Ayrıldıq, şeytanı güldürdük onda - Ramiz Rövşən

Ayrıldıq, şeytanı güldürdük onda - Ramiz Rövşən
2 noyabr 2023
# 18:00

Kulis.az Ramiz Rövşənin "Ayrılıq" şeirini təqdim edir.

Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm...

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."
Əlimin içində, soyuyur əlin.
Deyirsən: "Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir...

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

18:08 2 mart 2026
Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

18:00 2 mart 2026
Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

17:40 2 mart 2026
“Sehrbazlar dərəsi”  romanı Pakistanda nəşr olundu

“Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olundu

17:20 2 mart 2026
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

17:00 2 mart 2026
Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

16:40 2 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər