Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri

Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
7 avqust 2020
# 15:02

Kulis.az Tural Turanın şeirlərini təqdim edir.

Qırışlar - ödəniş qəbzi

Evsiz bir qocanın
üstünə uzanıb skamya,
sığınıb sinəsinə
sahibsiz şərab şüşəsi...

Quşlar
dimdiyində yemək gətirib atır,
sol əlində qurumuş çörək olan
bu dişsiz qocanın ağzına...
Buludlarsa,
arada məktub yazır dodaqlarına...

Baxsan, anlayarsan,
anlayarsan ki,
dodaqları oxunmamış məktublardır
bu qocanın...

O, hələ də yatır...
Ayılda bilmir onu
yuxulu azan səsi,
yorğun kilsə zəngləri...

Bəlkə də yatışında gizlənib
bütün söyüşlü dualar!?.
Bəlkə də yatışıyla söyür
açıq qalmış ovcuna
dəmir pul atanları...

Karantin rejimini pozduğuna görə
alına yazıblar ən böyük cəriməni...
Alnındakı qırışlarsa, ödəniş qəbzi...

...Şərab şüşəsinə ana deyir bu adam,
içindəkinə ata nəfəsi...
...və skamyaya hökumət...

Göy üzü həyat yoldaşıdı,
Günəşsə atıb getdiyi körpə qızı,
baxa bilmir üzünə...
Bu adam öldüyü günü
baxışlarına yazdırıb...

***

O gedən mənim ömrümdü,
aparırlar yaz çiynində.
Kölgəmi ayrı basdırın,
Sevəcəyim qız çiynində...

Yuxuların şah damarı,
əlimdən tutub aparır.
Yarama da Vətən sarır,
röyalarım duz çiynində...

Məktub yazıb itən Vətən...
Günəş olub batan Vətən!
Çiyinlərdə gedən Vətən,
bu gün gedir öz çiynində...

Quş ağzında dən kimiyəm,
lap öldüyüm gün kimiyəm.
Bir qarış Vətən kimiyəm,
layla deyin saz çiynində...


Köhnə şəhər

Ölümə işlədi, qəbirə qaldı,
zamanı xışladı bu köhnə şəhər...
Tanrıyla oyunda bir-birə qaldı,
yenidən başladı bu köhnə şəhər...

...Adını dəyişdi, silə bilmədi!
Uzandı tabuta, ölə bilmədi!
Karların üzünə gülə bilmədi,
əl çalıb alqışladı, bu köhnə şəhər.

Küçələr qol açdı, evlər oynadı.
Bir azan səsinə səhvlər oynadı.
Girib yuxusuna əfvlər oynadı;
...Özünü daşladı bu köhnə şəhər.

(Kilsə zəngi şillə çəkdi üzünə!)
Baxdı kölgəsinə, döydü dizinə!
Orta barmağını salıb ağzına,
O ki var dişlədi bu köhnə şəhər...

# 4669 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər