Toylar başlayır: Bizi gözləyən tragikomediya

Toylar başlayır: Bizi gözləyən tragikomediya
30 iyun 2021
# 10:48

Azərbaycanda komik hadisələrin bir çoxu toylarla bağlıdır. Hələ “Tik tok” kəşf olunmamış Yutub platformasında Azərbaycan toylarından qısa, komik videolar yayımlanırdı. Hətta bəlkə, ehtimal etmək olar ki, bütün dövrlərin universal plagiatı sayılan çinlilər “Tik tok”un ideyasını bizim toy videolarından oğurlayıb.

Pandemiyaya qədər doğrudan da bizim bu milli adətimiz öz bayağılığı və gülünclüyü ilə tavan vururdu. İsraf, zövqsüz musiqi, səs terroru, dərisi beş qəpik etməyən müğənniciklərə verilən on minlərlə pul, qohuma-qonşuya yaxşı görünmək üçün bütün ailəni kreditlərdən asılı vəziyyətə salmaq, fəlakətə gətirib çıxaran bəhsəbəhs xəstəliyi və s.

Nəyindən yazasan, nəyindən danışasan?

Hara əlini atırdın, bayağılıq fışqırırdı.

Hara baxırdın, ya gülürdün, ya ağlayırdın.

Bir ara toy dəvətnamələrini qara kağız kimi paylayırdılar. Onu alan adam sevinmək əvəzinə dilxor olurdu. Çünki nə yapıb, nə edib 50 manat tapmalı idi. Və orta maaş alan çoxluğa ayda 5-6 dəvətnamə gəlirdisə, işlər əngəl olurdu.

Bizimkilər də, maşallah, metroda qapını saxlayıb qatara mindirdiyi adamı da toyuna dəvət edir!

O ərəfələr bir qrup qələm adamı toyları boykot etdi. Atdıqları addımı az-çox əsaslandırsalar da, xalqımızın bu qaim-qədim adətinə heç nə edə bilmədilər.

Toy sarsılmaz bir divardır - hamı və hər şey ona dəyib yerə tökülür!

Yarıb keçmək, üstündən aşmaq mümkün deyil.

İnsanları da qınamaq olmur. Teatra getmirlər, kinoya getmirlər, sərgiyə getmirlər, bəs aldıqları bahalı paltarları, qır-qızılları harda göstərsinlər adamlara?

Həm də toy sosial vəziyyətindən asılı olmayaraq, həyatı bozluq içində boğulan Azərbaycan insanının, bəlkə də, yeganə real əyləncə yerdir.

Real niyə dedim, onlayn əyləncələr az-çox var.

Vatsapdakı qohum-əqrəba qrupları, düşük seriallar, mətbəx verilişləri, üstəlik kanallarımızda baş alıb gedən “Səni axtarıram” tipli göz yaşından pul çıxaran proqramlar...

Bu mənada xalqımız korluq çəkmir, amma hər nə olandan sonra adam bir yerindən qalxmaq, harasa getmək, yelini tökmək istəyir. Evdə Yutubda Aslan İlyasovun “Tərəkəmə”sini qoyub ha oyna, ha özünü öldür, lap videoya çək, qohumlara göstər, hətta sosial şəbəkələrdə paylaş, yenə toyun yerini vermir. Canlı performans başqadır.

Toy statistik azərbaycanlının canında teatr boşluğunu asanlıqla doldurur.

Qol açıb ürəkdən sındırdınmı, özünü Oskar laureatı zənn edirsən.

Hələ bunun axırda şampan partlatması, tort kəsməsi, diskotekası var.

Hamı Yazıçılar Birliyinin yan-yörəsində fəaliyyət göstərən gecə klublarına gedə bilmir axı. Görən olar, görməyən olar. Hələ evdəkilərə cavab verməyi demirəm.

Bax bu səbəbdən karantinin qılıncının dalı-qabağı nədir, sağı-solu da kəsdiyi vaxtda belə xalqımızı toydan ayırmaq mümkün olmadı. Həyətlərdə gizli-gizli bu ayini həyata keçirdilər. Bəzən, ağır cərimələri, hətta sutkalıq həbsləri gözə aldılar.

Heç kim zurna-balabansız öz qızını gərdəyə verməz!

Namus var, qeyrət var!

Əl boyda nikah kağızı bu mötəbər hadisə üçün yetərli deyil. El-oba yığılıb şahid olmalıdır, yengə xonça bəzəyib, çıraq yandırıb gəlin maşınının qabağına düşməlidir.

O necə toydur ki, yekəqarın qohumlardan biri ağzının tüpürcəyini dağıda-dağıda şeir oxumasın?

O necə toydur ki, qudalar birlikdə oynamasın?

O necə toydur ki, ən yaxın qohumlar bəyin-gəlinin başına toplaşıb ayaq üstə çıxış eləməsin.

O necə toydur?!

Pandemiyanın ağzı yansın!

Nə günlərə qoydu bizi.

Gündə 10-15 min pul qazanan müğənnilər maşınını, evini satdı, bir qarın çörək üçün Rusiyanın çöllərinə düşdü.

Eləsi vardı, bunu da bacarmadı. Başladı İnstagramda qəzəb və nifrət püskürməyə. Hiss etdinizsə, karantin vaxt Elza Seyidcahanın da nevrotik səsksəkədən qaynaqlanan şeirlərinin sayı artdı. O şeirlər toylardan dolanan bütün müğənnilərin daxili təlatümünün absurd ifadəsi idi. Niyə absurd? Çünki müğənni tayfası hökumətdən qorxan olur, heç nəyə etiraz edə bilmir, ona görə, içindəki qəzəbi ifadə etməkdə çətinlik çəkir. Amma susa da bilmir. Bir ay olar, beş ay olar, on ay olar. Karantin uzandıqca uzanır. Səbir getdikcə tükənir və axırda partlayış baş verir. Kimə qarşı? Heç kimə. Elə-belə. Havaya. Sağa-sola. Bax bu da əlahəzrət Kafkanın belə gedib ulaşa bilmədiyi gerçək absurdu doğurur. Heç bir təxəyyülə ehtiyac qalmadan...

İndi şükür, toylara icazə verdilər. Xalqımız ürəkdən sevindi. Müğənnilərin bir çoxu sevindiyindən ağladı. Amma şərtlər açıqlandıqca, yeni komik vəziyyətlər meydan çıxdı. Ay nə bilim, oynayanda maska olacaqmı, 50 nəfər necə yığılacaq, 100 nəfər necə yığılacaq, kovid pasportu necə alınacaq, necə tətbiq olunacaq, 50 nəfərə oxumaqla 100 nəfərə oxumağın qiyməti eyni olacaqmı?

Ən vacibi, ayıq başla baş aça bilmədiyimiz bu incə qaydalar toyda vurub keflənən hörmətli qardaş-bacılarımıza necə tətbiq olunacaq?

Mənim anlayacağım, toylarımız əvvəlkindən də komik olacaq!

Yutubda yeni və unikalı toy videolarının komment hissində görüşənədək.

Sizi çox sevirəm və hamınızı öpürəm.

Təbii, kovid pasportunu göstərəndən sonra.

# 3647 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #