Kulis.az Mir Çingiz Ağazadənin “Vergül” adlı yazısını təqdim edir.
İş vaxtı bitər-bitməz yerimdən qalxdım. Həmkarlarımla sağollaşmadan, heç nə düşünmədən birbaş evə yollandım. Avtobusa minmədim. Magistralda ictimai nəqliyyat gözə dəymirdi. Boşluq idi.
İçimdə və çölümdə durğunluq yaşayırdım. Hava yenicə soyumağa başlayan münasibətlər kimiydi – sərin. Yaxınlaşmaqda olan payızın ilıq mehi duyulurdu. Ancaq romantikaya baş qoşmadım. Sürətimi azaltmadım. Növbəti beş dayanacağı yeyin addımlarla ötüb keçdim. Nahar etmədiyimdən gileylənən mədə-bağırsaq sistemimə fikir verməyib qulaqlıqlarımı taxdım. Telefonumdakı bütün mahnıları sildiyimi unutmasam da, “play” düyməsini sıxdım. Qruplardan birinə göndərdiyim hansısa “whatsapp” səsini eşitdim. Qalereyaya səhvliklə düşmüş audiolardan biriydi. Materializmlə idealizmin vəhdəti adlandırdığım “redial” qavramından danışırdım.
Deyirdim ki, insanlar axmaqlıq edib biri-biriylə mübahisəyə girişir. Sülh varkən, müharibə lazımsızdır. Gərək, mümkün ehtimallardan ən faydalısını seçməyi bacarasan. Axı insan nisbətsizdir. O tarazlığın kaşifidir.
Bir qədər də dinləyəndən sonra səs yazısı sonlandı. Telefon susdu. Mənsə lap çoxdan susmuşdum. Bir anlıq düşündüm ki, indicə dinlədiyim audio həyatımın kiçildilmiş halıdır. Uzaq başı, iki-üç min adam tanımışam. Çoxu da dinləməyi fasilə kimi dəyərləndirən beyinə sahib kütlənin parçasıdı. Təxminən 10 dəqiqəlik səs yazısını maksimum 100 illik ömürlə əvəz etdikdə mən də eyni şəkildə susacaqdım. Təkcə dinləyənlər eşidəcəkdi bu sükutu. Qulaq asmayanlar üçün susmaq gecə rahat yata bilməkdi.
Yeddinci dayanacağa çatanda dabanım ağrımağa başladı. Fikir vermədim. Mədəm təslim olmuşdu. Ümidini üzmüş adamlara bənzəyirdi. Qəfil içimə hüzur doldu. Ətrafı bürüyən toz dumanı qeybə çəkildi, nazik gödəkçəmi dəlib vücuduma yayılan soyuğu hiss etmədim. Meditasiya anındaydım sanki. Acmır, üşümür, yorulmur, sıxılmırdım. Bədənimdəki bioloji hərəkət dayanmışdı.
Hiss edirdim ki, mən sonsuzam və ölüm bəşəriyyətin ən uzunömürlü saxtakarlığıdır. Ayaq tutub yeriyən yeganə yalandır. Gizilti keçdi içimdən. Əvvəlcə elə bildim, havadandır, yəqin soyuqlamağa başlamışam. Az keçmiş yanıldığımı anladım. Əllərimi möhkəm sıxmış halda dayanmışdım. Harada olduğumu bilmirdim. Neçə dayanacaq ötdüyümü xatırlamırdım. Ətrafım yavaş-yavaş cizgilərlə dolurdu. Uzun-qısa cizgilər, irili-xırdalı nöqtələr, səmada uçuşan tozcuqlar... Hə, hə, hamısı tozcuqlardan ibarətdi. Seyrə dalmışdım. Özümdəydim, fəqət bədənsizlik halında. Fikilərimi cəmləməyə çalışsam da, alınmırdı.
Əbədiyyətin mərkəzində durmuşdum. Cismən çökmüşdüm. Evə getmək istəmədiyimi anlayırdım. Heç axı getmirdim də. Yola yadlaşırdım. Yol... “Yolçu! Yollar mövcud deyil, yolları gedən yaradır!” Mən yazmışdım bu fikri. İspan zərbi-məsəliydi. Sosial mediada paylaşmışdım və indi mövcudsuzluq anında öz vücuduma şillə çəkirdim: Mövcud deyildim! Yol... Yolçu... Mən... Yol idim! Kimin üçün? Bu zərrələrin ətrafımda nə işi vardı? Suallara qərq olurdum, titrəyir, udquna bilmirdim.
“Mövcud deyildim!”
Əslimin heç bir suala cavab verməyən güc olduğunu duyurdum. Gedirdim. Öz dünyamı yaratmaq naminə gedirdim. Öz üzərimdə gedirdim. Öz ətrafımda dolaşırdım. Özümə doğru addımlayırdım. Səmadakı zərrələrin müşayiətindən riqqətlənmə səbəbim də bu gerçək idi. Özümü seyr edirdim. İçimdəki güzgüdə tapmışdım heçliyimi. Cismsizlik yoxluq deyil. Xislətimdə olan şeyin fiziki örnəyi varlığın dəlili ola bilməz. Varlıq dəlilsizliyin nəticəsidir.
Bəlkə mən sadəcə nöqtə idim?
Gerçəkliyin görünən qismini əks etdirən xırda bir zərrə və bu cür zərrələrin bəsitliyindən yaradılmış sonsuz yollar... Donub qalmışdım. Hər şey şüurlaşır, bayaqdan bəri heyrətlə izlədiyim tozcuqlardakı hənirtini hiss edir, eşidir, anlayırdım. Milyonlarla bətn, səmalardan yerlərəcən yayılmış vücudlar, yetişməkdə olan bəşəriyyət... Özü tərəfindən yeyiləcək bəşəriyyət!
Əllərim... Onlara baxdım. Yenə həmin zərrələri görməyə başladım. Barmaqlarımı hərəkət etdirdiyim andaca parçalara ayrıldılar. Ətrafa dağılıb kiçik ruhlara çevrildilər. Hüdudsuz ənginliklərə yayılıb şəffaflaşdılar. Fəqət... Mən sabit idim. Şüur sabit idi. Öz sabit idi. Hiss edirdim. Əhatə olunduğum tozcuqların fərqindəydim, çünki eyni şüur halından qaynaqlanırdıq. Cizgilər... Elə sönük, elə süni gəlirdi ki.
Qəfil yolu görmədim. Ancaq başqa biri vardı. Bayaqkı vücudum kimi dayanıb heyrət dəryasına batırdı. Onu özüm sandım. Toxunmaq istədim. Bacarmadım. Həmin anda hissələrə ayrılıb görünməz oldu. “Yolçu! Yollar mövcud deyil! Onları...” Nələri? Mövcud olmayanları? “Gedən...” Kim? Kim gedir? “Yaradır...” Yaratmaq! İlahilik! Xaliqlik! Bətn...?! Bunların hamısı yüklü bir dünyanın vizualı imiş...
Dünya qiyamətə hamilədir! Ölürük ki, yenidən doğulaq. Deməli, bu ölüm deyil... Deməli, yaradıcının sonsuzluğunda itirdim. Parçalanmırdım. Cizgiləşmirdim də. Nöqtə də deyildim, yol da, gedən... Əsli özündən başqa kimsəyə məlum olmayan və onun mahiyyətini əsla dərk etməyəcək milyardlarla gedəndən ibarət bir yol... Cismimiz işə, özümüz bizə... Xislətimiz dəyişməzdir... İdrak qeyri-sabit xislətdən qaynaqlana bilməz! Heç yerdə deyildim! Hər şey yalan idi. Bu yalanı özümə əsrlərdən bəri mən danışırdım! Hamısı mən idim. Hamısı, yəni, heç biri! Vücudu vahid tərəfindən yaradılan kimlik necə həqiqi ola bilər? O tozcuqlar, insanın bətndəki şəkli...
Vergül! - ,,,,,,,,,,,
Rüşeym! Rüşeym! Rüşeym!
Rüşeym – həyatın vergülüdür! Hər şey bir-birinin təkrarıdır! Yeni heç nə yoxdur! Doğuluruq... Doğuluruq ki, sona çataq. Davamiyyətdə olan fikrimizi tamamlayaq... Susaq... Biz özünütəsdiq şansı verilmiş acizlərik..., tozcuqlar... Hər dünyaya gələn kimlik öncəki yarımçığın ardıdır və özlüyündə başlanğıc deyil. Fikirsə yalnız tamamlandığı təqdirdə mənalıdır. Deməli, buna görə ölürük. Buna görə bitirik. Buna görə doyumsuzuq... Buna görə aşiqik əbədiyyətə... Yalançı şəxsiyyətimizi aldatmaq üçün həqiqəti xislətimizin azadlığından yaratdığımız dillə məhdudlaşdırıb zərrə qədərlik “məna” kəlməsinə sığdırmışıq... İlahi, mən necə də cahiləm!... Evə qayıtdım. Anamın ağuşundakı körpəyə baxdım... baxdım... və cismimə daxil oldum. Həmin an mövcudluq əzabından özümü saxlaya bilməyib ağlamağa başladım... Mənə süd verdilər...