“Allahverdi Bağırovun qardaşı ilə gedib rusun BTR-ini götürdük” – Bir şəhidin dastanı

“Allahverdi Bağırovun qardaşı ilə gedib rusun BTR-ini götürdük” – Bir şəhidin dastanı
13 fevral 2025
# 14:27

“Mamam oğlunun toyu idi. Başqa kənddən gəlin gətirmişdilər. Məndən soruşdular ki, o oğlan subaydır? Dedim, hə. O qədər yaraşıqlı, boylu-buxunlu idi ki, ürəyim gəlmədi evlidir deməyə” – Bu sözləri Birinci Qarabağ Müharibəsi şəhidi Tağıyev Tağının həyat yoldaşı Nazilə Tağıyeva Lent.az-a müsahibəsində deyib.

Tağıyev Tağı Xosrov oğlu 1956-cı il fevralın 13-də Ağdamın Gülablı kəndində doğulub. Gülablının işğalından 2 gün sonra – 1992-ci il sentyabrın 6-da kəndin azad edilməsi uğrunda döyüşdə şəhid olub.

Kulis.az Lent.az-a istinadla şəhid Tağıyev Tağının doğum günündə ailə üzvləri, həmkəndliləri və döyüş yoldaşlarının onunla bağlı xatirələrini təqdim edir.

Dostu Fərəcov Amil: “Tağı Ağdam özünümüdafiə taborunda döyüşüb. 1988-ci il 22 fevralda Gülablıda postlar qurulub. Rəhmətlik Tağı həmin postların qurulmasında, postda döyüş növbətçiliyinin təşkilində iştirak edib. Müharibəyə könüllü qatılmışdıq. Qarakənd hadisəsindən sonra biz 22 nəfərə 11 avtomat verdilər. Gülablı ətrafı kəndlərdə ermənilərin, rusların postları, texnikaları var idi. Axşamlar ruslar içib bizim kəndə güllə atırdılar. Hələ bir dəfə ruslar kəndimizdə olan paviliondan adam götürüb aparmaq istəyirdilər. Başda Allahverdi Bağırovun qardaşı Əmir Bağırov olmaqla Tağıgillə BTR-i qənimət olaraq götürdük”.

Şuşanın Malıbəyli, Quşçular kəndlərinin, Xocalı əhalisinin təxliyə edilməsində Tağının çox böyük xidmətləri olub. 22 nəfərə 11 avtomat vermişdilər və hər avtomatın 4 darağı olurdu. Tağı axşam güllələri atırdı, səhər gedib öz pulu ilə yenidən güllə alıb növbəyə çıxan döyüş yoldaşına verirdi. Uzundərə yarılana qədər bu cür davam etdik. Uzundərə yarılandan sonra oradan qənimət götürdüyümüz 12 maşın silah-sursatı Tağı ilə Gülablıya göndərdik. Mən taqım komandiri idim, Tağı manqa komandiri. O, yaşca məndən böyük idi və biz o dünyagörüşü, təcrübəni onda hiss edirdik.

Dostu Zeynalov Elman: “Allah bütün şəhidərimizə, o cümlədən, Tağıya rəhmət eləsin. Tağı kəndinə, torpağına çox bağlı idi. Tağı bizim kəndimiz üçün çox əvəzolunmaz biri idi. Bütün döyüşlərdə, əməliyyatlarda bizim üçün örnək olurdu. Tağı həm də çox zarafatcıl insan idi. Deyib-gülən adam olub. Ucaboy idi. Həmişə zarafatla deyirdi ki, indiyə qədər fəxr edirdim ki, boyum 1.90 metrdir. İndi döyüşdə bir daşın, qayanın arxasında daldalana da bilmirəm, görürəm ki, heç ucaboy olmaq da bir şey deyilmiş”.

Həyat yoldaşı Nazilə Tağıyeva: “Tağı evə gələn kimi bir tikə yemək yeyib gedirdi. Deyirdim, indi gəlmisən, bir az dincəl, yat. Deyirdi, dincəlmək vaxtı deyil. Bir dəfə ona demişdim ki, 4 qızın var, səni döyüşə aparmalı deyillər. Dedi ki, bunu səndən heç gözləməzdim. Qızlarını o qədər çox istəyirdi ki. Avtomat da əlində gəlirdi evə. Bir küncə qoyub deyirdi, əl vurmayın. Qızımızı yatırdıb sonra posta gedirdi. Xocalı işğal ediləndə evə gəlməyi heç yadımdan çıxmır. Dedi, bircə ayaqlarımı suya qoyum, başqa heç nə istəmirəm. Corablarını çıxaranda ayağının dərisi soyuldu. Heç yuya da bilmədim. Eləcə üstünə bir az su tökdüm. Ayaqları qanayırdı. Elə o vəziyyətdə də geyindi getdi, heç çayını da axıracan içmədi.

Qızlarımın heç vaxt heç nədən əksikliyi olmayıb. Atalı qızlardan yaxşı dolanıblar. Amma nə olur olsun, yenə də o 4 qızın boynu bükülü qaldı. Toyları olanda gözlərim yollarda idi. Hər şey var idi, hamı gördü necə toyları oldu, amma yenə də yarımçıq idi.

Bibiləri də kömək oldu, dövlət də. 4-ü də oxuyub ali təhsil aldı. Hər şeyimiz var idi, amma elə bil, heç nəyimiz yox idi. İndi onun adını nəvəmizə vermişik. 2 yaşı olacaq. Amma ona Tağı deyə bilmirəm. Bəybala deyirəm.

Kənd alınan ərəfələr idi. Bizi Gəncəyə, qaynımgilə gətirmişdi. Bir dəfə gecə gəldi yanımıza. Dedim, nə yaxşı gəldin. Dedi, uşaqları görməyə gəlmişəm. Soruşdum ki, məndən küsmüsən? Dedi, Qarabillə, səndən küsmək olar? Mənə Qarabillə deyirdi.

Soruşdu ki, Eska hanı? (Eska qızımızdır). Dedim, nənəsigilə gedib. Dedi ki, qayıdacam, kaş Eskanı da görərdim. Getdi və həmin gecə şəhid oldu. Eska səhər gəldi evə, atasının şəhid olduğunu bilmirdi. Dedi ki, ana, atamı gördüm, Qəmxar nənəgilin pəncərəsinin yanından gəlib keçdi. Dedim, atan gəlməyib axı ora. Dedi, yox, gəldi, baxdı, baxdı, getdi. Sonuncu qızımız onu heç normal görmədi. Yeni doğulmuşdu.

Biz bir-birimizi sevib evlənmişdik. Deyirdi ki, mən gedəcəm, amma sən yaşayacaqsan. Deyirdim, sənsiz 1 gün də yaşamaram. O şəhid olan günü xalası oğluna dedim ki, yaşamayacam, məni Tağının yanında dəfn elə”.

Bacısı Nigar Tağıyeva: “Çox ailəcanlı idi. Anamı dəhşət çox istəyirdi. Anam bir gün kənddə olmayanda ürəyi partlayırdı. Amma sonra Gülablını anamdan da üstün tutdu. Başqa bir yerə gedəndə saat neçə olursa olsun qayıdırdı kəndə. Deyirdi ki, Gülablısız qala bilmirəm. Çox hazırcavab idi. Deyişmələrdən xoşu gəlirdi. Böyük bir dəftər tutmuşdu. Bir dostu var idi, onunla dəyişirdilər. Dayanmadan 30 səhifə yazıb onu bağlamışdı. Məhəllənin yarısı Tağıya, yarısı da dostuna azarkeşlik edirdi”.

Dostu Amil Fərəcov: “Tağı Gülablıda tez-tez futbol, voleybol yarışları təşkil edirdi. Həmin yarışlarda hakim olurdu. Özü də oyunları çox ədalətlə idarə edirdi. O hakim olanda bir nəfər də olsun narazı qalmazdı”.

Həyat yoldaşı Nazilə Tağıyeva: “Mamam oğlunun toyu idi. Başqa kənddən gəlin gətirmişdilər. Məndən soruşdular ki, o oğlan subaydır? Dedim, hə. Böyrümdəkilər mənə acıqlandılar ki, niyə elə deyirsən? Əl-qap edəcəklər yoldaşını. Soruşan adama dedilər ki, mən Tağının yoldaşıyam. Ürəyim gəlmədi evlidir deməyə. O qədər yaraşıqlı, boylu-buxunlu idi ki…”.

Şair Qulu Ağsəs: “Tağı mənim uşaqkən tanıdığım ən maraqlı adamlardan biri idi. Adi hadisələri belə onun dilindən eşitmək adama zövq verirdi. Əgər o nitqini yazıya çevirsəydi, çox maraqlı bir mətn alınardı. Tağı, təbiətən şair idi. Hətta ara-sıra şeirlər yazırdı. Futbolçu Pelenin adını bütövlükdə bilən tək-tük adamlardan idi. Tağı işdən sonra tay-tuşlarını, gəncləri futbol, voleybol meydançasına dəvət edir, yarışlar keçirdir və həmin yarışın həm iştirakçısı, həm kapitanı olurdu.

Orta məktəbdə oxuyanda Tağının kəhrizin üstündə, çay başında elədiyi söhbətləri maraqla dinləyirdim. O, istər futboldan, istər siyasətdən, istərsə də, digər mövzulardan elə şeylər danışırdı ki, biz həmin məlumatları başqa heç yerdən almırdıq. Hədislərdə deyilir ki, 3 qız tərbiyə edib böyüdən adam cənnətə düşür. Müharibə başlayanda Tağının 4 qızı var idi. 4 qız böyütdüyünə görə, Allah ona cənnətə nəsib edəcəkdi. Tağı ilk günlərdən Qarabağ uğrunda savaşa qatıldı. Yerli özünümüdafiə taborunun liderlərindən birinə çevrilmişdi. 1991-ci ildə mən kəndin özünümüdafiə taborundan yazı yazmışdım. O yazıda Tağıdan da bəhs etmişdim, Tağı həmin yazını oxuyub çox məmnun olmuşdu. Çox istərdim ki, döyüşdən sonra Tağını yenidən görüm, ondan yazı yazım. Təəssüf ki, 1 il sonra şəhid oldu. Bu da onun xarakteri ilə bağlı idi. O, şəhadəti 4 qız böyütdüyünə görə yox, öz qanı hesabına qazandı”.

Söhbətləşdi: Rəhman Mirzəlizadə

# 160 dəfə oxunub

Oxşar xəbərlər

Qadınların oxumalı olduğu kitablar - Siyahı

Qadınların oxumalı olduğu kitablar - Siyahı

16:53 13 fevral 2025
“İçərişəhər”ə yeni sədr təyin olundu - Sərəncam

“İçərişəhər”ə yeni sədr təyin olundu - Sərəncam

16:32 13 fevral 2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq - Sərəncam

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq - Sərəncam

16:12 13 fevral 2025
Polad Bülbüloğlunun yubiley konserti keçirilib

Polad Bülbüloğlunun yubiley konserti keçirilib

15:15 13 fevral 2025
Rejissorumuzun filmi beynəlxalq proqramda

Rejissorumuzun filmi beynəlxalq proqramda

15:10 13 fevral 2025
Bizdə Səməd, Bəxtiyar, onlarda Markes - Yekə-yekə danışmaqla deyil...

Bizdə Səməd, Bəxtiyar, onlarda Markes - Yekə-yekə danışmaqla deyil...

12:52 13 fevral 2025
#
#
# # #