Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...

Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
28 yanvar 2021
# 13:01

Kulis.az Babək Göyüşün “Vaqifin tüstüsü və ortasından qırılan siqareti” yazısını təqdim edir.

O, 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişdi.

Vaqif Səmədoğlu öldü.

Onun çəkdiyi siqaret də, siqaretindən çıxan tüstü də, tüstünün qarışdığı buludlar da ortasından qırıldı. Vaqif siqareti kölgəsində sığınmaq üçün çəkirmiş, bir də bu gününün dərdini çəkmək üçün...

Hər kəsin dərdi bir kölgə ona yaxındır. Vaqifi ən çox düşündürən onun kölgəsi olmayıb, ölkəsi olub: “Hansı rənglə çəkəcəklər, xəritələrdə ölkəmi?”.

O, öləndən sonra şeirləri üçün darıxdığını yazıb və hətta bir azca da qorxuya düşüb: “Şeirlərimi sevəcəklərmi divarlar arxasında?”.

Vaqif son gününün yaxasında nəyin parlayıb sönəcəyini də öncədən bilmək istəyib. Hətta, o gün bazarda ətin qiymətinin düşüb-düşməyəcəyi də onu maraqlandırıb. Qaranlıqda düşüncələrinin öpüşəcəyi və kimisə öldürəcəyi də ona maraqlı gəlib.

Görəsən, bütün bunlar şairlərə nəyə lazımdır? Şairlərin ölüm günündə qatarlarda axşamüstü çay paylayırlar, Andersenin nağıllarını oxuyurlar.

İnsan bir ömrü boyu neçə dəfə ölüb, neçə dəfə onun üçün məzar qazılıb, neçə dəfə məsciddə yuyulub.

Vaqif isə yalnız bir dəfə yuyuldu. Təzəpir məscidində. Daha bulvardakı söyüdləri kimin sulayacağından xəbəri olmayacaq.

Şairlərin hər şeydən xəbəri olur.

Onlar bu dünyada ah çəkmək üçün bir yer axtarırlar həmişə.

Həmin yer Vaqif üçün Təzəpir oldu. Və o Təzəpirin pəncərəsindən “Sovetski”dən ona tərəf boylanan tut ağacı. Yol ayrıcından gəlib-keçənlər isə bu mənzərəni görə bilmədi.

İnsanlar şairləri də rahat ölməyə qoymurlar.

Vaqif o gün öldü.

O gün Vaqifin yazdığı kimi güclü külək əsmədi:

Mən ölən gün bir külək əsəcək küçələrdə.
Və yellədəcək ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı mən ölən gün…

Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı…

Aldadılan insanlar yaxşı insanlardı…

Aldadanlar isə aldadanlardı.

Vaqif yaxşı insanları məzara bənzədir.

Yaxşı insanlar ildə bir-iki kərə baş çəkilən məzar kimi az-az görünür.

Vaqifin də məzarı öncə tez-tez yad edildi, gül-çiçək qoyuldu, sonra gül çiçək də, o məzara doğru gələn addımların da sayı da azaldı.

Gələn yalnız Nüşabə xanım oldu.

Onun ömür-gün yoldaşı Nüşabə...

Vaqifin ölümü ən çox onu üzdü, bir də xərçəngdən ölən atasını və xərçəngdən ölən qardaşını...

Xərçənglər bu şair ailəsinin sanki boğazında bardaş qurub.

Vaqif də xərçəngin acığına ölüb getdi, çox sevinməklərinə yol vermədi.

Vaqifə heç kəs yol vermədi.

Yol vermək üçün gərək o yola çıxasan.

Vaqifin isə yola çıxmaq ümidi siqareti kimi ortasından qırıldı...

Qırılan bu yazı kimi…

Gallery

# 3201 dəfə oxunub

Oxşar xəbərlər

“Kapitan və Xəzər dənizi”  tarixi-sənədli filminin premyerası oldu

“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası oldu

12:32 20 yanvar 2026
Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

12:00 20 yanvar 2026
Moda əfsanəsi Valentino  Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

11:00 20 yanvar 2026
Luvr fəaliyyətini dayandırdı

Luvr fəaliyyətini dayandırdı

10:33 20 yanvar 2026
20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

10:00 20 yanvar 2026
"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

10:00 20 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər