"Alim Qasımovun pərəstişkarı olduğuma görə döyülmüşəm" - Məşhur xanəndə ilə müsahibə

"Alim Qasımovun pərəstişkarı olduğuma görə döyülmüşəm" - Məşhur xanəndə ilə müsahibə
20 iyun 2024
# 21:00

Kulis.az Nadir Yalçının xanəndə Qəzənfər Abbasovla müsahibəsini təqdim edir.

Ömrünü şam kimi əridənlər sırasında Əməkdar müəllim, ustad xanəndə, Seyid Şuşinski məktəbinin layiqli davamçısı Qəzənfər Abbasovun ismini ehtiramla çəkmək olar. Nə şan-şöhrət, nə pul, nə də digər mənfəət ehtimalı Qəzənfər müəllimi tutduğu yoldan döndərə bildi. O özünə bir istiqamət seçmişdi. Bu gün də həmin istiqamətdə öz abrına, biliyinə və Allah tərəfindən bəxş olunan səsinə sığınaraq Azərbaycan musiqisinə xidmət edir. Heç bir vaxt giley-güzarını da dilə gətirməyib. Qəzənfər Abbasovun pedaqoq kimi ağayanalığı da məhz bu nəsnələrin fonunda özünü büruzə verir.

Qəzənfər Nəcəfqulu oğlu Abbasov 1962-ci ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Ustadlardan muğamın sirlərini öyrənən Qəzənfər müəllim 40 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. Bu fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.

***

Müsahibə üçün Milli Konservatoriyaya yollandım. Altıncı mərtəbəyə qalxanda liftin qarşısında bir oğlan məni qarşıladı:

- Jurnalist sizsiniz?

- Bəli.

- Ardımca gəlin.

621-ci otağa daxil olanda tar "Çahargah" muğamının "Müxalif" şöbəsini ifa edirdi. Qəzənfər müəllimlə üzbəüz bir tələbə əyləşmişdi. Şkafın üstündə Seyid Şuşinskinin yağlı boya ilə çəkilmiş böyük portreti var idi. Qəzənfər müəllim "Müxalif"dən bir az oxuyur, tələbə isə təkrarlayırdı. Birdən o möhtəşəm "Mənsuriyyə" başladı. Qəzənfər müəllim oxuduqca Seyidin "Mənsuriyyə"si qulağımda cingildədi. Elə bildim, səs həmin tablodan gəlir, oxuyan da Seyiddir.

Dərs prosesi bitən kimi Qəzənfər müəllim mehribancasına sözə başladı:

- Nadir, xoş gəlmisən.

Hal-əhval tutandan sonra pencəyini geyinib dilləndi:

- Qocalsam da, gərək qayda-qanuna riyaət edim. Şəkillər çəkiləndə pencəksiz düşməyim.

- İstidir, çəkəndə əvvəlcədən özüm sizə deyəcəm, - əlavə etdim.

- Yox... Ümumiyyətlə, evdən çölə çıxırsansa, mütləq formada olmalısan. Əlibaba Məmmədov son günə qədər səliqəsini qorudu. Elə ki xəstələndi, evdən bayıra çıxmadı. Nə də istəmədi ki, kimsə gedib onu görsün... Allah qəni-qəni rəhmət eləsin. Sonuncu dəfə Konservatoriyaya gələndə liftin qabağında mənə dedi ki, Qəzənfər, mən getdim, muğamat amanatı, Seyidin yolunu davam etdirən, muğamı dəqiq bilən sənsən... Gərək səsini yazaydım.

- Biz sizə inanırıq.

- Allah ki şahiddir...

Qəzənfər Abbasov tələbələri yola salandan sonra müsahibəmiz başladı.

- Qəzənfər müəllim, muğamatın keçdiyi yol elə də hamar olmayıb. Müxtəlif təsirlər, müxtəlif dəyişikliklər... İndi vəziyyət necədir?

- Min illiklərdən gələn muğamlarımız heç bir vaxt məhvə məhkum olmayıb. Ayrı-ayrı dövrlərdə təbəddülata uğrayıb və yenidən özünü bərpa edib. Üzeyir bəy deyir ki, orta əsrlərdə şərqin birgə təfəkkürünün məhsulu olan muğam barigahı uçulub dağıldı və ayrı-ayrı şərq xalqları bu barigahın kərpiclərindən özləri üçün muğam sığınacaqları tikdilər. O evləri də bizim ustadlarımız qoruyub saxladı. Biz də muğama sadiq xalqlardanıq. Mən xalq deyəndə Arazdan yuxarı, Dərbənddən aşağını nəzərdə tutmuram; cənublu, şimallı bütöv Azərbaycanı nəzərdə tuturam. Eyni zamanda, digər xalqların muğamları da özlərinə məxsus şəkildə inkişaf edib.

Üzeyir bəyə qədər muğam tarixi çox keşməkeşli olub. Ayrı-ayrı dövrlərdə, Azərbaycanda yaranmış dövlətlərin zamanında, şah saraylarında muğamlarımız səsləndirilib. Sonralar müxtəlif ədəbi məclislərdə - Qarabağda "Məclisi-üns", "Məclisi-fəramuşan", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Bakıda "Məcməüş-şüəra" xanəndələr oxuyublar. Eyni zamanda, həmin məclislərə azan oxuyanlar da gəlirdilər. Azan vermək, növhə demək, mərsiyə oxumaq, sinəzənlik məclisləri xanəndələrin püxtələşməsində çox böyük rol oynayıb. Bizim klassik xanəndələrimizin böyük əksəriyyəti həm də mərsiyəxan olublar. Ona görə də onlar ritmi, əruz vəznini, qəzəlin oxunuşunu yüksək səviyyədə mənimsəyiblər.

Sovet dövründə də silsilə musiqi ocaqları yaradılıb. Bununla da instrumental ifaçıların və xanəndələrin sayı artıb. Bu isə muğamların inkişafında böyük rol oynayıb. 1925-ci ildə Üzeyir bəy muğam biliciləri ilə birlikdə xüsusi muğam proqramı hazırlayıblar. Bu gün də həmin proqrama əsasən muğamlarımızı tədris edirik. Bu gün muğam həm Milli Konservatoriyanın, həm də Asəf Zeynallı adına musiqi kollecinin bel sütunudur. Buna baxmayaraq, həyəcan təbili çalaraq bildirmək istəyirəm ki, Azərbaycanın efir məkanında muğama olan münasibət birmənalı deyil, təbliğat çox zəifdir. Nə yaxşı ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə o muğam müsabiqələri təşkil olundu. O müsabiqələr muğamların inkişafında böyük rol oynadı. Bu proses həm də tədris prosesinə müsbət təsir edir, gənc xanəndələr arasında rəqabət yaradır, onlarda həvəs yaradır.

- Sizcə, problem təkcə təbliğat məsələlərindədir? Ümumiyyətlə, muğamın tədrisinin hazırkı vəziyyəti sizi qane edir?

- Tədris məni qane edir. Çünki nisbətən, mükəmməl müəllimlərimiz mövcuddur. Amma yarımçıq müəllimlərimiz də var. Heç kimin əl-üzünü yumaq fikrim yoxdur. O yarımçıq müəllimlər hesab edir ki, hər şeyi mükəmməl bilirlər. Xeyr, heç bir şeyi mükəmməl bilmirlər. Mən özüm bu gün öyrənmək istəyirəm. Beş il Asəf Zeynallı adına musiqi kollecində Nəriman Əliyevdən, dörd il Musiqi Akademiyasında Arif Babayevdən, on iki il muğam bilicisi, Bəhram Mansurov məktəbinin davamçısı tarzən Valeh Rəhimovdan dərs almışam, şairlərlə dostluq edib əruzu öyrənməyə çalışmışam. Bununla belə, özümə "bilirəm" sözünü deyə bilməmişəm. Bəziləri özlərini elə aparırlar ki, elə bil, alçaq dağları bunlar yaradıblar. Sən beş toya gedib bahalı maşın sürə bilərsən, amma Qəzənfərin o maşını yoxdur deyə, elə bilmə ki, Qəzənfərdən çox bilirsən, sən hələ Qəzənfərin topuğundasan.

- Bəziləri deyir ki, Üzeyir Hacıbəyli klassik muğamı ixtisar etməklə ənənələrə zərbə vurdu, tarın pərdələrinin çıxarılması ilə köhnə guşə və şöbələr də sıradan çıxdı. Bu deyilənlərə münasibətiniz necədir?

- Azərbaycanda muğamın bugünkü səviyyəyə çatmasının bir nömrəli səbəbkarı dahi Üzeyir bəydir. Çünki Azərbaycan muğamını elmi müstəviyə gətirdi, "Azərbaycan xalq musiqisinin əsasları" elmi əsərini yazdı. Bu əsər xalqımızın musiqi bünövrəsidir. Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir. Onun bəzi ixtisarlarının məqsədi muğamı, tarı qoruyub saxlamaq olub. "Oxuma tar, oxuma tar, səni sevmir proletar" yazırdılar. Bu tarı o şeirin içindən xilas edən kim oldu? Üzeyir bəy... İtib-batmış guşə və şöbələrdən söhbət açırsız. Üzeyir bəy ona görə həmin guşə və şöbələri ixtisar etmişdi ki, çünki onlara ehtiyac qalmamışdı. O, ümumiləşdirmə apararaq bir sıra guşələri birləşdirib şöbələrə əlavə etdi. Məqsəd həm də o idi ki, muğam Şərq musiqisindən ayrılıb milliləşsin, müstəqilləşsin. Üzeyir bəy sovet hökumətinin tələbini yerinə yetirməyə çalışdı. Sovet hökuməti də başa düşmədi ki, Üzeyir bəy o guşələri şöbələrin daxilində saxlayıb. "O olmasın, bu olsun" operettasında Sənəmin dilindən "Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək" hissəsi ariya deyil e, muğamın "Mənəvi" adlı guşəsidir. Məsələn, "Keşişoğlu" guşəsi operalarının birində səslənir. Üzeyir bəy o guşələri ixtisar etsə də, əsərlərində yaşatdı. Bununla da Üzeyir bəy muğamımıza böyük töhfə verdi. Bəzi ağzıgöyçəklər danışır ki, Üzeyir bəy tara zərbə vurdu. İndi get, tara nə qədər pərdə bağlayırsan, bağla. Üzeyir bəy olmasaydı, biz tardan da, muğamdan da məhrum olacaqdıq.

- Şöhrət və müəllimlik... Bu iki anlayış ayrı-ayrı qütblərdədir. Yəqin ki, mənimlə razılaşarsız.

- Bir sıra gənc müəllimlər toy xatirinə tez-tez efirlərə çıxırlar. Onları buna görə qınamaq mənim yaşıma uyğun deyil. Amma əvvəlcə onları müəllimliyi və muğamı yaxşı öyrənməyə dəvət edirəm. Yaxşı öyrənəndən sonra hər şeyə nail olmaq olar. Eyni zamanda, həqiqətən, yaxşı oxuyan, yaxşı bilən və pedaqoqluğunu mükəmməlləşdirən cavanlar var. Onların da sayı çox deyil. Yaxşı pedaqoq həm də yaxşı xanəndədir. Məsələn, Sabir Abdullayev kimi müəllimlər tək-tək yetişir. Belə müəllimləri qorumaq lazımdır. Təqaüd yaşına görə onu işdən çıxardıblar. Hətta nazir müavininə xahiş etdim ki, belə müəllimlərə güzəşt edin, barı 70 yaşa qədər işləsinlər. Bu qədər muğam dəryasını dəfn etmək olar? Axı belə müəllim yoxdur. Sən onu aparıb qaratikanlığa tulladın, məhv oldu. Bəs onun biliyindən necə bəhrələnsinlər? Fəxri adı olsaydı, bəlkə də, saxlayardılar. Gərək, ona vaxtında Əməkdar müəllim, Əməkdar artist, Xalq artisti adı veriləydi. Sabir Abdullayev hər şeyə layiqdir.

- 40 ilə yaxındır oxuyursuz, öyrədirsiz, çoxsunun istinad nöqtəsisiz. Hərdən deyirlər ki, Aygün Kazımova, Röya Xalq artistidir, amma daha layiqli şəxslər fəxri adsızdır. "Əməkdar artist", "Xalq artisti" fəxri adı almadığınıza görə məyus olursunuzmu?

- Bu barədə danışmaq çətindir... Fəxri ad üçün cənab Prezidentə təqdimat verənlər hər kəsi vaxtında nəzərə almalıdılar. Hansısa mədəni qurumun rəhbərinin vəzifəsidir ki, bu vasitəçilik missiyasının öhdəsindən ədalətlə gəlsin. Elə götürək Sabir Abdullayevi. 40 yaşı oldu, 50 yaşı oldu, 60 yaşı oldu, heç bir fəxri ad almadı, indi də təqaüd yaşına görə işdən çıxarmısız. Belə şey olar? Axı Sabir Abdullayev 30-dan çox ölkədə muğamı təbliğ edib. Yaxud Qəzənfər Abbasovun bu qədər xidməti var. Əgər bu fəxri ad varsa və müxtəlif şəxslərə verilirsə, bu, Sabirə də, Qəzənfərə də verilməlidir. Məsələn, Mütəllim Dəmirov 30 ilə yaxındır ki, Opera və Balet teatrında can qoyur, nə olar ki ona bir ad verəndə? Mahmud Salah 50 ilə yaxındır qaval ifaçısıdır. Mən gözümü açandan o efirdədir. Heç bir fəxri adı yoxdur. Şəxsən mənim də ürəyimdən keçir ki, fəxri ad alım. Çünki buna mənim ixtiyarım çatır. Bu qədər tələbə yetişdirmişəm. Yetirmələrin müsabiqələrdə yer tutublar. Sağ olsun ölkə başçısı, mənə ev verib, Əməkdar müəllim adım var. Cəmi, dörd Əməkdar müəllim adını daşıyan xanəndə olub: Seyid Şuşinski, Nəriman Əliyev, Sərdar Bağırov və mən. Yəqin, digər adları da nə vaxtsa alaram... Estrada ifaçılarına böyük hörmətim var. Röyanın adını çəkdin. Onunla şəxsi tanışlığım yoxdur. Amma onun oxumağını bəyənirəm, öz janrında şedevrdir. Aygün Kazımova da həmçinin. Mənim muğamımı oxuyub korlamır ki? Gecə-gündüz konsertlər verirlər. Oxusunlar... Onların fəxri ad almağı məni qəti narahat eləmir, əksinə, sevindirir.

- Hərdən öz-özünüzə demisizmi ki, kaş müəllimlik yolun tutmazdım, konsertlərdə, toylarda, efirlərdə məşhurlaşardım, hər şey başqa cür olardı?

- Elə fikirləşsəm, ustadıma kəm baxmış olaram. Çünki mənim ustadım Nəriman Əliyev də, onun ustadı Seyid Şuşinski də müəllimlik yolunu tutublar. "Kaş bu yolu gəlməyəydim" deyə bilmərəm. Nəriman müəllim deyirdi ki, sən yaxşı müəllim olacaqsan, muğamları yaxşı öyrən. 1991-ci ilin oktyabrında məni televiziyaya apardı, ifamda "Şüştər" muğamını lentə yazdırdı, o səs yazısı Qızıl Fondda qalır. Nəriman müəllim bir gün dərsə gələndə dedi ki, köpəyoğlu, bir "Şüştər" oxumusan, dədəbə dədənə də bəsdir, bundan sonra heç nə oxumasan da olar.

- Tez-tez bu mövzuya toxunulur: bəzi xanəndələr sözə fikir vermirlər, ifadələr başa düşülmür. Bu problemin daimi aktuallığının səbəbi nədir?

- Sözə münasibət ən axırıncı plana keçib. Bu da son beş ilin vurduğu yaradır. Mənim bir kitabça qəzəlim var. O kitabçada, bəlkə də, 400-500 qəzəl var. Hamısını da əzbər bilirdim. Hövsanda bir toyda yeddi dəfə dəsgah oxumuşam, hamısını da ayrı-ayrı qəzəllərlə. Klassik xanəndələrimizin sözə münasibəti çox yüksək olub. Burada müəllimlərin çox böyük rolu var. Sözün tələffüzü, qəzəlin əzbərlənməsi ən vacib məsələdir. Pandemiyadan sonra vəziyyət lap pisləşdi. Məsələn, Füzulinin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" mətlə beyitli qəzəlini 50 ilə yaxındır bilirəm. Hərdən elə olur, bax bu qəzəli oxuyan yerdə söz yadımdan çıxır. Bu həm yaşla, həm də pandemiya dövrü ilə əlaqəlidir... Bu da bəhanədir, Aqil Məlikovun niyə yadından çıxmır? Deməli, daha yüksək səviyyədə öyrənmək lazımdır.

- Təəssüf ki, musiqi sənətində də monopoliya və yerlipərəstlik vüsət alıb. Efirlərdə görünən eyni simalar və onların tələbələri də buna bariz nümunədir...

- Mən monopoliya və yerlipərəstlik söhbətlərində yoxam. Əgər olsaydım, çox şeylərə nail olardım. Olmamışam, indidən sonra da ola bilməyəcəm. Kaş məni də monopoliyaya qəbul edəydilər. Bu tərəfdən yaxşı şeydir. Amma o biri tərəfdən də baxanda adam nifrət edir. Deyirlər ki, filankəs gündə efirdədir, bəs bəhmənkəs niyə görünmür? Bu məsələdə efirlərin də günahı böyükdür... Yaxud qastrollara eyni adamlar gedir. Niyə? O qədər yaxşı xanəndələrimiz var ki... Mən yox, özümü demirəm, söhbət Qəzənfər Abbasovdan getmir... Bir məclisdə idik. Görkəmli xanəndəmiz Vahid Abdullayevdən "Zabul" xahiş etdilər. O da çox gözəl oxudu. Sonra bir başqa xanəndə də "Zabul" oxudu. Vahid oxudu da "Zabul"u, ondan sonra eyni muğamı oxumağın adı var? Sözümün canı odur ki, adamlar özü gərək etika sahibi olsun, öz məsləkdaşının yanında abır-həya eləsin.

- Sənətdə şans da böyük rol oynayır. Qəzənfər Abbasovun şansı gətirdi?

- Əlbəttə, xanəndənin şansı da olmalıdır. Şans vacib məsələdir. Şans gətirəndə gətirir... Mənim şansım bura qədər gətirdi. Qismət olar, bundan sonra da gətirər. Müəllimlik mənim üçün peşədən əlavə, yaşamaq səbəbidir.

- Alim Qasımovun fərqli üslubunu və yenilikçiliyini qəbul etməyən, mühafizəkar yanaşanlar var. Nə dərəcədə haqlıdırlar?

- Mən o vaxtı da Alim Qasımovun ifasını sevmişən, indi də sevirəm. Gərək Alim Qasımovun pərəstişkarı olmazdım. "Musiqi klubu" verilişi var idi. Bəhram Mansurov tarda çalırdı, izah edirdi, Alim Qasımov oxuyurdu. Heyvanları axşam 5-də örüşdən gətirirdim, yığırdım qapıya. Gəlib oturub verilişə baxırdım. Bir də görürdüm ki, anam kürəyimin ortasına çubuqla vurur ki, ədəəə, bu heyvanları niyə indidən gətirib yığmısan qapıya, ay sənin ciyərin yansın, bu heyvanlar qırıldı axı acından. Alim Qasımovun belə bir balaca cinayəti var, onun pərəstişkarı olduğuma görə anam məni döyürdü.

Onun ifaçılığına ikili münasibət bəslənilməsinə bir söz deyə bilmərəm, hərənin öz fikri var. Amma "Alim Qasımov klassik muğama ziyan vurdu" deyən kəs əvvəlcə onun dədə-baba yolu ilə oxuduqlarına qulaq assın, öyrənib qırağa çıxsın, ömrü çatsa, improvizəli oxumaqları barədə sonra danışar. Alim Qasımov toyxanadan çıxanda 35 yaşı vardı, cavan oğlan idi. Toylar onu yordu. Məclisdə bir dəfə "Bayatı Şiraz" oxuyarlar də, on beş dəfə oxumazlar ki... Gördü, bəzi insanlar başa düşmür. Pulu Alimin qabağına tökürdülər, axırda hamıya bərabər bölünürdü. Bunu Allah da götürməz. Alim Qasımov bütün muğamlarımızı klassik ənənəyə söykənərək ifa edib. Sonra da nə oxuyubsa, yaxşı edib oxuyub. Alim həm də yaxşı pedaqoqdur. Mən onun sinifində çox oturmuşam. Getsinlər, Alim Qasımov yaradıcılığını yaxşı nəzərdən keçirsinlər, sonra danışmağa sözləri olsa, nə istəyirlər danışsınlar.

"525-ci qəzet"

# 1624 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #