“Çeka” dəstələrinin Tiflisdə həbs etdiyi cümhuriyyətçi - O, niyə İrana getmişdi?

“Çeka” dəstələrinin Tiflisdə həbs etdiyi cümhuriyyətçi - O, niyə İrana getmişdi?
28 may 2024
# 12:00

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı Məmməd Sadıq Aranın anım günüdür.

Kulis.az Nəsiman Yaqublunun "Azərbaycan mühacirət mətbuatının tanınmış xadimi – Məmməd Sadiq Aran" yazısını təqdim edir.

Tanınmış mühacir və mətbuat xadimi olan Məmməd Sadiq Aran 1895-ci ilin dekabr ayında Zəngəzur qəzasının Sisyan bölgəsində Rud-bazarçay kəndində doğulmuşdur. İlk təhsilini evdə almış, fars və ərəb dillərini öyrənmişdir. Elə həmin illərdə də “Qurani-Kərim”i oxuyub mənimsəmişdir. Sonra Naxçıvan gimnaziyasını bitirmiş və imtahan verib Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olmuşdur. Türkiyəyə getdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakultəsində təhsil almış, müxtəlif məktəblərdə müəllimlik etmişdir.

Ərəb, fars və rus dillərini yaxşı bilən M.S.Aran musiqi ilə də məşğul olmuşdur. Bir sözlə klassik Azərbaycan musiqisini mükəmməl öyrənmişdir. Yaradıcılığa erkən başlayan M.S.Aran ilk şerlərini “Açıq söz” və “Fyuzat” jurnallarında dərc etdirir. Təqib və məhdudiyyətlər qarşısında 1914-cü ildə İrana qaçır, Marağada ibtidai məktəb yaradır. 1917-ci ildə isə Gorusa gəlir və orada da məktəb açır.

M.S.Aran 1917-ci ildən başlayaraq Azərbaycanın milli istiqlalını qazanması uğrunda mücadilə etmişdir. Bolşeviklər Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurmuş və İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə getmiş , sonra yenidən Azərbaycana qayıtmışdır.

Sonradan o, “Çeka” dəstələri tərəfindən Tiflisdə tutulub həbsə alınmışdır. Sonradan fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olan M.S.Aran 1923-cü ilin sonunda İrana, buradan isə Türkiyəyə mühacirət etmişdir. Əvvəlcə Trabzonda müəllimlik etmiş, sonra da İstanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək vermişdir. İstanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərmişdir.

M.S.Aran daha sonra Finlandiyaya getmişdir. Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün bir məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışmışdır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı bir qəzet də təsis etmişdir. Finlandiyadan İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən Aran İkinci Dünya müharibəsindən sonra “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri olaraq İranda işləmişdir.

1941-ci ildə yenidən İstanbula köçən M.S.Aranın 1942-ci ildə “İran türkləri” adlı kitabı çapdan çıxmışdır. Az sonra müəllif “Türkün altun kitabı” adlı ikinci əsərini nəşr etdirmişdir. M.S.Aran pedaqoji siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri vardır. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərkənəgon yolları” adlı kitabında toplanmışdır.

Türkiyədə çap olunan “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və Ergenekan yolu” kimi dərgilərdə də imkanı daxilində çıxış etmişdir. Türk Kültürü Araşdırma İnstitutunun qurulmasında onun böyük zəhməti olmuşdur.

Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə, İstanbulda vəfat etmişdir.

Məmməd Sadiq Aranın Türkiyə mətbuatında yazıları

Qeyd edək ki, Türkiyədə yayımlanan digər mətbuat orqanlarında da Məmməd Sadiq Aranın məqalələri çap edilib. Bu yazılar sırasında M. S. Aranın “Azəri Türk Şairləri” yazısı daha çox diqqəti çəkir. Bu məqalədə o, Şah İsmayıl Xətai, Şükuhi, Qövsi, Məhəmməd Bakir Xalxali və müasir Azəri Türk ədəbiyyatından Hüseyn Cavid, Əhməd Cavad və Almas İldırımın şeirlərindən də nümunələr verərək təhlil edir.

M.S.Aranın “Ulus” qəzetində də yazılarına rast gəlmək mümkündür. Bu qəzetdə o, əsasən İranla bağlı yazılarını “İran məktubları” başlığı ilə dərc etdirmişdir.

Məmməd Sadiq Aranın bu yazıları “Ulus” qəzetinin 1938-ci ilin 23 aprel və 1941-ci ilin 18 iyun saylarında çap edilib.

Onun “Azərbaycanda Qadın Türk Şairləri” yazısı “Çağlayan” məcmuəsinin 1942-ci ilin 26 aprel sayında nəşr edilib. Bu yazısında o, əsasən Xurşud Banu Xanım Natəvan haqqında oxuculara məlumat verir.

M.S.Aranın 1942-ci ilin 5 martında “Bozqurd” məcmuəsində çap edilən “Məfkurə-Ülkü” məqaləsi və həmin məcmuənin 26 martında nəşr edilən “Ərgənəkon bayramı” yazısı da əhəmiyyətinə görə maraqlıdır.

1946-cı ilin 6 dekabrından Türkiyədə nəşrə başlayan “Şərq Yolu” qəzetində də onun “Məmməd Sadiq Aran” və “S.Azər” imzaları ilə məqalələrinə, “Sənan” imzası ilə şeirlərinə rast gəlinir.

Onun bu qəzetdə Məmməd Sadiq Aran imzası ilə çap edilən yazıları aşağıdakılardır:

1. Millətlərin haqqı və məhkum Türklərin davası. “Şərq Yolu” qəzeti, il 1, sayı 1, 6 dekabr 1946.

2. Bədbəxt Azərbaycan məsələsi. “Şərq Yolu” qəzeti, il 1, sayı 2, 13 dekabr 1946.

3. Qızıl samata. “Şərq Yolu” qəzeti, il 1, sayı 3, 21 dekabr 1946.

4. Qızıl vəhşət. “Şərq Yolu” qəzeti, sayı 4, 28 dekabr 1946-cı il.

5. Kommunist həyəcanlarına cavab. “Şərq Yolu” qəzeti, il 1, sayı 4, 28 dekabr.

1946-cı il.

6. Məhkum Türklərin durumu. “Şərq Yolu” qəzeti, sayı 5, 4 yanvar 1947-ci il.

7. Biz nə istəyirik? “Şərq Yolu” qəzeti, sayı 6, 11 yanvar 1947.

8. Məhkum Türklərin iztirabları. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

9. Kamalimizin istismarı. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

10. Sovet Rusiyasının Türkiyə dostluğu. “Şərq Yolu” qəzeti, sayı 9, 1 fevral 1947.

11. Burjua kommunistlər. “Şərq Yolu” qəzeti, sayı 10, 8 fevral 1947.

12. Vəhşət xəbərləri. “Şərq Yolu” qəzeti, sayı 11, 15 fevral 1947.

“S.Azər” imzası ilə nəşr edilən yazıları

1. 26 il öncə. “Şərq Yolu” qəzeti, sayı 6, 11 yanvar 1947.

2. Tarixdən səhnələr: Azərbaycan-İran qovğası. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

3. Dədə Qorqud. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

“Sənan” imzası ilə nəşr edilən şeirləri

1. Boğazkəsən qalası. “Şərq Yolu” qəzeti, il 1, sayı 1, 6 dekabr 1946.

2. Boğazda mehtap. “Şərq Yolu” qəzeti, say 2, 1946.

3. Yaxınlaşma, yağı! “Şərq Yolu” qəzeti, sayı 3, 1946.

4. Ey əsir ellərdə yaşayan Türklər. “Şərq Yolu” qəzeti, sayı 5, 4 yanvar 1947.

5. Bəkləyəcəyəm. “Şərq Yolu” qəzeti, sayı 6, 11 yanvar 1947.

6. Ülkü Yolçusu. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

7. Tufan olacaq. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.

8. İntiqam. “Şərq Yolu” qəzeti, sayı 10, 8 fevral 1947.

Məmməd Sadiq Aranın nəşr etdiyi “Yaşıl Yarpaq” jurnalı

Bu jurnal 1928-ci ilin 16 iyununda İstanbulda nəşr edilib. 8 səhifə həcmində yayınlanan bu jurnal uzunmüddətli olmayıb. Jurnalın son sayı 1928-ci ilin sentyabr ayının 1-də çıxıb.

Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Sonrakı saylarda isə onun “Ərdoğan” və “Sisyanlı” imzaları ilə yazılarına rast gəlmək mümkündür.

“Yaşıl Yarpaq” jurnalı fəaliyyət proqramının birinci sayında nəşr etdiyi “Yolumuz” adlı yazıda belə ifadə edib: “Yaşıl Yarpaq əsarət zənciri altında qalmaq bədbəxtliyinə düşən Azərbaycanda illərdən bəri davam edən faciəyə seyrçi qalan dünyaya onun dərdlərini eşitdirmək üçün fəaliyyətə başlayır. Bu ümidini bir az da olsa reallaşdıra bilərsə, özünü xoşbəxt sayacaq”.

Jurnalın Azərbaycan istiqlalı mübarizəsindəki əsas yeri Azərbaycanın rus istiqlalı altında olduğunu vurğulamaq və geniş ictimaiyyətə çatdırmaq idi.

Jurnalın 1928-ci ilin 16 iyunda nəşr edilən “On il geridə” məqaləsində isə oxuyuruq: “Yüz milyonluq bir rus kütləsinə qarşı dörd milyonluq türk Azərbaycan bütün məhrumiyyətinə rəğmən, qəsb olunan haqqını müdafiə edə bilmiş və əsrin bütün şəraitini nəzərə alıb milli – mədəni ilk Türk Cümhuriyyətini təsis etmək şərəfini qazanıb”.

“Yaşıl Yarpaq” jurnalında Azərbaycan Türklərinin özlərinəməxsus bir kültürləri, bir ədəbiyyatı olduğunu əks etdirən yazılarla yanaşı, xalqımıza düşmən mövqedə dayanan ermənilər haqqında da məlumatlar verilib.

Məmməd Sadiq Aran bu jurnalı nəşr etməklə Azərbaycana necə bağlı olduğunu bir daha sübuta yetirirdi. Bu dövrdə o, “Ərdoğan”, “Sisyanlı”, “Sənan Azər”, “Sənan” kimi imzalarla çıxış edib.

# 733 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #