Ağalar Qut: "Azərbaycan xalqı istənilən Avropa xalqından daha fəlsəfidir" - Müsahibə

Ağalar Məmmədov

Ağalar Məmmədov

7 noyabr 2022
# 09:00

Kulis.az filosof Ağalar Məmmədovla (Ağalar Qut) müsahibəni təqdim edir.

– Fəlsəfə ilə maraqlanmaq ehtiyacdır, yoxsa məcburiyyət? Sualın davamı olaraq, fəlsəfə fərdidir, yoxsa kütləvi? Yəni Sokratın fəlsəfəsi özü ilə bağlı bir şeydir, yoxsa həmin dövrdəki Yunan xalqının mədəniyyətindəki yansımadır?

– Çox lazımlı sualdır, baxmayaraq ki, sualın ilk cümləsini başa düşməkdə çətinlik çəkirəm. Hər halda, ehtiyac özü də məcburiyyətdir, daxili məcburiyyət. Siz Sokratın adını çəkdiniz, mən başqa misallar vermək istəyirəm. Görəsən, Yeni dövr Qərb fəlsəfəsinə ilk dəfə iradə anlayışını gətirən, daha doğrusu, varlığın əsasını iradə sayan alman filosofları Laybnitsdən və Şellinqdən sonra almanlar volyuntarist, yəni iradəçi xalq oldular, yoxsa bunlar elə əvvəldən belə tərs və inadkar idilər və adlarını çəkdiyim filosoflar sadəcə öz xalqlarının ruhuna tərcümanlıq edirdilər? Və yaxud biz Mirzə Fətəli Axundovdan sonra belə məsxərəbaz olduq, yoxsa xalqımız elə əvvəldən lağlağıçı idi, Axundov onu sadəcə olaraq qələmə aldı? Biz özümüzü Cəlil Məmmədquluzadədən sonra bədbəxt hiss etməyə başlayıb, nəticədə də özümüzü alçaltmağı ənənə halına gətirdik, yoxsa elə əvvəldən belə idik, sadəcə Mirzə Cəlil faktı ədəbiləşdirirdi?

Qısası, mütəfəkkirlər, ədiblər, yazıçılar, dahilər və b. hazır faktı əks etdirən passiv güzgülərdirlər, yoxsa əksinə, passiv kütləni öz şəxsi iradələrinə görə formalaşdırıb arxalarınca sürükləyən aparıcılar?

Bu sual fəlsəfənin “varlıq və şüur” adı verilən qədim suallarından biridir. Bu mübahisədə fərdiyyətçilər tək-tək şəxsləri qəhrəmanlaşdırır, ümumiçilər isə şəraiti.

Məsələn, postmodernistlər bu suala “müəllif öldü” cavabını verirlər. Müəllifin ölməsi o deməkdir ki, əsərdə müəllifin iradəsi yoxdur, əvəzində kulturanın, xalqın, dövrün, marksizmin termini ilə desək bazisin, öz terminləriylə desək, strukturun sifariş və yaxud tələbləri var. Bu səbəbdən də postmodernistlərə poststrukturalistlər və yaxud neostrukturalistlər adı verilir. Kant, Nitsşe, Sartr kimi filosoflar isə maarifçiliyin kütləyə qarşı təkbaşına mübarizə aparıb öz iradəsini yeridən qəhrəman ziyalı modelinin tərəfdarlarıdırlar.
Məncə, hər iki qütb yanılır.

Ümumiyyətlə, məsələni “ya o, ya da bu” kimi qoyanda, adətən, həll “nə o, nə də bu” olur. Şərqdə bu problemdən qədimdən etibarən xəbərdar olublar. Məsələn, bizdə dövran, zəmanə, fələk, dönəlgə kimi anlayışlar var. Atalar sözümüzdür deyərik: “Hər zaman bir aşiqin dövranıdır”. Yəni zaman var, amma aşiq də var və bunlar iç-içə keçib. O aşiq “ayineyi dövran”dır, yəni öz dövrünün güzgüsü. Budda buna “pratityasamutpada” deyir, yəni bir-birindən qarşılıqlı asılılıq.

Dahi ilə öz xalqı, kulturası, dövrü arasında, yeriyəndə ayaqlarımızın növbələşməsi kimi hansısa bir qoşalıq, cütlük, tarazlıq var. Bu, balıq sürüsünün və yaxud topa halında uçan quşların eyni anda eyni tərəfə dönməyinə bənzəyir. İnsanlar da təxminən belədir. Belə ki, naməlum bir səbəbdən hər bir tarixi dövrdə hamı təxminən eyni cürə düşünür, hamı oxşar qərarlar verir. Üstəlik, hər dövrandan şikayət, zəmanədən aralı durmaq, dominant eyniləşməyə üsyan etmək də hələ gələcəyin, yeni dövrün qaranquşu olmaq deyildir. Tarix çox asiləri və etirazçıları çox tezliklə unutmuşdur.

– Fəlsəfəni öyrətmək olurmu? Öyrətmək olursa, bu necə mümkündür?

– Fəlsəfənin tarixini, problemlərini, ayrı-ayrı anlayış və nəzəriyyələrini öyrətmək də mümkündür, öyrənmək də. Ancaq fəlsəfənin öyrədilə bilməyən yerləri də var. Onlar barəsində yazılmır, çünki onlar yazıya köçürülmür, köçürülə bilmir. Yoxdur belə kitablar, mən görməmişəm. Bəlkə də, Platon “aqrafa doqmata”, yəni yazılmayan təlim deyəndə bunu nəzərdə tuturdu. Buddanın sonuncu həqiqəti susması kimi.

Fəlsəfədə rasionallığın, dilin dirəndiyi yerdir bura. Fəlsəfənin o məqamı birbaşa öyrədilmir. Fəlsəfənin necə öyrədilməsinə gəldikdə, bu mövzuda qısaca bunları deyə bilərəm ki, fəlsəfi problemlər və anlayışlar bizim həyatımızdan qoparılmış məsələlər deyildir. Bu səbəbdən də bəzən auditoriyada tələbəyə iki saatda izah edə bilmədiyin bir problemi dərs bitdikdən sonra dəhlizdə ayaqüstü iki kəlmə ilə, dəhlizin verdiyi qeyri-rəsmiliyin və sərbəstliyin hesabına asanlıqla başa salmaq mümkün olur.

İkincisi, bir fəlsəfi problemi və yaxud anlayışı öz həmsöhbətinə izah edə bilmirsənsə, deməli, sən öz həmsöhbətinə mane olan fikirləri bilmirsən. Öyrənmək istəyən çox vaxt nə üçün anlaya bilmədiyini anlaya bilmir. Uzaqbaşı onu hiss edir ki, nəsə ürəyindən tikan çıxmır. Deməli, ya əvvəl öyrəndiyi fikirlər ona mane olur, ya da əksinə, hansısa bilik boşluqları var. Öyrədən fikirləşib tapmalıdır ki, öyrənənə nə mane olur.

Uşaqlar da belədir, dərsi başa düşmürlər, amma nə üçün başa düşmədiklərinin səbəbini bilmirlər. Bunu müəllim tapmalı və maneəni aradan qaldırmalıdır.

Fəlsəfəni öyrədə bilməyin üçüncü bir cəhəti də yəqin ki, autentik, yəni doğruçu, dürüst olmaqdır. Fəlsəfənin bütün sual və problemləri dramatikdir, taleyüklüdür, hamısı həyati əhəmiyyət daşıyırlar. Bu səbəbdən də fəlsəfəni əzbərləyənlər, karyeristlər, fəlsəfi dərinliklərdən sərməst olmayanlar, gözləri yaşarmayanlar, fəlsəfənin faciəviliyini şəxsən hiss etməyənlər fəlsəfə öyrədə bilməzlər. Fəlsəfə meraca gedib gəlmək kimi gedib qeybi görüb qayıtmış adamın xəbəridir. Qeybdən başqalarının xəbərlərini çatdıranda bu olur nağıl. Özlüyündə nağıl da pis deyil, fəlsəfənin tarixidir. Amma fəlsəfə öyrənmək istəyən adam görəndə ki, sən ona ancaq nağıl danışırsan, özün qeybə çəkilib heç zada şahid olmamısan, onda səndən üz döndərir. Mən özüm də eləyəm.

– Günümüzdə fəlsəfi düşüncələr insanlara necə çatdırılır? Məsələn, antik Yunanda Aqorada yığışıb fəlsəfə ilə bağlı müzakirələr etmək kimi bir yığıncaqlar indi yoxdur. Canlı universitet mühazirələrini və kursları çıxsaq, sosial şəbəkələr üzərindən aparılan fəlsəfə nə qədər ciddi, əhəmiyyətli və faydalıdır?

– Antik Yunanıstanda təkcə Aqora meydanında yox, “simpozion” adı verilən içkili fəlsəfə məclislərində, Platonun igid Hekademosun şərəfinə “Akademia” adlandırılan məkanda açdığı “muzeyon”da, yəni muzalar məbədində, həm fiziki, həm də mənəvi baxımdan boş-bekar, yəni işləməyə məcbur olmayan, varlı-hallı insanların söhbət məkanı hesab edilən “gimnazion”larda, Aristotelin açdığı, “Likeyon” adı verilən fəlsəfə “gimnazion”unda da fəlsəfə öyrədilirdi. Yeri gəlmişkən, qədim yunanlarda fəlsəfə işləməyə məcbur olmayan, yəni boş vaxtı çox olan bekar adamların hobbisi kimi formalaşdı. İndi isə bu iş əsasən universitetlərdə həyata keçirilir. Mən də haçansa belə bir fəlsəfə məktəbi açmaq arzusundayam.

