Emin Əmrullayevə açıq məktub

Emin Əmrullayevə açıq məktub
19 dekabr 2024
# 15:17

Kulis.az Ulucay Akifin Təhsil naziri Emin Əmrullayevə açıq məktubunu təqdim edir.

Rastıma bir xəbər çıxdı:

“Tovuzda məktəbdə zəhərlənənlərin sayı 71-ə çatdı”.

Fikirləşdim, yəqin, şagirdlər nəsə yığıncaq ediblər, çöldən yeməyə nəsə gətiriblər, ondan zəhərləniblər. Ya da, “ən yaxşı halda” (!), məktəbin bufetində uşaqlara köhnə nəsə satıblar.

Açıb xəbəri oxuyandan sonra məyusluğum daha da artdı. Sən demə, Tovuzun Aşağı Quşçu kəndindəki məktəbdə şagirdlər dəm qazından kütləvi zəhərləniblər.

Dəm qazı, onsuz da, başımızın bəlasına çevrilib, Əzrayılın qaz halıdır dəm qazı, amma məktəbdə də yox da...

Axı gözəlim məmləkətimizdə, müharibədən alnı açıq, üzü ağ çıxan xalqın məktəblərində şagirdlər niyə dəm qazından zəhərlənməlidir?

Xəbərdəki şəklə, məktəbin fotosuna baxanda kefim daha da pozuldu. Siz də baxın həmən məktəbə.

Bu, 2025-ci ilin astanasında dayanan qalib ölkənin məktəbidir. Qırıq pəncərələrindən sobanın boruları çıxır, divarları hisdən qaralıb... Çox yox, azca iri bir adam bu məktəbin divarına söykənsə, bina uça bilər. Məktəb Allaha ümid ayaqüstə dayanıb, elə təhsilimizin özü kimi.

Bu məktəbin içini də təsəvvür eləyirəm. Soyuq qış günlərində balaca-balaca məktəblilərin parta arxasında “kurtka”da oturmağını, bir-birinə qısılmaqlarını, qələm tutanda barmaqlarının üşüməyini, nəfəsləri ilə əllərini isitməklərini - hər şeyi görürəm.

Axı qələmi ürəklə tuta bilməyən, kitabı ürəklə vərəqləyə bilməyən bu uşaqlara elmi necə sevdirəcəyik?

Mən bilirəm, hələ bu, kəndlərimizdəki məktəblər arasında ən abırlısıdır.

Bilirəm, taxtadan məktəblərimiz də var. Heç sobası olmayan məktəbləri deyirəm. Heç qırıq pəncərəsi də olmayan məktəblər.

Amma bir şeyin daha pisinin olmağı mənə təsəlli deyil.

Axı niyə daha pisi olmalıdır?

Axı niyə “buna da şükür” deməliyik?

Ölkə başdan-başa nəhəng, dəbdəbəli tikililərlə doludur.

Olmaz ki, o nəhəng, dəbdəbəli binaları, imarətləri, şadlıq saraylarını, plazaları tikəndə, pulundan yox, heç olmasa, qumundan, sementindən, daşından, qapısından, pəncərəsindən bölgələrimizdəki, kəndlərimizdəki məktəblərə də göndərək?

Olmaz ki, kəndlərimizdəki o ağ vərəq kimi təmiz uşaqlar isti, rahat, işıqlı məktəblərdə tanış olsunlar elmlə?

Bakıdakı məktəblərin, liseylərin, universitetlərin ağ mərmərindən, qara mərmərindən kəsək lap.

Təhsil Nazirimiz var, Emin Əmrullayev... Məncə, o daha yaxşı bilər nə etməliyik, necə etməliyik. Getsin bir o məktəblərə baxsın, fikirləşsin, görsün neyləmək olar? Lazımdısa, lap mən də gələrəm, ən azından, daşı daş üstünə qoyaram.

Pul ayrılsın o məktəblərə. Ayrılan pullar axırıncı qəpiyinə kimi təyinatı üzrə xərclənsin.

Nəsə edək, necəsə edək, heç olmasa, bu cür məktəblərimizin kombisi olsun, şagirdlər özüylə odun gətirməsin dərsə, dəm qazından zəhərlənməsinlər.

Axı ayıbdı.

Gözəlim məmləkətimiz üçün ayıbdı, günahdı, heyifdi...

# 9065 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Cahangirə ağır itki

İlqar Cahangirə ağır itki

14:16 21 yanvar 2026
“Muzeydə mühazirə”  layihəsi davam edir

“Muzeydə mühazirə” layihəsi davam edir

14:00 21 yanvar 2026
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq

Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq

12:40 21 yanvar 2026
Qlobal ədəbiyyat dövriyyəsinə necə çıxa bilərik? - Tarixi sənəd və ondan irəli gələn məsələlər haqqında

Qlobal ədəbiyyat dövriyyəsinə necə çıxa bilərik? - Tarixi sənəd və ondan irəli gələn məsələlər haqqında

12:00 21 yanvar 2026
Alman casusu, fırıldaqçı və homoseksual – Lenin haqqında deyilənlər və yazılanlar

Alman casusu, fırıldaqçı və homoseksual – Lenin haqqında deyilənlər və yazılanlar

11:20 21 yanvar 2026
"Netflix" Meqanın verilişini bağladı

"Netflix" Meqanın verilişini bağladı

10:46 21 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər