Qəribsədiyimiz bağça müəllimləri

Qəribsədiyimiz bağça müəllimləri
31 avqust 2020
# 11:01

Aylardır koronavirus epidemiyasına görə məktəb və bağçlar fəaliyyətini dayandırıb. Məktəblər onlayn sistemə keçməklə qismən də olsa bu boşluğu doldura bildi. Amma bağçaların boşluğunu doldurmaq üçün heç bir alternativ yol olmadı.

İşləyən anaların kabusuna çevrilən bu 6 ayın sonunda Operativ Qərargahın verdiyi qərar əsl bayram əhval-ruhiyyəsi yaratdı. Sentyabrın 15-də məktəb və bağçaların fəaliyyəti bərpa olunacaq.

Karantin dövründə ən çox qəribsədiyimiz adamlar bağça müəllimələri və dayələr oldu. Bunun yaxşı ana, yaxşı ata olub-olmamaqla qəti əlaqəsi yoxdur. İşləyən ana olmaq onsuz da övladına yetərli qədər sevgi, diqqət verə bilməməyin iztirabını yaşamaq deməkdir. İşləyən ana olmaq uzun və yorucu bir marafonda qaçmaq kimi bir şeydir. Dəstək verən insanlar olsa da, yenə bu yolu hər zaman tək başımıza qaçırıq.

Bu baxımdan da əgər işləyən anasınızsa, üstəlik uşaqlarınız ipə-sapa yatmayan, gəzən fəlakətdirsə, bu xəbərin özü ilə gətirdiyi sevincin yüz illik müharibədən sonra qazanılan qələbə sevincinə bərabər olduğunu anlamaq çətin olmamalıdır. Pandemiya dövründə uşaqların bu “ev həbsi” bizimlə yanaşı onların da psixoloji vəziyyətini alt-üst etdi.

Karantin dövrü bizlər, yetkin insanlar vəziyyətin yaratdığı çətinliklərdən çox rahatlıqla gileylənərək daxilimizdəki mənfi enerjinin təsirindən qismən də olsa xilas olub rahatlıq tapa bildik. Amma bu vəziyyətin, fikrini hələ tam ifadə etmək qabiliyyəti formalaşmayan körpələr üçün necə böyük travmalara yol açdığını anlaya bildikmi?

Bağçaların bağlanması təkcə valideynlərin deyil həm də - hətta deyərdim, ən çox göydələnlərdəki dörd divar arasına sıxışan, bütün məşğuliyyətlərdən, oyunlardan kənar qalan körpələrin kabusuna çevrildi. Bütün toplumlarda hər zaman baş verən şey pandemiya dövründə də özünü təkrarladı. Bütün dövrlərdə müharibələr, qlobal faciələr haqqında çəkilən filmlərdə, yazılan romanlarda hər zaman üstünlük böyüklərin gözü ilə təsvirə verildi. Uşaqların bu hadisələrdə çəkdiyi iztirablar çox zaman göz ardı edildi. Eyni hal karantin müddətində də baş verdi.

Özümü uşaqların yerinə qoyanda bağçaların bağlanmasına ən böyük üsyanın onların içində baş qaldırdığını hiss etdim. Məsələn, dünyanın düz vaxtında hər səhər qızımı yuxudan oyandırıb bağçaya aparmaq zülmünü yaşayırdım. “Mən bağçaya getmək istəmirəm” sözü karantin dövründə “Ana bağçalar nə vaxt açılır” sözü ilə əvəz olunanda anladım ki, bu müddət ərzində əslində uşaqlar bizə yox, biz uşaqlara əziyyət vermişik.

Doğuşdan hiperaktiv olan uşaqlar karantin dövründə ikiqat aqressiv oldular. İçlərində toplanan enerjini çıxarmağa yeri olmayan körpələr anaların evdə yaratdığı qayda-qanuna tabe olmamaqla çıxarmağa başladılar. Sındırmaq, dağıtmaq, zərər vermək istəkləri əslində onların mövcud vəziyyətə üsyanları idi. Amma ölkəmiz də daxil olmaqla bir çox Avropa ölkələrində bu dövrü şiddətsiz ötüşdürən çox az valideyn oldu. Pandemiya dövründə ailədaxili şiddətin, uşaqlara qarşı zorakılıq hallarının çoxaldığı müşahidə edildi. Daima çöldə-bayırda vaxt keçirməyə alışan müasir dövrün insanı 24 saat evdə uşaq hay-küyünə, kaprizinə dözə bilmədi.

Hardan baxsan, bağçaların bağlanması körpələrin mənəvi travması demək idi. Virus var deyə çölə-bayıra çıxmayan uşaqlar aylar sonra ictimai yerlərdə idarəetmələrini itirdilər. Anası evdar qadın olan uşaqlar hər iki valideyni işləyən uşaqlara nisbətən daha şanslı sayıldı bu müddətdə. Mənim kimi günün 8-10 saatını işdə olan anaların övladları ilə ünsiyyəti səhər evdən çıxanda səhər yeməyini yedirib, axşam evə qayıdanda çimizdirib yatırtmaqdan ibarət oldu.

Bir vaxtlar tətil günlərini, şənbə-bazarı iplə çəkən uşaqları karantin dövründə ev sıxmağa başladı. Uşaqların bağça intizarını həm də qızımın və yeni-yeni dil açan oğlumun tez-tez bağçadakı uşaqların, müəllimələrin adını çəkməsindən, orda necə yemək yediklərini, oynadıqlarını təsvir etmələrindən anladım.

Mənim üçün kədərli tərəfləri də var idi bu vəziyyətin. Məsələn, bağçaya gedəndə arxamca saatlarla göz yaşı tökən, bağçadan götürəndə üstümə yüyürən qızımın mənə qarşı artıq o həsrəti itdi. Onun üçün artıq mənim evdən hər gün çıxıb işə getməyim adi bir hala çevrilib.

Qızımın son iki aydır hər gün “Bağça nə vaxt açılır? “sualına dünən axşam dəqiq cavab verdim. “Yess” nidaları ilə evdə bayram edən uşağın sevinci aylardır bağçaların bağlanmasına üsyan etdiyim üçün içdən-içə çəkdiyim xəcalət hissimə bir sipər oldu. Özüm-özümə haqq qazandırdım ki, mən bağçaların açılmasını əslində övladım üçün istəyirdim. Çünki uşaqlar ən sadə və klassik təbirlə desək, sabahın böyüklərdir və bu körpələr həm də bizim ortaq yaddaşımız, şüuraltımızdır. Fikir verin, təbiət belə onları mühafizə edir.

Bildiyimiz kimi dünyanı ağzına alan koronavirus epidemiyası uşaqlar üzərində təsirli deyil. Onlar yoluxmayacaqları bir xəstəlik fonunda böyüklərə görə karantin qurbanları oldu. Qlobal bir travma yaşadığımız bu günləri necə idarə etdiyimizin, yaxud edə bilməməyimizin nəticəsini gələcəkdə bu uşaqların davranışında görəcəyik.

# 5095 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #