 10 nömrəli məktəbdə, rus bölməsində oxumuşam.

- Adınızı nə əcəb Sima qoyublar?

- Sima bizim sözdür. Üz anlamında. Vurğunu düzgün desəniz, hiss edəcəksiniz.

- Valideynləriniz nə işlə məşğul olurdular?

- Anam tibb işçisi idi, atam isə Əsgəran rayon Ticarət İdarəsinin rəhbəri idi. O vaxt “Raypo” deyirdilər. Mağazaları malla təmin edirdilər.

- Özünüz müəlliməsiniz, mən bilən?

- Bəli, müəlliməyəm.

- Xankəndidə təhsil aldığınız məktəbi necə xatırlayırsınız?

- Yadıma düşür, orada bizə “tork”, yəni “türk” deyirdilər. Sovet zamanı bizə kim olduğumuzu öyrətmirdilər deyə, sözün mənasını bilmirdik. Görünür, ermənilər bilirmiş. Onlar bizi aşağılamaq üçün belə müraciət edirdilər. Ona görə çox münaqişələrimiz olurdu. Sataşırdılar, paylarını da alırdılar.

- Azərbaycanlı oğlanlar vardı sinfinizdə?

- Bizim sinifdə yox, o biri siniflərdə var idi. Tez-tez ermənilərlə davaları düşürdü. Döyürdülər onları. Erməni uşaqları bizimkilərdən həmişə qorxublar.

- Siz də döyürdünüz?

- Hərdən olurdu (gülür). Şəxsən mən cavablarını necə lazımdı verirdim, heç birindən qorxmurdum.

- Araiki necə xatırlayırsınız?

- Sizə deyim, çox gözəçarpan biri deyildi. İrəli getmək, liderlik etmək qabiliyyəti yox idi. Yaxşı oxuya da bilmirdi. Ondan daha savadlı, daha diribaş ermənilər vardı. Sinifdə iki Araik vardı. O biri bundan daha diribaş idi. Həm də daha çox millətçi idi o. Xüsusən, son illərdə lap radikallaşmışdılar. Amma yenə də bizdən çəkinirdilər. Şəxsən mənə nəsə deməyə cəsarət eləmirdilər.

- Yadınızda yaxşı insan kimi qalan erməni var?

- Yaxşı erməni deyəndə, metislər vardı... Rusla qarışıq. Onlar nisbətən yaxşı idilər.

- Belə baş düşdüm ki, nə qədər çəkinsələr də yenə hər dəfə skandal yaradırmışlar.

- Bəli. İçlərində bizə qarşı kin var idi. Yadıma düşür, o biri Araik deyirdi, biz Xankəndini İrəvana birləşdirəcəyik. Onda biz hələ bunun nə demək olduğunu anlamırdıq. Sadəcə pis bir niyyətin olduğunu hiss edirdik. Deyirdik, qələt eləyəcəksiz! Tarixi düzgün bilməsək də, içimizdə bir Azərbaycan təəssübkeşliyi vardı.

- Bəs həmin fağır, elə də ağıllı olmayan sinif yoldaşınızın separatçı ermənilərə rəhbərlik etdiyini nə vaxt öyrəndiniz?

- Sonuncu Vətən müharibəsi zamanı bunun Şuşada çıxış etdiyi videonu gördüm. Şoka düşdüm. Orada görəndə xatırladım ki, bu, həmin Araikdir.

- Necə tanıdınız?

- Adı, soyadı uyğun gəlirdi. Həm də gülüşü, üzünün mimikası tanış gəldi. Kollektiv şəklimizdə də görə bilərsiniz. Sonra internetdə girib baxdım ki, elə həmin Araikdir.

- Sizin digər bir azərbaycanlı sinif yoldaşınız var – Sevda xanım, o, çoxdan bilirmiş. Hətta, bizə müsahibəsində erməni sinif yoldaşlarını internet vasitəsi ilə izlədiyini demişdi.

- Hə. Bilirəm. Mən gec bildim. Dediyim kimi, Vətən müharibəsi başlananda. Amma o sinif yoldaşlarım mənimlə də maraqlanmışdılar. O vaxt internetə girmirdim deyə, izləyə bilmədim.

- Əgər həmin qrupda olsaydınız, onlara nəsə demək istəyərdiniz?

- Sözümü indi, qələbədən sonra demək istəyərdim. Demək istəyərdim ki, kimə lazım idi bu qədər ölüm, qırğın? Deyərdim, hamıdan yaxşı yaşayırdınız, niyə belə etdiniz ki? Sizə bu lazım idi?

- Araiki görəndə ürəyinizdən nə keçdi? Ona nə demək istədiniz?

- Ürəyimdən ona “Qarabağ bizimdir!” demək keçdi. İstəyərdim, onun elə özünə deyim ki, siz Şuşa görməmisiniz axı. Onlar Şuşa görməmişdilər. Heç Şuşaya getmirdilər. Amma o vaxtdan elə Şuşamızı da mənimsəmək istəyirdilər. Xankəndidə yaşayıblar və heç kimdən də pis yaşamırdılar. Yalandan ağlamaqlarına baxmayın, hamıdan yaxşı yaşayırdılar.

- Araikin özüylə mübahisə etdiyiniz, ya dalaşdığınız olub?

- Olub. İndi tam təfərrüatlarını xatırlamıram, amma demək olar, hamısı ilə dalaşırdım, cavablarını verirdim. Güclü qız idim. Basketbola gedirdim. Boyum uca idi. Araikin, şəkildən də göründüyü kimi, elə boy-buxunu da yox idi.

- Hər hansı bir əhvalatı xatırlamağa çalışın, mümkünsə...

- Bir dəfə, idman dərsində idik, məktəbimizin meydançasında. Yadıma düşür, sinif yoldaşım gəlib mənə xəbər verdi. Hansısa erməni oğlan mənim qarama deyib ki, “tork” olmasaydı, onu alardım. Yəni, həyat yoldaşı kimi almağı deyirdi... Azərbaycanlı qızların namuslu, qeyrətli olduğunu bilirdilər.

- Cavab vermədiniz?

- Özümə desə verərdim. Mənə deməmişdi. Yəqin, çəkinərdi.

- Bizimkilərə onlara qız vermirdilər. Nadir hallarda onlardan qız alan olardı.

- Bəli. Elədir. Ən mehriban vaxtlarda da aramızda sərhəd vardı.

- Araikin valideynlərini, ailəsini necə xatırlayırsınız?

- Sadə ailə idi, elə də varlı deyildilər. Peşələri nə idi bilmirəm.

- Evləri uzaq idi sizdən?

- Uzaq idi. Tanımırdın məhəllələrini.

- Erməni qızlar da millətçi idi?

- Yox. Oğlanları elə idi. Qızlar bizə söz atıb eləmirdilər. Şəxsən öz sinfimizdə elə bir şey xatırlamıram.

- Bizə bənzəyən nələri var idi? İstər adət baxımından olsun, ya da başqa nələrsə...

- Sizə deyim ki, adət baxımından onlar bizə paxıllıq edirdilər. Çünki Sovet dövründə bizim adət-ənənələrimiz qalmışdı, onları qoruya bilmişdik. Məsələn, Novruz bayramında məktəbə xonçalar aparırdıq, uşaqlara pay verirdik. Müəllimlərimiz deyirdi, görürsünüz, adətlərini yaddan çıxarmırlar. Onlar öz adətlərini tamam yaddan çıxarmışdılar. Bilmirəm, sonradan özləri üçün kimdən, nə oğurladılar, o vaxt heç bir xüsusi adətlərini görməmişdim.

- Neçə il onlarla bir yerdə oxudunuz?

- Axıra qədər. 8 il. Münaqişələr başlayana qədər.

- Münaqişənin yarandığını necə hiss elədiniz? Nələr baş verirdi?

- 1986-cı il idi. 6-cı sinifdə oxuyurdum. Yadıma düşür, küçə ilə gedəndə onların nümayişlərini görüb qorxurdum. Elə şeyləri televizorda görəndə belə qorxurdum. Harasa gedəndə - məktəbə, kitabxanaya, şəhərə, onların mitinqlərini görürdüm. “Miatsum!” - deyib qışqırırdılar. Bu da onların dilində “Birləşmək” deməkdir. Ermənistana birləşməyi nəzərdə tuturdular. Qonşumuz var idi, erməni, Anaida, o, bizə tez-tez gələrdi. Təsəvvür edin, mənim qabımdan, mənim qaşığımla yemək yeyirdi. Yəni, münasibətimiz elə yaxşı idi. Hadisələr başlayanda qardaşları onun bizə gəlməsini qadağan elədi. 1988-ci ildə, biz artıq oradan köçəndə, həmin qız gəlib mənimlə görüşdü, sağollaşdı.

- Bəs sinif yoldaşlarınız?

- Onda məktəb bağlı idi.

- Erməni müəllimlərin azərbaycanlılara münasibəti necə idi?

- Mənim bacım Həsənova Süsən Umud qızı məktəbimizin komsomol təşkilatının rəhbəri idi. Çox savadlı qız idi. Ermənilər onun paxıllığını çəkirdilər. Amma müəllimlərimizin arasında obyektiv olanları da çox idi. Bir erməni tarix müəllimimiz vardı, bacıma deyirdi, sən çox irəli gedəcəksən. Doğrudan da getdi, amma bəlkə də elə o müharibədən, stressdən sonra xərçəngə tutuldu və erkən vəfat etdi.

- Allah rəhmət eləsin. Neçə yaşında vəfat etdi?

- 43... Xocalıdakı qohumlarımızdan da ölənlər, itkin düşənlər çox oldu. Qalanlar da dərddən-qəmdən xəstə düşdü. Babam Xocalının ağsaqqallarından idi. Hakim Səlimov. Məzarı da ordadır. Ermənilərin çəkdiyi bir videoda görmüşdüm. Atamın qəbri də ordadır.

- Atanız Xocalıda dəfn olunub?

- Bəli. Biz Xankəndini məcburi tərk edəndən bir az əvvəl ermənilər atama hücum edib onu möhkəm döymüşdülər. Birinci Xocalıya hücum etmişdi ermənilər, xocalılar onların necə lazımdı payını verdilər. Ondan sonra Xankəndidə vəziyyət daha da gərginləşdi. Azərbaycanlı evlərinə hücum edir, hər şeyi çölə töküb yandırırdılar.

- Sizin evi də dağıtdılar?

- Yox, biz onda köçməmişdik hələ. Tərk edilmiş evlərə hücum eləyirdilər. Rus hərbçilər gəlib bizim evi təhlükəsiz tərk etməyimizə kömək etdilər. Hətta, yadıma düşür, anamın erməni baş həkimi ona arxa yolla getməyimizi məsləhət gördü ki, bizə heç nə eləyə bilməsinlər.

- Bəs atanızı necə döydülər?

- Atam Şuşa-Ağdam yoluna çıxmışdı, kəndə, Xocalıya gedib köçmək üçün kömək çağıracaqdı. Həmin gecə Xocalıda atışma olduğundan xəbəri yox idi. Elə orada, təxminən 30 nəfər cavan oğlan atamı döydü. Bu haqda Şuşada xəbər də dərc olunmuşdu. Onsuz da xəstə adam idi. Şuşaya gəldik, bir ay sonra öldü. Onun cənazəsini tankla Xocalıya aparıb öz qəbiristanlığımızda dəfn elədik.

- Sizcə, həmin sinif yoldaşlarınızın arasında neçə faizi bu hadisələri, müharibənin olmasını istəmirdi?

- Şəxsən mən düşünürəm ki, Qarabağ ermənilərinin əksəriyyəti müharibəni istəmirdi.

- İstəmirdilərsə, o mitinqləri edənlər kimlər idi?

- Onlar daha çox qıraqdan gələnlər idi. “Daşnak” partiyasının adamları idi. Qəsdən aranı qızışdırırdılar. Düzdü, uşaqlıqdan bu cür təbliğatlar aparırdılar. Erməni soyqırımı-filan... Bunun da təsiri vardı.

- Ermənilərlə hansı dildə danışırdınız?

- Erməni dilində. Qarabağ ermənilərinin dili, ləhcəsi fərqlidir. Biz rus məktəbində təhsil almışıq. Orada istəyən erməni dilini öyrənirdi, istəməyən yox. Könüllü idi. Mən erməni dilini çox təmiz bilirdim, hətta dərnəklərdə müəllimlər soyadımı görəndə inanmırdılar. Təəccüblə soruşurdular ki, sən azərbaycanlısan? Deyirdim, bəli!

- Onlar bizim dilimizi bilirdilər?

- Bizim dilimizdə danışdıqları yadıma düşmür. O boyda şəhərdə bir Azərbaycan məktəbi var idi, o da şəhərin qırağında. Əksər azərbaycanlılar orada - Kərkicahanda tərəfdə yaşayırdılar. Şəhərin özündə azərbaycanlı az idi.

- Araiki tanıyandan sonra fəaliyyətini, müharibə zamanı etdiklərini, dediklərini izləyib necə reaksiya verdiniz?

- Güldüm. Ona baxanda gülməyim gəlir. Axmaq işlə məşğul olduğunu bilmir. Gün gələcək elədiklərinə görə cavab verəcək. Əvvəllər buna az inanırdım. Qələbədən sonra bütün varlığımla əminəm.

- Xankəndiyə qayıtmaq istərdiniz?

- Mütləq qayıdacam və evimizdə də yaşayacam.

# 12356 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #