Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.
Xivə dəftəri
Gün gəlir döyüş meydanları
bayram meydanlarına çevrilir.
Bir zaman qan gölməçələnən yerlərdə,
indi döyüşçü suvenirləri satılır.
Görünür, keçmişin vəzifəsi həm də
olanları gözümüzdə kiçiltməkdi, -
indinin aləmində bəzi qəhrəmanları
oyuncaq nəzərində görməkdi.
İnsanın unutqanlığı bəzən onun ədalətidi -
bu günlə yaşamaq
bir az da dünənin günahından keçməkdi.
Xətalarının ipək yollarını
uşaq qarışlarıyla ölçməkdi.
Keçmiş duza qoyulmuş qırmanc zəbəsiylə
oyaq saxlayır ağrılarımızı.
Günəş hər səhər doğulanda
əcəl dumanında itirir adımızı,
amma elə ki göylərdən köç təbili çalınır,
onda zülmət kürəyimizdən itələyir,
sanalı günün sonuncusu yeriyir irəli,
axmaqda olan bir ulduz nişan verir
axır nəfəsimizin yerini.
Tarix xatırladır ki,
hökmdarların dəyişməz şakərlərindəndir
hündürdən baxmaq:
o yerdən ki, ordan baxanda
adamların tələsdiyi mənzillər görünmür.
O yerdən ki, ordan baxanda
gəmilər ilan kimi sürünür,
qəbiristanlıqlar çaylaq yerini xatırladır...
Ordan baxanda hamının axırı naməlum,
hər kəsin işi yarımçıq qalır.
Bu tamaşasa uzandıqca uzanır -
o vaxtacan ki,
zülmət sonucu işığı da məzlumların əlindən alır.
Və onda şəhəri əlinin içində görən kəs
dişini-dişinə sıxaraq ovcunu yumur.
İndi addım səsləri calanan daşlı yollarda,
bir-birinə qarışır bağlanan dükan qapılarının səsi,
toranlıqda hündür qalaların dibinə qısılır işıq,
divar boyu göyə dırmanır zülmətin qara qanı
Göz yaşları tökülür göy üzünün əlindən,
Çarın xana bağışladığı karetdə keçmişin silueti keçir,
bağlı dükanlardakı saatların tıqqıltısı önündən.
Burda hər şey bir qismət dəvəsinin belindədir,
o əyilsə torpağa, -
qalxsa göyə yaxınlaşacaq hər şey.
Başının dincliyini istəyənlər,
xanın papağını həmişə mıxda görmək istəyir,
Üstündə ədalət tərəzisinin şəkli çəkilmiş köynəklərsə
zivədə zillət küləyindən “titrəyir”.
Ey başını göylərin ayağına qoyan bürclər,
sütunları ibadətlərə dayaqlanmış məscidlər,
qəhrəmanların təkidi ilə ucalan minarələr,
bizim zamanlarda əməli qəhrəmanlığa yer qalmadı,
ona görə də hərəmiz bir cür dil pəhləvanı olduq,
onurğamızı sındıranların önündə hazırcavaba döndük,
icazəli iplər üzərində kəndirbazlara çevrildik.
Çox şey məhv olur,
bircə paltarlarımızın yaxasından başqa
və hər kəs təmiz pambıqdan,
yumşaq ipəkdən
ən gözəl yaxalığını asıb gedir Qiyamət zivəsinə.
Ki, orda bir cüt əl gec-tez yapışar o yaxadan.
Şirin tikə ağuya,
həzlərə ağrıya
çilçıraqlar işıq iynələrinə çevrilib
batar canımıza,
Allah sonuncu hədiyyəsini
hər kəsi razı salacaq bir günü -
Qiyaməti bağışlayar dünyaya.
Yalan bayramı
Sən günəşi yalan
şirinçayı yalan,
səhər yeməyi yalan,
səhərdirsə, yalanın xeyir,
axşamdısa, yalanın xeyir,
qonağım olsan - Yalan, xoş gəlmisən,
yol görünsə, - salamat qal, Yalan.
Öz adını oğurlayıblar,
kim yalan desə çevrilib baxırsan.
Doğru sözləri zülmlə höccələmə,
səni rahat başa düşürlər -
axı əzəldən yalan dilində danışırsan.
Qızlıq soyadın Yalan,
"ərlik soyadı"n Yalan,
getməz yuduğun paltarlardan yalan ləkəsi,
çəkilməz ayağın dəyən yerdən yalan qoxusu.
Üç tərəfdən hücum çəksələr
qaçacağın dördüncü tərəf - yalan.
Özünü ovutmağa bir şey axtarsan
tapacağın səbəb - yalan.
Sözlərin isladılmış pambıqdı - çəkisi yalan.
İçəridən qırışır paltarların - ütüsü yalan.
Səni ağzından alov püskürən bu diyara
yola salandadır günah,
arxanca atılan su da yalan
Sabah tamam başqa şeylər istəyəcəksən Allahdan,
bugünkü duaların yalan.
Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm?
Açacaqsan - yalan.
"Yol adlamaq deyil ömür yaşamaq" -
o tərəfə keçəcəksən - yalan.
Qanına qarışan dərdin
zilləti yalan.
sənə nə yaxşılıq etsələr -
fəziləti yalan.
Bir şeyi sonradan anlasan -
barmağını dişləməyin yalan.
Hiylə zənciriylə bağlıdır qolların -
nəyinsə naminə işləməyin yalan.
Qaranlıq gələn tərəfə çevirsən üzünü, -
işığın yalan,
Bətnindən meyvə dərsən, -
uşağın yalan.
Axşamçağı darıxsan -
bürkün yalan.
Nə toxusan ilməsi qaçır -
hörgün yalan.
Peşmanlığın məşuqə yanağıdı, -
allığıını tez itirən -
ənlik-kirşanın yalan.
Bu gün dilədiyini sabah qarğıyırsan -
hicranın yalan.
Yalanlarından çox yazmaq olar -
oxşar fikirləri uzadıb.
"Dəyişmə, qurbanın olum, dəyişmə"
"Allah bizi sədaqətindən yaradıb".
“Ədəbiyyat qəzeti”