Polad Həşimovun üzünə necə baxacağıq?

Polad Həşimovun üzünə necə baxacağıq?
7 avqust 2020
# 17:06

Şəhidlərin generalı Polad Həşimov haqda bəlkə də hər gün yeni şeylər eşidirəm. Elə hadisələr danışırlar ki, şok oluram. İnana bilmirəm. Məni qınamayın, yaxşı zabitlərimiz çoxdur, ancaq bu cür zabit obrazı ilə ilk dəfə qarşılaşıram.

Hamının bəlli çərçivəçələrlə hərəkət etdiyi, öz rütbəsinə arxalandığı yerdə, belə bir insanın ortaya çıxması və öz kisəsinin ağzını açıb, səxavət paylaması, sevgi aşılaması adamda qəribə hislər yaradır.

Hamı birmənalı şəkildə onu sevir və sevgilərini hər dəqiqə göstərir. Və heç kimdə bu pafoslu alınmır, itələyəci alınmır. Çünki o sözlər, o sevginin arxasında nəhəng şəxsiyyət dayanır.

Düzü, aprel şəhidi polkovnik-leytenant Raquf Orucov haqda eşidəndə, onun barəsində Şərif Ağayarın yazdığı "Komandir" romanını oxuyanda da eyni hislər keçirmişdim. İnana bilmirdim. Qəribə gəlirdi mənə. Hətta şişirdildiyini düşünürdüm. Bizdə olur axı, öləndən sonra hər kəs möhtəşəm bir insana çevrilir. Amma yox! Bu sevgi, bu təqdimetmə saxta deyilmiş! Gerçəkmiş.

Polad Həşimov da elə eyni insanmış. Biz sadəcə ondan xəbərdar deyilmişik. Görünür, belə insanlar tərifi və reklamı sevmədiyindən özünü gözə soxmayıblar. İstənilən sahədə bu cür şəxsləri görmək olur. Öz işlərini heç bir təltif üçün deyil, ləyaqət borcu kimi yerinə yetirir və öləndən sonra üzə çıxırlar. Daha doğrusu, onların ölümü təzədən o insanları dünyaya gətirir.

Hamı bir şəkildə Polad Həşimova sevgisini bildirir, biri onun büstünü tikir, başqa biri rəsmini çəkir, digəri öz şirkətinin posterinə şəklini vurur və qəribədir, bu məndə heç bir ayrı fikir yaratmır. Düşünmürəm ki, o adam bunu öz reklamı üçün edir.

Hətta o kondisioner almaq istəyən xanım da mənə qıcıqlandırıcı gəlmədi. Polad Həşimov şəxsiyyətinin qarşısında bu tip balaca mövzular çox sönük görünür. Təltifdən, ona verilən evdən imtina edən bir zabitin anası da təbii ki, kondisionerdən də imtina edəcəkdi. Mən bunu adım kimi bilirdim. Ona görə də o kondisioneri təklif edən xanımın hərəkəti də məndə "ay aman, gör necə adamlar var, hər fürsətdən istifadə edirlər" fikrini doğrumadı.

Polad Həşimovun işığı bu qarmaqarışıq, gərgin günlərdə də tez-tez üstümüzə düşür və bizdə çox böyük ruh yüksəkliyi yaradır. Hətta ermənilərin Avropada həmyerlilərimizi döyməsi belə Polad Həşimovun fonunda çox sönük görünür. Daha doğrusu, onun kimi bir zabitimizin olması fikri bizə bütün bunların yaxşı sonluqla qurtaracağını söyləyir. Sizi bilmirəm, amma Polad Həşimov kimi birisinin olduğunu biləndə məndə bu inam birə-beş artdı.

Polad Həşimov həm də ədəbiyyatdı, başlı-başına mətn hadisəsidir. Yəqin ki, nə vaxtsa onun barəsində də əsərlər oxuyacağıq. Düzü, general haqda bir neçə kitab yazılacağı, xatirələrin toplanacağı deyildi. O kitablar da, bu təşəbbüslər də gözəldir. Mətn kimi yaşayan adamı mətnə salmaq və onu əbədiləşdirmək lazımdır. Özü də bu kitab söhbətləri çıxanda birliyimizi müşahidə elədim. Gördüm ki, hamı canfəşanlıqla kitabın çıxmasına qatqı göstərir, hərə bir işin qulpundan yapışır, öz sevgisini ifadə etmək üçün yollar axtarır. Və bunlar da sizə qeyri-səmimi gəlməsin. Sevgidə saxtakarlıq olmur. Sevgi hələm-hələm adamın əlinə düşmür.

Polad Həşimovdan hər gün çox maraqlı hadisələr eşidirəm və nə gizlədim, heyrət edirəm. Həm də onun şəxsiyyətini gözümün qabağında formalaşdırıram. Bu əhvalatlar onun şəxsiyyət tablosunun parçalarıdır. Hər dəfə parça-parça Polad Həşimovu birləşdirir və onun möhtəşəmliyini görürəm.

Gəlin, bir neçə parçanı bir yerdə oxuyaq və siz də generalın necə bir insan olduğunu gözünüzün önünə gətirin.

Deməli, iki zabit söhbətləşirmiş. Biri deyib, əsgərin yanına valideyni gəlmişdi, cibimə pul qoymaq istəyirdi. O biri zabit də soruşub ki, bəs götürdünmü. Deyib, əslində ehtiyacım var idi, amma sonra düşündüm ki, o pulu götürsəm Polad Həşimovun üzünə necə baxacam?

Daşkəsəndə hərbi hissə komandiri olan vaxt öz hesabına kazarma tikdirirmiş. Tikinti materialları aparan kamaz hökmən neytral ərazi dediyimiz yerdən (atəş xəttindən) keçdiyi üçün sürücü qorxur, deyir ki, atırlar, keçə bilmərəm. Polad Həşimov da sürücü tərəfə özünü sipər edib deyir ki, sür, bu materiallar hökmən posta çatmalıdır.

Bir əsgərinin xatirələrindən biri:

"Ən yadda qalan bir gün var. Onu günün bu günü də xatırlayıram. Bu, 31 dekabr, Yeni il günü idi. Posta qalxmışdıq. Üstəlik, hava çox soyuq, şaxtalı, qarlı idi. Belə bir havada dağa qalxmalı idik. Bütün əsgərlərlə bir yerdə hərbi maşınlara mindik. Dağa qalxdığımız vaxt, sən demə, Polad Həşimov da öz xidməti maşını ilə arxamızca gəlirmiş. Biz posta çatanda Həşimov da özünü bizə çatdırdı. Onu görəndə təəccübləndik. Bizi yanına çağırdı, tapşırıqlarını verdi və maşınından bir baqaj dolusu hədiyyə, şirniyyat çıxardı. Onları bizə verdi. O an əsgərlər çox sevinmişdi".

Yeni il günü postdakı əsgərlərə bir maşın dolusu hədiyyə paylamaq. Həmin günü xidmətdə olan, kövrək saatlar yaşayan əsgərlər üçün bu jest dünyalara dəyərdi.

Polad Həşimov bax, belə zabit olub!

Heç nə güdməyən, təmənnasız şəkildə xidmət bu cür olur.

Mənə elə gəlir, indi də bu cür zabitlərimiz var və olacaq. Hələ Polad Həşimovdan sonra ona bənzəmək istəyənlər artacaq. Üstəlik, kimsə işinə əyər-əksiklik qatsa, düşünəcək ki, Polad Həşimovun üzünə necə baxacam?

Yazdıqlarım sizə pafoslu gəlməsin. Mən ləyaqətlə yaşayan və hər yerdə ləyaqətini qoruyan, öz ideyası uğrunda sonuna qədər gedən adamlara heyrət edirəm. Və bu yazı sadəcə o heyrətin ifadəsidir. Təəssüf ki, Polad Həşimovu ifadə edəcək istedada sahib deyiləm və yazının bu yerində sizinlə sağollaşmaqdan başqa bir çarəm yoxdur.

# 6569 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #