Sevdiyi qızla fotosunu gizlin çəkib atasına göndərmişdilər – Topçu Vüsalın evindən reportaj

Sevdiyi qızla fotosunu gizlin çəkib atasına göndərmişdilər – Topçu Vüsalın evindən reportaj
11 noyabr 2020
# 08:58

Kulis.az Ayxan Ayvazın atəş açarkən çəkilmiş fotosu ilə məşhurlaşan topçu Vüsal Şahkərimovun evindən yazdığı reportajı təqdim edir.

Xaçmaz şəhərindən kəndə gedən maşında topçu Vüsaldan danışırdılar. Sürücü dedi, gör necə oğuldu, topu vuran kimi çevrilib dik-dik baxır. Yanındakı nənənin səsi gəldi:

- Vüsal bizim qohumdu. Uzaq qohum. Çox yaxşı uşaqdı.

- Biz də ora gedirik, ay nənə. – sevincək dedik. - Hansı tərəfdə qalırlar?

- Kimə desəniz, göstərəcəklər. Üçüncü küçədə... – nənə dedi. – Mən o Vüsalı yaman çox istəyirəm. Başqa oğuldu. Eləsinə canımız qurban.

Taksi sürücüsü təsdiqlədi:

- Hələ elə güclü topçu olmayıb deyirlər. Ona görə ermənilər şəklini götürüb dedilər ki, bizim əsgərdi. Oğraşlar...

Qusarçaya çatanda düşdük. Yolun qırağında yıxılmış velosipedini qaldırmağa çalışan balaca oğlandan soruşdum:

- Məşhur əsgərin evi hardadır? Televizorda göstərirlər e.

Oğlan əlini uzatdı:

- De ha, orda...

Dediyi istiqamətə getdik, yenə də evi tapa bilmədik. Qabağımıza bir qız uşağı çıxdı:

- Vüsalın evi hardadır?

- Qırmızı maşın var e, onu keçin, orda çoxlu adam görəcəksiniz. O evdi.

Qırmızı maşın, arxasındakı evin darvazası və çoxlu adamlar... Uşaqlar darvazanın qırağından çəkilib bizə yol göstərdilər. İçəridə çəkiliş idi. Vüsalın atasını bir ara gördüm, gülümsündü. Dedim, növbədəyik, gözləyirik. Hamı güldü.

Balaca bir həyət, balaca bir ev. Vüsalın yaşadığı, gözünü açdığı gözəl bir ocaq. Evin qıraq-bucağında bankalarda tutma da gördüm. Qış üçün hazırlanıb. İki aya Vüsal Qələbə xəbəri ilə gələcək və o tutmalardan ilk o yeyəcək.

Həyətdə balaca masa, iki skamya var. O biri tərəfdə, girişdə su quyusu, ondan o tərəfdə hamam, böyür tərəfdə tövlə, bir az qabaqda bağ.

Çəkiliş bitəndən sonra Vüsalın anası gəlib o balaca masanın arxasına keçdi. Şalını çıxardıb tərini sildi, bizə xoş gəldin eləyib dedi ki, maşallah, evimiz qonaq-qaralıdır. Bu yerdə bir qız uşağı da onun yanında oturdu. Anası bizimlə tanış elədi:

- Məşhur bacı...

Gülüşdük. Fidanın işıqlı gözləri bizə saplandı. Dedi, hazırda 6-cı sinifdə oxuyur, o biri bacısı Vüsalə 11-i qurtaracaq. Bu yerdə kimsə sözə qarışdı:

- Məktəb var ki, qurtarsın?

Təzədən gülüşmə düşdü. Biz elə bu gülüş sədalarının altında evə keçdik. Ayaqqabımı çıxaranda gördüm, bayaq hər yerə səpələnmiş ayaqqabıların yanında indi mənimkilər çox tənha qaldı.

Atası İslam, babası, anası, balaca Fidan masada oturdular. Bircə bacısı Vüsalə gəlmədi. Dedilər, o utancaqdır, bu günə qədər bəlkə 20-yə yaxın televiziya kanalı gəlib, heç birinə danışmayıb.

- Vüsal uşaqlıqda çox dəcəl olub. Vurub-yıxan... – atası danışır. – Həmtaylarını döyürdü, hamısı da gəlirdi şikayətə. Bir az böyüyəndən sonra...

- Düzəldi, hə?

- Hə... Bir az şıltaq uşaqdı. Əsgərə gedən gün maşınımı aparıb əzdi gətirdi. Hələ ondan əvvəl də bir-iki dəfə vurub əzmişdi.

- Bir-iki nədir? Dəfələrlə... – anası gülə-gülə əlavə edir. – Atasından çəkinmir, dost kimidilər. Ona görə maşını götürüb sürürdü. Maşın sürməyi də dayısından öyrənib. Məndən soruşurdu ki, mama, maşının açarları hardadı. Atasının cibindən götürüb gedirdi sürməyə. Atasının da xəbəri olmurdu. İşdən yorğun-arğın gəlirdi. Deyirdim, bəs Vüsal maşını götürüb. Bir dəqiqə keçmirdi ki, Vüsal maşını harasa vurub gətirirdi. – gülüşmə. - Ölür maşından ötrü. Əsgərliyə gedən vaxtları idi, atası da xətrinə dəymirdi, maşını verirdi. Mən bir az qəddar idim ona, qoymurdum aparsın. Atası isə sakitdi. Nadinc uşaqdı Vüsal. Məcburən qadağalar qoyurdum. Neyləyim? Qarşısını ala bilmirdim. Mən onun videosunu televizorda görəndə, dedim, gör e, burda nə eləyirdisə, gedib orda da onu eləyir. - Gülür

Vüsalın atasının maşınını hər dəfə harasa vurması artıq evin lətifəsinə çevrilib. Bir dəfə maşın vurub, deyiblər, olan işdi, ikinci dəfə də keçiblər, üçüncüdə də. Əsgərliyə getdiyi gün isə... özü gizlədib, gözə görünmək istəməyib, qorxub açığı, deyib, gethagetdə başıma iş açmayım. Atası isə hərzamanki kimi onu bağışlayıb. Elə bil, heç nə olmayıbmış... İndi də gülə-gülə danışırlar. Vüsalın həyatındakı maraqlı detal kimi xatırlanır.

- Dost kimi olmusunuzsa, yəqin sizə hər şeyi danışıb. Qız sevməyini-filan...

Atası deyir, onu bilmirəm. Anası araya girir:

- Bir qızı sevirdi, biz tanımırıq amma. Yoldaşımın dostu şəklini gizlincə çəkib atmışdı. Danış da...

Atası gülümsünür:

- Hə, dostum atmışdı şəkli. Vüsalın qızın arxasına düşdüyü şəkil idi.

Anası yumoru davam etdirir:

- Çəkib atıblar ki, bax gör oğlun necə düşür qızın arxasınca?

Hamımız gülürük.

Bir neçə sual verirəm, işin mabədinə yetmək istəyirəm, xeyri olmur, sirrini verməyir sirdaşa dünya!

- Ən yaxın dostu kimdi bəs?

- Pərviz. – balaca Fidan deyir.

- Çağıra bilərsən onu?

- Hə, çağır gəlsin. – anası deyir. – Onlar çox yaxındılar.

Bizim yanımızda, mənim solumdakı şkafdan Azərbaycan bayrağı asılmışdı, yanında da Vüsalın şəkli. Vüsal da şəkildən söhbətimizə qulaq asırdı.

- Pərviz gəldi. – kimsə elan verdi.

Mən Pərvizdən maraqlandığım sirri almaq istədim, güldü, gülüşünü əliylə gizlətməyə çalışdı, gözü ora-bura hərləndi, amma cavab verə bilmədi. Dedi, biz Vüsalla çox yaxınıq, bütün günümüz bir yerdə keçib, bir yerdə işləmişik, bir yerdə mer-meyvə yığmışıq, o işlədiyimiz vaxtlarda Vüsalın zarafatları məni yaman güldürüb. Tək onu yox, bütün ev əhlini güldürən Vüsalmış.

- Bəs sevdiyi qız?

Yenə güldü. Cavab vermədi.

- Yaxşı, nəyi xoşlayırdı?

- Plesteyşn oynayırdıq. O, çox yaxşı oynayır. Hər dəfə məni udurdu. İndi gəlsə, yenə oynayarıq. Qardaşdan artıq olmuşuq.

- İncidiyi olub səndən?

- Yadıma düşmür.

Baba söhbətə qarışır:

- Fındıq yığmağa kömək eləməmişdin, ona görə küsmüşdü səndən.

Gülüşmə düşür.

Yaxın dostlarından biri şəhid olubmuş, özünə bildirməyiblər. Başqa birindən öyrənəndə şoka düşüb. Dostunu çox istəyirmiş. Ata-anasının, babasının dediyinə görə, ermənilərə qəzəbi dostunun şəhid olmasından sonra birə-beş artıbmış. Xəbəri eşidəndə deyibmiş ki, alçaqları, şərəfsizləri qırıb qurtarmaq lazımdır.

Universitetə də bircə balı çatmayıb. Riyaziyyatı yaxşı bilirmiş, oxuyan uşaq olub, sadəcə qismət gətirməyib. Gələndən sonra oxumaq arzusunu reallaşdıracaq.

- Dəcəlliyi çoxdur. Bir dəfə mənə zəng eləyib ki, gilasın başındayam. – anası gülə-gülə danışır. – Deyirəm, a bala, sən oralara nöş çıxmısan. Gilasın kəlləsinə çıxırdı ki, yox e, orda bir dənə gilas qalıb, o niyə orda qalsın, onu da dərməliyəm. Zəhmətkeş uşaqdı. Heyvan da otarırdı.

Vüsal iki gün əvvəl zəng edibmiş. Artıq öz məşhurluğundan da xəbəri var. Anası günləri sayır, bütün günü dualar oxuyur, təkcə öz balası üçün yox, cəbhədə döyüşən bütün əsgərlər üçün. Bir də deyir, Vüsalı televizorda o qədər göstərirlər ki, artıq özümü saxlaya bilmirəm, yaman darıxıram ondan ötrü.

- Ən çox hansı yeməyi sevir?- Plovu... – anası bunu deyib bir az fikrə getdi.

Fidan özünü yetirir:

- Yox, yox, yarpaq dolması. Onu daha çox sevir.

- Fidan, qardaşınla dalaşırsan?

- Arada olur - gülümsünür.

- Sənə hədiyyə alır?

- Ad günümdə alır, hə.

Anası:

- Deyir, niyə mənə böyük hədiyyələr almırsan, bunlar balacadır. Dalaşır ona görə. Arada dinc durmurdu, Fidana sataşırdı, o da buna cavab qaytarırdı.

Vüsal telefonda ən çox Fidanla danışırmış, bir də atasıyla. Fidana gələndə yenə hədiyyələr alacaq yəqin, atasının maşınını yenə harasa vuracaq.

- Atasına deyir ki, maşınını dəyişdirməmisən? Fikri-zikri maşındadır. Gələn kimi sürmək istəyir. Deyir, papa, nolar, maşını dəyiş.

Babasının səsi gəlir. Deyir, çox qeyrətli, güclü-qüvvətli, sözəbaxan uşaqdı. Evdə hamının köməyinə qaçır, babasını uzaqdan görəndə qabağına yüyürür, onun əllərindən öpür, çox sevir babasını.

Bir də dostu Pərviz...

Ən çox onunla danışır telefonda. Deyirəm, Pərviz, ucundan-qulağından danış, məşhur adamdı dostun, sən də onun “şot”una məşhurlaş, eləcə gülür, danışmağa utanır. Hiss olunur ki, ata-anasından, hamıdan saxladığı, yalnız Vüsalla ikisinin biləcəyi sirləri var.

- Gələndə nə edəcək? Deməyib sizə? Arzuları nədir?

- Biz onun arzularını bilmirik. Nə istəyir, gəlib özü edər. Ürəyi nə istəyir. – babası cavab verir.

Çölə çıxırıq, hava tutqundu. Ev əhliylə sağollaşırıq. Özümü sındırmıram:

- İnşallah, sağ-salamat qayıtsın, gəlib özündən öyrənərəm kimi sevdiyini.

Gülüşürlər, “İnşallah” deyirlər.

Birinci dəfə Vüsalı televizorda görən anası olub. Deyir, baxdım ki, bu Vüsaldır, ona oxşayır. Əlavə edir ki, axı bütün əsgərlər bir-birinə oxşayır, dedim, birdən o olmaz. Sonra görüb ki, yox e, Vüsaldı, tez gedib atasını çağırıb. Atası da işdən gəlibmiş, sevindiyindən çörək yeyə bilməyib.

Babası deyir, onun üçün elə bir sürpriz hazırlamışıq, görəndə çox sevinəcək.

Evin böyür-başındakı tutmalara baxdım və içimdə qəribə hislər oyandı. Vüsalın bu evə gəlməsini xəyal etdim. Ardınca o böyük sürprizlə qarşılaşması...

Balaca, xudmani həyət böyük ümidlə Vüsalın gəlişini gözləyir.

Darvazanın qabağına yığışmış uşaqlar da!

# 27705 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
# # #