Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev

Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev
24 fevral 2025
# 18:32

Kulis.az Aqil Abbasın "Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." reportaj-xatirəsi haqqında Mahir N. Qarayevin yazısını təqdim edir.



Gecənin bir aləmi “Kulis”də qarşıma Aqil Abbasın Ağdam bazarından yazdığı bir yazı çıxdı. Elə ilk cümləsindən yazı məni tutdu. Birnəfəsə sona kimi oxudum.

Yazı nə hekayə deyildi, nə povest, nə roman. Müəllif oxucularla xatirələrini bölüşürdü. Amma ürəyindəki həsrəti, yaddaşındakı nisgili göz yaşı içində ah-vayla yox, göz yaşardan səmimiyyətlə bölüşürdü.

Nodar Dumbadzenin, Fazil İsgəndərin dadlı-duzlu yumoru, Şukşinin lakonik üslubu...

Bəlkə, bu səbdəndir ki, mən o yazını hekayə, yaxud roman kimi yox, bayatı kimi, nağıl kimi, lətifə kimi, ağı kimi oxudum.

Hə, vallah: ağını lətifə kimi danışmaq bir ayrı aləmdir. Tərsinə də yozmaq olar: şux, məzəli lətifənin içində acı bir nisgil – bir də heç vaxt geri qayıtmayacaq o illərin həsrəti...

“Köhnə xatirə, köhnə şərabtək – bir qurtum içsən, sərxoş edəcək...”

Mən bu sətirləri elə o xatirələrin bircə qurtumunun sərxoşluğu altında yazııram: “Ötüb keçmiş günlər, gəlin,

Rakı için, sərxoş olun – bu kədər öldürdü məni...”

Həqiqətən də, ötən günlərin sərxoşluğundan gözəl nə ola bilər?! Heç nə: nə şərab sərxoşluğu bu ləzzəti verəndi, nə rakı sərxoşluğu!

Adını unutduğum bir müəllifdən sittat gətirməsəm, olmayacaq: “Şəxsən məndən ötrü gələcək həmişə dumanlı anlayış olub. Nə qədər qəribə də görünsə, keçmişdə həyat var, gələcək sözünün bətnində isə sanki qarayaraya bənzər anadangəlmə bir əcəl sözü gizlənib – həqiqətən də, ölüm həmişə gələcəkdədir! Elə o vaxt "Moskva-Jeleznovodsk" qatarında birgə yol getdiyim qosqoca şair də eyni sözü demişdi: hər şeyin dadı keçmişdə qaldı, idbar qocalıqdan, xəstəlikdən, ölümdən başqa gələcəyin nəyi var ki?!”

Mən Aqilin sevə-sevə təsvir elədiyi o məşhur bazarı görməmişəm, orada heç vaxt olmamışam. Amma yazını oxuya-oxuya o bazarın hər yerindən keçdim, hər künc-bucağına baş vurdum: ət satandan ət aldım, göy satandan göy aldım, o adamların hər biri ilə tanış oldum, salam verib, salam aldım, əllərini sıxdım, hamısına isinişdm, biriylə çay içdim, biriylə nərd oynadim, birinə kəf gəldim, birinə uduzdum; hirsləndim, güldüm, onlarla bir yerdə yaşayıb sevinclərini, dərdlərini bölüşdüm...

İndi o adamların çoxu artıq həyatda yoxdur, amma müəllif onları unudulmağa qoymur, xatirələrini yazısında yaşadır.

Ədəbiyyatında vacib missiyalarından biri, bəlkə, elə birincisi məhz budur: uçub gedəni tutub saxlamaq, ölənə can vermək, yaşatmaq, daha doğrusu, ölməyə, ölübsə də unudulmağa qoymamaq...

Aqil bunu bacarıb.

# 2684 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

18:40 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər