Bir az səssiz olun - Aytən Cavadova yazır...

Aytən Cavadova

Aytən Cavadova

24 mart 2022
# 14:00

Kulis.az Aytən Cavadovanın "Səssizliyin gücü" adlı yazısını təqdim edir.

– Niyə belə sakitsən?

– Niyə heç danışmırsan?

– Həmişə beləsən?

Bu sualları çox eşidirsinizsə, çox güman ki, siz də introvertsiniz, yəni öz-özünüzlə xoşbəxt olan biri.

İsveçrəli psixoloq Karl Qustav Yunq insanları introvert və ektrovert olaraq 2 tipə ayırır. İntrovertlər daxilə meyilli, ekstrovertlər isə xaricə meyilli tiplərdir. Ekstrovertlər ünsiyyətcil, aktiv, geniş sosial çevrəsi olan insanlardır. İntrovertlər isə enerjini daxillərindən alırlar. Ekstrovertlər, adətən, evdə vaxt keçirməyi, xüsusən də təkbaşına vaxt keçirməyi heç sevmirlər. Məsələn, bir gün ekstrovert bir tanışınızın evində qalmısınız. O, böyük ehtimal, evdən çıxmağın yollarını axtaracaq: “Gəl filan yerə gedək”, “Oradan çıxıb başqa yerə gedərik”, "Filankəsi də çağırarıq” və s. Siz isə bu durumu heç sevməzsiniz və bundan yayınmağa çalışarsınız, çünki bu tip şeylər sizi yorar.

Əslində, introvertlər də sosiallaşmağı sevirlər, amma bu uzun müddət davam edəndə, hər gün aktiv həyat tərzi keçirib, adam çox olan yerdə olanda enerjilərinin düşdüyünü hiss edərlər və evə gedib təkbaşına qalma ehtiyacı duyarlar, çünki enerjilərini tək qalaraq bərpa edərlər. Bəli, tək qalmaq introvertlərə enerji verir. Ekstrovertlərdən fərqli olaraq tək qalanda darıxmırlar, əksinə, özləri ilə vaxt keçirməkdən zövq alırlar, səssizlikdə daha hüzurlu hiss edirlər. Tək qalanda yaradıcılıq qabiliyyətləri də artır, yeni məşğuliyyətlər tapırlar. Bir növ özlərinin əyləncəsidirlər.

İntrovertlərlə ekstrovertlər enerji mənbələrinə görə fərqlənirlər. Ekstrovertlər enerjilərini insanlarla daha çox vaxt keçirməklə alırlarsa, introvertlər səssizlikdən alırlar. Ona görə də bir çoxları tərəfindən soyuq, məsafəli, asosial biri kimi tanınırlar. Əslində, onları fərqli ortamlarda ünsiyyətcil görə bilərsiniz. İntrovertlər insanlara qarşı seçici davranırlar və münasibətlərdə kəmiyyətə yox, keyfiyyətə önəm verirlər. Necə deyərlər, az olsun, amma saz olsun prinsipini əsas götürürlər. Ona görə də onların ətrafında elə də çox adam olmur, amma seçdikləri, yaxın bildikləri insanlarla daha özəl davranırlar.

Təəssüf ki, günümüzdə sadəcə ağız tərpənsin deyə danışmaq ünsiyyətcil olmağın, aktivliyin göstəricisi kimi təqdim edilir. Əslində, yanlış təsəvvürdür. Çox danışmaqla çox bilgili olmaq arasında heç bir əlaqə yoxdur. İntrovertlər üçün cümlələr yerində və lazımlıdırsa, işlənməlidir. Cümlələrini seçib danışırlar. Boş danışıqlardan qaçırlar. Eyni mövzulardan danışmaq onlar üçün çox yorucudur, ona görə də özlərinə maraqlı olmayan mövzulardan danışıldıqda qoşulmaq istəməzlər.

Bəzən introvertlərlə utancaq insanları bir-birlərinə bənzədirlər, halbuki aralarında fərq var. Utancaq insanlar sosiallaşmağı çox istəyirlər, amma bundan çəkinirlər və sosiallaşa bilmədikləri üçün özlərini narahat hiss edirlər. İntrovertlər isə sosiallaşmaq istədiyi vaxt sosiallaşa bilən insanlardır, yəni insanlarla münasibət qurmaq istədikdə özgüvənli olurlar, çəkinmirlər. Sadəcə arada tərcih məsələsi var, yəni onların toplumdan uzaq olmaları utancaqlıqdan deyil, özləri ilə tək qalmağı tərcih etmələrindən qaynaqlanır.

İntrovertlər haqqında bəzi yanlış düşüncələr mövcuddur, ancaq bu deyilənlərə baxmayaraq, introvert olmağın bir çox üstün cəhətləri var. Məsələn, yaxşı dinləyicidirlər. Empatiya qurmağı çox yaxşı bacarırlar. Qarşılarındakı insanı bir çox insandan daha yaxşı anlaya bilirlər.

Müşahidəçidirlər. Çox insanın diqqət etmədiyi şeyləri sezərlər və ətrafındakı insanları analiz etmə baxımından seçilirlər.

Daha keyfiyyətli münasibətlər qurarlar. Seçici davranmaqları münasibət qurmaq baxımından onları daha sadiq, daha diqqətli biri edir.

Dünyanın ən böyük kəşfləri, ən gözəl rəsmləri, musiqiləri, fəlsəfəsi yalnızlıqdan doğmuşdur. “Apple” şirkətinin qurucularından biri Stiv Vozniak da introvertdir. Səhnədə özünü çox görməsək də, adına filmlər çəkilməsə də “Apple” markasının ortaya çıxmasında, bəlkə də, Stiv Cobsdan daha çox qatqısı olmuşdur.

İlon Mask, Bill Geyts, Albert Enşteyn, İ.Nyuton, Ç.Darvin, Z.Freyd, J.K.Roulinq, F.Şopen, Odri Hepbörn və b. Bu adları oxuyarkən ilk təəssüratınız nə oldu? Hər biri çox uğurlu şəxslərdir, elə deyilmi? Hamısının ən önəmli ortaq cəhəti introvert olmalarıdır. Əgər səssizlər olmasaydı, dünya görün nələrdən məhrum olardı: Xüsusi nisbilik nəzəriyyəsi, Şopenin noktürnləri, Harri Potter və s. Hətta bir çoxları tək qalmadıqda ortaya yaxşı bir iş qoya bilməyəcəklərini etiraf ediblər.

İntrovert olmaq bir əskiklik, problem kimi başa düşülür, yəni sosial ola bilməmək kimi, ancaq elə deyil. İntrovertlər sadəcə öz bacarıqlarını fərqli şəkildə ifadə edərlər.

Müasir dünya ekstrovertlər üçün dizayn olunmuş formadadır. Məktəbdə, universitetdə, işdə – demək olar ki, hər yerdə komanda ilə işləmək, qrup işi və s. ortamı ilə rastlaşarsınız. “Mən özüm işləyə bilərəm”, – deyənlərə qəribə baxarlar. Sinfin arxa partasında səssiz oturan, əslində, öz dünyasında çox xoşbəxt olan birinə: “Niyə belə sakitsən?” – deyib bunu normal hal kimi qəbul etməzlər, hətta müdaxilə etməyə çalışarlar. Müəllim valideynləri məktəbə çağırıb: “Uşağınız dərslərə çox yaxşı hazırlaşır, amma komanda işlərinə qatılmır”, – deyər.

İntrovert insanları dəyişməyə, olmadığı birinə çevirməyə çalışmayın. Öz zəngin iç dünyasına qapılmaq istəyənləri anlamaq lazımdır, çünki onlar yalnız bu halda ortaya çox parlaq fikirlər qoya bilirlər. Ona görə də onlara bu fürsəti verməliyik. İş yerlərində insanları komanda ilə birlikdə işləməyə sövq edəcək layihələrin olması gözəldir, amma eyni zamanda hər bir insanın şəxsi mühiti də olmalıdır. İnsanlar öz-özü ilə kifayətlənməyi bacarmalıdırlar.

Həyatın hər sahəsində bu iki tip insanlara ehtiyac var və ikisi də ayrı-ayrı sahələrdə uğurlu olurlar. İnsanlıq üçün bu çeşidlilik çox önəmlidir. İnsanlığın irəliləməsi üçün hər ikisinin fikirlərinə ehtiyacımız var. Əgər hamımız introvert və ya hamımız ekstrovert olsaydıq, uğursuz olardıq.

İstər introvert ol, istərsə də ekstrovert hər birimizin bəzən təkliyə ehtiyacı var. Hər insan tək qalmaq istəyə bilər və biz də buna sayğı göstərməliyik. Bunu neqativ bir hal kimi qəbul etməməliyik. İntrovertlərə: “Niyə heç danışmırsan?” – demək, ekstrovertlərə: “Niyə çox danışırsan?” – demək qədər kobudluqdur.

İnsan özü ilə qalıb analiz etməyi, özü ilə danışmağı bacarmalıdır. Əslində, bu hal üst zəka göstəricisidir. Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından irəli gəlir. Ona görə də bu dediklərimi təkbaşına düşünün və mümkünsə, bir az səssiz olun…

# 3211 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #