"Bu, qiyamət, cəhənnəmdən bir səhnə idi" - Zəlzələ bölgəsindən qayıdan jurnalist

Səlcuq Elçin

Səlcuq Elçin

22 fevral 2023
# 17:20

APA qrupun Türkiyədəki zəlzələ bölgəsinə ezam olunmuş xüsusi müxbiri Səlcuq Elçin bu günlərdə vətənə qayıdıb.

Kulis.az xüsusi müxbirin Lent.az-a müsahibəsini təqdim edir:

- Səlcuq, təəssüratlarınızı, gördüklərinizi danışmağınızı istəyirəm. Hərçənd, bunu danışmaq da, dinləmək də asan deyil, bilirəm.

- O duyğuları sözə çevirməkdə çətinlik çəkirəm. Sanki qiyamət gününə, cəhənnəmə səfər edib, geri gəlmiş kimi hiss edirəm. Bu dəhşət filmlərində gördüyümüzdən qat-qat ağır mənzərə idi. Dağıntılar, vay-şivən, xaos, ətrafa yayılan pis qoxular, soyuq, aclıq, susuzluq, ən təməl ehtiyacların olmaması, göz yaşları, qorxu, ümid. Gördüklərim bütün bu saydıqlarımın cəmi idi.

- Siz azərbaycanlı xilasedicilərlə ilk gündə gedənlərdən oldunuz...

- Bəli. Azərbaycan elə ilk saatda yardım əlini uzatdı, xilasedicilərimizi zəlzələ bölgəsinə yolladı. Mənim zəlzələ bölgəsinə getməyim ani alındı, hazırlıqsız idim. İşdən hava limanına zəlzələ bölgəsinə gedən xilasedicilərimizi çəkmək üçün getmişdik. Ora çatdıq, anidən qərar verildi ki, operatorla mən də gedim. Heç bir hazırlığımız yox idi. Nə isti geyim, nə poverbank, nə dəyişəcək geyim. Təyyarə ilə Adana hava limanına düşdük. Oradan Kahramanmaraşa 2 saatlıq yol olmalıydı. Biz həmin yolu avtobusla 12 saata getdik. Həm yollar dağılmışdı, həm zəlzələ bölgəsindən həyəcan içində qaçan insanlar yollarda tıxac yaratmışdılar. Yanacaqdoldurma məntəqələrində saatlarla gözləməli olurdun. İnsanların gözündə qorxu və dəhşət var idi, benzin üstündə davaya çıxmışdılar. İmkan tapan qaçmağa çalışırdı.

Kahramanmaraşa gecə çatdıq. Şəhər yerlə-yeksan olmuşdu. Hər yerdən bir-birini səsləyən, ağlayan, ora-bura qaçışan insanların səsi gəlirdi. Yataqlarından yarıçılpaq qaçmış, üstünə-başına almağa heç nə tapmayan, qarda, soyuqda ayaqyalın dağıntılar altından əzizlərini çıxarmağa çalışan adamları düşünün. İlk saatlarda vəziyyət çox gərgin idi, heç kim nə edəcəyini bilmirdi, hamı başını itirmişdi. Bizim xilasediciləri görəndə “azərbaycanlılar köməyə gəldi” deyib ümidləndilər. Onu da öncədən qeyd edim ki, bizim xilasedicilər sözün həqiqi mənasında peşəkarlıq nümayiş etdirirdilər. Hər kəsin çəkildiyi yerlərdən çəkilmir, sona qədər çalışır, mütləq nəticə əldə edirdilər. Elə işə başladığımız ilk gündə beş nəfəri canlı xilas etdilər, bir ölünü dağıntılar altından çıxardılar. Çox zaman başqa ölkələrdən gəlmiş xilasedicilər artıq geri çəkilirdilər, bizim xilasedicilər geri dönmür, sona qədər gedirdilər. Hətta orda bizimkilərdən bir gənc oğlan var idi, 3 gün dincəlmək üçün də çadırlara gəlmədi. O qədər cani-dildən, ürəklə işləyirdilər. Hər sağ çıxan insan üçün tökülən göz yaşlarını görmək lazım idi.

- Dediniz ki, hazırlıqsız getmisiniz. Yəqin ki, bunun da əziyyətini çəkdiniz. Zəlzələ bölgəsindəki jurnalist necə işləməlidir?

- Birincisi, jurnalist gərək özünü də qorumağı bacara. Komandadan ayrı düşdünsə, itə bilərdin. Çünki heç kimin başqası ilə maraqlanmağa halı yox idi. Hər bina, hər tikili hər an uça bilərdi. Dəfələrlə buna şahid olduq. İlk iki gün nə bir qurtum su tapdıq, nə bir tikə çörək. Yalnız iki gün sonra hardansa bir neçə peçenye tapıb gətirdilər, onu yedik. Mağazalar dağılmışdı. Xəbər yaymaq məsələsi çox problemli idi. Nə internet var idi, nə zəng etmək mümkün olurdu. İlk günlər kimin telefonunda internet tapırdıq, ondan xahiş edirdik, bir iki cümlə səs göndərib xəbər çatdırırdıq. Belə yerə gedən adamın mütləq bir ehtiyat çantaya ehtiyacı var. Ümumiyyətlə, hesab edirəm ki, hər evdə mütləq zəlzələ çantası hazırlanıb, əl altına qoyulmalıdır.

- Sizin orda olduğunuz günlərdə afterşoklar davam edirdi. Gözünüzə yuxu gedirdi?

- Bizi zəlzələdə çatlamış bir binanın birinci mərtəbəsinə yerləşdirmişdilər. İlk təkanda yanımızdakı türklər durub qaçdılar. Onlar bu dəhşəti yaşamışdılar deyə çox qorxurdular, səksəkədəydilər. Biz də, təbii ki, ehtiyatlı olmağa çalışırdıq. Demək olar ki yuxu yatmırdıq, növbələşirdik, yerdə əsgərlər üçün olan kisələrin içinə girirdik. Soyuqdan, həyəcandan yatmaq olmurdu.

- Hadisə jurnalisti olaraq ölümü ilk dəfə görmürdünüz. Ən çox həyəcanlandıran, kədərləndirən nə idi?

- Ölümün ölümdən fərqi varmış. Bunu Türkiyədə gördüm. Dağıntılar altından gah qol, gah baş, gah ayaq çıxırdı. Kimsə öz ölüsünü tapanda buna sevinirdi. Artıq 4-5 gün sonra meyitlər iylənməyə başlamışdı. Bu qoxunu başqa heç nə ilə qarışdırmaq olmur. Hələ qış idi bu qədər qoxu var idi. Təsəvvür edin ki, yayda olsaydı, nə olardı? Yəqin qorxunc xəstəliklər yayılardı. Amma artıq dizenteriya, qızdırma yayılırdı.

- Ən böyük çətinlik nə idi?

- Tualetin olmaması, antisanitariya. Tualet insanın ən təbii ehtiyacıdır. Amma nə salfet var, nə su var, hər yer iyrənc vəziyyətdə, kim harada imkan tapırdı, ora gedib ehtiyacını ödəyirdi. İçməli sularla kanalizasiya suları qarışmışdı deyə suya toxunmaq olmurdu. Bir qab təmiz suyu günlərlə tapmaq olmurdu. Çimməkdən, yuyunmaqdan danışmağa dəyməz. Tər, çirk iyi meyit qoxularının fonunda artıq hiss edilmirdi. Nəm salfetlə üzümü, əllərimi, başımı silə bilirdim. Başqa çarə yox idi.

- Ən unutmadığın anlar nələrdir?

- 198 saat sonra artıq buldozerlərin, traktorların işlədyi, “burdan adam çıxmaz” dedikləri dağıntıların altından iki qardaşın sağ çıxmasını unuda bilmirəm. Dağıntılar altında qalan oğlunu xilas etmək üçün bədəni ilə onu örtmüş atanı unuda bilmirəm, qucaqlaşıb ölmüş ana-balaları unuda bilmirəm... Bir də 15 yaşlı bir oğlan var idi. Zəlzələ gecəsi Adanaya xalasıgilə qonaq gedibmiş. Zəlzələdə bütün ailəsi dağıntılar altında qalıb məhv olmuşdu. Yemədən, içmədən, eləcə günlərlə oturdu o dağıntıların yanında. Ağlamırdı, səsini də çıxarmırdı. Eləcə gecə-gündüz heykəl kimi donub qalmışdı orada. Bu gördüklərimi yəqin uzun illər unutmayacam. Bu qiyamət, cəhənnəmdən bir səhnə idi. Elə qorxunc duyğularım var ki, abadlaşsa belə, bir daha Kahramanmaraşa getməyəcəm. Getsəm, nalə çəkən anaların, ataların, balaların səslərini yenidən eşidəcəm sanki. O fəryad səslərini düşünmək məni dəli edər.


# 4063 dəfə oxunub

Oxşar xəbərlər

Ulucay Akif yazı müsabiqəsində qalib oldu

Ulucay Akif yazı müsabiqəsində qalib oldu

13:15 12 iyul 2024
"Eurovision-2025" keçirilməyə bilər - İsveçrə müsabiqədən imtina edir

"Eurovision-2025" keçirilməyə bilər - İsveçrə müsabiqədən imtina edir

11:16 12 iyul 2024
Çiyələk - Günün lətifəsi

Çiyələk - Günün lətifəsi

09:00 12 iyul 2024
Sevil Festivalı çərçivəsində "Hələlik, Tiberiya" filmi nümayiş edildi

Sevil Festivalı çərçivəsində "Hələlik, Tiberiya" filmi nümayiş edildi

18:36 11 iyul 2024
"Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdu" - Güldəstə Nəsibova

"Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdu" - Güldəstə Nəsibova

14:30 11 iyul 2024
Yazıçılar prestijli mükafatlandırma mərasimini boykot etdilər

Yazıçılar prestijli mükafatlandırma mərasimini boykot etdilər

14:00 11 iyul 2024
#
#
# # #