Bu gün böyük rejissor, aktyor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin anım günüdür. Kulis.az bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir.
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev 1949-cu il sentyabrın 8-də Bakının Çəmbərəkənd məhəlləsində yoxsul ailədə dünyaya gəlib. Ailədə üç uşaq olublar. Bir qız, iki oğlan. Hüseynağa evin böyük oğlu olub. Atası Ağahüseyn sürücü, anası İranida evdar qadın idi. Hüseynağanın 6 yaşı olanda anası dünyasını dəyişir. Atası ikinci dəfə Töhfə adlı qadınla evlənir.
***
Altı yaşında olarkən anasının ölümünü öz gözlərilə görən balaca Hüseynağa bu hadisədən bərk təsirlənib evdən qaçır. Bir neçə gün axtarandan sonra onu şəhərdən tapırlar.
Yoxsulluq, ehtiyac onu yeniyetmə yaşından işləməyə məcbur edib. 12-13 yaşlarından başlayaraq çalışıb evə pul gətirən Hüseynağa bununla yanaşı, həm də oxuyub, dərslərindən geri qalmayıb.
***
O, ilk dəfə teatrda işıqçı kimi işləməyə başlayıb. İki illik hərbi xidmətdən sonra Hüseynağa Atakişiyev yenidən teatr sahəsinə qayıdıb. 4 il rejissor Mehdi Məmmədovdan teatr sənətini öyrənib.
1975-ci ildə isə dostu, Moskva teatr institunun məzunu Vaqif Abbasovla birgə Şəkiyə gedirlər. Hüseynağa Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra isə teatrının yaradıcı prosesinə rəhbərlik H. Atakişiyevə keçir, o, həmin teatrda həm də baş rejissor olur.
***
Müsahibələrinin birində H. Atakişiyev Bakıdan Şəkiyə gedişini belə xatırlayır: "Mən Şəkiyə gedəndə heç nəyi gözümün altına almadım. Mənim üçün teatr yaratmaq hər şeydən vacib və əziz idi".
Şəki teatrında "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") tamaşasına quruluş vermək Hüseynağanın ilk rejissor işi olur və ona uğur gətirir. Onun Şəkidə qazandığı böyük uğurların səs-sədası Bakıya da gəlib çatır və bir neçə il sonra Hüseynağa Atakişiyev Bakıya qayıdır. Lakin, təəssüf ki, Şəkidə qazandığı uğurlar onu burda da izlərmir.
***
Elə Şəkidə işlədiyi illərdə o, tələbə yoldaşı, həm də Şəki teatrının aktrisası Gülşad Baxşıyeva ilə ailə qurur. Bir il sonra - 1978-ci ildə onların Elbəy adlı bir oğlu dünyaya gəlir. 1979-cu ildə isə onların ikinci oğlu Elmir doğulur.
Lakin bu sakit evliliyin ömrü o qədər də uzun olmur. Rejissorun Şəki Teatrına aktrisa kimi təyin olunan Şahzadə adlı gənc xanımla isti münasibətləri yaranır. Həyat yoldaşı Gülşad Baxşiyeva hər vəchlə ərini cavan aktrisadan qorumağa çalışsa da, ancaq heç nə edə bilmir. Sonralar aktrisa öz xatirələrində yazır: "Sən mənim həyatımı, dünyamı alt-üst etdin. Bir dəfə məni atıb-gedəndən sonra bizim ailəni istəyən bir nəfər səndən bunun səbəbini soruşmuş, sən isə üzünü çevirib uşaq kimi ağlamışdın. Özün öz əlində deyildin, sənə nəsə eləmişdilər. Mən səni neçə illər keçəndən sonra, 2002-ci ildə boşanma ilə əlaqədar məhkəməmiz olanda yenə bağışladım, evə qayıtmağını istədim. Yox, sən qapını ardınca birdəfəlik bağlayıb getmişdin. İndi də, ölümündən neçə il keçəndən sonra da, hər dəfə qapı döyüləndə elə bilirəm evə evin kişisi, Hüseynağa gələcək... Mənim kişi xasiyyətlim! Sən ömrüboyu uşaq qaldın. Uşaq yaşlarından qəlbi sınmış insan olmusan... Mənim üç oğlum var idi. Qoy o qadın bilsin ki, ərimi yox, oğlanlarımdan birini əlimdən aldı.”
Bir neçə il sonra Hüseynağa Akademik Milli Dram Teatrına baş rejissor təyin olunur. Aktrisa Şahzadə də onunla birgə Bakıda işləməyə gəlir. 1985-ci ildə Hüseynağa Atakişiyev artıq Bakıda - Milli Dram Teatrında çalışır. Amma onunku burada gətirmir, ilk gündən onun tətbiq etməyə başladığı yenilikləri kollektiv arasında qəbul etməyənlər olur.
***
Teatr tənqidçisi Aydın Talıbzadənin sözlərinə görə, H. Atakişiyevin Milli Dram Teatrındakı rejissorluq taleyi necə deyərlər, Yusif Sərrac sərgüzəştinə bənzədi. "Azdrama"da bəzi aktyorlar bir rejissor kimi onu bəyənmir, paxıllıq edir, bacarığını şübhə altına almağa, nüfuzdan salmağa çalışır, dalınca danışırlar.
Bir gün isə gözlənilmədən Hüseynağa Atakişiyevin dram teatrındakı kabinetini yandırırlar. Bəzi qruplar bu "oyunlarla" onu Milli Dram Teatrının rəhbərliyindən uzaqlaşdırmağa çalışırdılar. Və buna nail də olurlar. 1989-ci ildə o, Milli Dram Teatrından ayrılır.
***
Elə həmin ildə Atakişiyev Gənclər Teatrını açır və xeyli istedadlı cavan aktyorları bura cəlb edə bilir. Gənclər Teatrında H.Atakişiyevin ilk tamaşası "Qətl günü" olur. "Qətl günü"nün iştirakçıları sırasında aktrisa Şahzadə Babayeva da vardı. H.Atakişiyevin ikinci sevgilisi. Münasibətləri davam edirdi. 1994-cü ildə 45 yaşlı Hüseynağa Atakişiyevin aktrisa Şahzadə Babayevadan bir oğlu dünyaya gəlir. Uşağın adını Cavid qoyurlar. Amma onun Şahzadə Babayeva ilə münasibətləri axıradək davam etmir...
Gənclər Teatrında çalışdığı müddətdə Hüseynağa aktrisa Nəsibə Eldarova ilə sevgi məcərası yaşayır və rejissor onunla ailə qurur. Bu evlilikdən Hüseynağa Atakişiyevin övladı olmur.
***
Nəsibə Eldarova həmin günləri belə xatırlayır: "Həyatımda uşaqlığımdan sonra yalnız Hüseynağa Atakişiyevlə olduğum 12 ili yaşadım. Onu mən uydurmamışdım, o, məni o qədər çox sevdi ki, axırda mən də sevdim. Çox çətin, imkansız yaşayırdıq, amma bir-birimizdən həyatdan bezmirdik. Biz bəzən saatlarla susardıq, amma elə bil nə deyəcəyimizi, nə düşündüyümüzü duyurduq"...
Deyilənə görə Hüseynağa Atakişiyev öncə aktyora səhnədə tam sərbəstlik verən rejissor olsa da işin gedişatında o, artıq aktyorun özü də bilmədən, hiss etmədən “diktator” rejissora çevrilirmiş. O, diktatorluğu da elə aramla, elə xoş tapşırıqlarla edirmiş ki, aktyorlar ondan incik düşmürmüşlər. Yerində edilən improvizasiyaları xoşlayır və qəbul edirən Hüseynağa Atakişiyevin rejissorluğunun kökündə Azərbaycan meydan teatrı ünsürləri dururdu.
***
Şəki Dövlət Dram Teatrının, Milli Akademik Dram Teatrının və Dövlət Gənclər Teatrının tarixində yaşayan çoxlu peşəkar tamaşalara quruluş vermiş, 160-a yaxın tamaşa hazırlamış, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev ömrünün son illərini Nəsibə Eldarova ilə kirayədə yaşayır, maddi və mənəvi cəhətdən xeyli sıxıntılı günlər keçirir.
O, 2006-cı ildə rejissor yazıçı-dramaturq Firuz Mustafanın "Qara qutu" pyesini tamaşaya hazırlayır. Tamaşanın birinci hissəsi hazır olsa da ikinci hissəsinin hazırlığı zamanı qəfildən rejissorun halı pisləşir. Onu təcili elə teatrdanca xəstəxanaya çatdırırlar. Rejissor tamaşanın premyerasın görə bilmir. 2006-cı il aprelin 9-da dünyasını dəyişir. Dünyasını dəyişəndən sonra yarımçıq qalmış tamaşanı onun tələbəsi Sərvər Əliyev başa çatdırır.
Ölümündən sonra dostları yığışıb "Qara qutu" tamaşasına Hüseynağasız baxdılar. O tamaşaya baxanlar arasında üç qadın olur. Gülşad, Şahzadə və Nəsibə...