Buradakı işimin bir hissəsini Azərbaycana köçürərək, azad edilmiş torpaqlarımızda, Qarabağda fəlsəfə akademiyası qurmaq istərdim. Görünüşü də qədim qalalar biçimində, fəlsəfə qalası. Mən “filosofia” sözünün ana dilimizdəki tərcüməsini, daha doğrusu, qədim müqabilini də tapıb bərpa etmişəm. İranda islam inqilabından sonra ABŞ-a köçüb Harvard universitetində fəlsəfə professoru olan Seyid Hüseyn Nasr sonuncu İran şahı Pəhləvinin azərbaycanlı xanımı Fərəh Şahbanunun dövlətdən ayırdığı maliyyəsi ilə “İmperial İran Fəlsəfə Akademiyası”nın ixtisaslaşmış fəlsəfə kitabxanasını qurdu. Biz İrandan qat-qat yaxşısını bacararıq.

Mən şəxsən, xalqımızın fəlsəfi dərinliklərə meylini də, məhəbbətini də özüm öz gözlərimlə görmüşəm. Məncə, bunun səbəbləri budur ki, bizdə çox qədim folklorik özül var, insanlarımızda mənşəyə dair yaddaş və qəribə bir həssaslıq var, bizdə hislərimizi ilkinliyə aparıb çıxaran muğam musiqisi var, bizdə bizi gizli dərinliklərə aparan bir dil var. Məsələn, nağıllarımızda “sim-sim” sehrli sözdür, onu deyəndə qapalı qapıların qıfılı açılır. Deməli, sim-sim açar sözdür, açan sözdür. Nə deməkdir “sim-sim”? “Sim” Şumer dilində qapı deməkdir. Üstəlik, Şumer dilində də eynilə bizim dilimizdəki kimi təkrar vasitəsilə vurğu, təşdid əmələ gətirilir. Məsələn, “axşam-axşam”, “çiy-çiy”, “qapı-qapı gəzmək” kimi və s. Deməli, sim-sim qapalı qapıların gizli adıdır. Əşyanın gizli adını bilsən, onu istədiyin kimi idarə edə bilərsən. Gizli ad nəyin adıdır? Mahiyyətin! Belə şeylər adamda fəlsəfi həyəcan oyandırır. Var bizdə fəlsəfə damarı. Vacib deyil ki, mümkün qədər daha çox fəlsəfi məlumatı dinləyicilərin başına əndərəsən. Fəlsəfənin sosial şəbəkələr üzərindən kimlər tərəfindən və necə öyrədilməsindən tamamilə xəbərsizəm. Kimlərsə əziyyət çəkib bu daşın altına əllərini qoyurlarsa, mən istənilən halda onları alqışlayıram, sağ olsunlar.

– “Qut” nə deməkdir?

– Dünyada bir neçə söz var ki, o sözlər mənim üçün öz adım kimidir. Məsələn, mən haradasa “fəlsəfə” sözünü oxuyanda və yaxud eşidəndə elə bilirəm kimsə mənim adımı çəkir, məni çağırır. Mən fəlsəfəyəm. Qut sözü də adıma çevrilən sözlərdən biri oldu. Lap əvvəllər mən də hamımız kimi qut sözünü “Ye, ürəyində qut olsun” ifadəmizdən və əlbəttə ki, “Dədə Qorqud” adındakı “qud” hissəsindən tanıyırdım. Sözün axtarışına çıxdım və onu o biri türk dillərində və müxtəlif türkdilli mənbələrdə tapdım. Sonra gördüm ki, bu söz qədim yunan dilindən tutmuş, fars dili, müasir Avropa dilləri də daxil olmaqla Hind-Avropa dil ailəsində, şumer dilində, ərəb dilində, Çin dilində və başqa dillərdə, habelə Avestada mövcuddur. Belə başa düşmək olur ki, qut sözü insanlığın ən qədim sözlərindən biridir.

Nostratik dillərə, yəni dünyada mövcud dillərin makro ailəsinə daxil olması da bunu göstərir. Belə sözlərin mənasını, daha doğrusu, üst-üstə qalaqlanmış məna laylarını dəqiq müəyyənləşdirmək elə də asan deyil. Ümumi desək, qut sözünün fəlsəfi-mistik və dini-spiritualistik çoxlu mənaları var. Sözün mənşəyinə gəldikdə, mənim intuisiyam mənə pıçıldayır ki, bu söz bizim, yəni türk dillərinin sözüdür. Lakin bunu sübut etmək hələ tezdir. Mən neçə illərdir onun etimologiyası üçün materiallar toplayıram. Beləcə, bir gün düşündüm ki, əgər özüm-özümü adlandırmaq və yaxud təqdim etmək üçün dünyada mövcud olan milyonlarla sözdən bircə dənəsini seçməli olsaydım, hansı sözü seçərdim. Qut sözünü seçdim.

– Hansı filosofdan ciddi surətdə təsirlənmisiniz və müasir dövrdə kimə filosof demək olar?

– Təsirləndiklərim ən çox Qərb filosofları olublar. Amma sonrakı dövrdə onların fundamental səhvlərini gördükcə heyranlığım buxarlandı, çox yalqız, məhəccərsiz, arxasız qaldım. Vaqif Səmədoğlu mövzusunda yazdığım essenin sonuncu cümləsi belədir: “Daha soruşmağa bir kimsəmiz yox”. Bu, həmin tənhalığı ifadə edir. Amma işin yaxşı tərəfi bu oldu ki, Qərb filosoflarının zəhmindən də qurtulmuş oldum.

Avropada Avropa fəlsəfəsinin kürəyini də gördüm, baxmayaraq ki, onları çox oxuyuram. Üstəlik, Qərb filosofları şərqli mütəfəkkir adı çəkməkdə çox qısqancdırlar. Mən də indi qərbli adı çəkmək istəmirəm. Filosof bütövə, mənşəyə və mənaya dair danışmalıdır. Filosof yeni definisiyalar, yəni yeni təriflər gətirən, başqa sözlə, əşyanın substansiyasını, yəni mahiyyətini yenidən müəyyənləşdirən şəxsdir. Sözgəlişi, “bilmək nədir?”, “iqtidar nədir?”, “ailə necə olmalıdır?”, “dövlət necə olmalıdır?”, “azadlıq necə olmalıdır?”, “ədalət necə olmalıdır?”, “gəlirlər hansı prinsiplə bölüşdürülməlidir?”, “namuslu olmaq nədir?”, “tərbiyə necə verilməlidir?”, “ölümün mənası nədir?”, “varı yoxdan necə ayırmalıyıq?” – bütün bu və bu kimi suallar hər şeydən qabaq fəlsəfi suallardır. Siz istənilən bir şəxsə bu suallardan birini verin, onun verdiyi cavabların altından müxtəlif fəlsəfi-dini təlimlərin, hətta mifoloji dünyagörüşün çıxdığını görəcəksiniz.

Nə üçün belə olur? Çünki bu dünyanı peyğəmbərlər, mütəfəkkirlər, filosoflar qurublar. İstəsək də, istəməsək də dini-fəlsəfi-mifik dünyada yaşayırıq. Filosof əşyanın mahiyyətini təyin edən şəxsdir. Lakin müasir Qərb fəlsəfəsi artıq belə ağırçəkili suallardan demək olar ki, imtina edib. Həqiqət iddiaları artıq yoxdur, əvəzində ifadə azadlığı var. Almaniyada fəlsəfə arqumentasiya oyunları hesab edilir.

– Azərbaycanda fəlsəfənin vəziyyəti sizi qane edirmi? Edirsə, nə üçün edir? Etmirsə, nə etmək olar?

– Sualdan belə başa düşürəm ki, siz Azərbaycanda fəlsəfənin vəziyyəti dedikdə, xalqımızın, məsələn, Kantın fəlsəfəsini nə dərəcədə bilməyini nəzərdə tutursunuz.

Məncə, Şərq fəlsəfəsiylə Qərb fəlsəfəsi arasında başlıca fərqlərdən biri də bundan ibarətdir ki, Qərbdə fəlsəfə ancaq kitablardadır. Siz hətta təhsilli bir almandan da fəlsəfə barəsində soruşsanız, o sizə basmaqəlib, əzbər, məlum kitab sözləri deyəcək. Bir Şərq ölkəsi kimi Azərbaycanda xalq istənilən Avropa xalqından daha fəlsəfidir. Azərbaycanda bir kəndli “fəlsəfə” sözünü, bəlkə, heç eşitməyib də, amma o sizə elə bir bayatı çağırar, elə bir məsəl çəkər, elə bir hərəkət edər ki, real fəlsəfə qarşısında dayandığınızı hiss edərsiniz.

Məsələn, nağıllarımızın başlandığı məşhur giriş sözünün mənası nədir? “Biri var imiş, biri yox imiş”. Nədir biri mövcud olub, o biri mövcud olmayan? Bəlkə də, bununla demək istəyiblər ki, istənilən başlanğıc üçün birinin olub, birinin olmaması, yəni tarazlığın pozulması zəruridir.

Və yaxud, atalar sözlərimizdən biri belə səslənir: “Qıfıl oğru üçün deyildir, doğru üçündür”. Görəsən, niyə belə deyiblər? İncildə isə bunun əksi yazılıb: “Doğru üçün qanun gərək deyil, qanun oğru üçündür”. Bir azərbaycanlı qonaq getdiyi yerdə boşqabındakı yeməyi axıracan yeməz, axırda mütləq bir az saxlayar. Folklorda buna “utanmaq loxması” deyərlər. Siz etik “maksim”ə, mənəvi incəliyə baxın. Halallıq anlayışının özü incəlikdən, mərdlikdən, təmizlikdən başqa nədir ki?!

Azərbaycanda atalar sözlərimiz də, xalq mahnılarımız da, nağıllarımızdakı motivlər də, ayrı-ayrı adət-ənənələrimiz də başdan-ayağa fəlsəfədir. Azərbaycan özü mənim üçün oxuna bilməmiş fəlsəfə kitabıdır. Biz hələ bu kitabı oxumalıyıq.

Mən əvvəldən bu fikirdə idim ki, Şərqdə fəlsəfə xalqın yaşayış praktikasından aralı deyildir. Sonra bunu 1960-cı illərdə Hindistanın prezidenti də olan hindli filosof Radhakrişnandan oxudum. Radhakrişnan da deyir ki, Hind fəlsəfəsi hind xalqının nağıllarına, dastanlarına, miflərinə səpələnmişdir. (sitatın sonu). Qərbdə isə fəlsəfə kitabxanalardadır, fəlsəfə professorlarının mülkiyyətindədir. Şərqdə fəlsəfəni bütün xalq yaradır və özü də onu icra edir, Qərbdə isə fəlsəfəni ayrı-ayrı fərdlər yaradır və dövlət onu həyata keçirir; təhsil, hüquq və siyasi sistem vasitəsiylə.

– Sizdən müsahibə alacağımı deyəndə, demək olar ki, hamı sizin din və Allah haqqında düşüncələrinizi öyrənməyimi istədi. Bir çox oxucularınıza bu haqda fikirləriniz qaranlıq qalıb. Din və Tanrı haqqında nə düşünürsüz?

– Fəlsəfə təhsili alan hamı kimi Platon məni də çaşdırmışdı ki, inanmaq anlamaqdan qabaqkı pillədir, inam idrakın necə deyərlər “anlayışqabağı” ibtidai mərhələsidir. Ancaq sən demə, inanmaq anlamaqdan üstün imiş. Buna gəlib çıxmaq mənim həyatımdakı ən böyük fəlsəfi çevrilişlərdən biri idi. Platonun müasirləri olan sofistlər və retorlar, yəni inandırmaq sənətinin ustaları Platona irad tuturdular ki, insanı yaxşılığa inandırmaq lazımdır və mümkün olan da ancaq budur; yaxşılığı izah, isbat və sübut etmək isə həm müvəqqəti, həm də mümkünsüzdür.

Yaxşı, bəs min illərdir bütün Şərqin etdiyi inanmaq və inandırmaqdan başqa nədir ki?! Deməli, sofistlər və retorlar qədim Şərqin ardıcılları idilər. Amma fəlsəfə tarixində Platon qalib gəldi. Sokratdan və Platondan etibarən Qərb rasionalist yol seçdi.

Mən Heideggeri çox haqlı hesab edirəm ki, o, Platon fəlsəfəni qurutdu, azdırdı, məhv etdi deyir, hərçənd Heidegger bunu bir az başqa səbəblərdən deyir. Məsələn, “Nə üçün ədalətli insan olmaq lazımdır?” fikrini fəlsəfədə indiyədək nə əsaslandırmaq, nə izah etmək, nə də isbat etmək mümkün olmuşdur. Amma inanmaq və inandırmaq mümkündür ki, nə üçün adil olmaq lazımdır. Füzuli demişkən, “Elm bir qeylü-qal imiş ancaq”. Bu səbəbdən də öz tabularıyla yaşayan bir kəndli mənim gözümdə bir alimdən daha təmiz, daha vicdanlı, daha mənəvidir.

Lakin Qərb hüquq sistemində belə qəbul edilir və bütün dünyaya da belə qəbul etdirilir ki, təhsilsiz, cahil, savadsız şəxslər cinayətə daha çox meylli olurlar, guya mədəniyyət ancaq rasionallıqla əmələ gəlir. Mən belə düşünmürəm. Mən fəlsəfənin xətalarını başa düşmüş filosofam. Bu mənim dinə yaxşı mənada dəyişən münasibətimin bir üzüdür.

Allah mövzusuna gələk.

Fövqəltəbii, fövqələqli və qeyri-təcrübi varlığın terminoloji adı fəlsəfədə transsendent, dindəki adı isə Allahdır. Məsələn, Nitsşe “Allah öldü” deyərkən, təkcə dinin sonunu yox, həm də transsendentdən çıxış edən idealist fəlsəfənin sonunu elan edirdi. Metafiziki baxımdan Allah və transsendent bir-birinə müvafiqdir, baxmayaraq ki, onların arasındakı tarixi münasibət çox mürəkkəbdir. Mən ictimaiyyət qarşısında, adətən, transsendent demirəm, balaca hərflə başlayan “allah” deyirəm ki, məni mümkün qədər daha çox adam başa düşsün, halbuki nəzərdə tutduğum, əslində, transsendentdir.

Məndəki dəyişiklik bundan ibarətdir ki, transsendenti qəbul edən din, allahı rədd edən fəlsəfədən daha yaxındır indi mənə. Bir gün ayılıb gördüm ki, transsendentsiz fəlsəfə məni sıxır, əməlli-başlı boğuluram. Amma fəlsəfəsiz din də mənim üçün eyni dərəcədə dardır. Bəli, transsendent var, insan onunla daimi əlaqədədir, amma mənim transsendentim islam dininin Allahı deyildir.

Məsələn, islama görə Allah əbədilik susmuşdur, başqa sözlə, qeyb biryolluq qıfıllanmışdır. Mən isə belə düşünmürəm. Dastanımızda deyilir ki, Dədə Qorqud qeybdən xəbər verirdi. Amma xəbər vermək üçün gərək əvvəlcə o xəbəri alasan. Deməli, Dədə Qorqud həm də qeybdən xəbər alırdı, baxmayaraq ki, Dastanda bu barədə məlumat yoxdur. Qeyb nədir? Qeyb transsendentin başqa adıdır. Transsendentdən xəbər almaq qapısı qapana bilməz. İslam dini bu qapını bəşərin üzünə zorla qapadır. O qapını üzümə qapadırsansa, sən də məni boğmaq istəyirsən.

Biz azərbaycanlılar min ildən çoxdur ki, islam qəfəsinə sığışmayıb yağış duasına çıxırıq, pirlərə, ocaqlara nəzir qoyuruq, kösöv yandırıb şər ruhları qovuruq, niyyət edib qapı pusuruq, canımızdan cin çıxardırıq, çıldağa gedirik, qurban kəsib əlsiz-ayaqsızlara paylayırıq, sürünüb daşın dəliyindən keçirik, dağdağan ağacına nişan bağlayırıq, ölünü basdırıb üstünə su səpirik, bayramda qəbir üstə şam yandırırıq, Xıdırəlləzi qeyd edirik, yuxularımızı yozuruq, cadu-pitik yazdırırıq, cürbəcür hadisələri bizə göndərilən şəxsi işarələr kimi qəbul edirik, bizə vergi verilir, bizə əyan olur, biz cəzbə qapılırıq, fala baxıb qeybdən xəbər alırıq, xəbər veririk və s. və i.

Bütün bunlara nə islam dini yiyə durur, nə də elm. Deyirlər, xurafatdır, mövhumatdır, cahillikdir, batil etiqaddır və s. Mənim üçün isə bütün bunlar özünəməxsus metafizikadır, qədim Şərqin fəlsəfi-mistik dünyagörüşünün bir hissəsidir. Mən folklor dedikdə bu inamlarımızı nəzərdə tuturam. Elmi ədəbiyyatda bu fenomenə “təbiət dini” və yaxud “kultura dini” adı verilir. Bu dinin peyğəmbəri, kitabı, məbədi-filanı olmur. Mərhum mifoloqumuz Mirəli Seyidov bu fenomenə “inanışlarımız” deyirdi. İndi arada bir internetdə qarşıma çıxır, bəzi səthi düşüncəli dindar şəxslər orda-burda çıxış edib deyirlər ki, filan şey islamda yoxdur, fəsməkan şey islamda yoxdur. Buna xəbər indi çatıb, guya böyük şey kəşf edib. Əlbəttə ki, yoxdur. Bunlar Azərbaycan xalqının islamdan çox-çox qabaq qədimlərdən miras alıb zənginləşdirərək yaşatdığı kulturadır. Mənim vizionum budur ki, milli din halına gəlmiş bu inanışlarımız tarazlaşdırıcı alternativ kimi bizi siyasi islamın fundamentalizmindən qoruyur və gələcəkdə də qoruyacaqdır.

– Ölkədə olduğunuz müddətdə kifayət qədər yazıçı dostlarınız vardı. Hazırda ədəbi prosesi izləyə bilirsinizmi?

– Təsadüfən qarşıma çıxan qısa ədəbi mətnlərlə və yaxud şeirlərlə bəzən tanış oluram, amma buna ədəbi prosesi izləmək demək olmaz. Sözün açığı, ədəbiyyatçılarımızın fəlsəfi mövqeyi mənə qaranlıqdır.

Mən özüm üçün bütövlükdə incəsənətin, o cümlədən də ədəbiyyatın iki mövcudluq səbəbini müəyyənləşdirmişəm: birincisi, ədəbiyyat qəlb tərbiyəsidir, indi buna emosional zəka, EQ, yəni başqasının hisslərinə həmdərd ola bilmək qabiliyyəti adı verirlər.

Ədəbiyyat onun üçün var ki, insanlar bir-birlərinə aşiq ola bilsinlər, bir-birlərinin yolunda ömürlərini fəda edə bilsinlər, başqalarının ağrı-acılarına həssaslaşsınlar, bir-birlərinə şəfqət və mərhəmətlə yanaşsınlar, vətən uğrunda ölə və yaşaya bilsinlər və s. Ədəbiyyat mənəviyyat məktəbidir. Mənim fikrimcə, ərəbcə qəbul edilən “ədəb” sözünün kökündə bizim utanmaq sözümüzün kökü “od” sözü dayanır. Utanmaq odlanmaqdır. Utanan adam istilənir, istiləndiyi üçün də qızarır, pörtür, tərləyir və s. Dədə Qorqud dastanında evə gələn “udlu qonuq” ədəbli, utancaq qonaq deməkdir. Ədəbli adam utana və peşman ola bilən adamdır. İndiyədək heç kimin diqqətini cəlb etməyib ki, Aristotelin tragediyanın saflaşdırıcı, təmizləyici funksiyasını bildirmək üçün terminləşdirdiyi məşhur “katarsis” sözünün kökü də “od” sözüdür. Saflaşmaq, təmizlənmək üçün utanıb peşman olmalısan.

Ədəbiyyat utandıran, peşman edən və beləliklə insanı mənəviləşdirən hünərdir. Ədəbiyyat adama od qoymalıdır. Bir mətn öz oxucusunu utancaq yox, sırtıq edirsə, o mətnin nəyi ədəbiyyatdır?! Sırtıq olmağı öyrənmək və öyrətmək üçün axı başqa janrlar var. Məsələn, satış menecerliyi. Beləliklə, mənim ədibdən gözlədiyim birincisi mənəviyyat müəllimliyidir.

Mənim üçün ədəbiyyatın ikinci mövcudluq səbəbi onun fəlsəfi yönüdür. Fəlsəfədə belə bir anlayış var – ekzemplifikasiya; mənası “misallaşdırmaq”, yəni ümumi ideyanı konkret misal verərək, o misalla göstərmək, aydınlaşdırmaq, izah etmək deməkdir.

Ekzemplifikasiya etmək böyük mənada yaradıcılıq deyildir, yenilik deyildir, kəşf etmək heç deyildir, o, izahatçılıq, şərhçilik və təbliğatçılıqdır. Ümumi bir fikir səsləndirdikdən sonra, “məsələn” deyib, fikrimizi aydınlaşdırmaq üçün konkret bir misal verərkən, əslində, hər birimiz ekzemplifikasiya üsulundan tez-tez istifadə edirik. Nədənsə, məndə belə bir təəssürat var ki, bizim əksər yazıçılarımız, əksər şairlərimiz, əksər ssenaristlərimiz və b. bu üsulla roman yazırlar, bu üsulla şeir yazırlar, bu üsulla film çəkirlər və s.

Tutalım, Heidegger deyib: “Qorxu heçliyi aşkara çıxarır.” Bəyəm indi bu ideya səhnələşdirilsə teatr tamaşası, vizuallaşdırılsa film, nə bilim, qafiyələndirilsə şeir, bədiiləşdirilsə roman olacaq?! Xeyr, olmayacaq. Bu, o ideyanın bədii təbliği olacaq. Çünki bu ideya artıq məlumdur. Və yaxud orda-burda gündə min yol təkrarlanan, nə qədər aktual olsa da çeynənmiş, tutalım, “Bakıda tıxaclar əlindən tərpənmək olmur” publisistikası bir obraz vasitəsilə bədiiləşdirilsə, məsələn hekayələşdirilsə, bu, ədəbiyyat olacaq? Xeyr, yenə olmayacaq. Bu, bədii publisistika olacaq.

Beləliklə, ədəbiyyat, bütövlükdə incəsənət, məlum olan ictimai fikri və yaxud hansısa məlum fəlsəfi ideyanı misallaşdırmaq deyildir. Əksinə, bədii lövhələr, obrazlar və s. vasitəsilə orijinal ideyalar, yeni fikirlər yaratmaqdır. Görünür, sovetdənqalma təbliğatçı incəsənət, o cümlədən də təbliğatçı ədəbiyyat təsəvvürü, yəni marksizm-leninizm ideyalarının təbliğatı işinin bir hissəsini öz üzərinə götürən ədəbiyyat təsəvvürü bizdə hələ də qalır. Ekzemplifikasiya üsuluyla yaranan ədəbiyyatın, yəni içində təzə ideya olmayan ədəbiyyatın fəlsəfə üçün, elə dünya üçün də heç bir dəyəri yoxdur.

– Kitab oxuma prosesiniz necədir? Yeni kitab üzərində işləyirsinizmi?

– Fəlsəfi mətnlər roman kimi səhifə-səhifə oxunmur, “köşə” yazısı kimi birnəfəsə oxunmur, cümlə-cümlə, abzas-abzas oxunur, bəziləri isə lap söz-söz oxunur. Hazırda əsasən sosial fəlsəfə istiqamətində, Fuko, Adorno və Hobbs oxuyuram. Siz yeni kitab üzərində işləmək deyirsiniz, amma mən indiyədək heç kitab yazmamışam ki, yenisi də olsun. “Aşma” kitabım ayrı-ayrı vaxtlarda tək-tək nəşr edilmiş yazılarımın və müsahibələrimin toplusu kimi nəşr edilib, o, kitab kimi yazılmayıb. Mən ilk kitabımı hələ indi yazıram. Bəzən aylarla fasilələr versəm də üzərində daimi düşünürəm. Mən kitabımı səhifə-səhifə yox, cümlə-cümlə, abzas-abzas, bəzən lap söz-söz yazıram.

– Sartrın “Azadlığa məhkumuq” fikri haqqında şəxsi fikirləriniz necədir?

– Günlərin bir günü başa düşəndə ki, azadlıq ideyasının əsasında fərdi rasionallıq dayanır, azadlıq ideyasının sehrindən qurtula bildim. Bu səbəbdən də nəşr olunmuş yazılarımın birində “Azad olmayanlar – nə bəxtiyardır!” yazdım. İndividualizm üstəgəl rasionalizm bərabərdir azadlıq.

Sən nədən azad olmağa, nə etmək üçün azad olmağa çalışırsan? Mənəvi baxımdan azadlıqpərvərlik ipsizlik, bağsızlıq, eqoizm, sevgisizlik, laqeydlik deməkdir. Azadlıq “That is your problem”, yəni “O sənin problemindir” yadlığıdır. Özgələşmə və ayrılığın başqa adıdır azadlıq.

Məsələn, adam öz vətənindən necə azad ola bilər?! Öz xalqının gələcəyindən necə azad olmaq olar?! Düşməndən necə azad olmaq olar?! Ana balasından necə azad ola bilər?! Mənəvi məsuliyyətdən necə azad olmaq olar?! Namusdan necə azad olmaq olar?! Sartrın “Azadlığa məhkumuq” fikri o deməkdir ki, hər şeydən azad olmaq olar, bircə azadlıqdan azad olmaq olmaz.

Yəni şəxsi cavabdehlik başqası üzərinə ötürülə bilməz. Məsələn, kütləvi törədilmiş qırğınlarda heç kim kütlənin o andakı qızğınlığını bəhanə gətirib “Hamı eləyirdi, mən də elədim” deyə bilməz. Və yaxud müharibə cinayətlərində heç kim yuxarı komandanlığın əmrini bəhanə göstərib, “Mənə belə əmr edilmişdi” deyə bilməz. Yəni fərdi cavabdehlikdən qaçış yoxdur, insan bütün hallarda təkdir, o, mənəvi-əxlaqi məsuliyyəti heç kimin və heç nəyin üstünə ata bilməz.

Tipik ekzistensialist mövqeyi. Sartrın bu fikri məni indi qətiyyən həyəcanlandırmır. Həyəcanlandırıbsa da, çox keçmişlərdə qalıb bu. Amma Sartrın alman müasiri Karl Yaspersin insan yalnızlığını ifadə etmək üçün dediyi fikir isə məni illərdir ki, düşündürür. Yaspers deyir, şifrin deşifri də şifrdir. Başqa sözlə desək, tapmacanın cavabının özü yeni tapmacadır. Yəni hazır və yekun cavab yoxdur və bu mümkün də deyildir. Çünki yekun sən özünsən, sənin qərar vermək azadlığındır. Hətta ən sonuncu tapmacanın cavabı sənə deyilmiş olsa belə, o cavabı yenə sən özün başa düşməlisən, yəni yenə sən özün onu deşifrləməlisən.

Müqəddəs kitablar az qala hər şeyə dair xalis cavablarla, hətta hökmlərlə doludur, lakin o kitablara inananlar arasında belə o cavab və hökmlərin mənaları mövzusunda vəhdət və ittifaq yoxdur. Beləliklə, azadlığa məhkumluq yalnızlıqdan qaçışın olmaması deməkdir. Xalqın siyasi müstəqilliyi mənasında milli azadlıq isə tamam başqa mövzudur.

# 6423 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #