Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər

Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
10 aprel 2021
# 12:21

Kulis.az Fəxri Müslümün yeni şeirlərini təqdim edir.

Elə yaxşı yaraşırdı ki bu qələbə bizə

elə yaxşı yaraşırdı ki bu qələbə bizə
sanki gecəmizin ay işığıydı
ağaran danüzümüzün gündoğanıydı
elə isti-isti
misriyə köklənmişdik
mənsuriyyəyə cəngiyə köklənmişdik
bütöv azərbaycana
bütöv vətənə köklənmişdik
əlçatmaz göylərə
ənginliyə köklənmişdik
sanki üzeyir bəyin uverturası
damarlarmızdan sel kimi axırdı
əhməd cavad əfəndinin çırpınan qara dənizi
sanki canımızı dağa döndərib
içimizdə çölümüzdə çırpınırdı
ay ulduzlu bayrağı ürəymizin başında.
elə yaxşı yaraşırdı ki bu qələbə bizə
əsgərlərimiz sinəsini irəli verib
ölümün gözünə dik baxa-baxa gedirdilər
əllərinin baş və şəhadət barmağını
fəsilin könül ovlayan
çəhrayı və qərib bir payızında
soyuq silahların soyuq tətiyində
özlərinə saxladığı
sonuncu güllə qalana kimi
düşmənə sıxa-sıxa gedirdilər
arxasında
yarasından əyri-üyrü iz buraxan
qanları axa-axa.
elə yaxşı yaraşırdı ki bu qələbə bizə
ancaq
bəzi deputatlar kimi beş illərlə
on illərlə oturduqları kresloları
küləyə verib çürüdənlər narahat idi
altdan-altdan
sarıqulaqlara casusluq yapıb
xəbər ötürən söz yürüdənlər narahat idi
neçə illərdi
bizləri qapazaltında kölgələyən
və düşmənin büdrəyən
büdrəməyən qohum əqrabaları narahat idi
elə yaxşı yaraşırdı ki bu qələbə bizə
çərə-çəmənə şeh yaraşan kimi
yaylaqda
binədə yaylımın gözünə meh yaraşan kimi
elə yaxşı yaraşırdı ki
sanki xatirələr
bir ömürün daşıdığı barxananın
farmaşını sökürdü
yaxud da
bir ömürün o üzündən o yana qalmış
uluların qalalanmış
kirəclənmiş yaddaşını sökürdü
gecəmiz
gündüzmüz sanki yağ yaxmasıydı
canımızda əriyə-əriyə
cocuq anlarını yaşadırdı
bizi yüyürdə-yüyürdə sanki kirs dağına
qırxqız yaylağına daşıyırdı
bütöv azərbaycana
bütöv vətənə köklənmişdik
elə yaxşı yaraşırdı ki bu qələbə bizə
bütöv qələbəyə köklənmişdik

Bahar, türkün elə, əbədi bayrağıdır ki.

Bahar,
türkün elə, əbədi bayrağıdır ki,
bürünər yaşıl yamaca,
yamacın çiçəyində, gülündə gülər.
Tutar, danüzünü mehə,
tutar danüzünü şehə,
otun, çəmənin şehində gülər.
Dalğalanar,
buludu, dumanı qova, qova,
səmanın səma rəngində, göyün göy rəngində,
ərşin ənginliyində gülər.
Öpər,
şəhid qanlarına sulanmış torpağı, daşı,
çöl lalələrinin yanaqları
qızarıb, allananadək.
Günəşin günəş,
Ayın ay ziyasına bürünüb, dalğalanar,
şaman ocaqlarından,
şaman dualarını Tanrıya daşıyanadək.
Bahar,
Türkün elə, əbədi bayrağıdır ki,
ömür çiçəklənər, ruh da güllənər,
birər, birər,
qaynayar qanlar, oyanar canlar,
könül də, sarı sim üstdə
kövrək, kövrək ovxarlanar, dillənər.
Suyu, seliylə
coşdurar dərəni, dağı şərqiyə tutar,
hayqırdıqca,
hayqırar dənizin dalğası,
canımızı misri üstdə,
cəngi üstdə qələbəyə tutar.
Bahar,
Türkün elə, əbədi bayrağıdır ki,
torpaqda nə varsa, küləyə, mehə tutar,
barı, bərəkəti bar verib,
dağ, aran arası daşınanadək.
Ay doğar, gecəsi aylanar,
gülü, çiçəyi bəyaz, bəyaz,
siyah, siyah şehə daşınanadək.
Bahar,
Türkün bayrağıdı
və neçə əsrlərdi, neçə zamanlardı ayaqüstədi,
Tanrının tanrı dağından,
Azman bozqurdların xoşxəbər,
xoşsədalı ulartılarını,
təkrar, təkrar turanda
hər aula, hər köyə daşıyanadək.
Bahar,
Türkün elə, əbədi bayrağıdır ki,
bir yanında güney yanar,
bir yanında quzey qardı,
bir yanında da, boğazımıza dirənən,
çeşid, çeşid düşmən vardı,
və bir də,
bu, düşmənlərin arxasında,
yepyekə,
qanımıza susamış ərəsey vardı.
Canımız,
Təbrizli, kərküklü,
quzeyə,
güneyə köklənib,
qolumuzdakı gücə,
canımızdakı heyə köklənib.
Bahar,
Türkün elə, əbədi bayrağıdır ki.

Bu səhərin yaz söhbəti

Bu yaz səhəri,
qara buludların qanadından
azad olmuş kimidi,
sanki,
şəhər, dəniz qarışıq,
doğan səhər Günəşinin kəhrəba rənginə,
və bir də,
başaq zəmilərinin
sünbül rənginə boyanmış kimidi.
Az qaldı, qarışqaların,
ata, ana qarışqanın əmrinə tabe olmasına,
mühafizə qrupunun gözlərindən yayınmamasına,
yem hazırlığında,
ərzaq hazırlığında fədakar, sistemli iş görməsinə.
Bu göyün altında,
bu yerin üstündə, onun da taleyinə yazılmış,
alnına yazılmış ömür, gün sürməsinə.
Daha, şəhərin küçələrində
qaraçı dilənçilərinə rast gəlmirəm,
artıq,
şəhərin küçələrinə çıxmağa,
dilənməyə ar edirlər, utanırlar.
Çünki,
ölkəmiz iqtisadi cəhətdən çox güclüdü,
dövlətin günahı yoxdur ki, məmurlar özlərinə işləyir,
adamlar işsiz, gücsüzdür,
çoxluq, dilənçi vəziyyətindədir,
köklü dilənçilər də, arlanır, ar edirlər,
çünki,
çox nəsnə onlardan geri qalıb,
iyrənc vəziyyətindədir
Birazdan,
çöl, bayır qulançarlayacaq,
bu yazın özü də,
cəmiyyət özü də, qulançar vəziyyətindədir.
Yaz,
qırılmaq istəyənlərin, qanının qaynayan vaxtıdı,
oyunlarının, oynanılan vaxtıdı,
indi,
bu oyun xankəndində gedir,
bir xan tərəfindən özülü qoyulan,
bir dağ kəndində.
Hirsindən, qəzəbindən bozqurdlar da dözmədi,
bizi ayıq salmaq üçün bir dağ kəndində
qoyunlarmıza hücum edib, bir, bir boğdu,
sanki,
ayıq olmayan səsimizi, nəfəsmizi boğdu,
ayıq olun, hazır olun deyə,
əyilməyin,
dik durun, dik qalın deyə.
Bu yaz səhəri,
qara buludların qanadından azad olmuş kimidi,
azadlığımız uğurunda,
biz, hələ, iki yüz ildir mübarizədəyik,
hələ bitməyib,
gecikmiş, tamamlanmamış kmidi.
Keçən illərdə,
Türkiyədə, on üç yaşlı,
bir erməni balası, müsəlman oldu,
uydurma bir qiriqoryanlığın,
islam qəhrəmanı oldu,
Tanrı gələcəyindən bizi qorusun,
yəqin ki,
xeyrindən, bəhərindən tərsa keşişi, yarısın.
Bu günlərdə,
Roma papası Bağdadı, İraqı dolandı,
İraq başbilənləri də,
İraq komutanı da İrəvan xanlığını,
özləriylə,
ortaya qoydular, erməni yaxınlığını.
Bu, ərəblər ki, var,
nə yaz adamıdı, nə payız, nə də qış,
birləşib xaçlılarla,
yaxşı oynadılar işid rolunda,
baş kəsən rolunda, oyunlarını,
bayırbucaqdakı türkmənlərə,
bağdaddakı kərküklərə qarşı,
və yenidən,
yenidən tanıtdılar Hələbi, Bağdadı, Şamı,
hələ də, xarabalığa çevrilmiş kimidi.
Bu yaz səhəri,
qara buludların qanadından azad olmuş kimidi,
biz yox!


Eldar Baxışın əziz xatirəsinə

Qubadlının payız ağzının
Yazıdüzüydü Eldar Baxış.
Payızın kövrək-kövrək əsən mehi,
onun saçına bənzər
Yazıdüzünün yovşan otunu
darayıb çevirərdi yalın yal boyunca,
boz-boz bozarana kimi.
Sanki, sığal verib qabardardı,
qıvrım-qıvrım qıvrılan dəniz ləpələri tək
qürub rənginə dönüb qızarana kimi.
Bozqır çöllərinin,
Bozqurd nəfəsli, bozqurd baxışlı,
nə endirilib, nə də, sındırla bilməyən
dağ adamıydı, aran adamıydı,
ozan adamıydı Eldar Baxış mərdliyi, qüruruyla.
Bərguşad çayının sahillərindəki
və budaqları
Hacıleyləkrin yurd, yuvası sayılan
qədim çinar ağacları kimiydi Eldar Baxış,
canında daşıdığı ağrlığın dərdiylə, kədəriylə.
Qərib-qərib çayın axarında kölgələnə-kölgələnə,
Ayla, Günəş arasındakı yükə şərik çıxardı,
əsrlərdən miraz qalmış,
ərimək bilməyən minlərlə kələkötürün, əyrinin
və bir də,
gözə dirək olmuş bütsayaq diklərin
yox olmasına şərik çıxardı.
Payızın son ayında çuxasını soyunmuş
çımçılpaq tut ağacıydı Eldar Baxış,
bəyaz səmaların bozunu yazırdı ruhuna.
Tarixin çarınçarpaz, səf düşmüş
O baş, bu başının soyuqluğunu,
ayazını yazırdı ruhuna.
Əli Tanrıda, Tanrıdağında,
baxışı yanıqlı-yanıqlı,
Zəngəzurda, Göyçədə, Təbrizdə, Dərbənddə
və bir də,
yurd olmuş yurdlarda çiliklənərdi.
Bütün ağrılar, acılar
şeirlərində şirinli, acılı güllənsə də,
çiçəklənsə də,
qəmi qəm kimi, kədəri kədər kimi,
yerlə göy arasında ələnər,
Ayın Ay işığına bədirlənərdi.
O, türkün ağır düşmüş axşamları kimiydi,
düşmənlərin Türkə atdığı salaveyləri,
Türkün qədin yazısında, bir-bir uralayıb, oxuyardı,
Türkdən oğurlanan,
adı da, soyadı da, şərqini, mətbəxi, rəqsi də,
şeiriylə, sözüylə, onların alnına çırpar, gözünə soxardı.
O, qınından sıyrılmış qədim türk qılıncıydı,
ancaq cəllad baltasından,
cəllad kötüyündən xoşu gəlməzdi.
Xoşu,
kötük üstdə çay içməkdən gələrdi,
bütün ağrıları,
bütün acıları bir-bir, qələmiylə,
ağ-ağ vərəqlərə köçürməkdən gələrdi.
Qubadlının payız ağzı,
Və bir də,
Bozqır çöllərinə oxşayan Yazıdüzüydü Eldar Baxış,
kövrək mehin ağzında bozu seçilə-seçilə,
sanki yovşan ətirli payız ağzı, yaz ağzıydı Eldar Baxış.
Sözünün tutumuyla, kəsəriylə,
haqsızlığa, əbədi düşmən kəsilmiş,
yazın yaz ağzı,
dəryaz ağzıydı Eldar Baxış.

Yaddaşımın cocuqluq əhval, ruhiyyəsi.

Elə, təmiz idi ki, cocuqluğumuz,
gecələrin,
Ay işığında göy üzünə səpələnmiş,
kipriyini qırpa, qırpa,
sayrışan ulduzları çəkərdi bizi,
bir də,
yamacın çəmən, çiçək içindən
işıq verib işıldayan böcəkləri,
ilbizləri çəkərdi bizi.
Gündüzlərin,
sanki, karvansayaq, səfərləri üstdə,
dolaylanmış buludları,
bir də,
göy üzünün özü çəkərdi bizi.
Tanrı dağına uzanan yol, yolağanın,
yaddaşımızda dəmirləşmiş,
qat bağlamış izi çəkərdi bizi.
Elə, təmiz idi ki, cocuqluğumuz,
Göy üzünün özünü Tanrı bilərdik,
ona görə də,
and yerimiz göy üzü,
ya da, Tanrı haqqı, olardı.
Dualarımızı diləyə, diləyə tanrılaşar,
səmalaşar, ulduzlaşar,
biraz da, buludlaşardıq,
sanki,
könlümüzün puçur, puçur, danüzünə açılan
arzusuna, istəyinə ulaşardıq.
Elə, təmiz idi ki, cocuqluğumuz,
gözümüzün kökü saralardı
od çərşənbəsini gözləməkdən,
ağırlığımızın, uğurluğumuzun dərdlərinin
alovunda,
tüstüsündə itməsini izləməkdən.
Və bir də, odunun,
közünün hənirtisi canımıza yeridikcə,
böyür, başına yığışardıq,
sanki, bu ocağın,
bu közün tanrısına sığınardıq.
Bir and yerimiz də, ocaq olardı,
and içə, içə, ocaqlaşardıq,
arzu, istəyimizlə qolbudaq olub qucaqlaşardıq.
Torpaq çərşənbəsi,
ümidlərmizin cücərən yeriydi,
cücərərdi dən, dən,
arzularmız sırğalanıb kipriyimizdən,
sanki, güc alardı dağı, dərəsi qarışıq,
bu torpaqdan, bu yerdən.
And yerimiz torpaq haqqı,
yurd yeri haqqı olardı,
binələnə, binələnə,
qışlaya, qışlaya yurdlaşar,
yurda dönərdik,
və bir də, bu yurdun, bu vətənin başına,
yüz kərə, min kərə hərlənib,
fırlanıb dönərdik.
Elə, təmiz idi ki, cocuqluğumuz,
su çərşənbəsində,
sanki,
anaların ağrılı, acılı dünyası,
sinəmizi tarıma çəkər, daraq, daraq darardı.
Analar, danüzü ağarmamış,
balalarının taleyini ağartmaq,
ağ, ağ, günlərə çıxartmaq üçün
dualarını pıçıldaya, pıçıldaya,
yolunu, yolağasını müqəddəs bildiyi
bir bar ağacının yanından salardı.
Dualarının bu pıçıltıları altında da,
balalarını, bu bar ağacının başına dolardı,
və sonra axar çaya,
və sonra bulaq başına yön alardı.
Dualarının gücünə,
və bir də, balaları üçün,
analıq borcunun yükünə,
daşına, daşına salavat çevirərdi,
dualarını,
doğan günəşin danüzünə köçürə, köçürə.
İstəyini,
diləyini tanrıya çatdıracaq olan bulağın
pıçıltısına, səsinə yalvara, yalvara,
üzünə, gözünə atdığı bir ovuc su,
kipriyindən,
yanaqlarından üzüaşağı gilələnərdi,
bu, çərşənbə gecəsində
gördüyü yuxular çin olar, çiçəklənərdi.
Elə, təmiz idi ki, cocuqluğumuz,
ümidlərmiz, yel çərşənbəsində
bar ağacının tozu kimi,
sanki, uzaqlara daşınardı,
yeni, yeni, boylar olub,
yeni, yeni yurdlar olub,
köylər olub yaşanardı.
Elə, təmiz idi ki, cocuqluğumuz.

Bu yazın ilaxır çərşənbəsində

Bu yazın ilaxır çərşənbəsində,
Odda, ocağında tüstü ətirli.
Şen olmuş qazanlar qapaq oynadır,
Aş da, əriştə də, isti, ətirli.

Göydə qanad açıb, uçan quşları,
Yazın, yaz havası, nəfəsi tutar.
Qaranquş yuvası, yurd yeri kimi,
Köhnə sahibinin tər səsi tutar.

Bağ, bağat da, puçur, puçur, gül üstdə,
Hər ilin təkrarı, vərdişi varmış.
Düşmən qına girib, itə dönübdü,
Ordumun nə yaxşı, gərdişi varmış.

Zəfərdən dağlar da, boy verib, qalxıb,
Qayası çağırır, daşı çağırır.
Ulu keçmişimin, qan yaddaşımın,
Hər daşda yazısı, yaşı çağırır.

Könül cilvələnir, yol, iz dəyişir,
Deyəsən, Tanrı da bizə tərəfdi.
Uçur, qanadlanır ömür də biraz,
Haqqına tərəfdi, düzə tərəfdi.

Ayın doğan yeri təzə, tər kimi,
Elə, danüzünə, günə köklənib.
Göyərib çöl, bayır bərəkət üstdə,
Tarlası, zəmisi dənə köklənib.

Yurdlanıb havada duman, çən gəzir,
Ürək ovxarlanır, can ovxarlanır.
Günəş də, buluda qısqanc kimidi,
Dağın böyür, başı, yan ovxarlanır.

Sanki, ilğım durub şəhərin üstdə,
Könülə tər yaylaq, arxac daşınır.
Əsgərim sərhəddə, varlığı nə xoş,
Mərdliyi, qüruru,
Vətənin başına tac, tac daşınır.

Nə olsun, çox ağız yumulmadı heç,
İpləri boşalmış çuval kimidi.
Cannı yığışdırıb, sinirə bilmir,
Dənizi, qurusu xəyal kimidi.

Bu yaz da, beləcə, keçib, gedəcək,
Gülü, laləsiylə, bənövşəsiylə.
Çiynində arzular daşınacaqdı,
Bahar nəfəsiylə, yaz nəfəsiylə.

Bu yazın ilaxır çərşənbəsində,
Odda, ocağında tüstü ətirli.
Şən olmuş qazanlar qapaq oynadır,
Aş da, əriştə də, isti, ətirli.

# 2708 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #