Akif Azalp: "Mən həyatım boyu tək yaşamışam" - Müsahibə

Akif Azalp:  "Mən həyatım boyu tək yaşamışam" - Müsahibə
22 iyun 2026
# 10:00

Kulis.az Azərbaycan və Özbəkistanın tanınmış şairi Akif Azalpla müsahibəni təqdim edir.

— Özbəkistanla taleyiniz hansı yollarla və necə kəsişdi?

— Ulucay bəy, mən Şahbuz rayonu Nursu kənd orta məktəbini qızıl medalla bitirib unudulmaz müəllimim Bəxtiyar Vahabzadənin “beş”i ilə ADU-nun filologiya fakültəsinə daxil olanda gedib Özbəkistana düşmək heç yuxuma da girməzdi. Hər şey o zamankı Azərbaycan və Özbəkistan rəhbərləri Heydər Əliyevlə Şərəf Rəşidovun yaxın münasibətlərindən və Ulu Öndərin uzaqgörən siyasətindən başlandı. Nəticədə, biz iki əlaçı tələbəni – məni və hazırkı filologiya elmləri doktoru Yaşar Qasımbəylini özbək dili və ədəbiyyatı üzrə ixtisaslaşmaq üçün Dövlət xətti ilə ADU-nun filologiya fakültəsindən Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə göndərdilər. Yaxşı xatırlayıram, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Pənah Xəlilov, Əlövsət Abdullayev, Əkbər Ağayev, Firidun Hüseynov, Əli Fəhmi, Fərhad Zeynalov, Tofiq Hacıyev və başqa böyük müəllimlərimiz bizi xeyir-dualarla yola saldılar. Demək istədiyim odur ki, tale dostum və həmkarım Yaşar Qasımbəyli ilə ikimiz də hər cəhətdən və hər mənada, həm tərcüməçi kimi, həm özbəkşünas alim kimi birbaşa Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin yetirmələriyik.

— Azərbaycan dilindəki şeir və tərcümələrinizdən, eləcə də, elmi yazılarınızdan az-çox xəbərimiz var. Onların bir çoxu elə Kulis.az-da yayımlanıb. Amma özbəkcə yaradıcılığınız və Özbəkistandakı fəaliyyətiniz barədə, demək olar ki, heç nə bilmirik.

— Özüm haqda çox danışmağa adət etməsəm də, qısaca onu deyə bilərəm ki, həyatımın 30 ildən artıq bir dönəmi (1974 – 2005) dost və qardaş Özbəkistanda, əmək fəaliyyətim isə əsasən Elmlər Akademiyasının Əlişir Nəvai adına Dil, Ədəbiyyat və Folklor İnstitutunda keçib. Azərbaycan-Özbəkistan dostluğuna növbəti töhfəm isə Azərbaycan və Özbəkistan Xalq artisti Gülyanaq Məmmədovanın ifasında (bəstəkarı Yaqut Almaz) hər iki ölkədə geniş yayılmış və orijinalı özbəkcə yazılmış “Dostluq koşuğu” (Dostluq nəğməsi) şeirimdir. Ona qədər özbəkcə və ortaq türkcə yazılmış, türk birliyini və Turan ülküsünü tərənnüm edən bir sıra şeirlərim müntəzəm olaraq Azərbaycan, Özbəkistan və Qaraqalpağıstan Xalq artistlərinin ifalarında səslənib.

— Oradan niyə Azərbaycana qayıtdınız?

— Əslində, Azərbaycana bir tədbirə gəlmişdim. Elə həmin vaxtlarda əvvəl valideynlərimin, sonra da özümün səhhətimdə ciddi problemlər yarandı və buna görə də geri qayıda bilmədim.

— Orada yaşayan qohumlarınız, övladlarınız varmı?

— Yox, yoxdur. Mən həyatım boyu tək yaşamışam.

— İlk vaxtlarda özbək dilini öyrənməkdə nə kimi çətinliklərlə üzləşdiniz? Yəqin ki, türk dili ilə müqayisədə o qədər də asan olmayıb.

— Əlbəttə, türk dili də Azərbaycan dili ilə birgə oğuz qrupuna daxil olduğu üçün bir çox baxımdan ana dilimizə daha yaxındır. Amma özbək dili türk dillərinin karluq qrupuna aid olduğu üçün Azərbaycan dilindən xeyli fərqlənir. Çətinliklərə gələsi olsaq, türk dillərini öyrənərkən ən çox diqqət yetirilməli məsələlərdən biri məhz “aldadan sözlər”lə bağlıdır. Tərcüməşünaslıq elmində “beynəlxalq omonimlər”, yaxud tərcüməçinin “yalançı dostları” kimi tanınan belə kəlmələr müxtəlif dillərdə tələffüzü eyni, ancaq mənası fərqli olan sözləri əhatə edir. Bu hadisə, xüsusən, qohum dillərdə geniş yayılıb. Məsələn, uzağa getməyək, özbəkcə “dil” sözü yalnız “ürək” mənasını, “kişi” sözü isə ancaq “adam” anlamını verir. Bizdəki “dil” və “kişi”nin özbəkcə qarşılığı isə müvafiq olaraq “til” və “erkək” sözləridir. Tərcümə ədəbiyyatındakı yanlışlıqların böyük əksəriyyəti məhz bu cür incəliklərin nəzərə alınmamasından qaynaqlanır. Xüsusən, hər hansı iddialı və təcrübəli tərcüməçi tərəfindən azman klassiklərin tərcüməsində belə ağır təhriflərə yol verilməsi bağışlanmazdır. Fikrimizə misal kimi dahi özbək şairi Əlişir Nəvai qələminə mənsub aşağıdakı beytin dilimizə “tərcümə”sini xatırlatmaq olar:

Məni mən istəyən kəs söhbətinə ərcümənd etməz,
Məni istər kişinin söhbətin könlüm pəsənd etməz.

Yəni könlüm istəyən adam məni söhbətinə layiq bilməz. Məni layiq bilən adamın söhbətini könlüm bəyənməz.

Göründüyü kimi, bu incə mətləbə diqqət edilmədiyi üçün beytin dilimizə “tərcümə”si yanlış olmaqla yanaşı, olduqca kobud səslənir. Halbuki, hər şey bir tərəfə, heç olmasa, orijinaldakı “kişi” sözü dilimizə “adam” olaraq doğru tərcümə edilsəydi, bu qədər kobud səhvə yol verilməzdi və hətta nümunənin vəzninə də xələl gəlməzdi.

Xarici dili qısa vaxt içində asanlıqla öyrənməyin başqa bir mühüm şərti əhalinin sıx olduğu ictimai yerlərdə tez-tez olmaqla bağlıdır. Çünki kitab dilindən, ədəbi dildən fərqli olaraq, hər hansı özgə dildəki əsl xəlqi deyimlərə, onların həmin dildəki doğru-düzgün tələffüzünə daha çox belə ictimai məkanlarda rast gəlmək mümkündür. Bu haqda unudulmaz ustad Mir Cəlal müəllimin bir vaxtlar Kazan şəhərində təhsil alarkən öz şəxsi təcrübəsi əsasında verdiyi qiymətli məsləhətlər indi də qulaqlarımda səslənir.

— Sizcə, müasir dövrdə, texnoloji əsrdə xalqın zəngin dili deformasiyaya uğrayıb?

— Russodan üzü bəri bir tezis var ki, sivilizasiya mədəniyyətin qənimidir. Mən də bu fikirlə müəyyən mənada razılaşıram. Sivilizasiya deyəndə daha çox texniki tərəqqi nəzərdə tutulur və onun mədəniyyətlə əlaqəsi ya çox azdır, ya da heç yoxdur. Ona görə də texniki tərəqqi inkişaf etdikcə onun xalq deyimlərini, adət-ənənələri bir az sıxışdırması, arxa plana keçirməsi hazırda təbii prosesdir. Ancaq mühitdən mühitə də fərq var. Özbəklər bu ənənələri istər dil, istərsə də xalq deyimləri baxımından daha yaxşı qoruyublar. Özbək dili özü də çox zəngindir. Məsələn, bizim dil əsasən oğuz və qismən də qıpçaq qaynaqlarından güc alıb. Amma özbək xalqının etnik tərkibinin zənginliyi ilə əlaqədar olaraq, onların dili türk dillərinin demək olar ki, dörd əsas qrupunun hamısından qaynaqlanıb. Özbək dili uyğur dili ilə birlikdə karluq qrupuna daxildir. Lakin Özbəkistanda eyni zamanda qıpçaqlar da yaşayır. Dəşti-Qıpçaqdan gələn özbəklər var və "özbək" adının özü də məhz oradan götürülüb. Digər tərəfdən, Xarəzm misalında Türkmənistanla yaxınlıq var, yəni oğuz qrupundan da güc alıb. Həmçinin Özbəkistanda yaşayan digər xalqların, tatarların, başqırdların vasitəsilə bulqar qrupundan da təsirlənib. Bir sözlə, elə bil ki, dörd möhtəşəm dəryanın qovuşduğu bir türkdilli ümmandır.

— Türkiyə türkcəsi ilə dilimizin yaxınlığına görə, xüsusən gənclərin danışığında bu təsir hiss olunur. İnsanlar danışıqlarında türk dilindən keçən sözlərdən istifadə edirlər. Özbəkistanda vəziyyət necədir? Orada daha çox hansı ölkənin dilinin təsiri var? Türkiyə türkcəsinin təsiri hiss olunurmu?

— Orada vəziyyət bir az fərqlidir. Bizdəki qədər təsir yoxdur. Düzdür, Türkiyəyə təhsil almağa göndərilən gənclər var, onlar qayıdıb gəlir və türk dilini təbliğ edirlər. Son vaxtlar Türk Birliyi ideyası ciddi şəkildə gündəmə gəldiyi üçün Türkiyə türkcəsi məsələsinə bir az daha genişqəlbliliklə, anlayışla yanaşmağa başlayıblar.

— Bəs oranın cəmiyyəti necədir?

— Oranın cəmiyyəti qədim ənənələri, xüsusən də türklükdən gələn adətləri daha çox qoruyub saxlayıb. Həmçinin ümumbəşəri, insanlığa aid dəyərlərə də çox sadiqdirlər.

— Sovet və rus təsiri orada nə dərəcədə hiss olunur? Bu təsirdən təmizlənə biliblərmi?

— Bu təsirdən qurtulmaq çox çətin prosesdir; bunu öz misalımızdan da bilirik. Onlar da yavaş-yavaş bu istiqamətdə addımlar atırlar. Əlifba məsələsində çox tərəddüd etdilər. Hazırda əsas kitablar hələ də kiril qrafikası ilə çap olunur. Amma orta məktəblərdə dərslər latın əlifbası ilə keçirilir, dərsliklər də bu əlifba ilə çap edilir. Onlar kütləvi nəşrləri latın qrafikası ilə oxuya biləcək yeni bir nəslin yetişməsini gözləyirlər. Tədricən kütləvi şəkildə bu əlifbaya keçəcəklər. Rusiya ilə bağlı cürbəcür söz-söhbətlər, şayiələr yayılır, amma əsas məsələ tələsməmək amili ilə bağlıdır.

— Müstəqillik dövrü bütün türkdilli respublikalarda bir çox ümumi məsələlərə yenidən baxış mərhələsi kimi tarixə düşdü. Bu məsələlər arasında müstəqil Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyanları var idimi?

— Bu sualınızın cavabında ilk ağıla gələni sovet dönəmində “basmaçılıq” damğası vurulmuş milli istiqlaliyyətçilik hərəkatıdır. Hətta 1917-1918-ci illərdə qızğın fəaliyyət göstərən Türküstan Muxtariyyətinin axırda bolşevik-daşnak dəstələri tərəfindən qanına qəltan edilməsi belə sözügedən hərəkata son qoya bilmədi. Türküstan istiqlaliyyətçiləri dağlara çəkilərək uzun müddət sovet hakimiyyətinə qarşı mübarizə apardılar. Onların fəaliyyəti və mübarizəsi ilə bağlı bir çox başqa məsələlər tanınmış özbək tarixçisi və jurnalisti Şöhrət Salamovun (Şöhrət Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə (Daşnaklar Fərqanədən Qarabağa qədər)” adlı kitabında öz geniş və hərtərəfli əksini tapıb.

— Müstəqillik illərində türk xalqlarının mənəvi-tarixi birliyini ortaq milli dəyərlər əsasında işıqlandıran yeni elmi əsərlər yazılıbmı?

— Xoşbəxtlikdən bütün türk dünyası və Avrasiya məkanı üçün son dərəcə qiymətli olan belə bir sanballı elmi-nəzəri tədqiqat ilk dəfə məhz Azərbaycan alimi tərəfindən ərsəyə gətirilib. Mən burada fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın türk modeli” adlı fundamental araşdırmasını nəzərdə tuturam. Əsla təsadüfi deyildir ki, görkəmli Azərbaycan tarixçisi, akademik Yaqub Mahmudov kitaba yazdığı ön sözün sərlövhəsindəcə onu “Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış” adlandırmışdı. Mən yaxın günlərdə bu ciddi nəzəri siqlətli monoqrafiyanı diqqətlə oxuyarkən xüsusən müəllifin bir uğuru – türklüyün və türkçülüyün tarixinə və bu gününə dair minlərlə hadisə və faktları mühüm elmi-fəlsəfi tezislər ətrafında ümumiləşdirmə məharəti qarşısındakı heyrətimi gizlədə bilmədim.

— Sizə görə, Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin çağdaş mərhələsi əvvəlkilərdən hansı cəhətləri ilə fərqlənir?

— Zənnimcə, bir sıra əlamətdar faktlardan, xüsusən, Özbəkistan Respublikasının Türk Dövlətləri Şurasına tamhüquqlu üzv kimi daxil olmasından sonra Azərbaycan-Özbəkistan dostluq münasibətləri və ədəbi-mədəni əlaqələri özünün ən yüksək mərhələsini yaşayır. Bunun parlaq misalları çoxdur. Amma ən parlaqları, heç şübhəsiz, Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin və Özbəkistan Prezidenti möhtərəm cənab Şavkat Mirziyoyevin çoxsaylı qarşılıqlı səfərləridir. Çünki hər səfər zamanı imzalanan ikitərəfli rəsmi sənədlər ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına güclü və səmərəli təsir göstərməkdədir. Konkret olaraq elm və mədəniyyət sahəsinə gəlsək, son illərdə hər iki respublikada müntəzəm şəkildə mədəniyyət günlərinin keçirilməsi, Gülyanaq Məmmədova və Polad Bülbüloğluna Özbəkistan Xalq artisti, qarşılıqlı olaraq Nəsibə Abdullayeva və Fərrux Zakirova Azərbaycan Xalq artisti, Azərbaycan Milli Məclisinin üzvü Günay Əfəndiyevaya Özbəkistanın Mədəniyyət elçisi fəxri adının verilməsi hər iki ölkənin mədəni həyatının ciddi hadisəsi sayıla bilər. Yeri gəlmişkən, uzaq illərdən bəri millət vəkili Eldar İbrahimovun rəhbərliyi ilə səmərəli fəaliyyət göstərən Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin bu sahədəki uğurlarını ayrıca vurğulamağa dəyər.

İki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın rəhbərlik etdiyi “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin öz yeri və əməyi vardır. Orada Yaşar Qasımbəyli kimi özbək dilini dərindən bilən və özbək ədəbiyyatı üzrə sanballı tədqiqatları olan bir mütəxəssisin çalışması xüsusilə diqqətəlayiqdir.

Son illərdə Azərbaycan-Özbəkistan dostluq münasibətləri və ədəbi-mədəni əlaqələrinin geniş vüsət almasında Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdində yaranmış olan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tədbirləri və nəşrləri ciddi rol oynayır. Təəssüf ki, bu qəbildən olan çoxsaylı faktların hamısını bir müsahibənin imkanlarına sığdırmaq çox çətindir. Sözügedən mərhələnin özünəməxsus cəhətlərindən biri də dilimizdən özbək dilinə, yaxud əksinə tərcümə olunmuş əsərlərin nisbətən çoxluğu ilə bağlıdır. Məsələn, sevindirici haldır ki, Xalq yazıçısı Anarın təkcə son illərdə özbək dilində müxtəlif müəlliflərin tərcüməsində bir neçə kitabı çap edilmişdir.

Ancaq heç bir şəkk-şübhə yoxdur ki, Azərbaycan-Özbəkistan dostluğunun çağdaş mərhələsinin qızıl səhifəsi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təşəbbüsü ilə tikilib, özbək xalqı adından 2023-cü ilin 24 avqustunda cəfakeş Qarabağ uşaqlarına bəxşiş edilən və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi” kimi yüksək qiymətləndirilən Füzuli şəhərindəki ikimərtəbəli, 960 şagirdlik, qırx siniflik, ən müasir tələblərə uyğun Mirzə Uluğbəy adına 1-saylı tam orta məktəbin açılışı ilə yazıldı.

— Tariximizdə 1937-ci il repressiyası olub, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi şəxsiyyətlərimiz qurban gedib. Bəs həmin illərdə Özbəkistanda vəziyyət necə idi?

— Özbəkistanda da vəziyyət bizimki kimi olub. Hətta bir özbək aliminin yazısında oxumuşdum ki, daha çox türkdilli xalqların ziyalılarını qırmaq, repressiyaya məruz qoymaq Kremlin xüsusi siyasətinə daxil idi. Başqaları tərəfindən bilinməsin deyə hiyləgər bir siyasət yürüdərək aradabir gürcü, erməni və ya slavyan ziyalılarını da qurbanlar siyahısına qatırdılar. Amma hədəf daha çox türk xalqlarının ziyalıları idi. Bu repressiya nəticəsində xüsusən 1920-ci illərin, özbək ədəbiyyatının intibah dövrünün qaymağı hesab olunan ziyalılar məhv edildi. Məsələn, "Ötən günlər"in müəllifi Abdulla Qədiri, eləcə də, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan, Osman Nasir və başqaları bu siyasətin qurbanı oldular.

— Bu repressiya yalnız ədəbiyyatı əhatə edib, yoxsa bizdəki kimi aktyorlar, rəssamlar və digər sahələrin nümayəndələri də repressiyaya məruz qalıb?

— Yox, onlarda əsasən ədəbiyyatı əhatə edib. Bizdəki kimi aktyorların kütləvi repressiyası az olub, amma hərdən belə hallara da rast gəlinib. Onlarda daha çox siyasət adamları repressiyaya məruz qalıb. Məsələn, Özbəkistan rəhbərlərindən biri olan Feyzulla Xocayev Moskvaya çağırılaraq elə orada da həbs olunmuşdu.

— Bəs repressiya mövzusu orada da bizdəki qədər müzakirə olunur? Bu barədə yazılıb-pozulur, televiziya verilişləri hazırlanır?

— Əlbəttə, hətta bizdən daha artıq. Çünki bu, özbəklərin ən yaralı yeridir. Təsəvvür edin, şəhərin mərkəzində, ən gözəl yerlərində repressiya qurbanlarının xatirəsinə xüsusi bağ salınıb, ayrıca abidə ucaldılıb. Bundan başqa, repressiya qurbanlarının həyat və fəaliyyətini öyrənən xüsusi komissiya var ki, bu gün də fəaliyyətini davam etdirir.

— Özbəkistanda ədəbi mühit necədir?

— Ümumilikdə bizdəki kimidir. Amma müəyyən fərqlər də var. Məsələn, orada yazıb-yaradan insanlara münasibətdə hörmət və ehtiram hələ də qorunub saxlanılır. Bildiyimə görə, bəzi yerlərdə yazıçılara yüksək qonorarlar da verilir. Mən özüm pensiya almıram. Bunun səbəbi də səhhətimlə bağlı lazımi prosedurları yerinə yetirə bilməməyimdir.

— Yazıçılara hansı imtiyazlar verilir?

— Məsələn, onlara tez-tez mənzillər verilir. Yaxın vaxtlarda bir qazax yazıçısı da bu barədə paylaşım etmişdi. Özbəkistanda yazıçılar üçün bir neçə yaşayış binasında mənzillər ayrılmışdı.

— Bəli, yadımdadır. Qazaxıstan Yazıçılar Birliyinin sədri də bu barədə paylaşmışdı.

— Hə, məqsəd də nümunə göstərmək idi. Bu baxımdan vəziyyət yaxşıdır. Ədəbiyyata gəlincə, xüsusilə gənclər arasında maraqlı proseslər gedir. Azərbaycan ədəbiyyatında, xüsusən də 1960-cı illər nəsrində çox güclü bir nəsil formalaşmışdı. Bu baxımdan bizim nəsrimiz özbək nəsrindən daha güclü görünür. Lakin müasir Özbəkistanda da modern ədəbiyyat sahəsində ciddi uğurlar əldə olunub. Eyni zamanda, ənənəvi ədəbi xətt də davam edir və bu sahədə də mühüm nailiyyətlər var.

— Bəs kitabların tirajı təxminən nə qədər olur?

— Mənim müşahidəmə görə, tirajlar min nüsxədən aşağı olmur.

— Oxucuların kitaba marağı varmı?

— Bəli, maraq var. Əslində, bu da müsbət cəhətlərdən biridir. Özbəkistan böyük ölkədir. Vaxtilə kitablar 10 min tirajla çap olunurdu. İndi isə əsasən 1000-2000 tirajla nəşr edilir. Görünür, bazarın tələbi də bu səviyyədədir.

— Siz həm Azərbaycan, həm də Özbəkistan ədəbiyyatını yaxşı tanıyırsınız. Müqayisə etsək, müasir dövrdə hansı daha üstün görünür?

— Bədii baxımdan, xüsusilə nəsrdə Azərbaycan ədəbiyyatının üstünlüyünü qeyd edərdim. Dediyim kimi, 1960-cı illərdə bizim ədəbiyyatda çox böyük yazıçılar meydana çıxmışdı.

— Yəni nəsrdə üstünlük bizdədir. Bəs poeziyada?

— Poeziyada vəziyyət bir qədər fərqlidir. Özbək poeziyası da çox güclüdür. Məsələn, mən özbək ədəbiyyatında Abdulla Arif və Rauf Pərfi kimi şairlərin qarşılığında Azərbaycan poeziyasında nümunələr tapmaqda çətinlik çəkirəm. Bu mənada onların poeziyası da çox qüvvətlidir.

Bir məsələ də var, eyni proseslər indiki gənclər arasında da gedir. Bizim ədəbiyyatda modernizm, postmodernizm kimi meyil və təmayüllər necə varsa, onlarda da eyni vəziyyətdir.

— "Koroğlu" dastanı ortaq türk mirası kimi qəbul olunur; həm Türkiyədə, həm də bizdə var. Özbəkistanda bu dastana münasibət necədir? Orada da "Koroğlu" bizdəki kimi populyardır?

— "Koroğlu" dastanının ən çox variantı elə Özbəkistandadır. Özbək “Goroğlu”su kimi tanınır. Özbəkistanda "Goroğlu"nun 100-ə yaxın müxtəlif variantı var. Bəziləri natamam olsa da, onların içindən ən azı 10-u nəşr olunub.

— Bəs bizim "Koroğlu" ilə onlardakı variantların hansı fərqləri var?

— Özbəklərdə bu dastan daha qədim köklərə bağlıdır. Rəhmətlik Mirəli Seyidov da öz məqalələrində buna toxunub. O mənim müəllimlərimdən olub, vaxtilə Özbəkistana da gəlmişdi, bu barədə çox söhbətlərimiz olmuşdu. Özbək “Goroğlu”su mənşəyi baxımından daha əlamətdar və qiymətlidir. Məsələn, onlarda bizdəki kimi "kor kişinin oğlu" anlamında deyil. Bizdə atasının gözlərini çıxarırlar, Koroğlu adı da bu amildən qaynaqlanır. Amma onlarda "Goroğlu"dur. Yəni uşaq qəbirdə, gorda doğulur. Ən geniş yayılmış varianta görə, anası Bibi Hilal (bəzi variantlarda Hilalay) ayı-günü yaxınlaşanda qürbətdə vəfat edir. Orada da bizdəki kimi tayfa çəkişmələri, düşmənçilik motivlər ilə dolu bir süjet xətti var. Qadını aparıb qəbrə qoyurlar, ancaq sən demə, bətnindəki uşaq ölməyibmiş, sağ imiş və beləliklə, gorda doğulur. Uşaq gorda doğulur və ona "Goroğlu" deyirlər. Bu, bir variantdır.

Başqa bir variantda isə "Qor"dan – qor, od mənasında "Qoroğlu", "Odoğlu" kimi izah olunur. Bu da çox maraqlı yanaşmadır. Mirəli Seyidovun nüfuzu böyük idi, özbək alimləri də ona istinad edərək, özbək "Goroğlu"sunun daha qədim köklərə malik olduğunu qəbul edirlər. Bu haqda görkəmli özbək folklorşünası, professor Şamirzə Turdimovun “Goroğlu” dastanlarının genezisinə dair” adlı ciddi tədqiqatı da var.

— Bəs bu iki variantdan orada hansı daha məşhurdur? "Gor", yoxsa "Qor"? Hansı daha çox qəbul edilir?

— "Gor" variantı daha məşhurdur.

— Bəs orada "Dədə Qorqud"a münasibət necədir? Bizdəki kimi populyardırmı, əsasında filmlər çəkilibmi?

— Xeyr, onlarda bizdəki qədər populyar deyil. Çünki onlarda özbəklərin "Dədə Qorqud"u sayıla biləcək başqa dastanlar var: "Alpamış" və "Gündoğmuş". "Dədə Qorqud" isə Özbəkistanda kitab kimi tərcümə edilib nəşr olunub, amma tərcüməsi o qədər də uğurlu alınmayıb. Yəqin ki, bunun da mənfi təsiri var. Lakin qırğızların "Manas"ı, Azərbaycanın "Dədə Qorqud"u necə məşhur eposlardırsa, özbəklər üçün də bu iki dastan – "Alpamış" və "Gündoğmuş" eyni dərəcədə önəmlidir.

— Bəs o iki dastandan hansı daha çox qəbul olunur?

— "Alpamış" həcmcə daha böyükdür. "Gündoğmuş" isə yığcam olsa da, mənşə etibarilə daha qədim dövrlərə aiddir. Alpamış xalq qəhrəmanıdır, təxminən bizim Koroğlu kimidir. Amma süjet fərqlidir. Onun həyatı kalmık ellərinə getməklə, onlarla mübarizələrdə, döyüşlərdə keçir. Orada vəziyyət "Dədə Qorqud"dakı kimidir. Bu, elə bizim də yaralı yerimizdir: dinləri fərqli olsa da, məsələn, "kafir" adlandırılsalar da, əslində, rəqiblər də türkdilli qıpçaqlardır. Yəni türkün türklə mübarizəsidir. Orada da özbəklərin kalmıklarla və digər boylarla mübarizəsi təsvir olunur. Lakin dastanın süjetində həmişə mərdlik məsələsinə xüsusi vurğu edilir. Çünki mərdlik qəhrəmanlıqdan daha böyük xislətdir. Qəhrəmanlıq situasiyadan asılı olaraq yaranan hadisədir; insan anidən qəhrəman ola bilər. Amma mərdlik adamın daxilində, xarakterində olmalıdır. Bu mənada türk qəhrəmanlıq dastanları daha çox mərdlik-qəhrəmanlıq dastanlarıdır. Bu mənim fikrim deyil, görkəmli ədəbiyyatşünas Yaşar Qasımbəylinin fikridir.

— Sizcə, Özbəkistanın ən məşhur şairi kimdir? Əgər bir ad çəkməli olsanız, kimi deyərdiniz? Nəvai öz yerində, ancaq XX əsri nəzərdə tuturam. Məsələn, Özbəkistanın Səməd Vurğunu kimdir?

— Özbəkistanın Səməd Vurğunu Qafur Qulamdır. Yeri gəlmişkən, o vaxtlar verilən Lenin mükafatını Qafur Qulam hamıdan əvvəl alıb. Müttəfiq respublikalardan, eləcə də, türk respublikalarından çıxan yazıçılardan, hətta Çingiz Aytmatovdan da əvvəl o, bu mükafata layiq görülüb. Çox adam bilmir ki, o, bu mükafatı ölümündən sonra alan azsaylı şəxslərdəndir. Düzdür, bəzən deyirlər ki, onun "Mən yəhudiyəm" şeirinə görə yəhudilər ona bu mükafatın verilməsi üçün çox çalışıblar. Amma Qafur Qulam, doğrudan da, çox böyük şairdir. Qafur Qulamla yanaşı, həm məşhur şair kimi, həm böyük dramaturq kimi, həm də tanınmış soydaşımız kimi, əlbəttə, Maqsud Şeyxzadəni unutmaq olmaz…

— Bəs Özbəkistanın ən böyük yazıçısı kimdir, sizcə?

— Abdulla Qədiri. Onun "Ötən günlər" romanını xüsusi qeyd etməliyik. Hətta görkəmli şərqşünas, böyük nəvaişünas Yevgeni Bertelsin bununla bağlı maraqlı bir fikri var. İkinci Dünya müharibəsi illərində Leninqrad alimləri Özbəkistana təxliyə olunmuşdular və o, elə orada fəaliyyət göstərirdi. Bertelsin belə bir tezisi var ki, dünyada indiyə qədər beş romançılıq məktəbi olub: fransız, alman, ingilis, rus və bir də Şərqdən hind romançılıq məktəbi. Hərçənd "Don Kixot" dünyanın ən böyük romanlarından biri hesab olunsa da, o, ispan romanını ayrıca məktəb kimi qəbul etmirdi. Bertelsə görə, həmin bu beş məktəbdən sonra dünyada altıncı romançılıq məktəbinin, yəni türk romançılıq məktəbinin əsasını "Ötən günlər" romanı ilə məhz Abdulla Qədiri qoyub.

— Onların dramaturgiyasında kimlər var? Məsələn, pyesləri teatrlarda ən çox tamaşaya qoyulan, ən böyük dramaturqları kimdir?

— Şübhəsiz ki, Həmzə Həkimzadə Niyazi böyük dramaturqdur. Sadəcə, sovet ideologiyası ilə bağlı olduğuna görə müasir dövrdə özbəklər onu bir qədər arxa plana keçiriblər. Lakin ən populyarı odur. Bundan başqa, öz dramlarında milli istiqlal qayəsini tərənnüm və təbliğ edən Əbdürrauf Fitrət kimi dramaturqların da xidmətləri böyükdür. Amma bizdə Cəfər Cabbarlının pyesləri necə çox səhnələşdirilibsə, orada da Həmzənin əsərləri o cür məşhur olub.

— Hazırda Özbəkistan ədəbiyyatında vəziyyət necədir?

— Rauf Pərfi var idi, artıq rəhmətə gedib. O, dissident idi. Nobel mükafatçısı İosif Brodski deyirdi ki, Şərqdə elə şairlər var ki, hətta Tomas Eliotdan da güclü şeirlər yazırlar. Düzdür, ad çəkməyib, amma deyirlər ki, onlar vaxtilə görüşüblər və Brodski bu sözləri məhz Rauf Pərfi haqqında deyib. Çünki Rauf Pərfi bayaq adlarını çəkdiyim Abdulla Arifov və digərlərindən fərqli olaraq, həm ənənəvi şeiri qoruyurdu, həm də artıq 1960-cı illərdə yaradıcılığına modernizm və postmodernizm kimi çağdaş şeir təmyüllərini gətirmişdi.

— İndiyə qədər hər iki dildə ümumən neçə kitabınız çıxıb?

— Çox kitab çıxarmağın həvəskarı olmasam da, hər halda on kitabım işıq üzü görüb. Onların yarısı özbəkcə, yarısı azərbaycancadır, yarısı şeir, yarısı tərcümə kitabıdır. Şeir kitablarıma Azərbaycan Xalq şairi Fikrət Qoca, Özbəkistan Xalq şairləri Rauf Pərfi və Siracəddin Səyyid, Özbəkistan Qəhrəmanı, professor Azad Şərəfəddinov kimi hər iki ölkənin görkəmli ədəbiyyat adamları yüksək qiymətləri ilə məni utandıracaq dərəcədə ön sözlər yazıblar. Sağ olsunlar, hamısına vaxtında öz minnətdarlığımı bildirmişəm.

Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səyyidin mənim yalnız özbəkcə şeirlərimdən ibarət seçilmiş əsərlərimin bir cildliyinə (Səylənmə, Daşkənd, “Ədəbiyyat” nəşriyyatı, 2025) yazdığı ön söz üzərində bir qədər ətraflı dayanmaq zərurəti yaranır. Sərlövhəsi Səməd Vurğunun “Olsun!” rədifli məşhur mürəbbesinin təsirli sözlərindən (“Əgər səndən dönər isəm...”) alınmış bu ön sözdə müəllif başqa tanınmış özbək alimlərinin ciddi tədqiqatları əsasında bütün türkdilli poeziyada ədəbi hərəkat başlatmış “Salam, dar ağacı!” (1986) şeirinin yazılı ədəbiyyatda ilk dəfə Akif Azalp tərəfindən yaradıldığını mərdanəlik və qədirbilənliklə vurğulayır. Bəli, onu da qeyd edir ki, Akif Azalpa qədər “Salam, dar ağacı!” misrası XX əsrin məşhur özbək aşığı Ergəş Cümənbülbül oğlu ifasında yazıya alınmış minillik “Gündoğmuş” dastanında olub və ona müəllif tərəfindən istinad edilib. Odur ki, istənilən halda bu mövzunu ilk dəfə yazılı ədəbiyyata Akif Azalpın gətirmiş olması danılmazdır.

Siracəddin Səyyid “Salam, dar ağacı!” şeirinin qısa vaxt içində sürətlə yayılmasının səbəblərinə də münasibət bildirir: “Sovet dövrü, istibdad və qəbahət zamanı olduğu üçün bu üsyankar şeir çox tez məşhurlaşdı. Hətta bəzi ayıq-sayıq idarələrin diqqətini yaxından çəkməyə başladı...” Ön söz müəllifinin bu şeirə belə həssas yanaşmasının başqa bir səbəbi isə “Salam, dar ağacı!” şeirinin birbaşa tənqid hədəfi ilə bağlı idi: “Özbək işi”ni namərdcəsinə uyduran və Almata üsyanını qəddarcasına yatırdan qara qüvvələrə qarşı!..” Bəli, bu şeir həm də yazıldığı vaxtda və eyni zamanda iki qardaş xalqın – özbək və qazax xalqlarının ağrısını-acısını paylaşırdı.

— Özbəkistanın Prezidenti bu şeirə görə qəbul etmişdi sizi?

— Yox, möhtərəm cənab Prezidentin diqqətini özbək tarixinin tərənnümündən ibarət başqa bir şeirim cəlb etmişdi. Siracəddin Səyyid həmin ön sözdə bu şeirə də ayrıca münasibət bildirib, onu “dastan” adlandırır və effekti baxımından “aydın yay səmasındakı ildırım”a bənzədir. “Özbək keləyatır...” (Özbək gəlməkdədir...) şeiri həcmən böyük olduğu üçün və özbək tarixinin qəhrəmanlıq səhifələrini əks etdirdiyinə görə mən özüm onu ballada adlandırırdım və tədbirlərdə hər yeri gəldikcə ondan parçalar oxuyurdum. Bir neçə il bundan qabaq (yanılmıramsa, 2019-cu il idi) Özbəkistan Yazıçılar Birliyindən bir heyət gəlib, AMEA-nın Ədəbiyyat İnstitutunda bir görüş keçirdi. Görüşün aparıcısı akademik İsa Həbibbəyli idi. Orada mənə üzvlük bileti, fəxri diplom və başqa mükafatlar təqdim olundu. Görüşdə mən yenicə hədiyyə edilmiş və qonaqların təkidi ilə elə ordaca geyindiyim özbək milli libasında həmin balladanın böyük bir hissəsini səsləndirdim. Ardınca məni təbrik edən heyət rəhbəri öz çıxışında möhtərəm Özbəkistan Prezidentinin bu balladadan xəbərdar olduğunu bildirdi.

Nəhayət, 2024-cü ildə Özbəkistanda yenicə nəşrə başlayan “Vətən” jurnalının ilk əlamətdar sayının üzqabığında Özbəkistan Rəhbərinin şəkili ilə birgə öz misralarımı, birinci səhifədə isə həmin balladanın bir hissəsini görəndə bu söz-söhbətin doğruluğuna tam əmin oldum.

— Demək, qəbul məsələsini əvvəldən bilirdiniz?

— Xeyr, dəqiq heç nə bilmirdim. Amma gedişatın hara apardığını təxminən hiss edirdim.

— Qəbul nə vaxt və harada baş tutdu?

— Qəbul 2024-cü ilin 13 noyabında səhər saat 10-da Bakı şəhərində Özbəkistan Prezidenti üçün ayrılmış iqamətgahda gerçəkləşdi.

— Prezidentlə görüş necə keçdi və sizdə nə kimi təəssürat yaratdı?

— Bir sözlə, qəbul çox yüksək səviyyədə keçdi və həyatımın unudulmaz hadisələrindən biri kimi yadda qaldı. Necə deyərlər, görüşə əliboş getməmək üçün tanınmış özbək politoloqu Qüdrətülla Rəfiqovun özbək dilindən həmkarım Yaşar Qasımbəyli ilə birgə tərcümə etdiyimiz “Şavkat Mirziyoyev fenomeni” kitabını da özümlə götürmüşdüm. Onu öz imzamla möhtərəm cənab Prezidentə təqdim etdim. Prezident mənə özbək tarixinə məhəbbətim, özbək xalqına ehtiramım və şəxsən özünə dərin hörmətim üçün təşəkkür etdi. Mənim yaradıcılığım və fəaliyyətim haqqında çox eşitdiyini dilə gətirdi. Fürsətdən istifadə edib “Özbək kelayatır...” şeirinin bir neçə bəndini hüzurunda səsləndirdim. Çox məmnun oldu və məni Özbəkistana dəvət elədi.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

Səngəçal karvansarasına ziyan vuruldu - Hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

Səngəçal karvansarasına ziyan vuruldu - Hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

10:57 22 iyun 2026
"Friends" serialının rejissoru vəfat etdi

"Friends" serialının rejissoru vəfat etdi

10:30 22 iyun 2026
"Rolling Stones" qastrol səfərlərini ləğv etdi? - Açıqlama

"Rolling Stones" qastrol səfərlərini ləğv etdi? - Açıqlama

10:11 22 iyun 2026
Bədən, ruh və zehnin vəhdəti -  Yoqa haqqında maraqlı faktlar

Bədən, ruh və zehnin vəhdəti - Yoqa haqqında maraqlı faktlar

12:30 21 iyun 2026
AYB-nin Mingəçevir filialının sədri vəfat etdi

AYB-nin Mingəçevir filialının sədri vəfat etdi

19:40 20 iyun 2026
Flora Kərimova xəstəxanadan evə buraxıldı

Flora Kərimova xəstəxanadan evə buraxıldı

15:10 20 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər