“Patı”nın qurbanı olan dostum - O, əlində bıçaq evlərə hücum edirdi

“Patı”nın qurbanı olan dostum - O, əlində bıçaq evlərə hücum edirdi
17 iyul 2021
# 13:35

Narkomaniya pandemiyadan və müharibədən daha dəhşətlidir: o çuxura düşdünsə, sonu yoxdur, mütləq bir yerdə səni məhv edəcək və yaşaya-yaşaya öldürəcək.

Təzə-təzə “patı” söhbəti ortaya çıxanda bilmirdim söhbət hansı narkotik vasitədən gedir. Yəni bu “patı” adamı nə vəziyyətə qoyur, nə hala salır? Öyrəndim ki, sən demə, qabaqlar İrandan, Əfqanıstandan gətirilir, baha qiymətə satılırmış.

İndi isə ayaq tutub yeriməyə, daha geniş auditoriyaya çıxmağa başlayıb.

Səbəb?

Azərbaycanda kustar üsulla hazırlanır və qiymət düşür. Nəticədə hamı üçün əlçatan olur.

Düzü, narkotik vasitələr haqda dəqiq bir bilgim yoxdur, nə nədir, “şüşə” necədir və s.

Bircə “peredoza”nı bilirəm ki, bu da artıq “na smertdir”. Təzə öyrəndiyim məlumatda isə bunlar var: Azərbaycanda hazırlanan “patı”nın tərkibi daha pis vəziyyətdədir, bir sözlə, kimyəvi zəhərdir, qabaqkı “patı”dan daha tez ölümə aparır.

İstifadə edənlərdə halsızlıq, bədənlərində göyərmələr görmək olar. Gənclik ağacların böyür-başında sərələnib hallanır, ağızlarından köpük qusurlar və bir gün də gənc gözlərində donuq bir göy üzündən başqa heç nə qalmır.

Bu mənzərəni nə vaxtsa görmüşdüm: qonaq getdiyim bir rayonda (adını çəkməyim, dostum oxuyub inciyər məndən) axşamüstü hamı hallanmış, hərə bir ağacın altında uzanıb gəlib-keçənə boş-boş baxırdı. O mənzərə həyatımda gördüyüm ən amansız mənzərə idi.

Xatırladığım bir başqa hadisə isə narkomaniyanın bəlası olmuş bir yaxınım haqdadır. Yaxşı oxuyan, müəllim oğlu, üstəlik işində-gücündə olan bu oğlanın bir gün narkomaniyaya qurşanacağı, hamının qabağını kəsib pul dilənəcəyi ağlımın ucundan keçməzdi. Tanıdığı, yaxın bildiyi adamlara əvvəl-əvvəl siqaret, dönər, yolpulu adıyla yaxınlaşırdı. Onu tanıyanlar da sözsüz-söhbətsiz cibindən pul çıxarıb ona uzadırdılar. O narkomaniyanın quyusunda imiş, sən demə. Dostlar yaxşılıq adına verdiyi pulla onu o qaranlığa bir az da itələyirmişlər.

Üstündən bir neçə ay keçdi, sinif yoldaşım həyəcanlı-həyəcanlı mənə zəng elədi, dedi, bəs bu mənə bıçaq çıxardı, pul istədi, deyəsən, başı qaçıb. Sinif yoldaşımın yanına gəldim, ona təskinlik verdim, dedim, bəlkə borca-filan düşüb. Dedi, yox, hallıydı, başı işləmirdi, bıçağı soxacaqdı az qala, yalandan dedim, gedib pul gətirirəm, buraxdı.

Bu tanış uşaq sonralar da sinif yoldaşımın yaxasını buraxmadı. 5 manat, 10 manat deyə-deyə yavaş-yavaş məbləği qaldırdı. Axırı məbləğ gəlib 200 manata çatdı. Onda sinif yoldaşım bütün sinif uşaqlarını yığdı başına ki, bəs, belə bir zibilə düşmüşəm, mən evdə olmayanda gəlib evimizin qapısını sındırır, arvadım, uşaqlarım qorxudan tir-tir əsir...

Sinif yoldaşımın özü də əməlli-başlı əsirdi, sözlər ağzından güc-bəla çıxırdı, üzü-gözü dümağ olmuşdu, elə bilərdin, üstünə un töküblər. Biz ordaca qərara gəldik ki, bu tanış uşağı başa salaq, onu doğru yola çəkək, deyək, etmə-eləmə, sən yaxşı uşaqsan, gəl əl çək bu sevdadan.

Tanış oğlanla görüşüb onu elə məktəbimizin həyətinə apardıq. Düşündük ki, bəlkə məktəbin həyətində olması ona köhnə günlərini, o yaxşı oxuduğu məktəb anlarını xatırladar, kövrələr, qəlbinə keçmişin xoşbəxt işığı düşər, beləliklə, ona uzanan əlimizdən tutar.

Tanış oğlan məktəbi görüb daha da pis oldu, bir qızı sevdiyini, ona görə içkiyə qurşandığını, damarlarını doğradığını danışdı. Sonra borca düşdüyünü, borclu adamın onun qapısını kəsməsini...

Gözləri doldu. Biz yaxınlıqdakı çayxanaya getdik. Baxdım ki, o əvvəlki oğlandan əsər-əlamət qalmayıb, üz-gözü göyərib, arıqlayıb çöpə dönüb. Hətta mən məktəb vaxtı tanıdığım o oğlanla bu oğlanın eyni adam olmadığını düşündüm. Dedim, bəlkə yanılıram, axı o oğlan belə deyildi, bu cür söhbətlər eləmirdi, mən tanıdığım oğlan oxuyan, dünya görüşü olan, savadlı oğlan idi.

Qərəz, çox danışdıq, sinif yoldaşımızdan uzaq olmasını və o zibili də atmasını məsləhət gördük. O, bizim bu qayğıkeşliyimizdən mütəəssir oldu, yenə gözləri doldu, sərxoş adamlar kimi bir-bir bizi qucaqlayıb and içdi ki, bir də sinif yoldaşınızın evinin həndəvərindən keçməyəcək, onu görəndə yolunu dəyişəcək, narkotiki atacaq, yeni həyata başlayacaq, hardasa bir mühafizə işi varmış, ora gedəcək.

Sevincək olduq, deyə-gülə sağollaşıb evlərimizə dağılışdıq.

Üstündən siz deyin, bir, mən deyim, iki həftə keçdi, sinif yoldaşım həyəcanla zəng elədi ki, yenə qabağımı kəsdirir, pul istəyir, verməyəndə evə qədər gəlir, arvad-uşağım, anam qorxuya düşüb.

Sinif yoldaşım evini dəyişmək, hətta rayona köçmək fikrinə düşmüşdü. Tanış oğlan daha da ağını çıxarıbmış, artıq onu tutduğu yerdə cibindəkiləri əlindən alırmış. Vəziyyət o yerə çatmışdı ki, sinif yoldaşım artıq intiharın bir addımlığında idi.

Aradan bir-iki ay keçdi, sinif yoldaşım bir çarə tapdı, işlədiyi yerdə həbsxanada yatmış, adlı-sanlı bir adama bu söhbəti açıb danışdı. Həmin adam bizim tanış oğlanı tapıb söhbətləşdi. Daha bizim kimi kövrək söhbət eləmədi, kəskin danışıb ona dedi ki, bir də uşağa yaxın düşdüyünü görsəm, sənin boğazını üzəcəm. O-bu, həmin oğlan yoxa çıxdı – elə bil, bu adda biri heç olmamışdı. Sonralar da ondan xəbər tuta bilmədik. Bilmədik, o bəladan qurtuldumu, yoxsa hələ də onun əsiridirmi.

Başımıza gələn bu qorxulu, vahiməli günlərdən sonra bir şeyi qavradım: narkomaniya insana insan olduğunu unutdurur.

İnsan olduğunu unutmaq necə də dəhşətli səslənir!

Narkotik maddələrin təsirində olan insanların mənəvi olaraq yanımızdan getdiklərini bilirik. Bu həqiqəti qavrayan hər kəs, hamımız lənətlənmiş, yoluxucu xəstəlik daşıyan adam kimi onları özümüzdən uzaq tuturuq. Yəqin, bunun da haqlı səbəbləri var. Hamımız qorxuruq. Uşağımıza, ailəmizə bu dəhşətin sıçramasını istəmirik.

Qəribədir, gözümüzü, qulağımızı bağlamaqla bu bəlanın bizə bulaşmasının qarşısını aldığımızı düşünürük. Ancaq problemdən qaçmaq onun olmaması anlamına gəlmir. Problem haqqında maariflənmək, ondan qorunma yollarını bilmək, araşdırmaq və daha çox insanın bu məlumatları əldə etməsinə şərait yaratmaq lazımdır.

Narkomaniya mənə görə, insanın öz kimliyini tələyə qoymasıdır. Bayaq dedik axı, insan olduğunu unutmaq...

Əfsanəvi futbolçu Maradonanın narkomaniyaya qurşanması ilə bağlı verdiyi müsahibəni oxuyanda hədsiz narahat olmuşdum. Ordakı bir məqam məni xeyli sarsıtmışdı:

“Narkotikdən istifadə edəndən sonra qızlarımı qucaqlaya bilmirdim. Daha doğrusu, qucaqlayırdım, ancaq hiss edə bilmirdim. Bu xəstəlikdən yaxa qurtaranda isə qızlarım böyümüşdü və mən o hissi heç vaxt yaşaya bilməyəcəyim üçün peşman olmuşdum”.

Həyatını “ağ zəhər”ə tapşıran insanların xilası çətindir.

Hə, çətindir, amma mümkündür. Hər şeyin bir çarəsi var. Hələ hər şeyin elə də uzaqda olmadığını göstərmək lazımdır. Axı bu illətdən qurtulanlar və təzədən öz insan kimliyinə qayıdanlar olur.

Tutulacaq bir əl mütləq var.

Təki o insan xilas olmaq, yaşamaq istəsin.

Həyatın ən gözəl tərəfləri bəzən bizim nəzərdən qaçırdığımız xırda detallarda gizlənir. Ümidsizliyə qapılmadan, çarəni zərərli vərdişlərdə görmədən həyatdakı ən adi şeylərədən zövq almağı bacarmaq və yaşamaq lazımdır!

Gözəl günlər hələ yaşamadığımız günlərdir.

# 4012 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #